Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: ALLAHIN BƏNDƏLƏRƏ, RUHLARIN BƏDƏNLƏRƏ ÜSYANI

Mirzə Xəzər 18 Dek 2008

no comments

melahet

RUHU olmayan BƏDƏN həmişə qarın doldurmaq və ƏT bədəni geyindirmək üçün çalışır-vuruşur. RUHdan uzaq olan insanlar ƏTdən və qarından ibarət CANı geyindirib, yedirtmək üçün YER kürəsinin qanını sorurlar. Bəlkə də artıq tükənməkdə olan qara NEFT- YER kürəsinin qanı idi. İnsanlar qara neftdən istifadə edə-edə YER kürəsini ölümcül hala gətirdilər .YER kürəsində yaşayan körpələrdən başqa bütün İNSANlar günah içindədir.


Ən günahsız və təmiz insanlar “İbtidai icma quruluşu”dövründə yaşayıb. Villaları, mebelləri, bahalı şubaları, daş-qaşları ,medalları, fəxri adları...ilə öyünməyiblər. Mağarada yaşayan, ağac qabığından, yarpağından özünə paltar hazırlayan İNSANlar hara-BİZ hara! Son vaxtlar ancaq BƏDƏN üçün yaşamaq,mübarizə etmək kütləvi hal alıb. BƏDƏN çürüyür-yaşayan RUH olur.İnsan var ömrünün sonuna kimi RUHdan “qaçır”. Heyvanların da RUHu yoxdur. Amma onlar qorxulu deyillər. Çünki onlar zahiri bər-bəzək ,rahatlıq üçün qan tökmürlər,bir-birini satmırlar,vəzifə üçün dizin-dizin sürünmürlər. RUHsuz insanlar isə çox qorxuludur. Barak Obama preyident kürsüsünə əyləşənlərin ən kasıbıdır sayılır. Amma Obama prezidentlik fəaliyyətinə “bismillah” etməmiş arvadına bahalı üzük bağışladı. Seçkilərdə ona dəstək olan xanımına təşəkkürünü “üzüklə” etdi. Həmin üzüyə verilən para Amerikanının törətdiyi müharibələr nəticəsində əziyyət çəkən insanlara xərclənsəydi daha uğurlu “təşəkkür” olardı . Daş-qaş xəstəsi olan qadınlar “bahalı üzük “eşqinə ərlərini prezident olmağa məcbur etsələr, KİŞİlər ayaqqabılarını çıxardıb Obamanı ayqqabı ilə “daş-qalaq” edəcəklər. Falçıların, münəccimlərin hay-küyü “ingilis siyasətidir”. ”Obama öləcək, dünya dağılacaq” deməklə insanları mənəvi tərəfdən öldürmək fırıldaqçıların peşəsidir. Mənəviyyatdan uzaq olan İNSAN əli-ayağı olan ƏT parçasıdır. RUHsuz,mənəviyyatsız adamların bol olduğu DÜNYA dağılmaq üzrədir. Mən nə falçıyam ,nə də münəccim. Sadəcə DÜNYANIN ALLAH və RUHlar tərəfindən idarə olunduğuna inanan bəndəyəm. BƏNDƏlər tərəfindən unudulan ALLAHIN, BƏDƏN tərəfindən unudulan RUHların üsyanı başlayanda ruhsuz bəndələr nə edəcək?! Yaponiyada bir alim düzəltdiyi qadın robotları ilə cinsi əlaqədə olub.Ağıllı saydığımız yapon robot qadını “sevirsə”, demək həqiqətən RUH qıtlığıdı.İnsan geyindiyini xoşluqla soyunursa , ZORLA geyinmək üçün milyonlar xərcləməyə və milyon-milyon insanı incitməyə,ac-susuz qoymağa dəyərmi? Bəlkə nəfsimizə gec də olsa “STOP!!!”əmrini verək .Bir dəfə oğlum ağlaya-ağlaya dərsdən evə gələndə çox həyəcanlanmışdım.Elə bildim dalaşıb.Uzun müddət ağladı və ona verdiyim bütün suallara başı ilə “yox” deyirdi.Ağlamağının səbəbini göz yaşları içində açıqladı:”Ana ,müəllim uşaqlara dedi ki,yüz ildən sonra dünya istidən od tutub yanacaq”-deyib ,hönkürtü ilə ağlamağa başladı.Mən heyrətlə ona baxırdım.Nə deyəcəyimi,necə təsəlli verəcəyimi bilmirdim.Başını sığallayıb gülə-gülə dedim:”Eh, yüz ildən sonra sən çox yaşlı bir qoca olacaqsan. Doyunca yaşamış olarsan...”. Oğlum məni qucaqlayıb sanki yüz yaşlı qoca kimi zarıldadı:”Ana, sən nə danışırsan?Bəs mənim nəvələrim,nəticələrim necə olacaq?!” On yaşlı uşaq yüz il sonra yaşayan nəvələrinin,nəticələrinin taleyi üçün narahat olur,amma “bığlı-saqqallı”əmilər YERin-GÖYün qanını içir.Sanki onlar qısırdı,yüz il sonrakı YER kürəsinin onlara dəxli yoxdur.Hakimiyyəti dəyişmək uğrunda adamları mübarizəyə çağırmaq mənasızdı. QƏDİRBİLMƏZlik , ACGÖZlük, NAMƏRDlik... hisslərinə vərdiş edən insanları SEHRBAZ prezident də xilas edə bilməz.

