Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Lalə Şövkət: «Ömürlük prezidentlik kimi boş-boş şeylərlə yox, ölkənin problemləri ilə məşğul olmaq lazımdır»

Mirzə Xəzər 18 Dek 2008

no comments

“Hakimiyyət ağlını başına yığmalıdır”
18.12.2008, 13:20


«Məsuliyyətsiz, milləti ilə hesablaşmaq istəməyən iqtidarların axırı çox pis qurtarır»

Hazırda dünyanı qlobal maliyyə böhranı məşğul etdiyi halda Azərbaycanda hakimiyyət nümayəndələri indiki ölkə başçısını ömürlük “taxt”da saxlamaq planları üzərində baş sındırır. Konstitusiyanı dəyişib bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyəti ləğv etmək artıq parlament səviyyəsində gündəmə gətirilib. Bu isə birmənalı qarşılanmayıb. Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətlə müsahibəmizə hakimiyyətin bu niyyətilə bağlı suallarla başladıq. Amma dünyanın başlıca probleminə çevrilmiş qlobal maliyyə böhranı barədə də danışdıq.

lala

- Parlamentdə prezidentin iki dəfədən artıq seçilməsinə qadağa qoyan konstitusiya maddəsini ləğv etmək məsələsi müzakirə olunub. Bu müzakirələri necə qiymətləndirirsiniz?

- Bu gün Azərbaycanda feodal dövlət qurulur. Ölkə deqradasiyaya uğrayır və 13-cü əsrin təfəkkürü ilə yaşayır. Bu gün feodal monarxiya qurmaq Azərbaycan üçün prioritet məsələyə çevrilib. Bu o deməkdir ki, hakimiyyətdə oturanların təfəkkürü geridə qalmış təfəkkürdür. Digər tərəfdən, görünür, prezidentin ətrafında hansısa narahatlıq yaşanır. Çünki çoxlarının əlləri korrupsiyaya, mənimsəmələrə o qədər bulaşıb ki, sabahlarına ümidləri yoxdur, gələcək üçün qorxu keçirirlər. Belə olan halda onları rahat etmək üçün belə bir addım atılır ki, heç kim narahat olmasın, bu hakimiyyət ömürlükdür. Bu, çox primitiv və nadanlıqdan gələn bir təfəkkürdür. Ümumiyyətlə, Azərbaycanı böhrana aparan, onu dünyada biabır edən bir hərəkətdir. Çox təəssüf edirəm ki, hakimiyyətdə olan insanlar bu məsələni aktual etmək və ona bəraət qazandırmaq üçün növbəyə dayanıblar. Onlar öz bugünkü komfortlarına görə milləti də, dövləti də qurban verməyə hazırdırlar. Dəyərləri komforta dəyişənlər üçün yada salmaq istəyirəm ki, adətən belələri tarixdə hər ikisindən məhrum olurlar. Onlar bu gün tarixdən də nümunələr gətirirlər. Buna nadanlıqdan başqa heç bir ad verə bilmərəm. Demokratik, mədəni ölkələrdə iki dəfədən artıq prezident seçilmir. Bu, bir qanundur. Fransanı, Amerikanı misal kimi gətirirlər. Fransa tarixində heç bir prezident iki dəfədən artıq prezidentliyə namizədliyini irəli sürməyib. Hətta keçən yüzilliyin ən dahi siyasətçilərindən olan prezident De Qoll ikinci müddətini də başa vurmayıb, könüllü istefaya gedib. Bu il də Fransada konstitusiyaya belə bir əlavə qəbul olunub ki, heç kəs iki dəfədən artıq ardıcıl prezident seçilə bilməz. O ki qaldı Amerikaya, belə bir əlavəni Franklin Ruzveltdən sonra 1947-ci ildə qəbul etdilər. Ruzvelt Amerika tarixində ən önəmli rol oynayan prezident idi. O Amerikanı dərin böhrandan çıxarıb fövqəldövlətə çevirmişdi. Bununla bərabər II Dünya Müharibəsi gedirdi və bu bir istisna idi. Amma buna baxmayaraq, Ruzveltdən sonra ABŞ ictimaiyyəti konstitusiyaya dəyişikliyi tələb etdi və bu məhdudiyyət öz əksini tapdı.


“Azərbaycan bütün məsələlərdə Rusiyanı yamsılayır”


Bir də demokratik, sivil, mədəni ölkələrdə siyasi mədəniyyət məsələsi var. Mədəniyyətin əsas şərti hədd hissidir. O hiss hər bir insanın içində olur. Əgər bu hissi yoxdursa, onda insana mədəniyyətsiz deyirlər. Bu hədd hissi heç bir mədəni, sivil ölkədə üçüncü dəfə prezident olmağa istək yaratmayıb. Bu da siyasi mədəniyyətlə bağlı məsələdir. Mədəniyyətin isə yazılmamış qanunları var. Ümumiyyətlə, mədəniyyət məhz yazılmamış qanunlardan ibarətdir. Misal üçün, mədəni insan asqıranda ağzını bağlayır, bunun ki, yazılı qanunu yoxdur. Bu bir adicə mədəniyyət məsələsidir. Elə də siyasətdə. Yaltaqlıq, riyakarlıq mədəniyyətsizliyin göstəricisidir. Təəssüf edirəm ki, bu gün biz siyasi mədəniyyət məsələsində çox geridə qalmışıq. Adətən, nadanlığın enerjisi çox güclü olur. Bu məsələ də nadanlıqdan, siyasi mədəniyyətsizlikdən irəli gələn bir məsələdir. Onu da qeyd etmək lazımdır ki, bu məsələ məhz Rusiyada konstitusiyaya dəyişiklik ediləndən sonra ortaya çıxdı. Ondan sonra bunu Azərbaycanda daha da mürtəce şəkildə gündəmə gətirməyə başladılar. Bu gün Azərbaycan bütün məsələlərdə Rusiyanı yamsılayır. Və bu, ciddi məsələdir. Düşünürəm ki, bu məsələyə dair həm ictimaiyyət, həm bütövlükdə millət birmənalı olaraq öz sözünü deməlidir. Cəmiyyət, ya müqavimət göstərməlidir, ya təslim olub feodalizmi qəbul etməlidir. Burada üçüncü yol yoxdur. Bu gün vətənimizin, dövlətimizin müqəddəratı artıq sual altındadır.


