Sultan Laçın: QARA YANVAR...
BU MİNVALLA HƏLƏ NEÇƏ QARA GECƏ, HƏLƏ NEÇƏ QARA DAN VAR...
Qara Yanvar...
Qara qanlar...
Qara anlar...
İyirmi iki il ötdü keçdi...
Hələ... Hələ... O gecədən atasını, anasını, övladını arayan var,
Qardaşını, bacısını, öz yarını arayan var...
Bir gün yarım dönər deyə ocaq yanda qarıyan var...
Ömrü keçdi bir igidin...
Müstəqilik? Azalıbmı düşmənimiz, ucalıbmı heç mənimiz?..
Yox... Hələ də azalmayıb, qarı düşmən canımızı az almayıb...
Qara Yanvar...
Hələ... Hələ ... Aramızda neçə-neçə qara yan var,
Sarkisyan var, Köçəryan var, Lalayan var...
Bu millətin dövlətini, sərvətini dədəsinin malı kimi talayan var...
Qara Yanvar qanlarına batan əli yalayan var...
Hələ Şuşa işğal altda, hələ Laçın işğal altda...
Kəlbəcərdə, Füzulidə Samvel, Aşot, Balayan var...
Xocalının alınmayıb heç qisası...
Laçındakı Qara gölü erməniyə bağışlayıb Ağcabədi Ağ gölündə ceyran, cüyür ovlayan var...
Qara Yanvar...
Qara qanlar...
Qara anlar...
Amalında Allah eşqi yaşatmayan, Vətən eşqi, millət eşqi yaşatmayan,
ürəyindən qara qanlar axıtmayan
o anları çətin anlar...
O vaxt dedik; qatilimiz sovet, rus və erməni...
Indi kimlər hey üzümə gülə-gülə uçuruma sürür məni?
Susur, dinmir kimciyəzlər...
Niyə? Niyə, demirlər ki;
Qara Yanvar - tamahımız, nəfsimizdi!
Rüşvətxor, korrupsioner tayfamızdı, nəslimizdi!
Qara Yanvar - seçkilərdə saxtalaşan səsimizdi!..
Bizə düşmən lazım deyil, öz nəfsimiz bəsimizdi!..
Qara Yanvar...
Hələ neçə yaltaq, məddah, hələ quyruq bulayan var,
Özünün saf övladını pulla, zorla vəzifəyə, kresloya pərçim edib bu rejimə calayan var...
Ay maşallah, binalar da, küçələr də yaraşıqlı, bəzək-düzək,
Fəxr edirik; altımızda inomarka, yanımızda amerikanka...
Bəs içimiz, mənliyimiz?! Başdan-başa nəcis, təzək...
Qara Yanvar...
Nədən, nə üçün həlak oldu o insanlar?
Onların tək amalıydı Allah, millət, dövlət, bayraq!
Onlar şəhid olmadı ki, bu gün həmin bayraq altda min sifətə, cildə girib xərac yığaq, rüşvət yığaq!
Onlar həlak olmadı ki, ucaldıb ən uca bayraq, əvəzində ulu xalqın mənliyini yerə yıxaq!..
Qara Yanvar...
Bədənimiz güllələrdən dəlik-deşik, bədənimiz xıncım-xıncım qara-qara tanklar altda!..
Qanlar axdı, canlar çıxdı, kafir yağı evlər yıxdı...
Bu dünəndi... Bu gün isə mənliyimiz əlil-şikəst, nəfəsimiz kəsilibdi kreditlər, banklar altda...
Qara Yanvar...
Keçmişlərdən danışırıq hayla-küylə...
Heç bu günü arayan var?..
İndi bizə əzab verən ağrılara göz yumaraq ötənlərə ağrıyırıq-
Qorbaçovu, Vəzirovu qarğıyiriq...
Düzdü, onlar günahkardı...
Amma bu gün içimizdən gələn səsə qulağımız hələ kardı...