Çöldə ilk qar yağır. Sanki Tanrı göydən yerə “ağ çiçəklər”səpələyir.Uşaqlar bütün günü əllərini göyə tutub “Qar yağsın,qartopu oynayaq” duasını etmişdilər . Qoca, xəstə anamın “Qar yağmasın, yoxsa mən eyvana çıxa bilmərəm” pıçıltılarını eşidəndə, ürəyim sancmışdı. Yəqin Azərbaycanda uşaqlardan başqa hamı qışda“Qar yağmasın” duasını edir.Ona görə də qar az-az yağır.Çünki, hamının ruhu qocalıb,xəstələnib...Qayğıların əlindən başımızı qaşımağa vaxt tapa bilmirik,qartopu oynamağa vaxt hardan tapırıq.NEFT son damlasına kimi xaricə satılandan sonra(özümüz lampaya tökmək üçün bir litr neft tapa bilmirik) büdcə kəsirlərini doldurmaq üçün bir azdan yağan qara,yağışa,aldığımız havaya görə də sayğac qoyulacaq.Hər cür sayğac ixtira edilir,amma “İNSAF” sayğacını kəşf etmək” alimlərə”sərf etmir.İnsanların qocalan,xəstələnən ruhunu yeniləmək üçün tez-tez yağışlar yağır.Onda da hamı ÇƏTİRlərin altında gizlənir.16-17 yaşım olanda dolu kimi yağan yağışın altında dayanıb üzümü göyə tutmuşdum.Yağış üz-gözümü,bütün canımı “döyə-döyə” ruhumu təmizləyirdi.Qonşumuz pəncərəni açıb “Qızım ərə getmək üçün əhd edirsən?Səni oğluma alacağam,keç evə xəstələnərsən “ deyəndə sanki iyrənc bir SƏS ruhumu palçığın içinə çırpmışdı. Ağlı “xəstə”adamlar sağlam düşüncəli adamlara “təsəlli,məsləhət”verəndə yağan yağış da ,qar da,açılan çiçək də gözəlliyini itirir.YAĞIŞ,QAR,ÇİÇƏK kimi təmiz və gözəl RUHlu İNSANlara YER kürəsinin ehtiyacı var. Bizə TANRI hədiyyəsi olan yağışı,qarı,çiçəkləri,yarpaqları sevməyi öyrənək.Ruhumuz yağan qarla,açılan çiçəklə bəlkə içimizə qayıtdı...


