Məlahət Ağacanqızı: Prezident üçün də artırma eyvan tikilisin
Məlahət Ağacanqızı
Hökumətin 8 günlük icazəli bayram şənlikləri polis müdaxiləsi olmadan, “Novruz!” qışqıranların başına dubinka dəymədən, dava-dalaşsız başa çatdı. Bu ölkədə qadağan olunmuş bircə tədbir var: sərbəst toplaşmaq azadlığı. Qadağan olunmuş bircə söz var: Azadlıq! Hətta onu təzə dil açan körpə də qışqırsa, mütəq polis şöbəsində dayəsinin vasitəçiliyi ilə izahat verməlidir. Deputatlarımız martın 17-dən başlayaraq qırmızı geyinib, sərhəd bölgələrində xidmət edən əsgərlərə yeni çap olunan kitablarını, şəkərbura, paxlava, rəngli yumurta... apardılar. Orda qızğın yumurta döyüşlərini qələbə ilə başa vurub, qəşəng-qəşəng rəqs etdilər. Xəbər portalları da sağ olsunlar, deputatların özfəaliyyətləri haqqında məlumatları isti-isti millətə çatdırdılar. Və məlum oldu ki, bu il də ən fəal deputat Qənirə Paşayeva olub. Lent.az-ın məlumatına görə “əsgərlər qarşısında çıxış edən millət vəkili onları təbrik edib və milli bayram ərəfəsində səngərlərdə olan hərbi qulluqçulara öz xidmətlərində intizamlı və dəqiq olmalarını arzulayıb”. Hərbu qulluqçularımıza eşq olsun, deputatın xahişinə əməl edib, səngərlərdə elə intizamlı və dəqiq oldular ki, paytaxtda hamı doyunca qoz-fındıq yedi, yallı getdi, prezidentimiz yumurta döyüşündə azğın kosanı uddu. Bizim camaata nəinki 8 gün, hətta ilin 12 ayı bayram etməyə rəsmən icazə verilsə, prezidentin canına dua edib, açdıqları süfrənin kənarından ayağa qalxmazlar. Nə veclərinə, ölkə xaricində yaşayanlar(canı çıxanlar) hər ay onlara “qrant” yollayırlar. Doğrudur, qayda-qanunla qrant təmənnasız verilir, onun əvəzi hər hansı bir şəkildə geri istənilə bilməz. Amma ölkə xaricindən qohum-əqrəbalarına “qrant”la yardım edənlər bir az fərqlidirlər: onlar ildə bir dəfə, Novruz bayramı ərəfəsində Vətəndən sovqat gözləyirlər.
Mart ayının əvvəlində bir tanışımla Sumqayıt Mərkəzi Poçtuna getmişdim. Poçtda böyüklərin hay-küyü, uşaqların ağlaşması bir-birinə qarışmışdı. Məktub, bağlama göndərilən şöbədə belində ərzaq torbası gəzdirənləri, qucağında əsgər forması tutanları görəndə elə bildim “Azərbaycanfilm” kinostudiyası “Bizim Cəbiş müəllim”in davamını çəkir. Sadəlövhlüyümü üzürlü sayın, Sovet dövründə böyüyən uşaqlar ancaq müharibədən bəhs edən filmlərdə elə dəhşətli “kadrları” görüblər. Sonra öyrəndim ki, Novruz sovqatını təkcə ölkə xaricində olanlara yox, həm də ölkədə xidmət edən