Məlahət Ağacanqızı: ƏSGƏRLƏR ŞƏHİD OLUR - KÜL MİLLƏTİN BAŞINA
Uşaq vaxtı bütün uşaqların oxuduğu bir mahnını unuda bilmirəm: ”Oğlanlar əsgər gedir-kül qızların başına...” Qardaşlarım əsgər gedəndə həmin mahnını daha çox oxuyurdum. ”Mahnı” bitəndən sonra başıma qapaz vurmağı da unutmurdum. Uzaq Çitada, Simferepolda xidmət edən qardaşlarım Vətənə sağ-salamat qayıtdılar. Anamın məktubun içində onlara xərclik üçün yolladığı pulları yığıb bizə hədiyyə də almışdılar. Sovet dövründə əsgərliyə getməyən oğlanı qızlar bəyənmirdi.Guya əsgərlikdə olan oğlanları RUS qızları kişi edib, onlara “əsl kişisən”zəmanəti verirdilər. ”Stroybatda”xidmət edənlər isə lap “əsl kişilik” məktəbi keçirdilər. Nə vaxt istəyirdilər şəhərə gəzməyə çıxırdılar, yeyib-içirdilər .Yatıb-durmaqları da keflərinə bağlı idi. Çitada xidmət edən qardaşım kefinə düşəndə teleqram vururdu ki:”Təcili sizi görmək istəyirəm”. Od qiymətinə bilet alıb təyyarə ilə yanına özünü çatdıran qohumlara deyirdi ki: ”Ürəyimdən sizi görmək keçirdi, ona görə teleqram vurmuşdum”. Həyəcanla yol gözləyən anam gələnlərdən ”Necədir? Xəstə deyil ki?” soruşardı. Qardaşımın yanından gələnlər gülə-gülə deyərdi: ”Lap yaxşıdır. Bizi bir qız sağ qolunda, bir qız sol qolunda qarşıladı”. Evlənəndən sonra nədənsə “ən yaxşı kişi məktəbi” keçən qardaşımın başında arvadı ən yaxşı “turp əkirdi”.
Bir vaxtlar” KİŞİLİK” məktəbi sayılan əsgərlik, bu gün Azərbaycanda “ZƏİFLİK,SOYĞUNÇULUQ”məktəbinə çevrilib. VƏTƏNDƏN VƏTƏNƏ əsgərliyə gedən oğulların evinə sağ-salamat dönməsinə ÜMİD yoxdur.Bir dəfə iclasda valideynlərdən biri dedi: ”Məni oğlumun Ali məktəbə girməsindən çox,əsgərliyə getməsi düşündürür”.
ƏSGƏRLİK –TAPMACA, MÜƏMMALI ÖLÜM olub . Niyə əsgərliyə gedən OĞULLAR son vəsiyyətlərini edib gedirlər? Niyə min zülmlə böyütdüyümüz övladlarımıza qurbanlıq quzu kimi baxmalıyıq? Hər gün 3-4 əsgərimiz ŞƏHİD olur. Zəhrimara qalsın belə ATƏŞKƏSİ ! Kasıbın fağır OĞLU sərhəddə VƏTƏNi qoruyur , varlının harın BALASı barlarda kef edir.”ATƏŞKƏS” elan olunan tarixdən bu günə kimi ŞƏHİD olan əsgərlərin siyahısı yazılsa qalın bir KİTAB olar. Sanki, Azərbaycan nağıllarında olan ƏJDAHA sərhədlərimizdə peyda
olub. Nağıllarda suyun qabağını kəsən ƏJDAHAya gündə bir cavanı qurban verən axmaqlar,bu gün Bakıda kef etmək üçün sərhəddə 4-5 ƏSGƏRi qurban verir. Hər ŞƏHİD olan ƏSGƏR -bir nəslin sinəsində açılan DƏRD yarasıdır.
