Urmiyə etirazlarında həbs edilən azərbaycanlı şairə Fərənək Fərid işgəncəyə məruz qalıb
Fərənək Fərid
“Amnesty İnternational” Cənubi Azərbaycanın tanınmış şairəsi, tərcüməçi və qadın hüquqları uğrunda fəal mübariz Fərənək xanım Fəridin həbsxanada dəhşətli şəkildə döyülməsinə və işgəncəyə məruz qalmasına etirazını bildirib. Fərənək xanım sentyabrın 3-də Təbrizdə həbs edilib. Bundan qabaq Cənubi Azərbaycanın hər yerində Urmiyə gölünün qurumasına və hökumətin buna biganə qalmasına qarşı kütləvi etiraz nümayişləri baş vermişdir. “Amnesty İnternational” təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə müdir müavini Filip Lüter Fərənək Fəridin vicdan əsiri olaraq dərhal və qeyd-şərtsiz azad edilməsini tələb etmişdir. Fərənək xanım hazırda Təbrizin mərkəzi həbsxanasında saxlanır. Onun həkimə ehtiyacı var.
“Mirzə Xəzərin Səsi” onlayn qəzeti
15.09.2011
Tehran geri çəkilir, Əhmədinecad: Biz, Azərbaycanın müstəqilliyini himayə edirik
İran prezidenti Mahmud Əhmədinecad Ərdəbil vilayətinin Farsabad şəhərində mitinqə yığışanların qarşısında çıxış edərək İran və Azərbaycan arasında sıx əlaqələrin inkişafına heç bir problem ziyan vura bilməz. "Fars News Agency"nin məlumatına görə, Əhmədinecad demişdir: "Biz Azərbaycan respublikasının müstəqilliyini himayə edir və qonşu ölkə ilə ən yükksək səviyyədə dost münasibətləri davam etdirməkdə maraqlıyıq.
Xəbər verdiyimiz kimi, bu həftənin bazar ertəsi günü Urmiyə gölünün quruması üzündən Ərbədildə kütləvi nümayişlər olmuşdur. Əhmədinecadın regiona səfəri və xalqın qarşısında çıxış etməsi Tehranın son hadisələrdən duyduğu əndişəni nümaiş etdirir.
MXS
Türkiyənin Milliyyətçi Hərəkat Partiyası Urmiyə gölünün məhv edilməsinə qarşı
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) Türkiyə Böyük Millət Məclisindəki millət vəkili Əhmət Kənan Tanrıkulu Urmiyə gölünün quruması nəticəsində ətraf mühitə və ətraf ərazilərə faciə gətirəcəyini bildirib. MHP-nin millət vəkili qeyd edir ki, Urmiyə gölünün quruması ətraf ərazilərdə həyatı məhv edəcək. Əhməd Kənan Tanrıkulunun fikrincə, Urmiyə gölünü qurutmaqla Tehran rejimi 15 milyon “türkü” başqa ərazilərə köçürtmək və beləliklə onların etnik qüvvə kimi regiondakı nüfuzunu zəiflətmək istəyir. Əhməd Kənan Tanrıkulu: "Təəssüf ki, İran hökuməti etirazlara məhəl qoymur və gölü qurutmaqda davam edir".
MXS
İngilis dilində mətni oxumaq istəsəniz bu linkə müraciət edin: http://news.az/articles/politics/44201


