Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: Yazarın erkəyi dişisi olmaz!

Mirzə Xəzər 28 Yan 2012

no comments

melahat 

Məlahət Ağacanqızı

 

Şanlı ölkəmizdə hərə başını bir cür dolandırır: kimi ailəsinin ruzisini min bir əzab-əziyyətlə, alın təri hesabına qazanır və Allaha şükür edir. Kimi də ailə xəzinəsini min bir fırıldaqla doldurub Prezidentinə şükür edir. Ailəsini dolandırmaq üçün özünü oda-közə vuran həkimlərimiz həddən artıq çoxalıb. Doğrudur, onların əksəriyyəti ən ağır xəstəni bir quru otla, bir zəli ilə və ya bir dəfə qoyun dərisinə salmaqla sağaldacağını vəd edir, amma elə həkimlər də var ki, ən müasir müalicə üsullarına üstünlük verir. Misal üçün, “Cinsi zəiflik- bütün növləri, istənilən yaşda!” harayları ilə şəkli və ünvanı, telefon nömrəsi əksər saytların, qəzetlərin başında yer alan doktor Süleyman Cəbrayılov kişilərin cinsi zəiflik problemlərini müasir üsullarla, ağrısız, çapıqsız həll edəcəyini vəd edir.Tez-tez yazdığı məqalələrdən hiss olunr ki, doktor gecə-gündüz fikirləşir, problemlərdən xilas olmaq üçün qısa çıxış yolları axtarır. Həkimin araşdırmaları ilə “Qafqazinfo” saytında tanış olandan sonra kişilərin vəziyyətinin çox ağır olduğu anlaşılır: “35-40 yaşına çatmış kişilərin təxminən 40%-i cinsi zəifliyin müxtəlif formalarından əziyyət çəkir. Cinsi fəaliyyət aktının tam itməsi halları 50 yaşlı kişilərin 20%-də, 70 yaşlı kişilərin isə 50%-də rast gəlmək olar”. Və bu kiçik “anons”dan sonra hörmətli doktor oxuculara uzun-uzadı məsləhətlər verir, xəbərdarlıqlar edir. Ən maraqlısı isə odur ki, doktor Süleyman Cəbrayılov bütün məsləhət və tövsiyyələrini başını aşağı salaraq çəkdirdiyi şəklin üstündə verir. Əcəba, doktor verdiyi məsləhətlərdən xəcalətmi çəkir?! Əlbəttə çəkir! Çünki bilir ki, məmləkətdə 35-40 yaşına çatmış kişilərin təxminən 50 %-i işsizliyin müxtəlif formalarından əziyyət çəkir. İş fəaliyyətinin tam itməsi halları ilə isə 50 yaşlı kişilərin 80 %-i, 70 yaşlı kişilərin isə 95 % üz-üzə qalıb, “müalicələri” mümkün deyil. Elə isə həkim qardaş niyə “müalicənin bütün formalarına zəmanət verirəm” deyib, faciə içində vurnuxan kişilərlə məzələnir? Ona görə ki, özü də işsizlikdən, bir tikə çörək pulu qazanmaqdan ötrü möhkəm əziyyət çəkir. Axı xəstələr böyrəklərini, prostat vəzilərini, cinsiyyətlərini itirmək təhlükəsi ilə üz-üzə qalsalar da heç vaxt həkimə müraciət etmirlər. Cəhənnəmə ki! Işləmək və yaşamaq üçün əsas əldi, ayaqdı, dişdi. Ustad Aşıq demişkən:” Ayaq getdi, əl gətirdi, diş yedi”. Təki onlar etibarsız çıxmasınlar, formadan düşməsinlər. Həkimə getmək, müayinə, müalicə üçün vaxt və pul lazımdır. O isə Azərbaycan kişilərinin 90% -də yoxdur. Qalan 10% isə xaricdə müayinə olunan, yerli həkimləri bəyənməyən, vicdanını, qeyrətini, insanlığını... itirən kişilərdi. Onlar müayinədən sonra zəng edib arvadlarına nə deyirlərsə, xaricdən qayıdanda xanımlarını evdə tapmırlar. Arvadla bərabər məşqçi, cangüdən, sürücü, gözətçi də yoxa çıxır...


