Bəhmən SULTANLI: XOCALI DƏHŞƏTLƏRİ
Rus-sovet imperiyası ölkəmizi istila etdiyi gündən başlayaraq maddi, mənəvi sərvətlərimizi talan etdi, xalqımızı məzluma, qula, əlsiz-ayaqsıza çevirdi. Son dörd ildə onun daha hansı məkirli planları olduğunun bir daha şahidi olduq...
Xocalıda baş verən dəhçətlər istilaçıların erməni kartından istifadə edərək xalqımız, ölkəmiz bardə zaman-zaman qurduqları məkirli planların fəsadlarındandır...
Sovet silahlarıyla, hərbi texnikasıyla yaraqlanmış rus-erməni hərbi birləşmələri qocalardan, qadınlardan, uşaqlardan ibarət 2000-dən artıq suçsuz soydaşlarımızın diri-diri gözlərini çıxartdı, diri-diri bədən əzalarını kəsdi, diri-diri qol-qılçasını sındırdı, diri-diri qarnını yırtdı, diri-diri sinəsini dağladı, diri-diri yandırdı, insan ağlına gəlməyən, tarixin heç bir qatında baş verməmiş vəhşiliklərə məruz qoyaraq hamısını qırdı, meyitlərini təhqir etdi, xalqımızı Xocalı faciəsi ilə üz-üzə qoydu...
Rus-erməni hərbi birləşmələri xalqımıza qarşı insanlığa yaraşmayan üsullarla soyqırım törətdi...
Əfsanəvi Qəhrəman Əlif Hacıyevi yetirən Xocalı şəhərindən yüzlərlə qız-gəlinlərimizi əsir aparıb alçaltdılar, bununla, biz hər birimiz ağlasığmaz dərəcədə təhqir olunduq...
Ermənilərə arxa duranlar olmasaydı, onlar təkcə Ağdam gənclərinin qarşısında duruş gətirə bilməzdilər...
Böyük tarixi keçmişə, köklü mədəniyyətə malik mərd, mənəviyyatlı... bir xalq sivilizasiyası ilə öyünən xalqların gözü qarşısında, hətta aktiv köməyi ilə ağlasığmaz vəhşiliyə məruz qaldı. Bu, müdhiş bir həqiqətdir...
Azərbaycan bir yandan xristianların İslam aləminə yönəlmiş “səlib yürüşü”nün hədəfinə çevrildi, başqa yandan rus imperiyasının qarətçilik siyasətinin yerinə yetirilməsi üçün erməni “erməniliyi”nə meydan oldu...
Xalqımızın varlığı namus, qeyrət üzərində qurulub. Bizlərdə heç kim heç kimin anasına, bacısına, qızına, gəlininə... əyri gözlə baxa bilməz. Biz dostun mərd dostu olmuşuq, düşmənin mərd düşməni. Tarix boyu insanlığa şərəf gətirmişik. Hiylədən, kələkdən uzaq olmuşuq. Düşmənlə üzbəüz vuruşmuşuq, vuruşanda özümüzün də insan olduğumuzu unutmamışıq! Ağa ağ demişik, qaraya qara. Hər birimizdə ailə qeyrəti həmişə yüksək olub...
Hər kəs namuslu olmalıdır. Ancaq namus deyəndə, bəzilərimiz yalnız özünün, öz ailəsinin, yaxınlarının namusunu nəzərdə tutur. Unudurlar, Vətən basılanda qız-gəlinlər əsir düşür, qocalar təhqir edilərək qətlə yetirilir, kişilər işgəncə ilə öldürülür, məhv edilir, hər kəsin, hər bir Vətən övladının namusu ayaq altına düşür, əldən gedir, sağ qalan hər kəs əsir düşən qız-gəlininin, öldürülən, alçaldılan qoca-qarısının, işgəncəyə məruz qalan gəncinin, uşağının əzabı girdabında əriyə-əriyə, yana-yana məhv olur...
Ona görə də ən böyük namus Vətən namusudur. Hər bir namuslu insan Vətəni qorumaq yolunda ölümdən də çəkinməməlidir, şərəfli ölümü şərəfsiz yaşamaqdan, mənasız ölümdən üstün tutmalıdır.
Vətəni qorusaydıq, başımız Xocalı müsibəti çəkməzdi, namusumuza o cür hüdudsuz ləkə gəlməzdi...
Xocalı faciəsi ən uca namusun Vətən namusu olduğunu, Vətəni basılmayanın ailə namusunun tapdanmaz olduğunu hər birimizə əyani şəkildə göstərdi...
Xocalı faciəsi bizə mövzusu tükənməyən tarix dərsi oldu...