Guya ki, biz bilmirik ki, Qara Yanvar qırğınının davamçısı başçı, nazir kreslosunda rüşvət yığan tamahkardı?..
Guya ki, biz bilmirik ki, bu millətin baş qatili xalq gözündən pərdə asıb yumurtadan yun qırxmaqda peşəkardı?..
Qara Yanvar...
O gecədə bizi əzib qanımıza qəltan etdi erməniylə Qızıl Ordu...
Çox keçmədi “müstəqillik”, “demokrat” maskasıyla cinayətkar, yaltaq-yultaq başımızda yuva qurdu...
Neçə illər qədərincə lənətlədik ermənini, farsı, rusu...
İndi bizi tapdalayır bu rüşvətxor, bu şərəfsiz, bu imansız cin ordusu...
Qara Yanvar...
Qarakənddə vertolyotda həlak olan o qeyrətli oğulların sirri qaldı qara-qara qutularda,
O uçağı vuranlar da, vurduran da getdi gora qutularda...
Qara Yanvar...
Hakimiyyətin, pulun üstdə qardaşları qardaşlara qırdıran var...
Qardaşını güllələyib rütbə alan, orden alan, neçə “Milli qəhrəman” var...
Qara Yanvar... “Hər şeyin zamana ehtiyacı var”
deyə-deyə biri yumdu gözlərini,
sirləri də özü ilə dəfn eyləyib belə getdi...
Qalanları iyirmi il “Bu rejim çürüyübdür, getməlidir! Biz gəlirik!” söyə-söyə vaxtı verdi yelə getdi...
Qara Yanvar – Qarabağın taleyini, qara-qara maşınlarda, portfellərdə qaralayan AŞPA, ATƏT,
iqtidarla əlbir olub o teatr-mitinqlərdə bu millətin oğulların, enerjisin hissə-hissə bada verən “müxalifət”,
dün cəbhəçi, müsavatçı, bu gün yapçı, sabah mapçı maskasında baş aldadan minsifətdi...
Yetər artıq aldadıldıq, yetər! Bəsdi! Kifayətdi!..
Qara Yanvar... Bitməyibdi... Ruhumuzda, qəlbimizdə gəzir hələ...
“Analoqu tapılmayan” “demokratiya” pambığıyla başımızı kəsir hələ...
Qara Yanvar- rüşvətxor məktəbimiz, gözüqıpıq hicabımız, çılpaqlaşan, arsızlaşan dəbimizdi...
Qara Yanvar – cinayətkar hakimimiz, gözüdoymaz həkimimiz, günü-gündən saxtalaşan dərmanımız, həbimizdi...
Qara Yanvar...
Yad əllərə, yad ciblərə qara qızıl axitmaqdan gözəl Xəzər qaralıbdı...
O gecədə yatanları haqq səsiylə oyadanlar; Vahabzadə torpaq altda, qürbətlərdə haqq dərdindən Mirzə Xəzər saralıbdı...
Qara Yanvar...
“Qara qızıl” alveriylə bu millətin taleyini qaraldan var...
Dayanmadan artır, artır cinayətlər, intiharlar...
Bu minvalla hələ neçə qara gecə, hələ neçə qara dan var...
Qara Yanvar...
Qara qanlar...
Qara anlar-
Cinayətkar, rüşvətxor baş oğrular şəhidlərin məzarına gül qoyurlar...
Hələ...Hələ bilmirik ki, gözümüzə kül üfürüb başımıza kül qoyurlar...
Bizə təzə gor oyurlar...
Qara Yanvar...
Bu minvalla hələ neçə qara gecə, hələ neçə qara dan var...
Amma şükür, Yaradan var... Nə yaxşı ki, bu torpağın şəhidlərin canı-dildən ağlayan var...
Vətən, millət sevdasıyla aşıb-daşan, çağlayan var...
Nə yaxşı ki, bu cin, iblis firqəsinin yollarını bağlayan var...