“Ölkə diktaturaya doğru iri addımlarla irəliləyir”


- Avropaya inteqrasiya etdiyini bildirən hakimiyyətin bu addımına beynəlxalq təşkilatların reaksiyası necə ola bilər?

- Azərbaycanda sözdə çox şey deyilir. Ancaq sözlə əməlin arasında böyük uçurum var. Son vaxtlar demokratiyadan heç danışılmır. Heydər Əliyevin vaxtında demokratiyadan çox danışılırdı, heç olmasa imitasiya olunurdu. Son vaxtlar heç bu imitasiya da yoxdur. Görün hansı vəziyyətə gəlib çıxmışıq ki, bu gün dünyada qeyri-azad, ən çox korrupsiyaya uğramış ölkələr siyahısındayıq. Beynəlxalq təşkilatların qiymətləndirməsinə görə, Azərbaycanda son 10-15 ildə bir dəfə də demokratik standartlara uyğun seçkilər keçirilməyib. Söz azadlığının boğulması, jurnalistlərin həbsi, partiyaların fəaliyyətinin de-fakto qadağan olunması - bütün bunlar göstərir ki, Azərbaycanda demokratik yöndə heç bir addım atılmır, əksinə, ölkə diktaturaya doğru iri addımlarla irəliləyir. Azərbaycan Rusiyanı, Türkmənistanı yamsılayır. Heç vaxt görmədik ki, Azərbaycan hakimiyyəti hansısa Avropa dəyərlərini reallaşdıra bilsin.
O ki qaldı beynəlxalq təşkilatların reaksiyasına, yaxşı olardı biz cəmiyyətdən reaksiya gözləyək. Heç kim xaricdən gəlib, millətimiz üçün ürək yandırıb demokratiya, ədalət, azadlıq uğrunda mücadilə aparmayacaq. Bu, bizlərin borcudur. Və biz bunu etməyi bacarmalıyıq, nə qədər ağır olsa da.

- Bu məsələdə cəmiyyət, müxalifət hansı addımlar atmalıdır?

- Sözsüz ki, cəmiyyət aktiv olmayanda, hakimiyyət nə istəsə, edəcək. Bu gün cəmiyyətin laqeydliyi, ümidsizliyi həmin fikirlərin səslənməsinə təkan verdi. Müxalifət öz boynuna düşəni mütləq edəcək. Lakin müxalifət nə qədər fədakarlıq etsə də, öz enerjisini cəmiyyətdən alır. Görəndə ki, cəmiyyət laqeyd, ümidsizdir, heç nəyə reaksiya vermir, onda müxalifət üçün də çox çətin olur. Ona görə də əsas məsələ cəmiyyətin fəallığından asılıdır. Müxalifət bu məsələdə cəmiyyətin fəallığını artırmaq üçün bütün cəhdləri edəcək. Biz birmənalı olaraq öz sözümüzü deyəcəyik.


“Azərbaycan hakimiyyəti özünü qeyri-adekvat aparır”


- Dünyanın gündəmində olan əsas məsələ qlobal maliyyə böhranıdır. Bütün proqnozlar neftdən asılı olan ölkələrin bu böhrandan daha çox əziyyət çəkəcəyini deməyə əsas verir. Lakin Azərbaycan hökuməti bunu qəbul etmək istəmir. Sizcə, belə davranışın səbəbi nədir?
- Azərbaycan hakimiyyəti, ümumiyyətlə özünü qeyri-adekvat aparır. Dünyada gedən maliyyə böhranı artıq iqtisadi böhran kimi qiymətləndirilib, bütün dünyada mənfi çalarlara gətirib çıxardı. Amma güclü dövlətlər bunun üçün konkret planlar qurub həyata keçirirlər. Hər şey edirlər ki, insanlar bundan ağır zərbə almasınlar. Azərbaycan hakimiyyəti isə deyir ki, böhran bizə heç nə etməyəcək, biz güclüyük, analoqu olmayan iqtisadiyyatımız var, bunların hamısı boş-boş söhbətlərdi. Bu çox məsuliyyətsiz, qeyri-ciddi və qeyri-adekvat bir reaksiyadır. Azərbaycan neftdən asılı olan ölkədir. Ixracatının 98 faizi, büdcəsinin 70 faizi neftlə bağlıdır. Neftin qiyməti də dünyada gedən proseslərlə bağlıdır. Əgər bu gün, dünyanın ən böyük iqtisadiyyatları olan Avropa Ittifaqı, ABŞ, Çinin iqtisadiyyatında geriləmə müşahidə olunursa, onda istər-istəməz dünyada neftə tələbat azalır. Tələbat azaldıqca, neftin qiyməti düşür. Bu gün bir barrel neftin qiyməti 40-50 dollar civarındadır. Yayda bu rəqəm bundan üç dəfə yüksək idi. Bu, artıq dünya böhranının görünən nəticəsidir.