ŞƏHİD olan əsgərlərin ölüm xəbərini elan etdikdən sonra,qadın alt paltarlarını reklam edən telekanalların kül başına! Diri əsgərinə GÜC verə bilməyən telekanal, ŞƏHİD əsgərinə dəyər verə bilərmi? Heç olmasa Türkiyə telekanallarına baxıb ŞƏHİD olan oğullara DƏYƏR verməyi öyrənsinlər. Və kor olan gözləri ilə görsünlər ki, ŞƏHİD olan hər ƏSGƏR necə böyük hörmətlə,hüznlə dəfn olunur. “İDMAN” telekanalı açılır, ”ŞƏHİD” kanalı açılmır. Çünki ŞƏHİD qanlarının axdığı kanallardan “oxxayy” deyə-deyə su içirik.
Azərbaycanda idmançılardan daha çox ŞƏHİDlər ola-ola “İDMAN”kanalına kim baxacaq? İdmançılarımızın qələbə vaxtı şərəflərinə çalınan HİMN,qaldırılan ÜÇRƏNGLİ BAYRAQ uğrunda minlərlə OĞUL ŞƏHİD olub. Niyə sərhəddə xidmət edən əsgərlər,Bakıda,Qubada ... dinc yerlərdə xidmət edən əsgərlərlə bərabər hüquqa malikdirlər?Axı sərhəddə xidmət edən ƏSGƏRLƏR dinc əhali ilə yanaşı,dinc yerdə xidmət edən əsgərlərində keşiyində dayanır.Gərək onlar əsgərlikdən qayıdandan sonra təhsillə,işlə,mənzillə bağlı problemləri olmasın.Yoxsa
bir nağılda müdrikin dediyi kimi “Bir məmləkətdə ki,BAL ilə ŞOR eyni qiymətədir,orda yaşamaq çox qorxuludur”deməliyik.
Mili Məclisdə abırsız müğənnilərə qarşı “üsyan”başlayıb. Bir vaxtlar prezident,parlament seçkilərində həmin “əxlaqsız” dedikləri müğənnilər MƏLƏK idi.Daha təbliğat aparmadan PLANLAR gerçəkləşirsə,yaltaq müğənnilər getsin tullanmağının dalınca.Bir gün YALTAQ yazarlar da “tullanacaq”.
Otaqda çox sevdiyim bir dibçək gülü var. Ayda –ildə bir dəfə qırmızı rəngdə çiçək açır. Hər çiçək açanda, ŞAD bir xəbər alıram.İki həftə idi balaca qönçənin böyüməsini gözləyirdim. Bu gün səhər açılan QIRMIZI GÜLü görəndə ürəyim döyünməyə başladı,sanki ŞAD xəbərin ayaq səslərini eşidirdim...
Qapı döyüldü. Gələn qonşumun oğlu idi. İstədim uşaqları çağırım ”Mənim sizinlə ciddi söhbətim var, uşaqları çağırmayın” dedi. Gözləri dolmuşdu. Bir himə bənd idi ağlasın. Möhkəm həyəcanlandım. Qardaşının sərhəd bölgəsində xidmət etdiyini bilirdim. Bir ay əvvəl min zülmlə atası bir həftəliyə evə gəlməyinə icazə almışdı. Anası əsgərlərin ölüm xəbərlərindən yatağa düşmüşdü. OĞUL gəlmişdi və AİLƏ bir həftə bayram etmişdi. Sanki OĞUL əsgərlikdən yox, müharibədən qayıtmışdı. Balaca qardaşı sızıldaya-sızıldaya deyirdi:
”Pulumuz az oldu, yoxsa qardaşım 8 gün, 4 saat qala bilərdi. Amma cəmi 7 gün qaldı...”. Uşaq balaca olduğuna görə dəqiqələri, saniyələri deyə bilmirdi. Yəqin ki, anası oğlu ilə bir yerdə olan son saniyəni də hesablamışdı...
