Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: İlin ən kədərli məktubunu Orxan Kərimov yazdı

Mirzə Xəzər 25 Dek 2011

no comments

melahat 

Məlahət Ağacanqızı
 

 


Müdriklər deyib: dünyada sonuncu yaxşı adam qalana kimi yaşamaq olar. Bu dəyərli sözləri ölkələrə, nazirliklərə, idarələrə, ailələrə də aid etmək olar. Əlbəttə, xoşbəxt o insandır ki, o, ümidini bir yaxşı adama bağlayıb yaşamır. Hara baxır, kiminlə qarşılaşır, kimi tanıyır hamısı yaxşı adam olur. Amma təəssüf ki, BİZ-lər elə xoşbəxtlərdən deyilik. Tək umidimiz bir-iki yaxşı adam olur hər yerdə, amma onları da məmləkətə, millətə çox görüb hər fürsətdə məhv edirlər. Ölkədəki dövlət idarələri o qədər çirkaba bulaşıb ki, qəlbi qara rəhbərlər divarları arasında nəfəs alan tək-tük saf, istedadlı, savadlı adamların da ziyasına dözə bilmirlər. Dövlət idarələrində dəyərli insanların, savadlı kadrların soyqırımı başlayıb. Onları “naməlum obyektlər” işdən çıxardır, həbs etdirir və hətta öldürürlər. Uzağa getmək lazım deyil: uşağın da, böyüyün də yaxşı adam, peşəkar hərbiçi kimi tanıdığı general Rail Rzayevin varlığına divarlarına əsgərlərin qanı çilənən Müdafiə Nazirliyinin binası dözə bilmədi. General müəmmalı şəkildə qətlə yetirildi. Ölkədə “təmizlik” işləri aparan “bomj”lar akademik Rafiq Əliyevi Azərbaycan Dövlət Neft Akademiyasının divarlarına “yaraşdırmadılar”, dəyərli ziyalını işdən çıxartdılar. Üz-gözündən saflıq tökülən, damarlarından mərd bir kişinin, istedadlı şairin- Əli Kərimin qanı axan Orxan Kərimovun təmizliyinə Təhsil Nazirliyinin rüşvət qoxuyan divarları tab gətirmədi. Təhsildəki cinayətlərini ört- basdır etmək üçün quldurlar artıq səkkiz aya yaxındır Orxan bəyi Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə zindana salıblar. Əslində isə bir dəfə də məktəb qapısından girməyən, məktəb zirzəmilərində gününü başa vuran uşaq da bilir ki, Orxan Kərimovu “ vəzifədən sui-istifadə etməmə, rüşvət almama” maddəsi ilə həbs ediblər.

 

Bu günlərdə Orxan bəy həbsxanadan “Azadlıq” (20.12.2011) qəzetinə məktub yollayıb. O ürək ağrıdan, göz yaşardan məktuba “İlin ən kədərli Məktubu” demək olar. Dəyərli qələm dostum Pərviz “Əli Kərimi ikinci dəfə öldürdülər” adlı köşəsində Orxan bəyin kədərli şeirə bənzəyən məktubunu elə hərtərəfli təhlil edib ki, ona göz yaşlarından başqa heç nə əlavə etmək olmur. Yeri gəlmişkən, əziz şairimiz Əli Kərimin ciyərparası haqsz həbs olunandan sonra onun müdafiəsinə ancaq gənc yazarlar qalxdılar. O yazarlar ki, onlar dünyaya gəlməmişdən şair vəfat etmişdi. O yazarlar ki, onlar Əli Kərim şerini ürəklərində sevirlər, pıçıltı ilə oxuyurlar. Çünki Əli Kərim ürəkləri fəth edən şairdir. Onun şeirləri ən çətin anlarda insanların ürək dostuna çevrilir, təsəlli verməyi bacarır. Təəssüf ki, Əli Kərim şerindən hay-küylə danışanlar, onun dostu, sirdaşı olduğunu deyənlər, şairin günahsız yerə həbs olunan övladını pıçıltı ilə də müdafiə etməyə qorxdular. Orxan bəy demiş, “sanki hansısa bir qatı terrorçunu” həbs ediblər. İndiki zamanda-ölkədə yaltaqlığın, qorxaqlığın tüğyan etdiyi bir vaxtda mərd bir OĞULUN müdafiəsinə qalxmağa hər “dost”un, hər kişinin, ağsaqqal sayılanın gücü, qeyrəti çatmaz. Kim bilir, bəlkə də Əli Kərimin müqəddəs ruhu qəlbi daşlar üçün bu misraları pıçıldayır:” Siz onun qədrini biləsiz deyə, bu cavan yaşında ölsünmü indi?”