“Millət problemləri içində boğulur, hakimiyyətsə kef içindədir”


Amma bunlara baxmayraq, Azərbaycan 2009-cu ilin büdcəsində neftin bir barelinin qiymətini 70 dollar nəzərdə tutub. Bu, absurd məsələdir. Inandığım iqtisadi ekspertlərin hesablamalarına əsasən, dünya bazarında bir barel neftin qiymətinin 10 dollar aşağa düşməsi Azərbaycan üçün gəlirlərinin 3 milyard dollar itirilməsi deməkdir. Indi baxın, bu gün bir barel neft 50 dollar civarında, büdcədə isə 70 dollardır. Deməli, 20 dollarlıq fərq Azərbaycanın büdcəsinin 6 milyard dollar kəsirinə gətirə bilər. Neft istehsal edən ölkələr bunu nəzərə alaraq büdcələrini korrektə ediblər. Məsələn, Qazaxıstan 2009-cu ilin büdcəsində neftin qiymətini 40 dollara endirib, Səudiyyə Ərəbistanı və Nigeriya 45 dollara. Digər neft ölkələri də bu addımı atdı. Bir Rusiyadan başqa. Azərbaycan da ancaq Rusiyanın etdiyini edir. Rusiya neftin qiymətini 70 dollarda saxladı, Azərbaycan da 70 dollar etdi. Yəni, Azərbaycanın özünün siyasəti yoxdur. Biz hər şeydə Rusiyanı yamsılayırıq. Hökumətimizdə bir arxayınçılıq var ki, hər bir kəsiri Neft Fondunun hesabına örtmək olar. Sözsüz ki, Neft Fondu bu gün iqtisadiyyatımızın “təhlükəsizlik yastığı”dır, amma bu yastığın üstündə çox yatmaq mümkün deyil. Orada yığılan maliyyə hüdudsuz deyil. Biz gələcək nəsillərimiz üçün nə qoyuruq? Gələcək problemləri necə qarşılayacağıq? Neft tükənən sərvətdir. Bəs sonrası nə olacaq? Hamısını elə bu gün yeyib-dağıtmaq lazımdır? Axı bu, millətin sərvətidir. Hakimiyyətin belə davranışı millət, gələcək nəsillər qarşısında məsuliyyətsizlikdir. Bu gün hakimiyyət özünü millət qarşısında cavabdeh hiss etmir. Azərbaycanda iki parallel dünya var: hakimiyyət özü üçün yaşayır, millət özü üçün. Millət öz problemləri içində boğulur, hakimiyyət isə kef içindədir. Belə məsələlər həmişə pis qurtarır. Məsuliyyətsiz, milləti ilə hesablaşmaq istəməyən, özünü millətindən böyük hesab edən, öz bildiyini həyata keçirən iqtidarların axırı çox pis qurtarır. Bunlar tarixi dərslərdir. Bu dərslərdən ibrət götürməliyik. Əgər bizim iqtidar bunu başa düşə bilmirsə, deməli, hələ eyforiya vəziyyətindədir. Həmin eyforiya da neft pullarının hesabına yaranıb. Bu gün onlar nə dünyada gedən prosesləri görürlər, nə də dünyadakı analizləri eşidirlər. Düşünürəm ki, onlar bu eyforiyadan çox tez çıxacaqlar. Çünki böhran artıq Azərbaycanda hiss olunur. Gələn il ölkədə bunun daha da ağır nəticələri olacaq. Hakimiyyət bəlkə o məqamda eyforiyadan çıxa bildi. Amma qorxuram, onda gec ola.


“Iqtisadi tənəzzül siyasi dəyişikliklərə gətirir”


- Maliyyə böhranı iqtisadi proseslə yanaşı siyasi proses kimi də qiymətləndirilir. Sizcə, hansı ölkələr bu prosesdən qalib, hansılar məğlub durumda çıxacaq?
- Böhran sözü çin dilində iki iyeroqlifdən ibarətdir. Onun biri təhlükə, o biri isə imkan deməkdir. Böhran həm təhlükə, həm də bir imkan, şansdır. Sözsüz ki, güclü dövlətlər bu şansdan istifadə edib daha da güclənəcəklər. Bu, həmişə belə olub. Maliyyə böhranı dünyada birinci dəfə deyil. Azərbaycan kimi zəif dövlətlər isə nəinki belə böhrandan çıxa bilirlər, onlar elə çökürlər ki, sonda onların dirçəlməsi çox uzun və ağır prosesə çevrilir. Belə iqtisadi tənəzzül isə siyasi dəyişikliklərə, bəzən də siyasi təlatümlərə gətirir. Bu da tarixdir. Bunu biz icad etməmişik. Azərbaycanı da bu gözləyə bilər. Hakimiyyət ağlını başına yığıb ömürlük prezidentlik kimi boş-boş şeylərlə yox, ölkənin problemləri ilə məşğul olsa, problemləri həll etmək istiqamətində təcili proqramları reallaşdırsa, biz bu təlatümlərdən sığortalana bilərik.


“Birləşmək istəyənlər birləşəcəklər”


- Müxalifətdaxili danışıqlarla bağlı vəziyət nə yerdədir. Müsavat Partiyasının fərqli mövqeyini necə şərh edərdiniz? Danışıqlar nəticə verməsə, növbəti addım nədən ibarət olacaq?
- Danışıqlar davam edir ki, bu birlik alınsın. Düşünürəm ki, birləşmək istəyənlər onsuz da birləşəcəklər. Bu gün bunu səmimi münasibətlər üzərində qurulan “Azadlıq” Blokunun timsalında görürük. Çox dayanıqlı blokdur, artıq üçüncü ildir fəaliyyətdədir. Ümumiyyətlə, birləşmək istəyənlər birləşəcəklər, istəməyənlər birləşməyəcəklər. Ona görə də burada o qədər də böyük şərhə ehtiyac duymuram.


