Vicdan məhbusları mayın 15-dən aclıq aksiyasına başlayıblar
Müxalif İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi etiraz aksiyasına görə məhkum olunan məhbuslar mayın 15-dən aclıq aksiyasına başlayıblar. “Media forum” saytı bildirir ki, aclığa bu məhbuslar qoşulub:
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı;
Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı;
Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli;
Müsavat Partiyasının üzvü Ülvi Quliyev;
Müsavat Partiyasının üzvü Rüfət Hacıbəyli;
AXCP üzvü Zülfüqar Eyvazlı;
AXCP üzvü Məhəmməd Məcidli;
AXCP üzvü Babək Həsənov;
AXCP üzvü Sahib Kərimov;
AXCP üzvü Elnur Məcidli.
2011-ci ilin aprelində başqa ittihamlarla tutulan AXCP üzvü Şahin Həsənli və hüquq müdafiəçisi Vidadi İsgəndərli də aksiyada iştirak edirlər.
“Amnesty İnternational” təşkilatı bütün bu məhbusları vicdan məhbusu sayır və azadlığa buraxılmasını istəyir.
Tural Abbaslının anası Başxanım Abbasovanın və Müsavat başqanının müşaviri Dünyaxanım Cərullayevanın isə Müsavat Partiyasının mərkəzi qərargahında aclıq etdiyi xəbər verilir.
Müsavatçı Qadınlar Birliyinin bəyanatı: Polislər qadınlara qarşı zorakılıqlara yol verib, tərbiyəsiz hərəkətlərdən belə çəkinməyiblər
Müsavat Partiyası Müsavatçı Qadınlar Birliyi bəyanat yayıb. Gunxeber.com saytına daxil olan bəyanatda deyilir:
“Azərbaycan iqtidari antidemokratik xislətini davam etdirməkdədir. İfadə və sərbəst toplaşmaq azadlığı kimi fundamental və konstitusion insan huquqları söz olaraq qalır. Bu, dünən İctimai Palatanın Bakının mərkəzi küçələrində “Vicdan məhbuslarına azadlıq!”, “Sərbəst toplaşmaq azadlığı təmin edilsin!” şüarları ilə keçirilən aksiyada özünü bir daha büruza verdi. Aksiya zamanı xidməti və mülki geyimli polislər xüsusi qəddarlıq nümayiş etdiriblər. Gənc aksiya iştirakçıları qanlarına qəltan edilib, onlara bədən xəsarətləri yetirilib. Ana-bacı və mentalitet mövzusunu çox sevən bu rejimin bığıburma polisləri qadınlara qarşı zorakılıqlara yol verib, tərbiyəsiz hərəkətlərdən belə çəkinməyiblər. Belə hərəkətlər media nümayəndələrinin foto və video çəkilişlərində öz əksini tapib. Bu faktlar hökmən məhkəmə predmetinə çevrilməlidir. Aksiyada onlarla etirazçı, o cümlədən qadınlar da həbs edilərək polis bölmələrində izahatları alınıb.
Müsavatçı Qadınlar Birliyi ifadə və sərbəst toplaşmaq azadlığının təmin edilməsini, səlahiyyət həddini aşan polis əməkdaşlarının ciddi cəzalandırılmasını tələb edir”.
Dünya oğruları, birləşin! Azərbaycan neftini təkcə Bakıda mənimsəmirlər.Ərəbistan dənizində quldurlar 130 milyonluq Azərbaycan neftini oğurlayıblar
Azərbaycanın yerli neft oğrularının Ərəbistan dənizində beynəlxalq rəqibləri var. Ərəbistan dənizində dəniz quldurları İndoneziyaya 945 min barel (135 min ton) Azərbaycan xam nefti aparan «Smyrni» gəmisini ələ keçiriblər. Gəmidə olan neftin bazar qiyməti 130 mln. dollardan artıqdır.
“Mirzə Xəzərin Səsi” qəzeti
12.05.2012


