Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Hər iki Bayramınız mübarək olsun!

Mirzə Xəzər 31 Dek 2008

no comments

Bu gün (31 dekabr) Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Sabah Yeni İldir. Hər iki Bayramınız mübarək olsun!

MİRZƏ XƏZƏR: «BİLİRLƏR Kİ, XARİC, QƏRB, ABŞ, AVROPA KƏSKİN ETİRAZ ETMƏYƏCƏK»

Mirzə Xəzər 30 Dek 2008

no comments

mirze xezer 55-1-1

2003-cü ilə qədər «Azadlıq» radiosunun Azərbaycan redaksiyasına rəhbərlik etmiş jurnalist Mirzə Xəzər «Media forum» saytına açıqlamasında Milli Televiziya və Radio Şurasının 2008-ci il dekabrın 30-da xarici radiostansiyaların yayımı ilə bağlı çıxardığı qərara münasibət bildirib.


M.Xəzər deyib ki, 1993-cü ildə Heydər Əliyev hökumətində dövlət katibi postu tutan Lalə Şövkətlə yaxın münasibətlərinə söykənərək radionun orta dalğada yayımına nail olub: «Həmin ilin sentyabrından radio orta dalğada yayımlandı, bu da onun dinləyicilərinin artmasına gətirdi. İndi isə söhbət FM dalğasından gedir. Radio bu dalğaya mən Azərbaycan redaksiyasının rəhbərliyindən gedəndən sonra keçib. Təzə hadisədir».

Radionun milli tezlikdən çıxarılmasını şərh edən jurnalist tarixə ekskurs edib: «2003-ci ildə məni işdən çıxaranda əsas onu irad tuturdular ki, Azərbaycandakı hadisələrə çox tənqidi yanaşıram, korrupsiyadan çox danışıram. Məni işdən çıxarandan sonra orta dalğanı təhvil verib FM-ə keçdilər. Adını da qoydular böyük nailiyyət. İndi də bu nailiyyətin sonu gəldi».


1998-ci il prezident seçkisi ərəfəsində «Azadlıq»ın orta dalğada yayımının dayandırıldığını xatırladan M.Xəzər o zaman 3-4 həftə mübarizə apardıqlarını və orta dalğanın bərpasına nail olduqlarını vurğulayıb: «İndi dövran başqa dövrandır».


Jurnalistin fikrincə, hakimiyyətin radiolarla bağlı qərarında bir məntiq də var: «Hökumətin arqumenti dövlətin suveren hüquqları çərçivəsinə daxildir. Təsəvvür edin ki, Azərbaycanın milli radiosu ABŞ-da FM dalğası alıb ingilis dilində təbliğat aparır. Buna Amerikada icazə verilməz, ona görə Azərbaycanda da icazə verilməz. ABŞ da müstəqil, suveren dövlətdir, Azərbaycan da. Bu yöndən yanaşanda Azərbaycan hakimiyyətinin addımı o qədər də qeyri-adi görünmür. Bircə o qalır ki, nə üçün məhz indi bu addımı atdılar».


«Sizcə, nə üçün» sualını M.Xəzər belə cavablandırıb: «Ola bilər, ABŞ-da prezident dəyişdiyinə, hamının başı bu prosesə qarışdığına görə, ola da bilər, Azərbaycan hakimiyyəti müstəqil olduğunu qabartmaq istəyir».


Bu qərarın Azərbaycan dövlətinin imicinə nə cür təsir edəcəyinə gəlincə, M.Xəzər vurğulayıb ki, hökumət bu məsələni bir günün içində həll etməyib: «Hər şeyi götür-qoy ediblər, bilirlər ki, xaric, Qərb, ABŞ, Avropa kəskin etiraz etməyəcək, bəyanatlardan o tərəfə getməyəcək. Yoxsa bu addımı atmazdılar».