Fizzə Heydərli ("Azadlıq" qəzeti, 19.12.2008)

Mirzə Xəzər: “Vətənimdə məndən 20 Yanvar günlərində efirə gedən verilişlərin qisası alınırdı”

Mirzə Xəzər 15 Dek 2008

no comments

MIRZA

 

 

“BAKIDAN DƏRHAL ÇIXMAĞIMI TƏLƏB ETDİLƏR”

Mirzə Xəzər: “Azərbaycan hökuməti ”Amerikanın səsi", BBC və “Azadlıq” radiolarını bağlaya bilməz”


Mühacir Azərbaycan jurnalistləri və dünyaya səpələnmiş söz mücahidlərimizlə müsahibəyə qərar verdim. Təbii ki, bu silsilədən ilk müsahibimin Mirzə Xəzər olması maraqlı olardı. Onu sevənlər də var, ona nifrəti olanlar da az deyil. Mənim üçünsə o, canlı əfsanədir. Azərbaycan xalqının milli-azadlıq hərəkatında ikiyə bölünmüş bir millətin gerçək tarixini öz səsi ilə yazan əfsanə. Bir vaxtlar milyonların sığındığı o səsin sahibi indi sorağı gəlməyənlər siyahısındadır. Beləliklə, “sorağınız gəlsin, Mirzə müəllim” deyibən ona üz tutduq.

 

- Xəzərdən uzaq düşən Mirzə Xəzər. Bu ləqəbin kökü hardan gəlir?

 

- “Xəzər” təxəllüsünü mənə “Azadlıq” radiosunda işə başladığım gün veriblər. “Soyuq müharibə”nin ən qızğın illəri idi. SSRİ ilə Qərb arasında kəskin ideoloji mübarizə gedirdi. SSRİ-də radiostansiyanın bütün bölmələrində işləyən şəxslərə “burjua millətçiləri”, “sinfi düşmən”, “vətən xainləri” damğası vurulmuşdu. Üstəlik, Azərbaycan redaksiyasının ilk baş redaktoru Əbdürrəhman Fətəlibəylinin qətlə yetirilməsi hadisəsi radioda hamının yaddaşında canlı idi. Təbii ki, belə şəraitdə, necə deyərlər, bu “burjua millətçiləri” təkcə öz həyatı üçün yox, SSRİ-də qalan yaxın qohumlarının həyatı üçün də real qorxu olduğunu nəzərə alaraq efirdə həqiqi adları ilə deyil, ləqəblə çıxış edirdi. Mən ideoloji mübarizənin son həddə çatdığı anlarda radioda işə başladım - 1976-cı il avqustun 16-da. İşə başladığım ilk gündə Azərbaycan redaksiyasının o zamankı baş redaktoru mərhum İsmayıl Əkbər mənə “Xəzər” ləqəbini verdiyini dedi və mən ilk dəfə “Xəzər” təxəllüsü ilə efirə çıxdım. “Xəzər” ləqəbinin kökü buradan gəlir.

 

- Mirzə müəllim, 1989-1990-cı illərdə sizin Azərbaycan redaksiyasının efirində rusca da veriliş yaydığınızı bugünlərdə öyrənmişəm. Məncə, oxucularımızın çoxunun bundan xəbəri yoxdur. Bu barədə məlumat verərdiniz...

 

- O illərdə Qərb mətbuatı və Qərb jurnalistləri bütövlükdə ermənilərin tərəfini tuturdu. Bunun bir neçə səbəbi vardı, ancaq ən mühüm səbəb erməni diasporunun təcrübəli, təşkilatlı və güclü olması, azərbaycanlıların xaricdə fəaliyyətinin isə demək olar sıfır dərəcəsində olması idi. Bu şəraitdə əlimizdən gələni əsirgəmirdik. Xüsusilə 1988-1992-ci illərdə biz Azərbaycanın mövqeyini təkcə ölkə daxilində deyil, həm də xaricdə yaymağa çalışırdıq. Mənim Almaniya televiziyaları ilə bir neçə müsahibəm, eləcə də Britaniya və Amerika mətbuatında bir sıra müsahibələrim yayılmışdı. Radionun Azərbaycan və erməni bölmələri arasındakı mübarizə bununla bitmirdi. 1988-1989-cu illərdə bu mübarizə rus redaksiyasının studiyalarında qızğın şəkildə gedirdi. Rus redaksiyasının studiyalarında mənimlə Eduard Ohanesyan arasında müntəzəm dəyirmi masa atışmaları olurdu. Vəziyyət o dərəcəyə çatırdı ki, erməni tərəfi məni hədələməkdən də çəkinmirdi. 1989-cu ildə erməni redaksiyasının menecerlərdən həftədə 1 dəfə rus dilində 30 dəqiqəlik proqram yaymaq icazəsi aldığını öyrəndim. Amerikalı müdirlərlə görüşüb Azərbaycan redaksiyasına da eyni imkanın verilməsini tələb etdim. Ermənilərin güclü müqavimətinə baxmayaraq mübarizəm müsbət nəticələndi və tezliklə Azərbaycan redaksiyasının dalğalarında həftədə bir dəfə şəxsən mənim rusca hazırladığım və apardığım 30 dəqiqəlik veriliş Azərbaycanda, amma daha çox Moskvada və Rusiyanın müxtəlif bölgələrində yayılmağa başladı.