Bu millətə gün verməyib od qoyanı bu dünyada olmasa da, o dünyada dağlayan var...
e-mail: slacin1992@rambler.ru
Bərdəlilər Nizamini unudublar? Beş ildir Nizaminin sökülmüş heykəli bərpa edilmir, "öndər"lərə heykəl qoyulur
Nizami Gəncəvinin öz əsərlərində ən çox təriflədiyi şəhər qədim Bərdədir. Bir vaxtlar bu şəhərdə Nizaminin heykəli də var idi, parkı da var idi, adına kinoteatr da... Mərkəzi küçə də şairin adını daşıyırdı. İndi nə heykəldən əsər-əlamət var, nə parkdan, nə kinoteardan, nə də dünya şöhrətli dahinin adını daşıyan küçədən... Hazırda şairlərimizin adını daşıyan küçələr nə Şuşada, nə Laçında, nə Ağdamda, nə də Füzulidə var... Burada təəccüblü heç nə yoxdur, çünki həmin bölgələr erməni işğalı altındadır. Yox, qorxmayın, şükür Allaha ki, hələ Bərdəyə ermənilər girməyib. Amma fakt budur ki, səhv etmirəmsə, 2007-ci ildən Bərdə Rayon İcra Hakimiyyəti binası ilə üzbəüz Heydər Əliyev muzeyinin və heykəlinin beş addımlığında ucalan Nizami Gəncəvinin heykəli götürülmüş və yerində Muğam Evi tikilmişdir. Azərbaycan Bələdiyyə sisteminin internet saytında 26 mart 2008-ci il tarixdə verilmiş məlumatda deyilirdi ki, Bərdədə -Tərtər çayının yaxınlığında Nizami parkının inşasına start verilib, heykəl də orada qoyulacaq. Həmin il park da, heykəl də hazır olmalıydı...Artıq 4 ilə yaxın vaxt keçsə də, nə parkdan xəbər var, nə də heykəldən...
Bu ilin martında Bərdənin icra başçısı dəyişiləndə ümid etdik ki, yeni başçı tarix müəllimidir, ziyalıdır, yəqin elə ilk işlərindən biri Nizaminin heykəlini tapıb adına layiq bir yerdə ucaltmaq olacaq. Lakin onun da başı köhnə başçının sökdürdüyü mağazaları bərpa etməyə, sökdürmədiklərini sökdürüb yenidən tikdirməyə və küçələrin kənarına hasar çəkməyə qarışdı. Nizaminin nəinki heykəli ucaldıldı, üstəlik, adı mərkəzi küçədən də götürüldü və həmin küçənin səkiləri, terrasları yüksək səviyyədə bəzədilərək Heydər Əliyev prospektinə çevrildi...
Onu demək lazımdır ki, yeni başçı gələndən Bərdə şəhərinin mərkəzi zahirən xeyli gözəlləşib, səliqə-sahmana salınıb. Düzdür, daxili küçələr və kənd yollarından hələ də bərbad vəziyyətdə olanı var, zibil problemi də xeylidir. Ancaq mərkəzi prospekt və küçələr abadlaşmaqda, Qəhrəmanlar parkı, Bayraq meydanının tikintisi başa çatmaqdadır. Yollarda, kəndlərdə də abadlıq işləri davam etdirilir(Həmin işlərin hansı pulların hesabına, hansı keyfiyyətdə görülməsi, fəhlələrin zəhmət haqqının necə ödənilməsi və s. başqa
söhbətin mövzusudur). Fəqət bütün bunların fonunda Nizami Gəncəvinin unudulması hər şeyi alt-üst edir... Axı qonaq gələn hər kəsi bölgənin girişində dahi şairin bu beyti qarşılayır:
Bərdə nə gözəldir, necə qəşəngdir,
Yazı da, qışı da güldür, çiçəkdir!..