Qarşımda dayanıb,gözləri dolan oğlana həyəcanla baxırdım.Nə mən danışa bilirdim,nə də o ağzını açıb nigarançılığıma son qoyurdu.Yaxşı ki,”QIRMIZI GÜL” yadıma düşdü.Bir az rahatlandım.Nəhayət, O danışdı:”Mən 5-6 il əvvəl böyük bir günah işlətmişəm.Əzab çəkirəm. Hər dəfə sizi görəndə yerə girmək istəyirəm.Siz bizim ailəmizi çox istəyirsiz. Anama təsəlli verirsiz.Qardaşımın əsgərlikdən salamat qayıtması üçün dua edirsiz.Amma mən əclafam...” deyib hönkürməyə başladı. Çaşıb qalmışdım. Nə edəcəyimi,nə deyəcəyimi bilmirdim.Bir az sakitləşəndən sonra hıçqıra-hıçqıra dedi: ”Məni bağışlayın, 5-6 il əvvəl mən stolun üstündə qoyduğunuz pullardan birini oğurlamışdım. O vaxt uşaq idim,şeytan məni yoldan çıxartmışdı. Tezliklə mən də qardaşım kimi əsgər gedəcəyəm. İstəmirəm bu böyük əzabla əsgər gedim...”. Mənə elə gəldi ki,yuxu görürəm, ya da qonşunun oğlu havalanıb. Amma nə yuxu görürdüm,nə də qarşımda dayanıb oğurluq etdiyini etiraf edən yeniyetmə oğlan havalanmışdı.Mən ömrümdə elə səmimiyyətlə etiraf edilən”GÜNAH”görməmişdim.Yalnız kinolarda görmüşəm,kitablarda oxumuşam.İnsanlığın,düzlüyün, həsrətində olduğumu o uşaq necə hiss edə bildi? TƏMİZ ETİRAF- ən gözəl ŞAD xəbərdi.
Qəpik-quruşu icazəsiz götürən balaca bir uşaq böyük GÜNAH işlətdiyini dərk edir, XALQdan milyonları oğurlayanlar günahını ört-basdır etmək üçün SAQQAL saxlayıb “Oğurluq haram maldır” moizəsini oxuyur. ÖLÜ üçün yasin oxuyan MOLLAnın nursuz üzü ,qızarmış gözü dirilərin bağrını yarır. DİLƏNÇİLƏR, MƏMURLAR, MOLLALAR sifətdən və səsdən bir-birlərinə bənzəməyə başlayıblar.
Qonşunun oğlu onu bağışladığıma əmin olandan sonra getdi. Gedəndə ”Mən əsgərlikdə olanda mənim üçün də dua edərsiz...” deməyi ilə ürəyimə od saldı.
(Məlahət Ağacanqızı, Bakı - 07.01.2009)
Məlahət Aöacanqızı: VƏTƏN bir olur- ikinci VƏTƏN olmur!
İlin son günüdür. Bu ilin son iki ayında RUHumun yaşadığı möcüzəli sevinclərə görə DƏYƏRLİ Mirzə Xəzərə minnətdaram. ”Mirzə Xəzərin Səsi”- internet qəzeti mənim üçün həsrətində olduğum AZADLIQ meydanı oldu.
Bir vaxtlar haqsızlığa etiraz etmək üçün AZADLIQ meydanına yığılardıq. Qəzet, televizor isə ikinci MEYDAN sayılardı. AZADLIQ meydanında düyünlənmiş yumruqlar yuxarı qalxanda SOVET hökumətinin dizləri əsirdi... İndi AZADLIQ meydanına yağan qarın üstündə bir KİŞİ ayağının izi yoxdur. Nəinki ayaqları ilə, heç sözləri ilə də KİŞİ kimi ”iz” qoyan yoxdur. Guruldayan ZİYALILAR “laqeydlik, biganəlik” yuxusuna gediblər. Təzə-təzə gözlərini ovuşdurub ayılırlar. Fəxri Xiyabanda dəfn olunmaq eşqi ilə ölmək istəyən
“ziyalılar” zəhmət çəkib ölməsinlər. Onları nəinki Fəxri Xiyabanda heç Xırdalan qəbiristanlığında basdırmayacaqlar. Bir azdan Şeyxin iştirakı ilə ölüləri yandırıb külünü Xəzər dənizinə səpələmək qərarı qəbul olunacaq. Milli Məclisdə Dövlət Himninin sözlərinin çox uzun olması səslənirsə -İNSAN ömrünün də uzunluğuna norma qoyulacaq.