1992
Bəhmən SULTANLI
(Bakı.Xəbər, 12.02.07)
Şərahil: "Düşüb hansı kökə, günə bu millət..."
Bu millət
Bu qədər ulukən, bu qədər qədim
Az qalıb kökünü dana bu millət
Mən ona anamın anası dedim,
Yaman öyə çıxdı, ana, bu millət
Yüz adla anıldı adı bu soyun,
Alban, Atropatan, Tatar - min oyun
Adını dəyişin Şahsevən qoyun,
Qul ikən padşaha, xana bu millət
Altayda, Sayanda ayaq izlərin
Dünyaya hökm edən nəsil sizlərin
Dönüb əsirinə əsilsizlərin
Düşüb hansı kökə, günə bu millət
Sürdüyü ömürmü, gündümü görən
Susan vicdanları dindimi görən
Mirzə Sabirləri qandımı görən,
Mirzə Sakitləri qana bu millət
Bu necə qürurdu, bu necə ad, san
Yadın səcdəgahın, doğmana yadsan
Dəyər generala, itə daş atsan
Doymur saxta şöhrət, şana bu millət
Hancıydın – yolçusan, hanı hanların
Yerdəmi qalacaq bunca qanların
Ruhları sızlıyır Səttarxanların
Elə çəkilib ki qına bu millət
Saxtalar, yalanlar gerçəyə dönüb
Yıx bəndi bərəni, gur çaya dönüb
Qapıda bəslənən serçəyə dönüb,
Kaş qarlı dağlara qona bu millət
Çaqqalı karvana ulamasıynan,
Nursuz ziyalısı bulamasıynan,
Şərə şərik çıxan üləmasıynan,
Zor gəlir imana, dinə bu millət
Özü halvasını çalıbdı bu xalq
“Lazım gəlsə”lərə qalıbdı bu xalq
Yenilə yenilə qalibdi bu xalq,
Sındıqca qovuşur “ünə” bu millət
Qabıq dəyişdirir, qın dəyişdirir
Xoruzuna görə hin dəyişdirir
İndi yüz dollara din dəyişdirir
Tapır şeytanlara, cinə bu millət
Ocağı başında yadlar ağnaşır
Kükrət qeyrətini, səbrini daşır
Qəfəsdə qartal da saxsağanlaşır
Oğullar, qoymayın sına bu millət
Min üzlü Batıdır ümid dağıdan
Dərdinə çarə yox yaddan, yağıdan
Bir çıxa matəmdən, yasdan, ağıdan
Titrəyib özünə dönə bu millət
Müti xislətiylə, qul sevdasıyla
Bütə, tapınağa bol sevdasıyla
Kürsü sevdasıyla, pul sevdasıyla
Girir min libasa, dona bu millət
Varislər sırada, başına xeyir
Bu nə tamaşadı, bu necə seyr
Hələ yurdmu deyir, yuvamı deyir,
Tülkülər dadanan hinə bu millət
Yaltaqlıq ruhunu elə bürüdü
Nefsi varlığını yıxdi, sürüdü
Bu günü tarixin təkərrürüdü
Gedir qiyamətə, sona bu millət
Əriyib yox olan dil onun ikən,
Söndürülən ocaq, kül onun ikən
Hərraca qoyulan el onun ikən,
Çəkib yaxasını yana bu millət
Şeri, sənəti də aşıq mədhidi;
“Gedən İsa Məsih, qalan Mehdidi”
Deyir bir ölünün kəramətidi,
Açılan sabaha, dana bu millət
Orda ayaq altda baba məzarı
Silah tut,qılınc tut,yerə qoy tarı
Yarısı qəzəlxan,yarı soytarı,
Manıstan yığılıb cana bu millət
Günü gətirdilər dininə dini
“Lüt”ü bol,bütü bol – dini nə dini
Susturub əzani Məhəmmədini,
Susayır kilsədə çana bu millət
Bu vətən ər oğlu ər möhtacıdı
Tarix ibrət dolu, tarix acıdı
Yenə şaumyanlar başlar tacıdı,
Düşüb qürbətlərə, genə bu millət
Nə vətən, nə tarix bağışlayacaq,
Qeyrət zamanıdır bu dövran, bu çağ
Yenə də özünə gün ağlayacaq
Yenə bu millətdi, yenə bu millət
04.01.2009
QUBAD İBADOĞLU: «150 MİN AVROYA AVTOBUS ALIRIQ, ƏMƏKHAQQI və PENSİYALARI 15 MANAT ARTIRIRIQ»
2008-08-26, 17:12:00
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu dövlət başçısının minimal əməkhaqları və əmək pensiyalarının baza hissəsini artıran sərəncamını şərh edərkən «Media forum»a bildirib ki, ən azı minimum əməkhaqqının 120 manat səviyyəsinə qaldırılmasını gözləyib: «Əməkhaqqı artımı təqdir olunmalıdır. Ancaq mən minimum əməkhaqqı artımının daha yüksək olmasını gözləyirdim. Beynəlxalq standartlara görə, minimum əməkhaqqı orta aylıq əməkhaqqının yarısı qədər olmalıdır. Azərbaycanda hazırda orta aylıq əməkhaqqı 240 manatdır».