Bu hara, dünya şöhrətli dahinin heykəlinin, parkının uçurulması hara? Muğam Evinin vacibliyini anladıq. Əcəba, Nizamisiz, Füzulisiz Azərbaycan muğamı nəyə gərək?..
Həqiri-bəndənizdən sual oluna bilər ki, niyə rayon başçısına və ya müavinlərə müraciət etmədin, niyə onlardan Nizaminin heykəlini sormadın... Düzü, mən onların əvəzinə özüm utanıram ki, dünyanı fəth etmiş dahi şairin heykəlinin itməyini və bərpa edilməyinin vacibliyini o boyda rayon rəhbərlərinin yadlarına salım. Həm də “reket” müxbirlər rüşvətxor məmurların qapısını o qədər yağır ediblər ki, xoş məramla gedən yazarı da onlar kimi qəbul edirlər. Düşünərlər ki, yəqin mən də o biriləri kimi “hesab” almaq üçün bu
faktla maraqlanıram. Və o dəqiqə ya cibimə bir şey qoymaqla, ya da tanış-biliş vasitəsilə məni sakitləşdirərlər ki, ay bala, get işinlə məşğul ol, bu işlər sənlik deyil...
Doğrudan təəccüblüdür, bu boyda Bərdənin ağsaqqalları var, Mədəniyyət və Turizm idarəsi var, Təhsil Şöbəsinin müdiri var, sığallanıb, geyinib-keçinib şəstlə “Mersedes”də, “cip”də gəzən ziyalı adlananları, “bərkgedən” məktəb direktorları var, adları qəzet və jurnallardan düşməyən əməkdar müəllimləri, dil-ədəbiyyat, tarix müəllimləri var; niyə birinin ağlına gəlmir ki, axı biz ziyalı adlanırıq, yığışaq bir gedək rayon rəhbərliyinin yanına görək, bu Nizaminin heykəli haradadır, niyə bərpa olunmur...
Sadə adamlardan nə qədər soruşdumsa, heykəlin yerini dəqiq deyən olmadı... Yalnız bir neçə nəfər onu Tərtərin sağ sahilində “Azpetrol”un arxa tərəfindəki sexlərdən birinin qarşısında gördüklərini dedi... Heykəlin götürülməsində iştirak etmiş, təsadüfən rastlaşdığım fəhlələrdən biri onun misdən(!) olduğunu vurğuladı, lakin hara aparıldığını bilmədiyini söylədi...
Yəqin ki, rayon rəhbəri bu yazıdan xəbər tutsa, yeni Azərbaycanın adət-ənənəsinə uyğun olaraq yumruğunu masaya çırpıb əshabələrinə deyəcək: kimdir bu bizə ağıl verən, tapın gətirin bura, görüm onun arxasında kim durur...
Cənablar, hər birimiz bu ölkənin vətəndaşıyıq, övladıyıq... Fərq ondadır ki, sizin vəzifəniz, imkanınız var, bəndəniz isə bu məmləkətin evsiz-eşiksiz, pulsuz-parasız didərgin vətəndaşlarından biridir. Sadəcə, bu vətənin, bu xalqın məni düşündürən problemlərini qələmə almağı özümə borc bilirəm... Arxa məsələsinə gəldikdə sizin arxanızda duranları hamı tanıyır, mənim arxamda duran isə yatsanız, yuxunuza da girməz... Amma bunun məsələyə qətiyyən dəxli yoxdur. Çünki bütün yazılarım kimi bu yazını da kiminsə,
hansısa qruplaşmanınsa diqtəsi ilə yox, öz vicdanımın səsi ilə yazıram... Amacım kiminsə vəzifədən getməsi-filan deyil və heç kimlə də şəxsi-qərəzliyim yoxdur. Odur ki, heç kəsin adını da çəkmirəm... Dərdim-sərim milli-mənəvi sərvətlərimizə - dahilərimizə laqeyd münasibətdir... Nizamiyə hörmətsizliklə siz onun dahiliyinə yox, özünüzə, öz nüfuzunuza zərbə vurursunuz. Nizamiyə münasibət bu xalqa, onun tarixinə, mədəniyyətinə, ədəbiyyatına, onun mənəvi dəyərlərinə olan münasibətin bariz göstəricisidir...