 

- Bir ara əleyhidarlarınız sizi yəhudi olmaqda ittiham edirdi. Bu məsələyə münasibət bildirmək istəyirsinizmi?

 

- Hər bir şəxsin dini etiqadına hörmət etmək ümumbəşəri mədəniyyət nişanəsidir. Bu və ya digər şəxsə dini mənsubiyyətinə görə yox, hərəkətləri və fəaliyyəti nəzərə alınaraq qiymət verilməlidir. Belə yanaşma tərzinin özü mədəniyyətin göstəricisidir. Təəssüf ki, həm sovet dövründə, həm də sonralar mənə qarşı mübarizədə bu iyrənc “ittiham”dan dəfələrlə çirkin bir alət kimi istifadə edilib. Buna isə təəssüflənmək yox, kədərlənmək lazımdır. Bu “ittiham” şöhrətimdən qorxan, mənəviyyatını itirmiş fərdlər tərəfindən məni gözdən salmaq üçün mətbuat səhifələrində dəfələrlə səsləndirilib. Məsələnin qəribə cəhəti budur ki, bu “ittiham” ilk dəfə 20 yanvar faciəsindən bir ay sonra, Azərbaycan dilində olan qəzetlərdə yox, rusca çıxan “Vışka” qəzetində işıq üzü gördü. O zaman mənim və radionun şöhrət tapması, populyarlaşması Mərkəzi Komitədə çoxlarının yuxusuna haram qatmışdı. Məndən guya qisas almaq üçün bu iyrənc üslubdan istifadə etmək qərara alınmışdı. Təəssüf ki, sonralar, Azərbaycan müstəqilliyini qazanandan sonra da bu iyrənc üsuldan mənə qarşı zaman-zaman alət kimi istifadə olundu. Məqsəd aydın idi. Məndən qara yanvar günlərində efirə gedən verilişlərin qisası alınırdı. Sonralar bu qisasalma aləti onlara lazım olan anlarda işə salındı. Çox təəssüf. İdeoloji-siyasi mübarizə mədəniyyəti bəzi dairələrdə çox az inkişaf edib. Amma inanıram ki, bəzi insanların ən iyrənc hisslərindən siyasi mübarizədə istifadə etməyə üstünlük verən “ağıllılar” cəmiyyətdə həmişə azlıq təşkil edib.

 

- Artıq 5 ildir səsinizi efirdən eşitməyən dinləyicilər sizin hazırda nə ilə məşğul olduğunuzu bilmək istəyir. Haradasınız, nə işlə məşğulsunuz? Layihələriniz var idi, onlar niyə yarımçıq qaldı? Bakıya gedib-gəlirsinizmi?

 

- Neçə ildir Almaniyada yaşayıram. İşləmirəm. Azadam, sərbəstəm. Həyatımdan razıyam. Səhhətimdə problem vardı. Bir müddət müalicəmlə məşğul oldum. Yazmaqda davam edirəm. 2004-cü ilin yanvarında İnternetdə açdığım “Mirzə Xəzərin səsi” saytını idarə edirəm. Oxuculardan müntəzəm məktublar alıram. İnternetdə radio da açmışam. Dinləyənlərin sayı çoxdur. Bakıya gedib-gəlmək məsələsi bir az qəliz məsələdir. Axırıncı dəfə 2004-cü ilin yanvar ayında Bakıda olmuşam. Gedib-gəlmək bununla bitdi. 2004-cü il yanvarın 14-də bir iş görmək, bəzi layihələrimi həyata keçirmək ümidi ilə Bakıya getdim. Qəzet buraxmağa başladım. Təəssüf ki, imkan verilmədi. Düz bir aydan sonra mənə xəbər göndərildi ki, qəzeti bağlayım, özüm də dərhal, yubanmadan Bakını tərk edim. 2004-cü il fevralın 13-də Bakını tərk etməli oldum. O vaxtdan bəri Bakıya getmirəm. Layihələrimin yarımçıq qalmasının səbəbi budur.

 

- Sizi Azərbaycan jurnalistikasının patriarxı hesab edənlər az deyil. Dövlət sizin əməyinizi hər hansi şəkildə qiymətləndirdimi?

 

- Mənə belə yüksək qiymət verən insanlara təşəkkür edirəm. Dövlətə gəldikdə isə xeyr, Azərbaycan dövləti mənim əməyimi və xidmətlərimi heç bir şəkildə qiymətləndirməyib. Qəribədir, bu sual ilk dəfədir mənə verilir. Məncə, qiymətləndirmə məsələsi mücərrəd anlayışdır. Fikrimi aydın şəkildə oxucuya çatdırmaq üçün Məlahət xanım Ağacanqızının mənim İnternet saytıma göndərdiyi “Mirzə Xəzərin səsi” adlı geniş yazısından bu sətirləri iqtibas etmək istərdim: “Bu yaxınlarda bir nəfər mənə ”Mirzə Xəzər sağdır bəyəm" sualını verəndə təəccüblənmədim. AZADLIQ nə olduğunu bilməyənlər Mirzə Xəzərin SAĞ olduğunu da bilməz. Biz QEYRƏTLİ ZİYALILARIN ya cənazəsini, ya da sümüklərini VƏTƏNƏ gətirəndən sonra başımıza döyürük. Bu gün adlarını dərsliklərə salıb zorla əzbərlədənlər tez unudulacaq. Xalqın yaddaşında yaşayanlar isə heç vaxt unudulmur. Onlar ağızdan-ağıza keçən bayatı, dastan, nağıl kimi yada düşəcəklər". Fikrimcə, bu sətirləri oxuyandan sonra qiymətləndirmənin tam mahiyyəti aydınlaşır. Öz sözümü yenə təkrar etmək istəyirəm: qədir bilmək sənət deyil, mədəniyyətdir.