Məlahət Ağacanqızı: ƏLVİDA ÜMİDİNƏ (seirlər)

Mirzə Xəzər 16 Dek 2008

no comments

melahet

ƏLVİDA ÜMİDİNƏ

Mən bir məsum çiçək,
Qanqallar,sarmaşıqlar
Içində məhv olurdum.
Qırıb atdın onları,-
Özün dərmək üçünmü?


Köməksiz quzu kimi
Qurdlar əlindən qaçıb,
Gəlib Sənə sığındım.
Həyatımı xilas etdin,-
Özün yemək üçünmü?

Qanadsız göyərçintək
Göydə süzə bilmirdim.
Arzuma qanad verib,
Üfüqlərə ucaltdın,-
Özün vurmaq üçünmü?

Gedirəm quzu kimi
Bir aslan oylağına.
Qoy yesin aslan məni...
Əlvida ümidinə!


***


Mən bir quş idim
Düşdüm YER üzünə.
Ucalıqda olanları
Öldürüb yeyən
Adamların içinə.
Canavardan betər,
İtdən də betər
Adamlardan qorxduğum üçün
Mən də girdim ADAM cildinə.
Gecələr quş oluram,-
Dörd divar arasında çırpıb,çırpıb
Qanadlarımı
Göyə qalxa bilmirəm.
Hər gecə ağlayıram,
Ağlayıram hər gecə.

***


Qanadlarım havada,
Ayaqlarım havada.
Bir kimsəni incitmədən
Yaşayırdım dünyada.
Allah,Allah
Köməyim ol,-
Adam olmaq düşüb başıma.
Bezib “cik-cik” nəğmələrdən,-
Yalan demək istəyirəm.
Qırıb azad qanadlarımı,-
Iki qul əl istəyirəm.
Allah,Allah
Köməyim ol,-
Adam olmaq cəhənnəmə,
ADAM kimi yaşamaq
Düşüb başıma.


***


Üzülüb ayaqlarım Yerdən
Göyə də əlim çatmayır.
Yerdə bir dayağım yox
Göyə də ünüm yetməyir.
Nə ömrüm var,
Nə ölümüm.
Nə evim var,
Nə məzarım,-
SƏNİ hara qonaq çağırım?


***


Bir gün gözlərinin,
əllərinin,
nəfəsının
həsrətinə dözməyib öləcəyəm.
Kəfən içində soyuyan canım
SƏNin üçün inləyəcək,
Heç kəs duymayacaq.
Dörd doğmam
Cənazəmi yerdən qaldıra bilməyəcək,-
Dəfnimə çat!


Ruhum göyün üçüncü qatına
Çatanda,
Məzarım üstə
SƏNi axtaracaq,-
Üçümə çat!


Göyün yeddinci qatından
Görə bilməyəcəyəm
Gözlərinin dərinliyini,
Hiss etməyəcəyəm
Həsrətindən öldüyüm nəfəsini,-
Yeddimə çat!


Qırxıncı qatda
Hey YERə baxdığım üçün,
Sevməyib ölənlər
Incidəcəklər məni.
Ruhuma güc vermək üçün,-
Qırxıma çat!


Bir ilin tamamında
YERlə GÖY arasında
Qırılacaq əlaqə.
Gəlib çatacaq SON qat,
Həsrətindən ruhum olacaq çat-çat.
Ölümümü dərk etmək üçün,
Yoxluğumu hiss etmək üçün ,-
Heç olmasa ilimə çat!


Məlahət Ağacanqızı: “İNSAFSAYAR” (hekayə)

Mirzə Xəzər 10 Dek 2008

no comments

melahet




Qapı döyüldü. Gələnin kim olduğunu bildiklərindən uşaqlar bir-birilərini itələyərək qapıya qaçdılar. Birinci qapını açmaq, gələnin qolları arasında birinci olmaq arzusu bu dəfə həmişəkindən daha güclü idi. Axı bu dəfə onlara mütləq “BİLGİSAYAR” almaq vəd olunmuşdu.Bir il idi uşaqlar bu günü gözləyirdilər. Uzaq səfərə gedən ata döndüyü gün uşaqlara bilgisayar almalı idi. Hər dəfə ata evə zəng edəndə,məktub yazanda bir cümlə daha çox yadda qalırdı.Həmin cümlə maqnit kimi uşaqların beyninə yapışmışdı. “Dərslərinizi yaxşı oxuyun, gələn kimi sizə bilgisayar alacağam!”.