 


Ürəyindən əməliyyat olunan və müalicəyə ehtiyacı olan Orxan bəy məktubunda yazır: “Faktiki mən 7 aydır ki, ixtisaslaşmış tibbi yardım ala bilmirəm. Hüquqi dildə belə münasibətin yalnız bir adı var - işgəncə. Beynəlxalq konvensiyalara görə hətta hərbi əsirlərin tibbi yardım almaq hüququ var. Heç olmasa, Hippokratdan utansınlar”. Orxan bəy, Allahdan qorxmayanlar, Məhəmməd Əmin Rəsulzadə ideyalarına əməl etməyənlər, Əli Kərim poeziyasını duymayanlar, şəhidlərdən, millətdən utanmayanlar, Hippokratdan utanarmı?! Onların xəyanət etmədikləri, qorxduqları, utandıqları, qarşısında baş əydikləri, diz çökdükləri ancaq bir ad var- Heydər Əliyev! Onlar ulu öndərlərinə and içiblər ki, Azərbaycanda sonuncu yaxşı adamı çərlədənə kimi mübarizə aparacaqlar. Onların qanunlarında Hippokratın andını pozmaq olar, amma Yappokratın yox...

 


P.S. Orxan Kərimovun ürəyinə stend qoyulub. Əslində isə Təhsilin ürəyinə stend qoymaq lazımdır, daxili damarları çoxdan tutulub, ərp bağlayıb, ən zəif döyüntülər də eşidilmir...

 

Məlahət Ağacanqızı: Həzz verməyən ölkədə təsirsiz həvəs dərmanları

Mirzə Xəzər 13 Dek 2011

no comments

melahat 

Məlahət Ağacanqızı
 

 

Yəqin çoxu fikir verib, şəhər və qəsəbələrdəki qəzet köşklərini, kitab mağazalarını uçurdub, yerində apteklər tikirlər. Hətta çoxu küçəyə baxan pəncərəsini, qapısını söküb otaqlarından birini və ya bütün evini “Aptek” edib. Hiss olunur ki, apteklərdə şıdırğı alver gedir. İndi bir məhəllədə 4-5 aptekə rast gəlmək olar, amma böyük bir qəsəbədə, kənddə bir qəzet köşkü, kitab mağazası tapmaq mümkün deyil. Kitab mağazalarının, qəzet köşklərinin yerində apteklərin peyda olması hökumətin xalqın başının deyil, bədəninin qayğısına qalmağı ilə bağlıdır. Telekanallarda ən çox bədənlə bağlı verlişlərin, filmlərin, reklamların verilməsi də bunu sübut edir. Apteklərin bolluğundan hiss olunur ki, ölkədə dərmana, tənzifə, pambığa... böyük tələbat var. Necə də olmasın?! Axı ölkəmizdə qəzaya düşənlərin, intihar edənlərin, bir-birini bıçaqlayanların sayı gündən-günə çoxalır. Dünyadakı ən peşəkar cərrahlar “bıçaqlananlara yardım” sahəsində cəsur həkimlərimizin əlinə əməliyyat zamanı əlcək keçirtməyə də layiq deyillər . Ölkəmizdə ağır bıçaq xəsarəti ilə xəstəxanaya daxil olanların hamısını həkimlərimiz xilas ediblər. Bir müddət öncə 7 bıçaq zərbəsi alan müğənni Faiq Ağayevi 4-5 günün içində sağaldıb səhnəyə çıxartdılar. Müğənni indi əvvəlkindən də qəşəng tullanıb-düşür. Noyabrın 19- u evinə getdiyi yerdə 7 bıçaq zərbəsi alan Rafiq Tağını da həkimlərimiz 3 günün içində sağaltmışdılar, amma təəssüf ki, yazıçını qorumaqda səhlənkarlığa yol verildi.

 