 

- Mən də mühacirətdə yaşayıram. Eşitmişəm ki, Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Rəfael Allahverdiyev ağır vəziyyətdədir. Ölüm haqdır, yəni ölüm hamımız üçün var. Biz mühacirlər öləndə cənazəmiz ortadamı qalmalıdır? Bizlər meyit şəklində belə vətəndə uyumaq haqqına sahib deyilikmi?

 

- Sizinlə razıyam. Vətən öz övladlarına həmişə, hər şəraitdə sahib çıxmalıdır. Vətən öz övladları arasında ayrı-seçkilik etməməlidir. Vətənin buna haqqı yoxdur. Çünki bu Vətən onun bütün övladlarının vətənidir.

 

- Məncə, siz “Azadlıq” radiosunun Azərbaycan bölümünün vizit kartı idiniz. Amma radionun rəhbərliyi iqtidarla separat danışıqlara gedib sizi neytrallaşdırdı. Yəni iqtidarla alver edən radio indiki aqibətini o vaxt görməli idi. Xarici radioların bağlanması təhdidinə necə qiymət verirsiniz?

 

- Məncə, xarici radiostansiyaların bağlanması təbirini işlətmək düzgün deyil. Azərbaycan hökuməti “Amerikanın səsi”, BBC və “Azadlıq” radiolarını bağlaya bilməz. Bu radiolar ABŞ və Böyük Britaniya hökumətləri tərəfindən bağlana bilər. Bu radioları heç kim bağlamır. Söhbət bu radioların Azərbaycan ərazisində verilişlərini yaymaq üçün istifadə etdiyi yerli tezliklərin (FM tezliklərinin) lisenziyasının ləğv edilməsindən gedir. Məntiqlə yanaşılsa, məsələ çox sadədir. Radio tezlikləri Azərbaycanın suveren hüquqları çərçivəsində olub bu dövlətin mülkü hesab edilir. Milli Məclisin qəbul etdiyi qanuna görə, yerli radio tezliklərindən yalnız milli (yerli) radiolar istifadə edə bilər. Deməli, bu məntiqə əsasən xarici radioların Azərbaycanda yerli tezliklərdən istifadə etməsi üçün qanuni şərait yoxdur. ABŞ-da və Avropada da vəziyyət bu cürdür. Azərbaycan hökumətinin bu hərəkətində siyasi səbəblərin üstün gəldiyini qətiyyətlə söyləmək üçün əlimizdə dəlil yoxdur. Haşiyə çıxıb deyim ki, bu radiolar vaxtilə Azərbaycanın daxilindəki FM tezliklərində yox, İspaniya və Portuqaliyadakı antenalar vasitəsilə qısa dalğalarda yaydıqları verilişlər sayəsində şöhrət qazanmışdılar.

 

- Maraqlıdır, niyə “Azadlıq” radiosu sizdən müsahibə almır?

 

- Bu ilin yanvarında “Azadlıq” radiosunun Azərbaycan bölməsindən mənə zəng edib 20 Yanvar faciəsi ilə bağlı müsahibə almaq istədiklərini dedilər. Lakin razı olmadım. Dedim, o radioya müsahibə vermirəm.

 

- Sizin Rəsul Quliyevlə yaxınlığınız barədə çoxlu söz-söhbət gəzir...

 

- Aydınlıq gətirim. Rəsul Quliyevlə münasibətlərim haqqında 10 ildir cəfəng iddialar, bir çox iftira səsləndirilir. Bu cəfəng və çirkin iddiaların heç birinin əsası yoxdur. Bu cəfəng iddia və iftiralardan məni gözdən salmaq, işimə mane olmaq üçün istifadə olunub. Mən Rəsul Quliyevi 1993-cü ildən tanıyıram. Radioda işləyərkən ondan axırıncı dəfə 1999-cu ildə müsahibə almışam. Rəsul Quliyev 4 il sonra - 2003-cü ildə mən radiodan gedəndə mənə zəng edib. Rəsul Quliyevi axırıncı dəfə 2005-ci ildə görmüşəm. Onunla telefonda da axırıncı dəfə 2005-ci ildə danışmışam. 2008-ci ildə Rəsul Quliyevin rəhbərlik etdiyi Açıq Cəmiyyət Partiyasını prezident seçkiləri zamanı əvvəlki mövqeyindən imtina edib YAP-ın namizədinin tərəfinə keçdiyi üçün o vaxt yazdığım şərhdə tənqid etmişəm. Buna baxmayaraq, Rəsul Quliyev bu gün də mənə zəng vursa, onunla danışaram. Bizim yaxınlığımızın məğzi və mahiyyəti bundan ibarətdir.

 

- Jurnalistlərin, ümumiyyətlə, siyasi məhbusların həbsdən azad olunması üçün daxildən və xaricdən niyə ciddi müqavimət, ciddi təzyiqlər yoxdur?