Uşaqlar hay-küylə qapını açdılar. Ata növbə ilə onları öpdü. Kiçik oğlunu öpüb qızına yaxınlaşdı. Kiçik oğlu bacı və qardaşının necə öpüləcəyini izləyirdi. Üz-gözündən hiss olunurdu ki, sanki “canavar” əlindən salamat qurtulduğuna sevinir.Bacısı gəlib yanında dayananda diqqətlə bacısının qulaqlarına, burnuna baxdı. Hamısını yerində görüb sakitləşdi.Nəhayət, qardaşı da heç bir “itki” vermədən onlara qoşuldu. Ata sakitcə dayanıb onlara baxan uşaqların anasına yaxınlaşdı.Və hər dəfə uşaqları öpəndən sonra həmişə dediyi sözləri təkrarladı:


-Sizi öpdüm,indi də icazə verin xanımımı öpüm...- Uşaqlar həmişə güldükləri kimi bic-bic güldülər. Qadın isə həmişə güldüyü kimi gülmədi. Yalnız gözlərinə təbəssüm çökdü.Ərinin dodaqları dodaqlarına dəyəndə isə üzünə ağrıdan əzab çökdü. Əri onu başdan- ayağa nəzərdən keçirdi.


- Mən sənə deməmişdim kökəlmə?! – Qadın dinmədi.Heç üzündə təbəssüm də görünmədi.– Niyə belə soyuq qarşılayırasan məni?!- Qadın yenə nə güldü,nə də danışdı.Qadının özünü belə aparmağı Kişini lap hövsələdən çıxartdı.Qadını daha bərk qucaqladı və dəli kimi öpməyə başladı.Qadın “ayyy” deyib zarıldadı.Kişi isə uzun ayrılıqdan sonra sanki vəhşiyə dönmüşdü.Qadın zorla onun qolları arasından çıxdı. Ətrafına baxdı.Uşaqların orda olmadığını görüb rahatlansa da,ağlamaq istədi.Bacarmadı!Əri kiçik oğlunu öpüb-dişləyəndən sonra uşaq ağrıdan ağlayardı.Gözlərini yaşı qurumamış gülüb qaçardı.Qadın da elə kiçik oğlu kimi səssicə ağlayırdı.Amma nə güləcəyi,nə də qaçıb gedəcəyi hiss olunurdu.Kişi qadının hərəkətlərindən heç nə başa düşə bilmirdi.


-Nə olub sənə axı?!Elə bil gəlməyimə heç sevinmirsən!Bəlkə qayıdım gedim cəhənnəmin dibinə?!-Qadın əlini ağzına tutub zorla gülümsədi.
-Dişim incitdi məni...-deyə bildi.Kişi elə bil yuxudan ayıldı və özünə gəldi.
-Nəəə!Nə olub dişinə?!