Məmləkətdə “bıçaqanma xəbərləri” hava məlumatı kimi gündə 4-5 dəfə teleradionun bütün kanallarından deyilir. Artıq ölkə əhli üçün “ər arvadının başını kəsdi” xəbəri “ilıq külək əsdi” hava proqnozu ilə eynidir. Xoşbəxt ölkələrdə insanlar sevdiklərinin vücudundakı həssas nöqtələri sevgi bəxş etməyə görə öyrənməyə cəhd edir, bizim bədbəxt ölkəmizdə isə adamlar balta- bıçaq zərbəsi üçün vücudda “nöqtələr” axtarır. Bəla ondadır ki, belə qorxulu ölkədə dəst halında satılan bıçaqların, baltaların çeşidi gündən-günə artır. Bu dəqiqə ölkədə səfərbərlik elan olunsa, 7-dən 77-ə kimi hamı “silahını” çiyninə atıb döyüşə yollanar və Qarabağı düşmən tapdağından bir gecənin içində azad edərlər. Maşallah, göz dəyməsin, bizim camaatın cüzdanında pulu olmasa da cibində 3-4 bıçağı həmişə var. Soyuducusunda ət olmasa da, evinin hər küncündə bir baltası var. Elə ona görə də Ali Baş Komandan hər çıxışında deyir ki, bizim güclü ordumuz var və hər an döyüşə hazırdır. Zarafat deyil, analar, müxtəlif çeşiddə baltalara, bıçaqlara qırmızı lent bağlayıb, ailə, məhəllə münaqişələrində fəal iştirak etmək üçün övladlarına cehiz verirlər. Balta-bıçaq ölkəmizin rəmzi, evimizin dirəyidir. Top, raket, avtomat, tapança kimi silahlar bizim camaatın cibində gəzdirdiyi küt bıçağın, mətbəx rəfində saxladıqları sapsız baltanın yanında uşaq oyuncağıdır. Silahın böyük, güclü olması vacib deyil, əsas odur ki, silahdan həvəslə istifadə edə biləsən, gördüyün işdən həzz alasan. Yeri gəlmişkən, kənd aptekində işləyən bir tanışım kənddə ən çox həzz artıran, həvəs gətirən preparatların satıldığını deyir. Hər dəfə rastlaşanda, o, kənddəki alıcılardan ilginc əhvalatlar danışır. Deyir ki, çox vaxt çobanlar dağlardan eşşəklə, atla gəlib tez-tələsik aptekdən “bazarlıq” edib yatağa qayıdırlar. Aptekdə işləyən xanımın dediyinə görə elə çoban olur ki, heç atdan düşmür, eləcə aptekin qabağında atını qamçılayıb kişnədir, o da lazım olan “vacib” dərmanı büküb ona verir. Əgər at kişnəyəndən sonra satıcı 1-2 dəqiqə geciksə, çoban atı daha möhkəm qamçılayır, zavallı at da hirslə ayaqlarını yerə döyür və başını qapıdan içəri salıb daha hündürdən kişnəyir. Eşşəklə gələnlər isə eşşəklərini anqırdıb “siqnal” verirlər. İndi görün, uca dağların başında, səs-küydən, əsəb və gərginlikdən uzaq olan bir yerdə qalan çobanlar “həvəs dərmanı” hesabına yaşayırlarsa, şəhər hay-küyü, problemləri, tıxacları, ev-məhəllə söküntüləri içində itib batanlar nə gündədir. Görünür, çobanlar dağlardakı canavarların qorxusundan həzz, həvəs dərmanı içib şirə, aslana dönürlər. Əcəba, bütün məmləkətə daraşan acgöz CANAVARLARlardan qurtulmaq üçün nə etmək lazımdır?!..

 

 

P.S. Əgər vətəndaş ona həzz verən ölkədə yaşamırsa, istəyir vaqon-vaqon həvəs artıran dərman içsin, heç bir xeyri yoxdur, özünü tənha və bədbəxt hiss edəcək...
 

Məlahət Ağacanqızı: Yüngül Atletikanın arxasında kimsə yoxmu?!

Mirzə Xəzər 25 Noy 2011

no comments

melahat 

Məlahət Ağacanqızı

 

Təhsilə analoqu olmayan zərbələr vuran Misir Mərdanovun sayəsində artıq övladlarımızı idman dərsindən də repetitor (məşqçi) yanına qoyuruq. Kim bilir, bəlkə, əmək təlimi, rəsm dərslərindən də hazırlığa gedənlər var. Axı bu dəyərli dərslər orta məktəblərdə ümumiyyətlə keçirilmir. Pulla diplom alan idman, əmək, rəsm müəllimlərinin adı kağız üzərində yalnız direktorun “əlavə maaşı”na görə gedir. Ayda- ildə bir-iki dəfə məktəbə gələn, əllərini yuxarı qaldırmağa ərinən, yekə qarnını qaşımaqdan başqa heç bir hərəkət etməyi bacarmayandan idman müəllimi olarmı? Və ya 3 yaşında dərrakəli uşağın da çəkdiyi Günəş, alma, armud… şəklini çəkə bilməyən Xaladan rəsm müəllimi ola bilərmi? Evdəkiləri dadsız-duzsuz, yanıq yeməkləri ilə bezdirən, köynəyin boşalan düyməsini bərkitməyi bacarmayan Bibidən əmək müəllimi ola bilərmi? Sovet hökumətinin vaxtında oxuyanları elə orta məktəbdən, məşhur filmdə deyildiyi kimi “studentka, komsomolka, sportsmenka, nakones- prosto krasavisa!” edirdilər. Ona görə də sovet təhsilini görənləri dəyirmanın bu başından ölü salanda, o biri başından diri çıxırlar…


