Güney Azərbaycan milli hərəkatının fəal üzvü, jurnalist və qadın hüquq müdafiəçisi Şahnaz Qulami Təbrizdə həbs edilib
GÜNEYLİ JURNALİST HƏBS EDİLİB
2008-11-11 - 16:11:00
Güney Azərbaycan milli hərəkatının fəal üzvü, jurnalist və qadın hüquq müdafiəçisi Şahnaz Qulami Təbrizdə həbs edilib. ETTELAAT əməkdaşları noyabrın 9-u gecəsi jurnalistin Qara ağac məhəlləsindəki mənzilinə gələrək onu özləri ilə aparıblar.
«Media forum» saytının məlumatına görə, Ş.Qulaminin qardaşı hüquq müdafiəçilərinə ETTELAAT əməkdaşlarının mənzildə yoxlama apardığını və bacısının bir sıra şəxsi vəsaitlərini müsadirə etdiyini bildirib.
Ş.Qulami siyasi fəaliyyətinə görə 1999-cu ildən 2003-cü ilədək həbsdə olub. 2006-cı ildə isə o, «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq keçirilən aksiyalarda iştirakına görə bir ay həbsdə saxlanıb.
Güneydən gələn məlumatlarda Ş.Qulami bu dəfə dövlət quruluşuna qarşı təbliğatda, ölkə rəhbərlərini, o cümlədən İran prezidenti Mahmud Əhmədinejadı təhqir etməkdə və bir sıra etiraz aksiyalarında iştirakda günahlandırıla bilər.
«Media forum»
Güney Azərbaycan Siyasi Birlik və Əməkdaşlıq Komissiyasının bəyanatı
Dəyərli həmvətənlər, hörmətli güney azərbaycanlılar,
Aldığımız acı xəbərə görə, cümə günü 3 aban 1387-ci il, 24 oktyabr 2008-ci il, Güney Azərbaycan milli fəalı 35 yaşlı mühəndis Qulamrza Əmani “qəzaya” uğramış, özü ilə iki qardaşı Təbrizin ətrafında Əhər caddəsində Xoca məntəqəsində həlak olmuşdur. Bu xəbər, digər həmvətənlərimiz kimi, bizi də - Güney Azərbaycan Siyasi Birlik və Əməkdaşlıq Komissiyası olaraq, dərin kədərləndirmişdir.
Qulamrza Əmani, Heris ətrafında olan Qaragüney kəndində anadan olmuş, ali təhsilini Təbriz Universitetində aqrar mühəndisliyi ixtisası ilə başa vurmuşdu. O, İran İslam Respublikasının rəsmi TV-sinin hazırladığı “Siz türklərlə qonşu olub, evlənərsinizmi?” adlı məşhur anketə etiraz aksiyasının, Bəzz Qalasına yığıntıların, Səttarxan məzarı üstü tədbirlərin fəal iştirakçılarından idi.
Mühəndis Əmani, son 10 ildə həm tələbəlik dövründə və həm də ondan sonra, Güney Azərbaycanda milli hüquqlar uğrunda İran İslam Respublikasına qarşı mübarizə aparmışdı və bir neçə dəfə rejim tərəfindən həbs olunmuşdu. O, 4 il həbs almışdı. Bununla İran İslam Respublikası, azərbaycanlıların milli hüquqlarını tapdaladığı kimi Onun da fərdi hüquqlarını ayaq altına qoymuşdu. Və bugün də Onun avariaya düşməsi, Azərbaycan ictimaiyyatında güclü bir şübhə doğurur ki, burada da Rejimin əli var. Əlbəttə bu şübhəyə əsas da mövcuddur. Bugün Amerika və Avropada gedən iqtisadi böhranları nəzərə alaraq, İran İslam Respublikası bir tərəfdən bu böhranın İranda təsirini düşünərək öz gələcəyindən nigaran olduğu üçün, milli haqların üzərində gedən müxtəlif xalqların o cümlədən Azərbaycan xalqının bu yolda uzun illərdən bəri ardıcıl apardığı və bugün yeni bir müstəviyə gəlib çatan hərəkatından qorxur və ona qarşı tədbirlər cızır. Bu planın bir hissəsi, rejimin, milli fəalları tutub həbsə almasıdır və 1367-ci ildə və sonrakı illər kimi kütləvi qırğın və yaxud zincirvari qətlləri təşkil etməsi bugün də istisna deyildir. Xüsusilə şovinisti və istibdadi rejimlər, həm bugün və həm də hələ Şah dövründə, müxaliflərini dolayı və şübhəli yollarla o cümlədən duvar altına qoymaq, avariaya salmaq, suda batırmaq, zəhərləndirmək, xəstələndirmək, ampul vurmaq, döyüb-bıçaqlamaq və qazla boğmaqdan çəkinmirlər.