Bir həkim isə iki-üç həftə öncə televiziya verlişlərinin birində cinsini dəyişmək istəyən xəstələrindən danışırdı. Fəxrə deyirdi ki, Azərbaycanda cins dəyişməyi bacaran yeganə həkim mənəm və artıq 35 xəstəm var. Arada əməliyyat olunan xəstələri də üzlərini gizlətməklə, arxa tərəfdən tamaşaçılara göstərirdilər.Yaşı 35-i, 40-ı keçən cinsini dəyişənlər danışırdı ki, həyatda özümüzü kişi kimi sübut edə bilmədik, indi istəyirik qadın kimi özümüzü sınayaq. Xəstə ki, xəstə: bu zavallılar başa düşmür ki, 35-40 yaşdan sonra anadangəlmə qadın olanlar bu ölkədə özlərini sübut etməyə çətinlik çəkir, üzlərinə qapılar çırpılır, bunlar isə uğur qazanmaq üçün 40 yaşdan sonra cinslərini dəyişirlər. Yəqin qadın müğənni olmaq istəyirlər...


Qadın və kişi problemləri jurnalistlərin də çörək ağacıdı. Misal üçün, “Yeni Müsavat” qəzetinin əməkdaşı E.Salamoğlu bu sahədə çox ciddi işlərlə məşğuldur. O, bu yaxınlarda “Xanım köşə yazarları niyə azdır?” araşdırmasında şok məlumatlar, faktlar üzə çıxardıb: “Azərbaycan mediasında, eləcə də internetdə köşə və bloq yazarlarının sayı gündən-günə artır. Ancaq bu artım birtərəfli şəkildədir. Yəni köşə yazarları arasında tək-tük xanım müəlliflərə rast gəlmək olar. Müxalifyönlü qəzetlərdə xanım köşə yazarları ümumiyyətlə barmaqla sayılacaq qədər azdır. Əksəriyyət kişi cinsinin nümayəndələridir. Bəs Azərbaycanda bu tendensiyanın səbəbi nədir? Niyə mətbuatda xanım köşə yazarları qıtlığı var?” Məqalənin bu yerində hiss olunur ki, E. Salamoğlu möhkəm qəzəblənib. O, davam edir: “Azadlıq” qəzetində isə iki xanım jurnalist köşə yazıları ilə çıxış edir. Onlar Zümrüd Yağmur və Səadət Cahangirdir”. Sağ olsun Salam kişinin oğlu! Üç ilə yaxındır “Azadlıq” qəzetində köşə yazan üçüncü xanımı, yəni məni, kişi kimi gördüyü üçün ona təşəkkür edirəm. “Azadlıq”ın kişi yazarları sırasında olmaq böyük şərəfdir! Sadəcə, balaca oğlum o xəbəri oxuyandan sonra çox üzüldü. O,“ana, sən kişi yazarsan?” soruşanda , “guya bilmirsən” cavabını verəndə uşaq təəccüblə mənə baxdı. Məni bu sual-cavab bəlasına salan E. Salamoğlunun xətrinə uşağa özüm barədə daha geniş məlumat verdim: Bəs hər köşəsində namərd əmilərin, vicdansız dayıların ağız-burnunu vurub dağıdan kimdir, oğlum? İndi də deyəsən növbə E. qağana çatıb. “Ana, E, kimdir?” Şərhsiz.