 

- Daxildə ciddi müqavimətin olmaması rejimin müxalifəti parçalamaq və zəiflətmək üçün müxtəlif üsul və əməllərlə göstərdiyi səylər üzündən cəmiyyətdə müqavimət ruhunun zəifləməsinin nəticəsidir. Cəmiyyətdə müqavimət ruhunu qıran rejim daxili təzyiqdən özünü indilik sığortalaya bilib. Xaricdən təzyiq məsələsinə gəldikdə isə burada bir çox amillərin mühüm rol oynadığını unutmaq olmaz. Şübhə yoxdur ki, xaricin Bakıya təzyiqinin yumşalmasında ən mühüm amil neftdir. İkinci amil - ABŞ başda olmaqla, Qərb dünyasının əsas diqqətini beynəlxalq terrorla mübarizəyə yönəltməsidir. Azərbaycan hökumətinin bu amillərdən xəbərsiz olduğunu düşünmək də sadəlövhlükdür. Azərbaycan hökuməti bu iki amildən məharətlə istifadə edir. Bütün ümidləri xaricə bağlayıb oturmaq isə ikiqat sadəlövhlükdür. Bəzi “barışmaz” müxalifətçilərin öz prinsiplərinə müxalif çıxıb hakimiyyətin tərəfinə keçməsi cəmiyyətdə müxalifətin nüfuzuna ciddi zərbə vurub. Bu səbəbdən həqiqi müxalifət partiyalarının cəmiyyətdə etimadı bərpa etmək üçün fəallaşmasına böyük ehtiyac var.

 

- Rüstəm İbrahimbəyovun məlum müsahibəsi, ziyalı və milli elita məsələsi ətrafında söylənən fikirlərə münasibətiniz necədir?

 

- Məsələ ilə tanışam və söylənən bütün fikirləri qəzetlərdən izləyirəm. Rüstəm İbrahimbəyovun məlum müsahibəsinin belə qızğın müzakirələrə təkan verməsinin səbəbini 1988-ci ildən sonra Azərbaycanın ictimai-siyasi həyatında baş vermiş sarsıntılar, çaxnaşmalar, müharibələr, mənfi və müsbət cərəyanlar, işğal, iqtisadi çətinliklər, əhali arasında yaranan təlatümlü hadisələr nəticəsində cəmiyyətdə əmələ gəlmiş yeni-yeni amillərdə axtarmaq lazımdır. Məncə, qaldırılan məsələlər ətrafında sağlam diskussiyaların aparılmasının cəmiyyətin inkişafına ziyanı yox, xeyri var. Hər kəsin fikrinə dözümlü yanaşmaq, fikirə təhqirlə yox, fikirlə cavab vermək müasir dövrümüzün diskussiya mədəniyyətinin mühüm prinsipidir.

 

- Hansı qəzetləri oxuyursunuz, məlumatı haradan alırsınız?

 

- Mənim məlumat mənbəyim internetdir. Azərbaycanda çıxan ən mühüm qəzetləri, adətən “Yeni Müsavat” və “Azadlıq” qəzetlərini İnternet vasitəsilə oxuyuram. “Media forum”, “apa.az”, “day.az”, “lent.az” saytları da mənim üçün əsas məlumat mənbələridir. Bununla yanaşı, alman, ingilis, rus dillərində olan qəzetlərin, agentliklərin məlumat və yazılarını İnternetdə müntəzəm oxuyuram.

 

Elbəyi HƏSƏNLİ, Sürix, İsveçrə


"Yeni Musavat" qəzeti, 16.12.2008

 

 

Məlahət Ağacanqızı: ZAMİN HACININ OXUCULARININ QAN QRUPU

Mirzə Xəzər 13 Dek 2008

no comments


melahet

“Yeni Müsavat” qəzetinin 12 dekabr tarixli sayında dərc edilmiş “İki karın dialoqu” adlı köşə yazısına etiraz edən Akif Nağı 3-4 “qoçu”ilə Zamin Hacıya “hücum” edib.

Mən Azərbaycandakı vəziyyət haqqında məlumatı Zamin Hacının köşə yazılarından öyrənirəm.Və mən fəxrlə deyə bilərəm ki, Zamin bəyin ən fəal oxucusuyam.Ailəliklə , yazdığı cəsarətli yazılardan GÜC alırıq. Kiçik oğlum Zamin Hacıya QƏHRAMAN kimi baxır. Bir dərdi olan kimi “Zamin Hacıya yaz!” əmrini verir. Bir ay əvvəl ,sayı gündən –günə çoxalan küçə itlərindən biri oğlumu dişləmişdi. Uşaq ağlaya-ağlaya “Ana,tez ol Zamin Hacıya yaz!” deyəndə , nə edəcəyimi bilmədim. Sanki Zamin Hacı “İtlərlə Mübarizə İdarəsi”nin sədri idi. Zamin Hacı İNSAN cinsini haqlı tənqid edəndə “hücuma”məruz qalırsa, İT cinsini tənqid etsə hansı təzyiqlərə məruz qalar ?! Həmin gün oğlumu it dişlədiyinə görə Zamin bəydən başqa heç kim narahat olmadı.Atasının yas məclisində ola-ola dəfələrlə zəng edib uşağın vəziyyəti ilə maraqlandı. Doğmalar ,əlaqədar təşkilatlar SUSURDU!Həkimlər “haqqımızı ver”deyib mızıldanırdılar.Məmurlar ”Quduz itləri öldürmək üçün vəsait yoxdur!” deyib , qoyun-quzu ətindən kabab çəkib yeyirdilər. Kababın ətini özləri,sümüklərini isə quduz itləri yeyib daha da QUDUZLAŞIRDILAR.