Misir fəlsəfəsində belə bir fikir var - CƏNNƏT qapısından keçmək üçün iki suala cavab verməlisən: ”Həyatında xoşbəxtliyi yaxaladınmı? Başqalarına xoşbəxtlik bəxş etdinmi?”
Son iki ayda “Mirzə Xəzərin Səsi” internet qəzetində yazılarımla bağlı yaşadığım və yaxaladığım xoşbəxtlik anlarının səbəbkarı Ustad Mirzə Xəzərdi! O, başqalarına xoşbəxtliyi yaxalamaqda yardımçı olan və başqalarına xoşbəxtlik bəxş etməyi bacaran ZİYALIdır.
Dərdi olan “ağı” deyər. ”AĞI” deyənin ağzını tikən adamın əli quruyar.
Yazılarımı”Xudafərin” blokuna böyük zövqlə yerləşdirən hörmətli Elman Mustafazadəyə təşəkkür edirəm! Ustadına, müəlliminə dəyər verməyi bacaran ŞƏXS - elinin-obasının dərdinə-qəminə də dəyər verməyi bacarar. Vətəndən uzaqda yaşayan Elman bəyin gördüyü işlər, Vətəndə yaşayan LAL-KAR ziyalıların xidmətindən böyükdür.
ALLAH insana gözü, qulağı, ayağı, əli cüt verəndə baş verən qəzaları nəzərə alıb. Yəni bədən üçün ən vacib olan üzvləri qoşa verməklə “ Heç vaxt KOR, KAR olma! Dayanma! Yardım et!” deyib. ALLAH insana ehtiyat BƏDƏN də verib. Yəni ikinci əsl insan ömrünü yaşamaq üçün verilən ŞANS. İNSAN var iki gözünü, qulağını,əlini,ayağını çürütməklə yanaşı , ikinci ömrünü də çürüdüb. Adi adamların çürük QOZ ömrü yaşamaqları qorxulu deyil. Qorxulu - DAĞ bildiyimiz ziyalıların çürük QOZ olmasıdır. Onların nə birinci ÖMRÜ,nə
də ikinci ÖMRÜ olub.Başı kəsilmiş BƏDƏNlərin səsi gəlməz, ancaq qarnı “quruldayar”
Öldürdün bədənimi-
Bədənsiz başam indi.
Kəsib atdım başını-
Başsız bədənsən indi.
Nə Sənin başın var,
Nə də dünyanın.
Allahım!
Bir BAŞla-
BAŞsız bədənləri
BAŞsız dünyada
Necə fırladım indi?
İLİN son günüdür. Boz SİÇAN civildəyə-civildəyə aradan çıxır. Sarı ÖKÜZ böyürə-böyürə gəlir . Deyilənə görə YER kürəsi ÖKÜZÜN buynuzları üstündə dayanıb. Maraqlıdır ,gələn hansı ÖKÜZdür? YER kürəsini buynuzları üstündə saxlayan, yoxsa ehtiyatda olan ÖKÜZ? Bu il qırmızısifət, qırmızıpaltar adamların vəziyyəti yaxşı olmayacaq. Sarı ÖKÜZ qəfildən onlara gözəgörünməz zərbələr vuracaq...