 

 

Məlahət Ağacanqızı: İlhamlı ölkədə ilhamsız köşə yazarları və Gena

Mirzə Xəzər 12 Yan 2012

no comments

melahat 

Məlahət Ağacanqızı

 

Geridə qalan Yeni il bayramını ölkəmizdə hərə bir cür qeyd etdi. Kimi konsert biletinə 500, 1000 manat verib Tarkanı dinləyə-dinləyə qarnı şişənə qədər yeyib-içdi, kimi də bayram axşamı yeməyə heç tarakan da tapmadı. Böyükləri deyə bilmərəm, amma neft ölkəsində balacaları ac saxlamaq, üzmək, onları heç olmasa bayramlarda sevindirməmək bişərəflikdir. Şaxta Babaları saxta olmayan normal ölkələrdə hər yeni ilin səhəri balacalar evdə bəzədilən küknar ağacının altına qoyulan hədiyyələri görmək üçün yuxudan tez oyanırlar. Bizim ölkəmizdə isə uşaqlı-böyüklü hamı yuxudan günorta durur. Çünki bilirlər ki, küknar ağacının altina çürük qoz da qoyan olmayacaq. Evdəki küknarların altı boş olsa da, küçə və parklardakı ağacların altı həmişə dolu olur: kimi ətəyini yuxarı çəkib baldırının, kimi kreditlə götürüdyü maşınının, kimi doğmağa hazırlaşan inəyinin üstünə “SATILIR” yazıb ağacların altında dayanır. Baldır da, maşın da, inək də və başqa şeylər də cəhənnəmə, amma yeni ilin səhəri küçədəki küknar ağacının altında dayanıb, velosipedinin üstünə “SATILIR” yazan uşağın qəmli gözlərini, kədərli üzünü vicdanlı Şaxta Baba görsəydi, yəqin ki, xəcalətdən yerə girərdi. Bir ölkədə ki, balaca uşaq sevimli oyuncağını satışa çıxardır, demək o ölkədə artıq Qiyamət günüdür. Ən yaxşısı odur ki, torpağı-daşı, yerüstü-yeraltı sərvətləri satılan ölkənin alnına iri hərflərlə “SATILIB yazılsın, camaatın da elan, plakat yazmaqdan canı birdəfəlik qurtarsın. Axı 10-12 yaşlı uşaq nə günahın sahibidir ki, bayram günü hədiyyə almaq əvəzinə, özünün düzəltdiyi velosipedini satışa çıxardır? Məcburiyyətdən sevimli velosipedini satışa çıxardan balacanın əlləri uzun müddət çilingər, pinəçi işləyən yaşlı adamın əllərinə bənzəyir: qapqara, kəsik-kəsik. Axı o, satışa qoyduğu velosipedin hər hissəsini bir dərədən min bir əziyyətlə axtarıb tapmışdı. Satmağa yox, dostları ilə bərabər sürmək, yarışmaq, əylənmək üçün düzəltmişdi o velosipedi. Əgər həmin velosipedi hansısa yüksək vəzifəli məmurun oğlu düzəltsəydi, yəqin ki, o uşağın adını atası ən gənc ixtiraçı-alim kimi Ginnesin “Rekordlar” kitabına salmışdı. Amma harınların qudurğan balalarının adlarının düşdüyü “kitab”lar da var. Misal üçün, “Ən bahalı villa sahibləri”, “Ən bahalı toy edənlər”, “Nəsli kəsilmiş heyvan ətini yeyənlər”, “ Məşuqələrinə ən bahalı hədiyyə alanlar”, “Dünyanın ən bahalı maşınlarını səkidə sürənlər”, “Ayaqyoluna köməkçi ilə gedənlər” və.s. Bu məmləkətdə böyüyən uşaqların yarısı nə etsələr, nə istəsələr “bu dəqiqə alaram ” deyilir, yarısı isə hətta ən adi oyuncaqları, şirniyyatları istəyəndə “pulum yoxdur” səslənir. Əcəba, uşaqlara deyilən “pulum yoxdur” sözü kimi cəhənnəmin başqa izahı varmı görəsən bu ölkədə?..