Bunları nəzərə alaraq, Qulamrza Əmaninin “qəzaya” uğraması biz azərbaycanlılarda şübhə doğurmaya bilməz. Elə buna görə həmin hadisənin daxildə və xaricdə səlahiyyətli orqanlar tərəfindən araşdırılmasının tərəfdarı olduğumuzu bildiririk və bu işdə digər soydaşlarımızı birgə əməkdaşlığa dəvət edirik. Bunu, içəridə və ölkədən kənar fəaliyyət göstərən fəallarımızın bu kimi yollarla aradan aparılmasının qarşısının alınması barədə İran rejiminin planlarının qarşısını almaq üçün bir tədbir kimi hesab edirik. Bu barədə beynəlxalq təşkilatların diqqətini bu məsələyə cəlb etmək üçün müraciət də edirik.
Güney Azərbaycan Siyasi Birlik və Əməkdaşlıq Komissiyasının üzvləri, mühəndis Qulamrza Əmani və onun qardaşlarının itgisini, onun həyat-yoldaşı, valideynləri və dostlarına təsliyət deyir. Ümid edirik ki, onun dəfn mərasimi və matəm günləri azərbaycanlılarımız tərəfindən geniş və dərin hüznlə keçiriləcəkdir və orada da, Qulamrza Əmaninin, Milli Hərəkata etdiyi xidmətləri soydaşlarımız tərəfindən dəyərləndiriləcəkdir.
Güney Azərbaycan Siyasi Birlik və Əməkdaşlıq Komissiyası (GASBEK):
Abdulla Əmir Haşimi (Cavanşir)
Firidun Pərvizniya
Maşalla Rəzmi
Məhəmməd Müştaq
Dr Nurəddin Qərəvi
25.X.2008
İranda 14 azərbaycanlı aşıq həbs olunub
[ 13 Oktyabr 2008 20:00 ]
İranda bir qrup azərbaycanlı aşıq bu ölkənin xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Dünya Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, saxlanılan aşıqlar Əkbər Qulami, Mehdi Sədri, Məhəmməd Səhrayi, Hüseyn Həqiqi, Eynullah Əzizi, Abbas Zənd (balaban ifaçısı), Həsən Yavər, Əmir Qərnəli, Əli Qərnəli, Hüseyn Kərimi, Məcid Medilu, Məhəmməd Rza Ruhita, Həsən Əbbasi milli fəaliyyətdə ittiham olunublar. Aşıqların saxlanmasına səbəb, onların “Bizim ellər” adlı Azərbaycan dilində yayılan aşıq mahnılarından
ibarət CD hazırlaması olub. İran hüquq-mühafizə orqanları iddia edib ki, diskdə toplanan mahnılarda milli məsələlər qabardılıb. Qeyd edək ki, sentyabrın 10-da Tehranda iftar süfrəsi zamanı saxlanılan 21 azərbaycanlıdan 5 nəfəri - jurnalistlər Səid Muğanlı, Əlirza Sərrafi, Həsən Rəşidi, Həsən Rəhimi Bəyat və Mehdi Nəimi hələ də “Evin” həbsxanasında saxlanılırlar.
Bakı. Ramil Məmmədli-APA.