əsgərlərə də yollayırlar. Demək olar ki, əsgərlər üçün gedən bütün bağlamalara corab, tuman, mayka qoyulurdu. Bəziləri övladına əsgər forması da yollayırdı. Yəqin fikirləşiblər ki, qoy uşaq bayram axşamı erməniyə təzə forması ilə acıq versin. Yaxınlığımda dayanıb, kağız qutuya oğlu üçün bayram sovqatı yığan ana ona kömək edən qadına deyirdi:”Keçən ay uşağa qəsəbə poçtundan kolbasa da yollamışdım. Amma kolbasanı götürmüşdülər, ona görə bura gəldim”. Xaricə göndərilən qutulara isə meyvə qurusu, ləbləbi, şəkərbura, paxlava yığılırdı. Təsəvvür edin, ünvanına çatana qədər kiflənən şəkərbura-paxlavadan, meyvə qurusundan ibarət 5-6 kiloluq sovqat üçün hər il 5-10 min manat “qrant” alan vətəndaşlarımız var. Hökumət də elə bilir ki, camaat onun verdiyi 85 manatla dolanır. Sovqat yollayanlar bağlamanın ünvan yerinə elə ölkə, şəhər adları yazırdılar ki, ömrümdə birinci dəfə idi o şəhərlərin adlarıyla rastlaşırdım. Kim bilir, bəlkə, Azərbaycanı tərk edənlər üçün adları dünya xəritəsinə düşməyən yeni şəhərlər salınıb, bizim xəbərimiz yoxdur. Sovqat göndərənlərin növbəsində ilginc hadisə də oldu: qucağında uşaqla dayanan qadını balaca şillələməyə başladı. Ana məcbur olub uşağı qucağından yerə qoydu. Balaca tez qaçıb kafellərin üstündə tullanıb-düşən uşaqlara qoşuldu.
Hər dəfə kafellərin üstündə tullandıqca ətrafa “qurr-qarr” səsləri və balacaların gülüşləri yayılırdı. Və bu balacaları çox əyləndirirdi. Vallah, gülən olmasaydı, mən də balacalara qoşulub əylənərdim. Bizim uşaqlığımız Sovet dövrünə düşdüyü üçün o zaman belə maraqlı əyləncələr yox idi. Bir kafeli yapışdıranda, yolu çəkəndə 20-30 il yerindən qopmurdu. İndi isə balcalar üçün bütün ölkə əyləncə atraksionudur. Sumqayıt Mərkəzi Poçtundakı vəziyyət də çox “əyləncəli” idi: binanın çöl tərəfində təmir gedirdi, içəridə isə yeni yapışdırılan kafelləri balcalar bir-birinin başına çırpırdı. Yeri gəlmişkən, Mərkəzi Poçtun bir-iki addımlığında olan Sumqayıt İcra Hakimiyyəti binasında da təmir işləri gedirdi. Məşhur “yaşıl bina”nın sarmaşıqlarını yolub, yeni icra hakimi üçün şahanə artırma eyvan tikirdilər. Qəribədir, Eldar Əzizov şəhər sakinlərinin artırma eyvanlarını sökmək haqqında əmr verib, amma özünə artırma eyvan tikdirir. Görünür, ARTIRMAya sahib olmaq üçün rəhbəri olduğun ölkənin, şəhərin, idarənin altını üstünə, üstünü altına çevirmək lazımdır...
Məlahət Ağacanqızı: Biz yeni prezident seçəcəyik, o, yeni iş yerləri açacaq...