«Dövlət başçısının sərəncamı ölkədə qiymət artımına nə təsir göstərəcək» sualını cavablandıran istiqadçı ekspertin sözlərinə görə, minimum əməkhaqları və əmək pensiyalarının baza hissəsinin artırılması dolayı yolla bazar qiymətlərinə təsir göstərir: «Amma bu gün bəzi tərəvəz məhsullarının, o cümlədən tərəvəz-bostan məhsularının bahalaşmasının başlıca səbəbi heç də minimum əməkhaqları, pensiyaların minimal bazasının qaldırılması deyil. Bölgələrdə qiymətlər kifayət qədər aşağıdır, həm tərəvəz məhsulları, həm də meyvə ucuzdur. Bol məhsul var. Lakin yollar bərbad vəziyyətdə olduğundan həmin məhsulların Bakıya çatdırılması böyük xərc tələb edir».
Q.İbadoğlunun məlumatına görə, bu gün bölgələrdə mövsümi qiymətlər ötən illə müqayisədə çox aşağıdır: «İndiyəcən pomidorun 1 kiloqramını 8-9 qəpiyə görməmişdik. Bakıda isə əksinə, ötən illərlə müqayisədə kənd təsərrüfatı məhsulları bahadır».
Bakıda qiymətlərin artmasına təsir edən digər amil – dövriyyədə pul kütləsinin çox olması haqda danışan Q.İbadoğlu bildirib ki, minimum əməkhaqlarının artırılması heç də dövriyyədəki pul kütləsinin çoxalması demək deyil: «İndi büdcənin ümumi xərclərində əməyin ödənilməsinə yönələn xərclər 21-22 faizdir. Amma 2003-2004-cü ildə bu xərclər daha çox – 35-38 faiz idi. Dövlət büdcəsindən əməyin ödənilməsinə çəkilən xərclərin payı heç də artmayıb».
Mərkəz rəhbərinin sözlərinə görə, bahalaşmaya və bəzi məhsulların qıtlığının yaranmasına Gürcüstan-Rusiya müharibəsi də təsir edib: «Bəzi idxal mallarının ölkəyə çatdırılması ləngiyir, hələ uzun müddət bu ləngimənin təsirini hiss edəcəyik. Bu, qıtlığı və qiymət artımını şərtləndirir».
İqtisadçı alim prezidentin sonuncu sərəncamlarında artımın 15 manat olmasına da münasibət bildirib. Onun sözlərinə görə, əvvəllər 10 manat-10 manat artım olurdu: «Minimal aylıq əməkhaqqının artırılması haqqında sərəncamın təsiri birbaşa aşağı əməkhaqqı alanlara deyil, eyni zamanda təhsil sektorunda çalışan, ümumiyyətlə ödənişi tarif cədvəli ilə həyata keçirilən vətəndaşların alacağı əməkhaqlarına da təsirini göstərir. Cüzi də olsa, dəyişiklik olacaq. Əmək pensiyalarının baza hissəsini də 15 manat artırmışıq. 150 min avroya avtobus alırıq, amma minimal əməkhaqlarını və əmək pensiyalarının baza hissəsini 15 manat artırırıq. Qiymət artımının davamlı şəkil aldığı bir dövrdə 15 manat heç nədir».
İqtisadi Tədqiqatlar Mərkəzi əmək qabiliyyətli vətəndaşlar üçün minimal istehlak büdcəsini123 manat, pensiyaçılar üçün 85 manat, 15 yaşınadək uşaqlar üçün 108 manat hesablayıb: «Bizim hesablamalarımız göstərir ki, 75 manat əməkhaqqı və pensiya kifayət deyil. Bu gün minimum əməkhaqqı səviyyəsi minumum istehlak büdcəsi səviyyəsində olmalıdır. Minimum istehlak büdcəsi səbətinə daxil olan həm məhsulların xüsusi çəkisi, həm məhsulların çeşidi ilə bağlı müqayisə aparsaq, görərik ki, o, beynəlxalq tələblərə uyğun gəlmir. Minimal istehlak məhsullarımız məqsədli şəkildə aşağı səviyyədə göstərilib».
«Media forum»
.
