Xəlil Rza Ulutürkün "Mirzə Xəzər" poeması
Xəlil Rza Ulutürk
Mirzə Xəzər
Mirzə Xəzər! And olsun sökülən dan yerinə;
Dan yeri tək pakizə, saf şerimi yazıram.
Bu paklığın uğrunda ölməyə də hazıram,
Qalmağa da hazıram.
Görməmişəm üzünü... Təbrizim, Rzam qədər,
Qardaşım Rüstəm qədər doğmamsan, yaxınımsan,
Ürəyimin başında
Məhəbbət axınımsan.
Sən qaldırdın səsini ən gərgin, çətin anda,
Şərin qanlı əlləri
Xalqımın boğazından
Bərk yapışıb sıxanda!
Var gücünü toplayıb
Az qala Qoşqarımı, Kəpəzimi yıxanda!
Sən ucaltdın səsini necə də müdhiş anda,
Avtomatlı horilla, neandertal sürüsü
Mənim telegüzgümü,
Yüz yürdən partladanda.
Bakı qar çovğununda... qar üstə göllənən qan,
Gecələr patrul gəzir, əlində dolu naqan.
Plaşının altındfa batareya işığı,
Görür, yerdən qaldırmır yaralı bir uşağı.
Sən ucaltdın səsini ah, necə müdhiş anda,
Yarımsatqın qəzetlər əqrəb kimi susanda,
Litva bəxtiyar imiş... qanı sel-sel axsa da,
Avropanı silkədi bağrından çıxan səda.
Fəryad qılan Xalqımın cınqırı da çıxmadı,
Yerbəyerdən uzanan
Hansı qanlı caynaqlar
Hulqumunu sixmadı?
Omba durdu “Pravda” mağaranın dibində,
Azərbaycana qarşı tapancası cibində!
Dilinin altında öd,
Milli sülhə çağıran dadsız, duzsuz bir öyüd!
“Moskovski novosti”, “İzvestiya” xəyanət,
Yerli “Kommunist” qəzeti yarı mərd, yarı namərd,
“Litqayeta” kəmfürsət... İqor Belyayev ilan –
Hər dəfə hayqıranda zəhər saçdı ağzından.
Xəlil Rza zindanda... Seyid Tahir Abbas da
Qandallanıblar... susur, dağ vulkanı olsa da.
Etibarın qolları paslı zəncir daşıyır,
Ramiz Duyğun köksündə zəlzələlər yaşayır.
Məhəmməd Tantəkinii gəmirir yüz canavar,
Görürlər ölməyib, yox... hələ yarı canı var.
Qafarlı Elmiranın qərarını saymadan,
Boğazlamış Bakını “Kalaşnikov”lu nadan.
Məktəbli Larisanın çantası qan içində,
Hökm eyləyir Moskva – Yaşa bu lal biçimdə!
Mirzə Xəzər! Səs saldın sən bu sükut anında,
Ağ bir ildırım oldun bəlkə qətrandan qara
Cahan asimanında,
Bir şəfa məlhəmiydi qaldırdığın səs-səda.
-- Bu dünyada otun, suyun, torpağın da yaddaşı var,
Sındırılmış bir budağın, söndürülmüş ocağın da
yaddaşı var.
Sən o günlər cahanda bəlkə yeganə səsim,
Ey mənim təbərrikim, tutiyəm, müqəddəsim!
Hayqır, qorxur səsindən qul ürəkli ağalar,
Səsin eşidilməsə, haqq-ədalət boğular.
Səndən necə çəkinir bu çaqqallar sürüsü,
Ayaq tozuna dəyməz generallar sürüsü.
Qan dənizi yaratmış admirallar sürüsü,
Muzdlu nökərləri qoy gəlsin, çəkməni öpsün.
Köpsün qoy acığından mağara sakinləri,
İçlərində qıvrılsın qəzəbləri, kinləri.
Sənə böhtan atdılar, özləri oldu ləkə,
Partlasın qəzəbindən böhtan, ləkə xadimi.
Neçə sülənən gəda –
Müstəmləkə xadimi!
Sənə böhtan atdılar “Kommunist”qəzetindən,
Maskalanmış, sarınmış bir iblis qəzetindən.
Tindən güllə atdılar... Xeyr, tutmadı səni,
Qaytarıb böhtançıya tuşlayıram gülləni:
--Əlli manat muzd aldın, ye, boğmalan, gəbər, öl,
Gəbərməsən, o muzdu Şahnəzərlə yarı böl!
Henrix Borovik ilə,
Belyayevlə yarı böl!
Mirzə Xəzər! Səsinlə göydə ulduzlar yanır.
Hər cümləndə işıqlı bir kəhkəşan saxlanır.
Mirzə Xəzər! O alçaq Azərbaycan deyil, yox,
Düşmənlərin hinində kor toyuqdu, las toyuq.
Çaşdım, toyuq söylədim, inan, qoca tülkü də
Ondan yüz qat şərəfli, ağbəxtdir bu ölkədə.
Yad önündə diz çöküb hər gün sülənən gədə
Yalan, böhtan qusduqca rəzilləşir get-gedə.
Mirzə Xəzər! Yamandır xəbərsizlik bəlasə--
Azərbaycana qarşı Moskvanın yapdığı sükut
blokadası!
Ölüm blokadası!
Susma! Qızıl – qırmızı qanlı imperiyanın
Yerə gəlir arxası,
Gəbərəcək darğası.
Səsin qulağımda yox, gözlərimin üstədir,
Şəhidlər türbəsində solmayan güldəstədir,
Səsin, inan, əzizdir Bəstə nigarım qədər,
“Çahargah”ım, “Segah”ım, “Şur”um, “Qatar”ım
qədər.