Zamin bəy uzaqda olduğuna görə,yazar “dostlarına”bizimlə əlaqə saxlamağı xahiş etsə də,maraqlanan olmamışdı.Çünki onlar Zamin Hacı kimi hər gün KÖŞƏlərində Azərbaycan DƏRDləri ilə döyüşmürlər, ayda –ildə bir “yumşaq” yazı yazıb KÖŞƏdə mürgüləyirlər.
Xətkeşi götürüb Zamin bəyin KÖŞƏsinin sahəsini ölçürəm.30 x60 sm sahədə döyüşmək hər OĞULUN işi deyil!Böyük MEYDANlarda döyüşə bilməyənlər 30 sm KÖŞƏ sahibinə paxıllıq edirlər.Qadınların,uşaqların SON ümid sahibinə HÜCUM edən, AİLƏsinə “CƏLLAD” olar.
Bir dəfə yaxın dostlardan biri yazılarımla bağlı tənqidi fikirlərini deyəndə,mən güldüm.Həmin DOST təəccüblə mənə baxıb dedi:” Son vaxtlar birinci dəfədir görürəm ki , tənqid etdiyim ADAM gülür.Mən elə bilirdim sən mənim saçlarımı yolub küləyə verəcəksən”.Tənqidçi dostumun başında bir “çəngə” saç qalmışdı.Görünür onları itirməkdən qorxmadığı üçün məni tənqid etmişdi.Əsil tənqidçi “Son damla qanıma,son çəngə tükümədək!”şüarı ilə yaşamalıdır.Amma indiki “yazarlar”, “tənqidçilər” KEÇƏL başlarına tük əkirlər.Çünki heç kəsi TƏNQİD etmirlər.Onlar”TƏRİF” darağı ilə süni tüklərini darayıb “Gözəllik müsabiqəsi”nə çılpaq qızlara baxmağa gedirlər.


Nazim Hikmət həbsdə olanda,bir QORXAQ məhbus Şairi öldürmək fikrinə düşüb.“Heç olmasa TARİXDƏ Nazim Hikmətin QATİLİ kimi qalım” iyrənc “arzu “ilə yaşayıb.Indi çoxları TARİXDƏ qalmaq üçün DAHİ insanların “ovuna”çıxıblar.

Qənimət Zahidi,Mirzə Sakiti ,Eynulla Fətullayevi həbsə salmaq,Zamin Hacıya “HÜCUM” etmək QƏHRƏMANLIQ deyil-QORXAQLIQDIR!

Azərbaycan TARİXİNDƏ hər OĞUL Ramil Səfərov kimi qala bilməz.Azərbaycan bayrağını təhqir edən DÜŞMƏNİ öldürmək üçün Ramil Səfərov kimi həm zahirən,həm daxilən KİŞİ sifətində olmaq lazımdır.

Mənim qanım +I qrupuna aiddir.+I bütün qan qruplarına qan verə bilər.Zamin Hacının bütün OXUCUlarının müsbət qan qrupuna aid olduğuna adım kimi əminəm. Mənfi qrup qan daşıyan OXUCUlarının da müsbət ruhda olduğuna inaıram.Zamin bəy dostları SÖZlə yaşadır,düşmənləri SÖZlə öldürür. Yazdığım məqalələri oxuyan yaxın dostlardan biri mənə qəribə məsləhət verdi:”Yazdıqlarını yayımlamamışdan əvvəl RƏNDƏLƏ...”. Taxtaları hamar etmək üçün rəndələyirlər. Həmin taxtalardan ustalar müxtəlif əşyalar düzəldib satır.Məsələn ,yaxşı rəndələnmiş taxtadan ÇƏRÇİVƏ,TABUT da düzəldirlər. İndi əksəriyyət yazarlar yazılarını “rəndələyib”oxucuya çərçivə,tabut bəxş edir.OĞUL odur oxucusunu ÇƏRÇİVƏDƏN,TABUTDAN çıxartmağı bacarsın. Şəxsən məni TABUTUN içindən Zamin Hacının RƏNDƏ görməyən yazıları çıxardıb. Tamahkarlar Yer kürəsini”rəndələyə-rəndələyə” azon deşiyi açdılar.Bəşəriyyəti FƏLAKƏTlə üz-üzə qoydular.İndi də Kvadrat başlar Yumru başları rəndələmək fikrinə düşüblər. Azərbaycanın son təbii sərvəti YUMRU başların içində olduğuna görə KVADRAT başlı acgözlər “RƏNDƏLƏMƏ” planı hazırlayırlar.Amma yaxşı olar əvvəlcə KVADRAT başlarının künclərini təmizləsinlər,yoxsa içini qurd basar(bəlkə də basıb).


Qarabağ Azadlıq Təşkilatının sədri bir il ərzində bir köşə yazısı qədər iş görə bilmirsə Zamin Hacı günahkar deyil!Yaxşı deyiblər”Oğru elə qışqırdı,doğrunun bağrı yarıldı”.
Niyə daha kəskin tənqid olunan məmurlar tənqidə normal yanaşa bilir,Akif Nağı isə dözə bilmir ? Tənqidi həzm etmək üçün mədəniyyət lazımdır.Biz ancaq “TƏRİF” həzm etmə “mədəniyyətinə” vərdiş etmişik.Əcnəbilərin ən ağır təhqirlərinə DİZ ÜSTƏ qulaq asırıq,doğmalarımızın ən yüngül və haqlı tənqidinə “hücum” edirik.
Mən Qarabağda olmamışam.Demək, MƏN Azərbaycanı görməmişəm.


Qarabağda yaşayanların üzündə,
sözlərində Şuşanın,Ağdamın,Kəlbəcərin,Laçının,Cəbrayılın,Füzulinin,Xocalının,Zəngilanın,Xocavəndin dumanlı mənzərələrini görürəm.Amma QARABAĞ adı altında fəaliyyət göstərən təşkilatlarda” Qarabağ dumanı “da görünmür.

P.S.Oğlum Bayqurd oyuncaq tüfəngini,qılıncını belinə bağlayıb Akif Nağını axtarır.Onun heç olmasa oyuncaq silahları var.Akif Nağının nəyi var ?!

Əvvəlki məqalələr

Sonrakı məqalələr