Məlahət Ağacanqızı
Məcburiyyət qarşısında qalıb işsizlikdən ölkəni tərk edən ailə başçılarından birinin ölkə xaricində, digərinin ölkə daxilində yaşaması artıq milli adət-ənənəmiz kimi qəbul edilir. Əgər həmin ailələr dağılmış ailələr kimi qeydiyyata alınsa, ölkədə bircə xoşbəxt və uzunömürlü AİLƏ qalar. Zatən bütün ailələr də elə bircəcik, naməlum istiqamətdən ölkəyə zənbillə düşən AİLƏyə qurban getdi, faciələrlə baş-başa qaldı. Ailə xoşbəxtliyinin qısaömürlü olmasına baxmayın, BİZlər ailə uzunömürlüyü üzrə bütün ölkələri vurub keçmişik. Əsas uzunömürlü olmaqdır, xoşbəxtlik olmasa da səni heç kimi barmaqla göstərməz, içindəki ağrılardan xəbər tutmaz. Əlbəttə, buna görə ailə xoşbəxtliyinin hərtərəfli kefini çıxaran Əliyevlər ailəsinə minnətdar olmalıyıq. Onların lütfü sayəsində dağılmayan ailələrin əksəriyyətinin ən azından 19 illik ailə stajı, iki ölkədə ev-eşiyi var. İllər öncə işsizlikdən baş götürüb gedən kişilər başqa ölkələrdə özünə yeni ev-eşik qurmağa məcbur oldu. Və beləcə ailə xoşbəxtliyini bircə gün də yaşamayanlar uzunömürülü ailələr siyahasına daxil oldu. Sinəsinə döyən avropalı bizdəki analoqu olmayan ailələri yuxusunda da görə bilməz. Hara gedirlər köç-külfətlə gedirlər. Ya da uzağı eyni şəhərdə ayrı-ayrı evlərdə yaşayırlar. Bizim isə ayrı-ayrı ölkələrdə yaşamaq şansımız var. Belə həyat tərzi təkcə ailənin deyil, həm də hər iki cinsin uzunömürlü olmasına xidmət edir: ölkədə qalan qadın ər şapalağından, şillə-təpiyindən azad olur, kişi də arvad deyingənliyindən, zıqqıltlarından uzaq olur.
Bu mövzuya xalq folklorunda da geniş yer verilib: “Duman, gəl get bu dağlardan, dağlar təzə bar eyləsin. Nə gözlərim səni görsün, nə könlüm qubar eyləsin”. Yaxud, “qara salxım ağ olmaz, heyva dönüb nar olmaz. Hər gün ərini(arvadını) görənin ürəyində yağ qalmaz”. Ən yaxşısı ildə bir-iki dəfə bir-birinin evinə qonaq getməkdir. Onda çox hörmətli olursan. Çünki qonağa hörmət etmək bizim müqəddəs adətimizdir. Şəxsən mən artıq 18 ildir Türkiyəyə, övladlarımın atasının evinə ildə bir- iki dəfə “hörmətli qonaq” titulu ilə gedirəm. O da tətildən-tətilə bizə ən hörmətli qonaq kimi gəlir. Mən qonaq gedəndə şəkərbura, paxlava bişirib pay aparıram. O da gələndə rahat lokum, peynir helvası alıb gətirir. Adətimizdir, qonaq gedəndə əliboş getmək olmaz. Doğrudur, qonaqlıq günlərində arada mübahisələr də olur, amma dava-dalaş həddinə çatmırıq. Çünki hər ikimiz fikirləşirik ki, onsuz da biletini öncədən alan qonaqdır, yarasız-sarıqsız yola salsaq yaxşıdır. Yeri gəlmişkən, bu yaxınlarda, işsiz qalan, evə pul gətirməyən məhəlləmizdəki sonuncu kişini də 8 Martın səhəri arvadı evdən qovdu.