Susma! Hayqır cahana Ulutürkün səsini,
Yerin-göyün səsini, haqqın səs töhfəsini.
Əsirgəmə bəşərdən od saçan nəfəsini,
Səsin – bahar nəsimi, Cavid, Babək, Nəsimi!
Canavar zağasını dağıdır sənin səsin,
Təbərrikim, tutiyəm, gülnəfəs müqəddəsim,
Nu səadət, bu sərvət
Qəbrədək mənim bəsim...
Azərbaycan yaralı... yüz yerdən kəsim-kəsim...
Səsinə quzu kəsim.
Susma, ucalt hökmünü,
Ey mənim dadirəsim.
Ulutürkün vardırsa Xəzər kimi arxası,
Darmadağın olacaq bizə qarşı Kremlin
Sükut blokadası,
Ölüm blokadası!
Bakı, dördüncü gün
24 ocaq 1991
Mənbə: “Xəlil Rza Ulutürk – Uzun sürən gənclik” kitabı, Azərnəşr, 1993
DİNLƏ! Xəlil Rza: DAVAM EDİR 37
DİNLƏ! Xəlil Rza: DAVAM EDİR 37 http://mirzexezerinsesi.mypodcast.com
*******************************************************************************************************************
Xəlil Rza: "Burda havam çatmır…hava istərəm..."
Burda havam çatmır…hava istərəm,
Xəzər dənizinin özü boydaca.
Burda səmasızam,səma istərəm –
Günəşin aləmə sözü boydaca.
Xəzər dənizinin özü boydaca.
Qırın zəncirləri biləklərimdən,
Açın qıfılları diləklərimdən.
Endirin zindanı kürəklərimdən.
Gecələr bürünüb soyuq yorğana,
Yatmıram,dalıram Azərbaycana !
Yalnız anam – bacım,qardaşım deyil,
Vətənim - əbədi səadətimdir.
Min – min övladının biridir Xəlil
Vətənsiz iki qat,üç qat yetimdir,
Vətənim - əbədi səadətimdir.
Hər çayı – çeşməsi səsim,nəfəsim,
Hər daşı bənzəyir lələ,mərcana,
Doğrayın,kəsin də lap kəsim – kəsim
Təki qovuşdurun Azərbaycana !
Hər daşı bənzəyir lələ,mərcana.
Mütləq dönməliyəm doğma məkana.
Bir az da qüdrətli,bir az da mətin.
Kürlə Araz kimi bağlıyam ona,
Canıyam,bağrıyam bu məmləkətin.
Bir az da güclüyəm,bir az da mətin.
Sökün zindanları,barmaqlıqları,
Hər gün qayıdıram Azərbaycana.
Kəhkəşan oluram bu gecə yarı
Üzümdən nur düşür Milə,Muğana.
Hər gün qayıdıram Azərbaycana.
Saqqalım ağsa da gənc anamdır o,
Ana uşağına dönürəm hər gün.
Ayna Göy gölümdə,Maral gölümdə
Bir ay işığına dönürəm hər gün.
Ana uşağına dönürəm hər gün.
Əgər gələ bilsəm Azərbaycana,
Mənim gəlişimlə o yüksələcək
Ordular gələcək haqq nəfəsimdə,
Əzəmət,ləyaqət,qüdrət gələcək
Mənim gəlişimlə o yüksələcək.
Zümrüd yağışına,ağ dumanına
Bürünə - bürünə gələsiyəm mən.
İşdir ayaq üstə gələ bilməsəm,
Sürünə - sürünə gələsiyəm mən.
Nəfəsim kəsilsə…sürtüb üzümü,
Dağından – daşından qüvvət alacam.
Üzülsə qollarım,dişimlə tutub
Uğrunda bir daha qılınc çalacam.
Dağından – daşından qüvvət alacam.
Yoluma neçə min Əzrayıl çıxa,
Ömrü məzar ilə bölə bilmərəm.
Anla ey imansız: Azərbaycansız
Yaşaya bilmərəm,ölə bilmərəm.
Mən yenə gələcəm Azərbaycana,
Şəninə,şərqilər deyəcəyəm mən.
Acı tüstüsünü bal kimi udub
Odunu qaymaq tək yeyəcəyəm mən.
Şəninə şərqilər deyəcəyəm mən.
Qanadı yaralı bir qartalammı?
Tay qanadımla da uçaram inan.
Dərbənddən,Salyana,Zəncana qədər
Onu yetmiş qolla qucaram,inan !
Tay qanadımla da uçaram,inan.
Qaldırın bu ağır daşı üstümdən,
Göy göldən su səpin bu yanar cana.
Bəlkə eraların başı üstündən
Mən bir də gələcəm Azərbaycana !
Göy göldən su səpin bu yanar cana.
Haray,ey nəfəsim,ey qardaşlarım,
Məlul – məlul baxan arkadaşlarım.
Yandırır aləmi bu göz yaşlarım,
Siz məni qaytarın Azərbaycana !
O qızıl günəşə and içirəm ki,
Dünənəm,bugünəm,gələcəyəm mən.
Baxmayın şairin yolu bağlanıb
Tullayın çiynimdən dəmir dağları
Özüm Vətənimə gələcəyəm mən !
Dünənəm,bugünəm,gələcəyəm mən.
Səni qucasıyam,ey doğma elim,
Məni vüsal günü – o gün yaşadır.
Gözümdən bir damla yaş axsa,bilin:
Məni vüsal günü – o gün yaşadır.
Moskva,Lefortovo zindanı,
9 iyun,1990