Bütöv bir bölgənin bəşəriyyətin tanıyıb sevdiyi bir milli şairə belə münasibəti xalqımızın mövcud durumunun göstəricisidir; kasıbların başı hər gün bir qarın çörəkpulu tapmağa, varlıların, vəzifəlilərin başı isə pullanma, villatikmə, xaricdə mülk alma və s. yarışına qarışıb...
Görünür, Nizami prezident olmadığı, “Əsrin müqaviləsini” imzalamdığı, Bakı-Ceyhan neft kəmərini çəkmədiyi üçün, rayonların abadlaşdırılmasına pul ayırmadığı üçün heç kəsə lazım deyil...
Demirəm ki, Bərdə əhlinin hamısı Nizami Gəncəvini tamamilə unudubdur... Sadəcə, az-çox millətini sevən imkanlılar vəzifələrini, pullarını, kasıblar isə canlarının qorxusundan məşhur “nəyimə lazım” prinsipini rəhbər tutaraq susurlar...
Bizim məmurlarda son 10-15 ildə çox əndirabadi bir adət yaranıb: az qala, üzr istəyirəm, ayaqyolu tikmək üçün də yuxarıdan göstəriş, yardım gözləyirlər...Ölkə rəhbərliyi dəfələrlə Bərdənin abadlaşmasına pul ayırıb... Mən də məcburən Bərdə sakinləri adından ölkə başçısına müraciət edirəm, cənab prezident, Bərdədə Nizami Gəncəvinin yoxa çıxmış heykəlinin tapılıb bərpa edilməsi üçün də pul ayırın...
Onu da unutmayın ki, prezident həmin pulu ayırsa, bu sadə camaatla bərabər hər bir söküntüdən, tikintidən yeyinti etməyə adət etmiş zəhmətkeş məmurları da sevindirəcək...
Ümumiyyətlə, mən heykəlləşmənin əleyhinəyəm, çünki bu, bütpərəstlik əlamətidir... Amma əgər sökülürsə, hamının heykəli sökülsün... O da var ki, Nizami Gəncəvi kimi dahilərin portretlərinin, heykəllərinin küçələrə, parklara düzülməsinə heç ehtiyac da yoxdur... 14 əsrdir sevə-sevə qəlbimizdə gəzdirdiyimiz Peyğəmbərimizin(s), əzasını saxladığımız imam Hüseynin(ə.s.), Həzrət Abbasın və s. heykəllərini görən olubmu? Onlar öz heykəllərini insanların qəlblərində qurublar... Bu heykəlləri isə şahların, prezidentlərin, hökumətlərin, icra başçılarının sərəncamı, göstərişi ilə sökmək, uçurtmaq mümkün deyil...
Nizaminin bir bənd şeri yerinə düşür:
Qoluzorlulardan ölkəmizdə bax,
Qarışqalar olmuş belə sinədağ.
Bu bir ölkədir ki, cox dönüksözlü,
Ağa qara deyir, kora da gözlü...
Sultan Laçın, müstəqil yazar.
e-mail:slacin1992@rambler.ru
Məmməd Əmin Rəsulzadə istibdad haqqında
İstibdad – bir nəfərin, yaxud bir dəstənin ölkəni kefi istədiyi kimi idarə etməsi deməkdir... İlahi, havaxtacan bizlər … millətimizin dərdini və dalda qalmağını özümüzə vəzifə biləcəyik? Məgər bizlərə tərəqqi etməyə maneə vardır? Bəli, vardır! Nə şeydi bizə mane olub? Hümmətsizlik, təkəbbür və qürur... ((Məmmədəmin Rəsulzadə, 1903, 1906)