Qadının gənclik illərində dişlərinin heç bir problemi yox idi.Dişlərində nöqsan olmadığından idi,ya xasiyyətindən,güləndə elə gülürdü ki,ətrafında olan qanıqara adam da başını qaldırıb təbəssümlə ona baxardı.Gülüşü,söhbətləri məlhəm idi özünə də,onu tanıyanlara da .Qonşularında yaşayan xəstə,tənha rus qadın bir dəfə ona demişdi:
“Sən evdə olanda özümü çox yaxşı hiss edirəm.Gülüşlərinin səsi məni gənclik illərimə aparır.Heç darıxmıram.Elə bil səndən başqa evinizdə,bu məhəlldə heç kəs gülmür”. – Bir dəfə yelləncəkdə fırlananda o qədər ürəkdən və ləzzətlə gülmüşdü ki,yanında olan rəfiqəsi ona demişdi:”İmkanım olsaydı sənin bu gülüşlərini lentə yazardım.Kefim olmayanda oturub qulaq asardım”.– Bir ildən çox idi ki,ürəkdən, ucadan gülməyin üzünə həsrət qalmışdı.
Qabaq dişlərindən biri tərpənirdi.Tərpəndikcə yuxarı qalxıb,o biri dişlərindən fərqlənirdi.Altına yığılıb qalan irin-çirk təmizlənməyincə ağrısı kəsmirdi.Gülmək, danışmaq bir yana heç rahat yemək yeyə bilmirdi.Soyuq su və isti yemək yeyəndə xəstə dişinin altında elə ağrı başlayırdı ki,az qalırdı ürəyi dayansın.Bir dəfə kiçik oğlu qucağında oturmuşdu.Onu öpüb oxşayan anasına gözlənilmədən dedi:


-Ana sənin bir dişin lap “morj” dişinə oxşayır!-Oğlunun sözü onu ağrıtsa da əlini ağzına tutub gülmüşdü.


O gündən başlayaraq danışanda,güləndə əlini ağzına tutmağı vərdişə çevirmişdi.Tək qalanda,vaxtı olanda güzgünü götürüb xəstə dişinə baxıb köks ötürərdi. Bəlkə də dişinin xəstə,qüsurlu olmağı onu o qədər də darıxdırmırdı.Onu darıxdıran,yoran,bezdirən danışanda,güləndə əlini ağzının qarşısına tutmağı olurdu. Adamın bir qolu, bir ayağı olmayanda sakit baxılır. Amma qabaq dişlərindən biri qüsurlu və ya diş olmayanda bütün nəzərlər dikilir həmin yerə.Həmin qüsurlu dişi olan adamdan ayrılandan sonra deyilir:”Filankəsi gördüm yazıq bir gündədir ,ağzında dişi də yoxdur”. –Bəlkə də uşağın ilk dişinin çıxmağının toy-bayram etmək,hədik bişirmək artıq “DİŞLƏMƏK və YAŞAMAQ” imkanına malik olmağına görədir.ŞÇürüyən,yeri boş olan dişləri ürək ağrısı ilə xatırlamaq “ÖLÜM” haqqında ilk xəbərdarlıq olduğuna görə İNSAN kədərlənir. İlk dişinin çıxmasına görə yaşanan SEVNC,dişin çürüməsinə görə yaşanan KƏDƏR hissi insanların bilmədiyi bir SİRdi.Bədənin BAYRAMı, bədənin MATƏMi ,bədənin özü üçün də tapmacadır.

Əri bir yerə gedəndə evdə-eşikdə,uşaqların əhatəsində özünə yer tapa bilməyən,darıxan,günləri,saatları,dəqiqələri sayan QADIN,dişi ağrıyandan ƏRi üçün darıxmırdı. Sanki bir diş bütün bədənin,hisslərinin ağası olmuşdu .Qadın üçün ən ağır gün ərinin gələcəyi gün idi.Həmin gün danışmasa,gülməsə necə dözə biləcək?!Hər gün fikrində ərinin gələcəyi günün xəyalını qururdu:”Əri gəlib.Qadın nə danışır,nə gülür.Elə başı ilə işarələr edir.Əri elə bilir onun növbəti dəliliyi tutub.Amma bu dəliliyin uzun sürdüyünü görən ər dözə bilməyib qadını öpür.Qadının dişinin ağrısından ürəyi gedir.Ər onu qucağına alıb həkimə aparır.”

“ Ər qadın susduğuna,lal oyunu oynadığına görə qadının ağzına şillə vurur”.
“Ər qadını öpür. Sonra üz-gözünü yığıb, burnunu tutub:- Dişlərini niyə yumursan?-deyir.
“Ər qadının dişinin laxladığını bilib:-Sən də qocaldın deyir...”.

