Mirzə Xəzər: “Güney Azərbaycan Milli Hərəkatının gələcəyi var”- Müsahibə
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, “Azadlıq” radiosunun Azərbaycan şöbəsinin keçmiş rəhbəri, tanınmış jurnalist Mirzə Xəzərdir.
- Mirzə bəy, Sizcə, nə üçün qərb mətbuatı Güney Azərbaycan Milli Hərəkatına istəmədiyimiz səviyyədə diqqət ayırmır?
Qərb mətbuatının Cənubi Azərbaycanda baş verən hadisələrə biganə yanaşması məni qətiyyən təəccübləndirmir. Əksinə, biganə yanaşmasaydı çox təəccüblənərdim. Qərbin və Qərb mediasının İrana, İrandakı milli məsələyə, azərbaycanlıların istəklərinə, Urmu gölünün quruması ilə bağlı etiraz dalğasına lazımı səviyyədə diqqət ayırmamasının səbəbini öz təcrübəm əsasında izah etməyə çalışdım. 2001-2003-cü illərdə mənə hər tərəfdən təzyiqlər çox güclənmişdi. Məsələlərdən biri Cənub məsələsi idi. Bir yandan fars redaksiyası (şöbəsi) Cənubla əlaqədar verilişləri tərcümə edib Vaşinqton da daxil hər yerə yayır, o biri yandan da bəzi ünsürlər hər gün radionun rəhbərliyinə memorandumlar (məlumatlar) yollayırdı. „Azad Avropa/Azadlıq” radiolarının prezidenti Tomas Dayn artıq bezar olmuşdu. Məni yanına çağırdı və ona gələn bütün şikayətləri mənə göstərib izahat istədi.
Sakit tərzdə cavab verib dedim:
“ Tom, mən separatçılığı qızışdırmıram. Mən İranda azərbaycanlıların öz ana dilində təhsil almasını, ana dilində nəşriyyatların olmasını istəyirəm, onlara öz tarixlərini və mədəniyyətlərini izah edirəm ki, kim olduqlarını dərk etsinlər.
Tom Dayn gözlərini uzumə zilləyib dedi: “Mirzə, sən məni axmaq sayırsan. Mən bilmirəm ki, o dediklərini edəndən sonra o xalqın növbəti addımı müstəqillik istəmək olacaq? Bu verilişləri dayandır. “Cənubi Azərbaycan” sözünü işlətmə.”
Yenə işlətdim. Sonu məlumdur.
Qərb mediası İranın parçalanmasını istəmir. Bunu başa düşmək lazımdır.
- Bəs nə etmək lazımdır ki, hadisələri qərb mətbuatının diqqət mərkəzinə gətirə bilək?
- Qərbdə çox böyük Cənub diasporası var. Özlərini hansısa dövlətdən və Azərbaycan respublikasından (cümhuriyyətindən) asılı etmədən, müstəqil şəkildə xarici ölkələrdə fəal təbliğat işinə başlamalıdır. Azərbaycan respublikasını ona görə qeyd etdim ki, rəsmi Bakı dövlət maraqlarını üstün tutur və Tehranla əlaqələri gərginləşdirmək istəmir. Ümid ancaq xaricdəki minlərlə ziyalı cənubluya qalır.
- Urmu məsələsi ilə bağlı fikirləriniz nədən ibarətdir?
- Urmu gölünün qığılcımı artıq sönüb. Urmu gölü ilə Topxana arasında oxşarlıq varmı sualına vaxtı ilə cavab verərkən demişdim ki, yox, Urmu Topxana ola bilməz və olmadı. Tələsmək lazım deyil, mənim fikrimcə, bu məsələ hələ tam ortadan qalxmayıb.
- Güney Azərbaycan Milli Hərəkatının gələcəyini necə görürsünüz?
- Güney Azərbaycan Milli Hərəkatının gələcəyi var. Milli şüurun oyanmasına, milli kimliyin aşılanmasına çalışmaq lazımdır. Dil, mədəniyyət, tarix mövzularına diqqəti gücləndirmək lazımdır. Sonrası...Sonrası özü gələcək...
Söhbətləşdi: Elnur Eltürk
Əhmədinecada Nyu Yorkun Kolumbia Universitetinə girmək qadağan olunub
"Şeyta gəldi!" Bu, "New York Daily News" qəzetinin manşetidir. İran İslam Respublikasının prezdenti Mahmud Əhmədinecad Amerikanın məşhur Kolumbia Universitetinin ərazisinə girə bilməyəcək. Xatırladaq ki, 24 sentyabr 2007-ci il tarixində Əhmədinecad Nyu Yorkun Kolumbia Universitetində çıxış etmişdi. O zaman bu görüşü təşkil edən Li Bollincer şiddətli tənqidlərə məruz qalmışdı. Universitetin indiki qərarı İran prezidentini istibdad, zülmkarlıq və dözümsüzlüyün təmsilçisi adlandıran ictimai qurumlar, ziyalılar və tələbələrin tələbi ilə əlaqədardır. Bununla yanaşı, Kolumbia Universitetinin rektoru Li Bollincer güclü etirazlardan sonra bildirib ki, o, Əhmədinecadın bir oteldə təşkil etdiyi ziyafətdə iştirak etməyəcək.
MXS
İraq Urmiyədə konsulluq açacaq
"The Tehran Times" xəbər verir ki, İran nazirlər kabineti İraq xarici işlər nazirliyinin Urmiyədə konsulluq açmaq barədə xahişini təmin etmişdir. Qəzet yazır ki, Urmiyədə İraq konsulxanasının açılmasıQərbi Azərbaycan ostanı ilə İraq Kürdüstanı arasında siyasi, mədəni, iqtisadi əlaqələrin və ticarətin genişlənməsinə təkan verə bilər. İranın İraqın Nəcəf, Ərbil və Süleymaniyə şəhərlərində konsulluqları var.
Qeyd edək ki, iki həftədir Urmiyə gölünün quruması ilə əlaqədar Cənubi Azərbaycanda azərbaycanlıların kütləvi etiraz nümayişləri olmuşdur. Cənubi Azərbaycan fəalları ehtiyat edirlər ki, Urmiyə gölünün qurudulmasından ətraf ərazilərdən 13 milyon insanın başqa yerlərə köçürülməsi məqsədi güdülür.
Mirzə Xəzər
16.09.2011