M.Xəzərin dəyərləndirməsinə görə, Azərbaycan hakimiyyəti xarici radioları bağlamayıb: «Həmin radioların yayım üçün başqa imkanları var. «Azadlıq» radiosu populyarlığın ən pik nöqtəsinə qısa dalğada, verilişlər xırıltıyla yayılanda çatmışdı. Fəaliyyət və təsir dairəsini gücləndirmək üçün çox vasitə var. Bu imkanlardan istifadə edib öz verilişlərini yaya bilərlər».

«Media forum»

2008-12-30 - 19:39:00

"Respublikanı Xilas Edək!" - Respublika Naminə REAL İctimai Birliyinin Bəyanatı

Mirzə Xəzər 27 Dek 2008

no comments

kecmis_mitinq350


Bəyanat

Bakı, 25 dekabr 2008-ci il

Yeni tarix Azərbaycanı müsəlman aləminin cumhurriyətçilik örnəyinə çevirsə də, ən yeni dövrdümüzdə onun şahidiyik ki, ölkəmizə tərəqqi və hörmət qazandırmış Respublikaçılıq dəyərləri gözdən salınır. 1918-ci ilin indikindən daha çətin bir şəraitində, inandıqları dəyərlərə sədaqəti cəsarətlə qoruyub saxlaya bilən Azərbaycan Xalq Cümhürriyətinin baniləri Respublikaçılıq ideallarını gələcək nəsillərə miras qoydular. XX əsr, monarxların bir-bir yıxılması, respublika üsuli-idarəsinin zəfəri və danılmaz bəşəri uğurları ilə nəticələndi. Ona görə, bu mirasdan imtina etməyə biz azərbaycanlıların indi nə mənəvi haqqı, nə də ağılabatan səbəbi var.

Hazırda Azərbaycan, çağdaş dövlətçilik modelindən sürətlə üzaqlaşır. Orta əsrlərin Avropasında olduğu kimi, inhisarçılıq iqtisadi həyatımızın normasıdır. Nəticə etibarı ilə, siyasi sistemdə də rəqabət mühiti yox dərəcəsinə enib. Mədəni həyatımızın geriləməsi ən geniş dairələrdə etiraf olunur. Azərbaycanın elmi, insanlığın qabaqcıl suallarına cavab axtarmaqdan, onun problemlərinin həllindən çox üzaq düşüb. Təhsilimiz və ictimai şüurumuz dar, azadlığı rədd edən siyasi, iqtisadi, mədəni və sosial çərçivədə boğulmaqdadır.

Biz istədiyimiz inkişafın təməl daşları davamlı dəyişiklik, yeniləşmədir. Onlar isə yalnız ədalətli rəqabət üstündə qurula bilər – biznesdən tutmuş seçkiyədək, müsiqidən tutmuş kinematoqrafadək, texnoloji inkişafdan tutmuş bankaçılığa qədər bütün sahələrdə rəqabətin indiki ədalətsiz durumu bizi çox qayğılandırır. Ölkəmizi geriyə aparan rəqabətsizliyin bir effektiv alternativi varsa, bu da real Respublikadır.

O üzdən, biz, sözü gedən idealların yenidən fəal təbliğini qurmaq məqsədilə Respublikaçı Alternativ (REAL) adı altında ictimai birlik yaradırıq.

Inandığımız dəyərlər ölkəmizdə nə qədər tez yayılarsa, o qədər tez zamanda hələ Məmməd Əmin Rəsulzadənin çağırdığı “milli dirilik” gerçəkliyə çevriləcək. Millət olaraq, indiyə qədərki uğurlarımıza görə tariximizin milli dirilik epizodlarına borcluyuq. Gələcək qarşısında isə vəzifəmiz – həmin diriliyi millətimizin, insanlarımızın əsas özəlliyinə çevirməkdir.

REAL ictimai birliyinin ilk təqdimat konfransı 2009-cu il yanvarın 23-də Gəncə şəhərində keçiriləcək və bu haqda əlavə məlumat yayılacaqdır.

İlqar Məmmədov
Erkin Qədirli
Natiq Cəfərli
Şahin Abbasov
Emin Hüseynov
Aytən Qəhrəmanova

Əvvəlki məqalələr

Sonrakı məqalələr