Fikrində qurduğu səhnələr yormuşdu,bezdirmişdi qadını. Neçə dəfə istəmişdi gedib dişini çəkdirsin,ürək etməmişdi.Ona elə gəlirdi ki,dişini çəkdirmək üçün AİLƏliklə həkimə getməlidirlər.Çıxarılan,”ölən” ,onları tərk edən DİŞİ AİLƏliklə dəfn etməlidirlər.Sonra AİLƏliklə onun boş qalan dişinin yerinə necə diş qoyulmasına qərar verməlidirlər.Qadın istəsəydi əri gələnə qədər dişini çəkdirərdi.Ailənın boğazından kəsib boş qalan dişinin yerinə o biri dişlərindən fərqlənməyən diş saldırardı.Əri gələndə danışardı,gülərdi.Ər bəlkə də heç başa düşməzdi arvadının laxlamış dişi çıxarılıb.Amma qadına elə gəlirdi ki,ərindən icazəsiz bədənində heç nəyə dəyə bilməz.Hətta çürük dişə də.Bir dəfə saçlarının ucundan azca kəsmişdi.Əri başa düşüb demişdi:”Sənin nə haqqın var mənim saçlarımı kəsmisən?!Bir də elə qələtlər etmə!”-Ər həmin sözləri o qədər ciddi demişdi ki, Qadına elə gəlmişdi kürəyinə açıb tökdüyü saçlar özünün deyil,Ərinindi.Qadın anlamışdı ki,saçının ucundan tutmuş,dırnağının ucuna qədər bədənində nə varsa Ərinə aiddir.



-Nə olub dişinə ?!- Əri soruşdu.Qadın eşitdiyinə inanmadı.Əri”Nə olub dişiNə “deyirdi?!”, “Nə olub dişıMə?! “ demirdi. Qadın Əri gəlməmişdən bəlkə milyon dəfə özü-özü ilə Ərinin yerinə danışmışdı:”Nə olub MƏNİM dişiMə?! Niyə xəstələndirmisən MƏNİM dişiMi?! Niyə qorumadın,qayğısına qalmadın MƏNİM dişiMin ?!”-DişiMə-dişiNə sözlərindəki “M”və”N” hərflərinin xətası bütün canını ağrıtdı.İki laxlayan hərfin “ağrıları” bir laxlayan dişin ağrılarından milyon dəfə çox idi.Görəsən niyə SAĞLAM,GÖZƏL nəsə olanda yüksək səslə,həyəcanla “MƏNİMDİR!” deyirik,XƏSTƏ,DƏRDLİ doğmalarmızı görəndə üzümüzü yana çeviririk?!Ehtirasdan,hissdən deyilən sözlərin ömürü anlara bərabərdir,AĞILLA deyilən sözlərin ömürü əbədi olur.Qadının laxlayıb uzanan dişi,naməlum adada xəstələnən,eybəcərləşən və QƏSDDƏN unudulan ADAMa bənzəyirdi.Bəzən bir adamın aldığı CƏZAya görə böyük bir nəsil cəzalanan kimi,xəstələnən bir DİŞə görə OTUZ BİR DİŞ əzab çəkirdi.Sağlam DİŞlər xəstə DİŞə görə hava,soyuq su,isti yemək üzünə həsrət qalmışdılar.Çoxdan idi sağlam DİŞlər ləzzətlə yemək yemirdilər,meyvə dişləmirdilər.Dodaqlar azca tərpənən kimi ya “sağ”,ya da “sol” əl tez özünü yetirib DİŞlərin qabağında hasar olurdu.Günahsız adamları həbsxana divarları arasında çürüdən,onları GÜN işığına həsrət qoyan İNSANdırsa,günahsız DİŞlərə cəza vermək İNSAN üçün elə də çətin deyil!Vicdansız DODAQlar,ƏLLƏR üsyan etmək,DİŞlərə qayğı göstərmək əvəzinə CƏLLAD olmuşdular.BƏDƏNdə bir-birinə dəyər verməyən BƏDƏN üzvləri,dünyada bir-birinə dəyər verməyən İNSANlara bənzəyirdilər.Anlamaq olmurdu,İNSANlar BƏDƏNdən vəfasızlıq, laqeydlik, namərdlik öyrənmişdilər, yoxsa BƏDƏN İNSANlardan.