Diş texniki olan, lakin beş-altı ay öncə işdən çıxarılan kişi bir xeyli qapı arxasında arvadına yalvardı-yaxardı, amma qadının ürəyi yumşalmadı. Hətta kişi ona dedi ki, mənə 2013-cü ilə kimi şans ver, sonra hər şey yaxşı olacaq. Biz yeni prezident seçəcəyik, o, yeni iş yerləri açacaq, camaat normal maaş alacaq, sonra başlayacaqlar dişlərini düzəltdirməyə, mən də nə istəsən sənə alaram. Bu zaman qadın başını pəncərədən çıxardıb son sözünü dedi:”Sən 3 seçkidir məni aldadırsan, daha sənə inanmıram”. Sonra kişi dedi ki, imkan ver, ev işlərini mən görüm, uşaqlara mən baxım, sən get işlə, axı sənin də həkim diplomun var. Bu dəfə pəncərədən kişinin pal-paltarı küçəyə səpələndi. Və zavallı kişi paltarlarını palçığın içindən yığıb naməlum istiqamətə yollandı. İki-üç gün sonra məhəllədə xəbər yayıldı ki, evindən qovulan kişini YAP üzvü olan, tənha yaşayan bir xanım evinə aparıb. Bəlkə də kişi diş texniki olmasaydı, qadın ona heç yaxın da durmazdı. Sadəcə, YAPçıların dişlərini tez-tez itiləməyə böyük ehtiyacları var, ona görə aparıb. Bu da bir günlük bayramın fəsadları. İndi görün, bir həftəlik Novruz bayramında hansı faciələr baş verəcək. İşsiz, evə pul gətirməyən kişilərin paltarları pəncərədən palçığın içinə deyil, birbaşa bayram tonqalının içinə atılacaq. Yeri gəlmişkən, evdən qovulan, diş texniki olan kişi də hiss olunur ki, çox fərasətsiz olub. Guya 8 Mart gününə xanımına bir kiçik hədiyyə bağışlamaq belə çətin işdir? Bir protez diş düzəldib, üstünə də “canım mənim, arzu edirəm bu dişə 100 yaşında da ehtiyacın olmasın” yazsaydı, təsəvvür edirəm qadın necə sevinərdi. Ya da Hacıbala Abutalıbovun süni ağaclarından birini yerindən çıxardıb arvada bağışlamaq nə çətin işdir? Qadın pişik kimidir, bir xoş desən, sığallasan, ya da kiçik bir hədiyyə versən, gəlib başını kişinin ayaqlarına sürtəcək...
P.S. Xaricdə təhsil alan qızıma 8 Mart bayramında zəng edib hal-əhval tutmaq istədim. Dəfələrlə etdiyim çağrılara qızım kiçik bir mesajla cavab verdi:” Ana, mən dərsdəyəm”. Şərhsiz.
Məlahət Ağacanqızı: Əliyevlərin QASIRĞASIna düşüb görücü olanlar
Məlahət Ağacanqızı
Əliyevlər taxt-tacının gələcək taleyi haqqında indiyədək məşhur görücülər, tanınmış siyasətçilər müxtəlif proqnozlar verib, jurnalistlər saysız- hesabsız məqalələr yazıblar. Amma Ailə hakimiyyətinin gələcək taleyi haqqında ən dəqiq proqnozu Nemət Pənahlının anası Sara xanım verib. Sara Ananın müsahibələrindəki(“Azadlıq” qəzeti, 22.01 - 14.02.2012) cəsarətli, dəqiq fikirlərə ən məşhur görücü, ən tanınmış siyasətçi, ən cəsur jurnalist də qibtə edər:” Ölkə başçısının ətrafında bir nəfər olsun səmimi adam yoxdur ki, ona doğru yolu göstərsin. Zülm onsuz da heç vaxt cəzasız qalmır. Bunun bir sonu olacaq, özü də çox pis sonu olacaq. Pişik pişikdi, divara qısnayanda, qayıdıb adamın üzünü cırır. Adam öz övladının da haqqına girəndə, ata-anasının üzünə qayıdır. Bunu deyən, izah edən niyə yoxdur. İnanın ki, bu ölkənin başçısının sabah ayağı büdrəsə, birinci ona zərbəni ətrafındakılar vuracaq”. Hətta görücü Vanqanın gələcək haqqında dedikləri Sara Ananın fikirlərinin yanında çox sönük görünür. Məşhur görücü Vanqaya həsr olunan əksər məqalələrdə onun haqqında belə yazılıb:” Rəfiqələri ilə gəzişən Vanqa birdən göy üzünü iri qara bir buludun aldığını görür. Havanın dəyişdiyini görüb, kəndə tərəf qaçan Vanqanı qasırğa qızların arasından ağuşuna alır. Kəndlilər qızı daş-çınqılın, ağac budaqlarının arasından tapıb evə gətirirlər. Axşama yaxın gözləri qanla dolur, bir neçə gün sonra isə bəbəkləri ağarmağa başlayır”. Sara Ana da qasırğaya düşdü. Amma təbiətin qasırğasına deyil, Əliyevlərin QARA BULUDundan sonrakı qasırğasına. Təəssüf ki, yalnız dəhşətli qasırğadan sonra Sara Ana “görücü” oldu, prezidentin və onun ətrafında olanların faciəvi gələcəyini gördüyünü dedi. Əliyevlərin QASIRĞASIna düşüb “görücü” olan Nemətin təkcə anası deyil. Oğlunun haqsız həbs olunmasına dözə bilməyən atası da gözlərini əbədi olaraq yummamışdan öncə hakimiyyətin “ulduzlarına” baxıb və proqnozunu verib:”Bunlar nə namərd adamlar imiş, Nemətin haqqı bunları tutacaq. Nemət bunların yolunda nə əziyyətlər çəkdi, Allah bu zülmü yerdə qoymaz".