Mən müşahidə etməyi çox sevirəm. Əvvəllər ağacları, çiçəkləri, yarpaqları, yağışı,qarı... bütün təbii gözəllikləri müşahidə edirdim. İndi isə süni eybəcərlikləri müşahidə edirəm. Çünki təbii heç nə qalmayıb. Ağaclardan tutmuş adamlara kimi hər şeyə şübhə ilə baxıram. Yalançı bığ-saqqal,yalançı qaş-göz bolluğudur.Qonşunun azyaşlı oğlu hamama girib qaşlarını qırxıb. Ona cəza verəndə ağlaya-ağlaya qışqırıb: ”Bəs anam niyə qırxıb?” Yaxşı olar Yeni ildə hər kəs ƏSL başını, ürəyini ,qaşını, saçını, əlini,
ayağını tapıb yerinə qoysun...Yoxsa əsl insan olmayan şəxsin ƏSL VƏTƏNi olmaz. VƏTƏN bir olur- ikinci VƏTƏN olmur!
P.S.“Mirzə Xəzərin Səsi”-internet qəzetinin bütün oxucularına Yeni ildə yeni-yeni uğurlar arzu edirəm! Ciddi qəzetin bir OXUCUsu “LAĞLAĞI” qəzetlərin bütün oxucularından və BAŞ REDAKTORundan daha zövqlüdür.
Məlahət Ağacanqızı: “VƏTƏN - BÜTÜN ÖVLADLARININ VƏTƏNİDİR”
“...Vətən öz övladlarına həmişə, hər şəraitdə sahib çıxmalıdır. Vətən öz övladları arasında ayrı-seçkilik etməməlidir. Vətənin buna haqqı yoxdur. Çünki bu Vətən onun bütün övladlarının vətənidir”.Bu ürək ağrıdan cümlələr DƏYƏRLİ Mirzə Xəzərin HÖRMƏTLİ Elbəyi Həsənliyə verdiyi müsahibədə (“Yeni Müsavat” 16.02.2008) işlədilib.
Bu gün VƏTƏN eyni ilə mənim ATA evimin günündədir. Doqquz övlad sahibi olan atamın yurdu gecələr zülmət olur. Atam vəfat edəndə ən böyük övladının iyirmi iki ,ən kiçik(mənim) övladının yeddi yaşı var idi. Anam zülm və əziyyətlə bizi böyütdü. Toxuyub satdığı xalıları bir yerə toplamaq mümkün olsa böyük bir dağ yaranar. Bir-birinə dayaq olmaq, bir-birini sevmək, mehriban olmaq bizim AİLƏnin əsas qanunu idi. Anam bizi ATAlı uşaqlardan daha məğrur, əyilməz və xoşbəxt böyütməyi bacarmışdı. Amma evimizə GƏLİNlər gələndən sonra ANAmın qurduğu BÖYÜK AİLƏ xoşbəxtliyi məhv oldu. Çünki ocağımıza gələn yad nəfəslər özləri ilə “övladlar arasında ayrı-seçkilik”qanunlarını “CEHİZ”gətirmişdilər. Mehriban bir AİLƏdə yurd-yuva,mal-mülk üstündə zıqqıltılar başladı. Övladlar ATA yurduna getmək üçün sanki GƏLİNlərdən icazə almalıydı. Doğmalar Ata yurduna uzaqdan həsrətlə baxırdılar, yadlar isə“kef” edirdilər. Yaşadığım ev ATA evindən daha geniş,daha rahat olsa da ATA yurdunu görmək üçün burnumun ucu göynəyirdi. ATA yurdundan küsüb, bezib hərə bir yana getdi. Böyük bir ev boş qaldı. Mənimlə qalan qoca,xəstə ANAM hər Novruz bayramında göynəyə-göynəyə deyir:”Get ATA yurdunda tonqal yandır,yoxsa ATAnın ruhu məndən inciyər...”.Anama sahib durduğuma görə bacı-qardaşlarım mənə “Sən qəhrəmansan! Bizdən kiçik olsan da , hər birimizdən BÖYÜK olduğunu sübut etdin...”. Yersiz deyilən “QƏHRƏMAN, BÖYÜK” sözlərindən ürəyim bulanır. Böyük bir AİLƏ bütün qayğıları ən kiçik övladın çiyninə yığıb “SƏN QƏHRƏMANSAN!” deməklə VİCDAN rahatlığı ilə necə yaşaya bilir?