Əslində, köşəmin qəhrəmanı- Gena haqqında çoxdan idi bir hekayə yazmaq istəyirdim, təəssüf ki, köşə yazası oldum. Görünür, bədii yaradıcılıqla məşğul olmaq bir daha bizə heç vaxt qismət olmayacaq. Eybi yoxdur, qoy bu faydalı, zövq verən, baş ağrıtmayan işlə “mən ədəbiyyata xidmət edirəm, köşə yazanlar ilhamı tükənənlərdir” deyib, roman, povest, poema yazan, ilhamı bol olan yazıçılar, şairlər məşğul olsunlar. Əlbəttə, parıldayan binaları, heykəlləri, parkları, fəvvarələri, dükanları, şadlıq evləri… bol olan ölkədə ilhamlanıb şeir, poema... yazmayan köşə yazarlarına “ar olsun!” deyilər. İlhamsız qələm əhlinə hər ad vermək mümkündür. Məmləkətdə beş- altı ilhamsız köşə yazarı qalıb, onları da “naməlum obyektlər” yox etsəydi, hökumətin canı dincələrdi: ölkədə güllər meri, bülbüllər deputatları, camaat prezidenti cəh-cəh vura-vura səsləyərdi. Hamı bir-birinə “can” deyib, “can” eşidərdi. Zarafat deyil, başqa ölkələrdə ilhamı hətta xəyalən çağırmaq, görmək üçün yazarlar min cür dil tökürlər, dualar edirlər, bizim ölkəmizdə isə ilham evlərə, yaradıcılıq otaqlarına dəvətsiz, çağırışsız ətli-qanlı, sözlü-söhbətli halda gəlir. Əsərləri dünya ədəbiyyatı xəzinəsinə daxil olan dahilər ilhamın heç xəyalını da görməyiblər, amma bizim yazıçılıq, şairlik bileti olanlar bayramlarda şəxsən ilhamdan orden-medal alırlar, bir-birinin əlini sıxıb, qucaqlaşıb öpüşürlər. Əsas, ilhamla qucaqlaşıb öpüşməkdir, təqaüd, orden-medal almaqdır, yazmağa həvəs, cürət olmasa da, lal-kar yaşanan uzun bir ömür Vətənə, ədəbiyyata xidmət sayılır. Gözləyin, şanlı ölkəmizdə bir azdan vaxtsız ölənlərə “Vətən xaini”, intihar edənlərə “Fərari” adı verilməsi haqqında qərar da qəbul olunacaq...

 

Məlahət Ağacanqızı: İlin ən kədərli məktubunu Orxan Kərimov yazdı

Mirzə Xəzər 25 Dek 2011

no comments

melahat 

Məlahət Ağacanqızı
 

 


Müdriklər deyib: dünyada sonuncu yaxşı adam qalana kimi yaşamaq olar. Bu dəyərli sözləri ölkələrə, nazirliklərə, idarələrə, ailələrə də aid etmək olar. Əlbəttə, xoşbəxt o insandır ki, o, ümidini bir yaxşı adama bağlayıb yaşamır. Hara baxır, kiminlə qarşılaşır, kimi tanıyır hamısı yaxşı adam olur. Amma təəssüf ki, BİZ-lər elə xoşbəxtlərdən deyilik. Tək umidimiz bir-iki yaxşı adam olur hər yerdə, amma onları da məmləkətə, millətə çox görüb hər fürsətdə məhv edirlər. Ölkədəki dövlət idarələri o qədər çirkaba bulaşıb ki, qəlbi qara rəhbərlər divarları arasında nəfəs alan tək-tük saf, istedadlı, savadlı adamların da ziyasına dözə bilmirlər. Dövlət idarələrində dəyərli insanların, savadlı kadrların soyqırımı başlayıb. Onları “naməlum obyektlər” işdən çıxardır, həbs etdirir və hətta öldürürlər. Uzağa getmək lazım deyil: uşağın da, böyüyün də yaxşı adam, peşəkar hərbiçi kimi tanıdığı general Rail Rzayevin varlığına divarlarına əsgərlərin qanı çilənən Müdafiə Nazirliyinin binası dözə bilmədi. General müəmmalı şəkildə qətlə yetirildi. Ölkədə “təmizlik” işləri aparan “bomj”lar akademik Rafiq Əliyevi Azərbaycan Dövlət Neft Akademiyasının divarlarına “yaraşdırmadılar”, dəyərli ziyalını işdən çıxartdılar. Üz-gözündən saflıq tökülən, damarlarından mərd bir kişinin, istedadlı şairin- Əli Kərimin qanı axan Orxan Kərimovun təmizliyinə Təhsil Nazirliyinin rüşvət qoxuyan divarları tab gətirmədi. Təhsildəki cinayətlərini ört- basdır etmək üçün quldurlar artıq səkkiz aya yaxındır Orxan bəyi Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə zindana salıblar. Əslində isə bir dəfə də məktəb qapısından girməyən, məktəb zirzəmilərində gününü başa vuran uşaq da bilir ki, Orxan Kərimovu “ vəzifədən sui-istifadə etməmə, rüşvət almama” maddəsi ilə həbs ediblər.