Nemət Pənahlı mitinqlərdəki bütün çıxışlarını əfsanəvi türk şairi Tofiq Fikrətin məşhur “Millət Şərqisi” şeiri ilə başlayıb, onunla da bitirirdi. Nemət o şeiri o qədər ürəkdən, həyəcanla oxuyurdu ki, aldığım zövqü indiyədək xatırlayıram. O şeiri sevən və milyonlara sevdirən insan heç vaxt Şərin yanında olmamalı idi. Və ya o şeirlə milyonları sehrləyən insan sonadək Şərin yanında qala bilməzdi. O zamanlar camaat danışırdı ki, Nemətin gözəl natiq olması üçün guya Heydər Əliyev ona xüsusi dərslər keçib. Bu, əlbəttə,
elə deyildi. Əgər elə olsaydı, həmin dərsləri, kiçik bir nitqində 10-15 dəfə səhvlər edən, təkrarçılıqdan dinləyicini yoran oğluna da verərdi. Nemət, Allah tərəfindən seçilən bir bəndə id. Sonra da o, Allahın ona bəxş etdiyi natiqlik qabiliyyəti sayəsində milyonları bir yerə toplamağı bacaran xalq qəhrəmanına çevrildi. Və Nemət xalqın seçilmiş bir oğlu oldu. Amma onu yenə seçən olacaqdı. Bu, Moskvada yaşayan, Azərbaycana nə yolla olursa-olsun qayıtmaq istəyən Heydər Əliyev idi. O da Neməti seçdi. Və Nemət Allahın
da, xalqın da seçilmişi, sevimlisi olduğunu unudub Şərin arxasıyca getdi. Bir dəfə Heydər Əliyev müəllim və tələbələrlə görüşlərinin birində ilginc bir etiraf etdi:” Mən ali məktəbə qəbul üçün heç kimi müəllimlərə tapşırmamışam. Hətta övladlarım üçün də xahiş etməmişəm. Bircə Nemət Pənahlıdan başqa:onu imtahansız Bakı Dövlət Universitetinə mənim xahişimlə qəbul ediblər”. Əlbəttə, Heydər Əliyevin bütün “imtahanlarını” uğurla verən abituriyentin ali məktəbə imtahan verməsinə nə ehtiyac var idi?
Bir vaxtlar camaatın danışdığı həqiqətləri- Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində Nemət Pənahlının böyük xidmətlərinin olmasını bu gün anası da etiraf edir:”Bu günə kimi Nemətə Heydər Əliyevə kömək olmaqdan başqa bir qüsur tapıb deyən olubmu? Bunları İlham Əliyev bilmir?”. Əlbəttə bilir! Amma indi İlham Əliyev atasına hakimiyyətə gəlməyə kömək edənləri yox, atasının ona miras qoyduğu kürsünü sevir, qoruyur...
P.S. Maraqlıdır, Nemət indi zindanda Tofiq Fikrətin hansı şerini oxuyur? Bəlkə, “Han-ı Yağma” şerini:
...Yiyin efendiler yiyin, bu iştah veren sofra sizin
Yiyin hırsızlar yiyin, bu han-ı iştiha sizin,
Doyunca, tıksırınca, çatlayıncaya kadar yiyin!..