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Amma HƏMRƏYLİKdən əsər-əlamət yoxdur. QÜRBƏTdən həsrətlə VƏTƏNƏ baxan övladların VƏTƏN torpağı, havası üçün göz yaşları axırsa hansı HƏMRƏYLİK BAYRAMından danışmaq olar? VƏTƏNdə - VƏTƏN OĞULLARI haqq-ədalət,işıqlı gələcək uğrunda mübarizə aparanda güllələnirsə,hücuma məruz qalırsa, həbs olunursa,qürbətə üz tutursa ... demək VƏTƏN BAYRAMLARI yoxdur!HƏMRƏYLİK HAVASI olmayan məmləkətdə HƏMRƏYLİK GÜHÜ keçirmək saxtakarlıqdır. SAXTA BAYRAM işığına heç bir ŞƏHİD ruhu gəlməz.Ata yurdunda yandırdığım tonqal OĞULLARI olan ATAmın ruhunu incidir.VƏTƏNdə keçirilən bayramlarda qədirbilməzlər,nankorlar,yadlar meydan sulayanda VƏTƏN,AZADLIQ uğrunda şəhid olan övladların ruhu ağlayır.
Qürbətdən Vətənə dönəndə,həyət qapısından içəri girən kimi əyilib TORPAQdan öpəndə, içimə dolan dünyanın ən gözəl torpaq ətri ölüncə məni tərk etməz .QÜRBƏT gözəl bir at kimidir,hara çapıb gedə bilsən də Vətən sərhədini keçmək mümkün olmur.QÜRBƏT-başqasından alıb əyninə geydiyin kürk kimidir,nə qədər qalın olsa da içində üşüyürsən. QÜRBƏT- bütün fəsillərdə QIŞ nəfəsli bir məkandır.QÜRBƏT-səni qonaq kimi qarşılayan ,evinə getməyini gözləyən EV sahibi kimidir... Can verməkdə olan VƏTƏNİ xilas etmək üçün küsüb,inciyib,bezib gedən VƏTƏN OĞULLARI geri dönməlidir.Yoxsa dünyanın harasında yaşamağımızdan aslı olmayaraq ölən VƏTƏNin RUHu heç kəsə nəfəs almağa imkan verməyəcək.
Qarabağda bitən Xarı bülbül gülü heç bir torpaqda bitmir. Qürbətdə yaşayanlar Xarı bülbül gülünə bənzəyirlər...
Xarı bülbül ömrünü yaşayan yazar Elbəyi Həsənli qürbətdə olan dəyərli VƏTƏN oğulları ilə müsahibələr hazırlayırdı. İki maraqlı müsahibədən sonra Elbəyi Həsənli niyə susdu? Bəlkə hörmətli Mirzə Xəzərin, Kamil Tağısoyun sirli “QARA QUTU”lardan dedikləri həqiqətlər kimlərinsə xoşuna gəlməyib? Bəzən QEYRƏTLə yazılan bir köşə yazısı və ya kiçik müsahibə qul beyinlərdə BÖYÜK inqilablar edir. BEYİN inqilabının qarşısını almaq üçün dekabrın 30 – da Tarkan Bakıda konsert verəcək. 60 manatdan 400 manata qədər (bəlkə lap çox) dəyəri olan bileti qara qullar almaq üçün bir-birinin belinə minir. Maykl Cekson da “əlçatmaz”idi, amma indi can verir. Nə qəbul etdiyi islam dini, nə də milyonları onu xilas edə bilmir.
VƏTƏN – oğlu-qızı, nəvə-nəticəsi olan ATAmın yurdu kimi boşalır. Evimizin yanından keçəndə quruyan ağaclardan, solan çiçəklərdən utanıram. Həmişə səs-küy,gülüş səsləri ilə bol həyət-bacada sakitlik hökm sürür. Anam özünü pis hiss edən kimi deyir:”Məni evimə aparın, yad yerdə can verə bilmərəm...”.