 

Bu günlərdə Orxan bəy həbsxanadan “Azadlıq” (20.12.2011) qəzetinə məktub yollayıb. O ürək ağrıdan, göz yaşardan məktuba “İlin ən kədərli Məktubu” demək olar. Dəyərli qələm dostum Pərviz “Əli Kərimi ikinci dəfə öldürdülər” adlı köşəsində Orxan bəyin kədərli şeirə bənzəyən məktubunu elə hərtərəfli təhlil edib ki, ona göz yaşlarından başqa heç nə əlavə etmək olmur. Yeri gəlmişkən, əziz şairimiz Əli Kərimin ciyərparası haqsz həbs olunandan sonra onun müdafiəsinə ancaq gənc yazarlar qalxdılar. O yazarlar ki, onlar dünyaya gəlməmişdən şair vəfat etmişdi. O yazarlar ki, onlar Əli Kərim şerini ürəklərində sevirlər, pıçıltı ilə oxuyurlar. Çünki Əli Kərim ürəkləri fəth edən şairdir. Onun şeirləri ən çətin anlarda insanların ürək dostuna çevrilir, təsəlli verməyi bacarır. Təəssüf ki, Əli Kərim şerindən hay-küylə danışanlar, onun dostu, sirdaşı olduğunu deyənlər, şairin günahsız yerə həbs olunan övladını pıçıltı ilə də müdafiə etməyə qorxdular. Orxan bəy demiş, “sanki hansısa bir qatı terrorçunu” həbs ediblər. İndiki zamanda-ölkədə yaltaqlığın, qorxaqlığın tüğyan etdiyi bir vaxtda mərd bir OĞULUN müdafiəsinə qalxmağa hər “dost”un, hər kişinin, ağsaqqal sayılanın gücü, qeyrəti çatmaz. Kim bilir, bəlkə də Əli Kərimin müqəddəs ruhu qəlbi daşlar üçün bu misraları pıçıldayır:” Siz onun qədrini biləsiz deyə, bu cavan yaşında ölsünmü indi?”

 


Ürəyindən əməliyyat olunan və müalicəyə ehtiyacı olan Orxan bəy məktubunda yazır: “Faktiki mən 7 aydır ki, ixtisaslaşmış tibbi yardım ala bilmirəm. Hüquqi dildə belə münasibətin yalnız bir adı var - işgəncə. Beynəlxalq konvensiyalara görə hətta hərbi əsirlərin tibbi yardım almaq hüququ var. Heç olmasa, Hippokratdan utansınlar”. Orxan bəy, Allahdan qorxmayanlar, Məhəmməd Əmin Rəsulzadə ideyalarına əməl etməyənlər, Əli Kərim poeziyasını duymayanlar, şəhidlərdən, millətdən utanmayanlar, Hippokratdan utanarmı?! Onların xəyanət etmədikləri, qorxduqları, utandıqları, qarşısında baş əydikləri, diz çökdükləri ancaq bir ad var- Heydər Əliyev! Onlar ulu öndərlərinə and içiblər ki, Azərbaycanda sonuncu yaxşı adamı çərlədənə kimi mübarizə aparacaqlar. Onların qanunlarında Hippokratın andını pozmaq olar, amma Yappokratın yox...

 


P.S. Orxan Kərimovun ürəyinə stend qoyulub. Əslində isə Təhsilin ürəyinə stend qoymaq lazımdır, daxili damarları çoxdan tutulub, ərp bağlayıb, ən zəif döyüntülər də eşidilmir...

 

Əvvəlki məqalələr