“Mirzə Xəzərin Səsi” vebsaytına göndərilən məktub
Mirzə Xəzər Azərbaycanın milli-mənəvi sərvətidir. Bəli, onu qorumalıyıq, ona hamımız şərait yaratmalıyıq. Dövlətin başında outran vətənpərvər azərbaycanlılarımız bunu dərk etməlidir. Onu hamılıqla qəbul etməliyik – dövlət də, millət də. Sərvətimizi bizdən başqa heç kim dəyərləndirə bilməz. O, bizimdir, bizə lazımdır. Eşq olsun Mirzə Xəzərə. Biz, Azərbaycan xalqı, milləti Sizi çox sevirik, Xəzər bəy, sevirik və dəyərləndiririk. Siz bizə lazımsınız, bizimsiniz, ziyalısı, aydınısınız. Canımız da qurbandır Sizə, Mirzə müəllim.
30-09-2011
Qoy Mirzə Xəzər daha faciələrimizi deyil, uğur və qələbələrimizi dünyaya çatdırsın!
1990 – cı ilin 20 yanvar səhəri. Bakı matəm içərisində idi. Qan çilənmiş torpağa qərənfil yağışı yağmışdı sanki.Vətənin ən uca yerindən qara bayraqlar asılmışdı,anaların qara yaylığı kimi. Qara bayraqlar kədərə təslim olmaq istəməyən bir xalqın dünyaya mesajı idi. O faciə fərdi deyildi, fərqli də deyildi. İllərlə inandığı, yarandığı günü bayram etdiyi “Şanlı ordunun” başına gətirdiyi qanlı oyundan sarsılan bir xalqın faciəsi idi.
Və o günlərdə
Davam edir 37,
Daha kəskin,
Daha ciddi. (X.Rza)
dünyaya meydan oxuyan bir səs hələ də qulaqlarımdadır. O ağrılı günlərdə əli yerdən – göydən üzülən hər kəs o səsə üz tutub, o səsin ətrafına toplaşırdı. Bu milyonlarca səsin içində öz səsiylə seçilən Mirzə Xəzərin Səsi idi. Qorxmadan, ölümü belə gözə alaraq bu qanlı həqiqəti dünyanın kor gözünə dürtüb, kar qulağına hayqıran.
Mən, Mirzə müəllimə SƏSİniz həmişə uca olsun, deyirəm! Amma daha faciələrimizi deyil, uğur və qələbələrimizi dünyaya çatdırsın!
Gülnarə Cəmaləddin, şairə
Mən sizin səsinizə pərəstiş edirəm
Axşamınız xeyir, Mirzə bəy. Sizin kimi vətənpərvər, səsinizlə qürur duyduğum bir jurnalistə yazmaya bilməzdim. 90-cı illərdə Azadlıq radiosunda səhər-axşam ailəcə sizi dinləyəndə qəlbimizdə vətən eşqi formalaşır, riyakar separatçılara nifrət artırdı. Sizin səsiniz, yəni „AZADLĞIN SƏSİ“ indi də dünən kimi qulağımdadır. Mən sizə DÖVRÜMÜZÜN SABİRİ deyərdim. Mən sizin səsinizə pərəstiş edirəm. Sizin diktəniz Xəzər kimi coşğuludur. Bitib-tükənməyən enerjiniz var. Kaş, sizin kmi əzmkar, haqqın-ədalətin yolundan dönməyən
vətənpərvər insanlarımız çox olaydı…Amma çətin ki, bu xalq qəflət yuxusundan ayıla. 19-cu əsrin Hophopnaməsindəki qara camaatdan bu günkü „DEMOKRATİK DÖVLƏTİMİZ“i heç nə fərqləndirmir. Mirzə bəy, sizcə bu yuxululuğu „Əliyevlər psixoterapevtləri“ ilə əlaqələndirək, yoxsa nəfsi mənfəətlərlə??? (Gülnar Nəcəfova, 13.01.2012)