Bəli, bu, acı bir həqiqətdir ki, orta məktəblərdə idman, əmək, rəsm dərsləri keçirilmir. Məktəbdə oxuyan üç övladımın əmək dərsləri “kim nə istəyir yesin-içsin”, rəsm tapşırıqları isə “kim nə istəyir çəksin” olub həmişə. Yenə insaflıdırlar, heç olmasa məktəblərdə yemək- içməkdə, yaradıcılıqda azadlıq verirlər barı. Yoxsa deyə bilərdilər ki, ulu öndərin portretini çəkin, heykəlini düzəldin, ya da Babanızın ad gününə tort bişirin. Yeddinci sinifdə oxuyan və yeddi ildir idman dərsi keçməyən, lakin qaçıb-tullanmağa böyük həvəsi olan oğlumu idman məktəbinə üzv yazdırmazdan öncə bir neçə dost-tanışla məsləhətləşdim. Biri dedi, uşağı futbola qoy, arxasında Rövnəq dayanıb, krosovkanı, tuman- köynəyi pulsuz- parasız verir. Başqası dedi ki, yox, boks yaxşıdır, arxasında Kəmaləddin dayanıb, onun idmançıları məşqdən sonra “Jalə” şirəsi ilə çimirlər. Tərslikcə, hamı yüngül atletikadan başqa bütün idman növlərinin adını çəkir, arxasında dayanan “dayı”ları tərifləyirdi. Nəhayət, dözə bilməyib soruşdum:”Bəs Yüngül Atletikanın arxasında kimse yokmu?” Elə bil qurbağa gölünə daş atdılar. Ən dəhşətlisi isə yanımda dayanan övladıma yetim kimi baxmağa başladılar. İndi ata-anasını itirənlər yetim sayılmır ki, təki sponsorun canı sağ, cibi dolu, gözləri parıltılı olsun. Misal üçün, futbolun, boksun, müğənnilərin… sponsorları kimi. Gözlük taxandan da prezident, nazir, sponsor olar? Mümkün deyil! Yeri gəlmişkən, bizim camaat gözlüyə də eynək deyir. Elə ona görə də ziyalı ilə quldurun fərqini bilmir. Normal ölkələrdə ağ şüşəli gözlük taxan savadlı adamlara vəzifə verilir, hörmət olunur, Azərbaycanda isə qara eynək taxan quldurlar yuxarı başda oturur, hörmətli sayılır. Azərbaycan Yüngül Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadənin gözlüyündən anlamaq olur ki, yeyib-içən, kef edən, əylənməyi sevən, qladiator bəsləməyə həvəsi olan oğlanlardan deyil. Elə ona görə də o, ömrü boyu “atletlərimiz futbol stadionlarında məşqlər edir. Yüngül atletikanın disktullama və çəkicatma yarışları üçün böyük əraziyə malik meydançalar olmalıdır. Ölkəmizdə isə belə stadionlar yoxdur” deyə-deyə qalacaq. Bütün stadionlara, meydançalara “SOCAR” möhrünü vurub, kimin həddi var o ərazilərdə disk tullasın, çəkic atsın. Qara eynəklilər ordusu idmançının başını çəkiclə əzərlər, bədənini disklə doğrayarlar. Ən uzaq məsafəyə qaçmaq, hündürlüyə tullanmaq bizim nəyimizə lazımdır? Elə hərəkətlər konstitusiya qanunlarımıza ziddir. Ən salamatı, meydana bir TOP tullayıb 90 dəqiqə, üzr istəyirəm, 18 il o baş bu başa qaçmaqdır. Ya da RİNQi zəbt edib, qəfildən millətin çənəsinin altından bir yumruq vurub, nokaut etməkdir. Xaincəsinə vurulan zərbədən huşunu itirən millət 18 ildir ayıla bilmir…


Müəllim oğlumdan “60 metri neçə saniyəyə qaçırsan?” soruşanda, az qaldı uşağın “çətin”sualın qorxusundan ürəyi getsin. Mən elə bilirdim Misir Mərdanovun məktəbində oxuyanlar üçün ən çətin suallar fizikadan, riyaziyyatdan, kimyadan… olar. Amma zavallı şagirdlər hətta idmana aid sullara da cavab verməkdə əziyyət çəkirlər. Oğlum məşqçi-müəllimin ev tapşırıqlarını yerinə yetirmək üçün səhər tezdən evdən çıxıb üzü dənizə tərəf qaçanda, yolda ən azından 10-15 nəfər arxasıyca “a bala, kim batıb?” qışqırıb. Neyləsinlər, BİZ axı kimsə batanda, öləndə qaçırıq. Bir azdan o da olmayacaq, hamı birdən batacaq…

 

Əvvəlki məqalələr

Sonrakı məqalələr