-Səninlə deyiləm,nə olub dişinə?!-Dünyanın ən VİCDANsız,ən HAQSIZ,ən AĞIR sualını Ər təkrar edirdi.Qadın həmişəki vərdişiylə əlini ağzına tutub,zorla dilləndi:
-Çəkdirmək lazımdır,amma qorxuram...-Əslində Ər bu açıqlamadan sonra deməli idi:”Mənim dişiMi çəkdirməkdən qorxma!Biz ən böyük QORXUları bir yerdə “yox” etmişik.Bir DİŞ çəkdirmək “qorxusu”nədir ki!”Amma Ər susurdu.

Ər çiyninə gözlənilmədən ağır bir yük düşən ADAM kimi divana oturdu.
Yemək zamanı hamı həyacanlı idi.Hara gedəcəkləri,nə edəcəkləri ATAnın verdiyi qərara bağlı idi.Yemək yeyilib qutarandan sonra da uşaqların gözləri ATAlarının ağzında idi.Sanki ATA tək-tənha “nəsə” yeyirdi.ATA sual,həyacan dolu baxışlar altında sıxıldı və dilləndi:
-Hazırlaşın,gedirik!-Uşaqlar hay-küylə yerlərindən qalxdılar.Qadın da getmək istəyəndə Əri onun qolundan yapışdı.

-Mən uşaqlara bir ildi bilgisayar söz vermişəm.Almasam məndən inciyəcəklər.DişiNi sonra düzəltdirərsən,”O” məndən inciməz...-Ərinin daha nə mızıldadığını Qadın eşitmədi.Qulaqları uğuldayırdı.Başı gicəllənirdi.Bir qurtum sərin su da içə bilməzdi. Xəstə DİŞinin ağrıları başlaya bilərdi.Bayaqdan süfrənin kənarında yeməklərin “iyindən” özünü doydurmuşdu.Qadın başgicəllənməsinin “ÇİY” sözlərdən olduğunu anladı.Bayaqdan Qadın elə bilirdi Əri AİLƏliklə onu həkimə aparmaq qərarını verəcək.Və Qadın AİLƏ mehribanlığı xətrinə Ərinin “N”və”M” hərf xətalarını bağışlayacaq.

Demək,uşaqların əylənməyi,bilgisayar arzuları,evin bütün qayğılarını zərif çiyinlərində daşıyan ANAnın sağlamlığından,gülüşlərindən,içində yığılıb qalan söhbətlərindən, psixolji durumundan ÜSTÜNdür?! Görəsən dişi yox,əli-ayağı,gözü ağrısaydı,xəstələnsəydi AİLƏ hansı qərarı qəbul edərdi? Axı , əl-ayaq, göz birbaşa AİLƏyə xidmət edir.DİŞ isə...
Bəlkə də verilən qərar QADIN üçün FACİƏ olmazdı. Əgər Əri” dişiNi sonra düzəltdirərsən...”, yerinə “dişiMi sonra düzəltdirərsən...” desəydi.
Qadına bir sual rahatlıq vermirdi: ”Görəsən “İNSAFSAYAR “adlı cihaz, aparat ixtira edilib satılsa YER üzündə ONU alan İNSAN tapılar?!”

Qadın uzaq səfərə gedən Ərinə məktub yazırdı. Xəstə DİŞinin ağrısından yox, sınan QƏLBinin ağrısından tez-tez “N” və “M” hərflərinin yerini səhv salırdı...


Əvvəlki məqalələr

Sonrakı məqalələr