TÜRKİYƏNİN QORXULU APRELİ SABAH BİTİR, AZƏRBAYCANIN QORXULU MAYI İSƏ HƏLƏ QABAQDADI
Könül ŞAMİLQIZI
Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanla münasibətlərin iki tərəfi də qane edəcək şəkildə normallaşdırılması istiqamətində ümumi çərçivənin və yol xəritəsinin müəyyənləşdirildiyini açıqladı.
Yəqin sabahdan Azərbaycanda Türkiyəyə qarşı kampaniyanın “gördünüz, deyirdik bizi aldadırlar, inanmırdınız” mərhələsi başlayacaq. Türkiyədə də, çox güman, bir neçə gün “biz demişdik, Ərdoğana inanmayın, haqlı çıxdıq” havası hakim olacaq. Ermənilər bu situasiyadan yararlanıb “Türkiyə bizə heç bir ön şərt qoymur” bəyanatlarının, biz isə bu bəyanatlara istinadla Türkiyəyə hücumların sayını çoxaldacağıq. Özümüzü və Türkiyəni nə qədər aşağıladığımızın, rusların və ermənilərin çox usta şəkildə qurduqları informasiya tələsində çırpınmağımızın fərqinə varmadan, bəlkə də heç bir dostluq, qardaşlıq, müttəfiqlik ölçüsünə sığmayan siyasətimizin Ankaranı bu açıqlamaya vadar etdiyi ehtimalını ağlımızın ucundan belə keçirmədən...
“Mən demişdim” tərzini heç sevmirəm, amma Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasının bu günün məsələsi olmadığını, 2008-ci ildən başlayan futbol diplomatiyasının səmərə verməyəcəyini, bunun Ankarada da çox yaxşı anlaşıldığını, amma regionda liderlik iddiasında olan və beynəlxalq platformadakı hər addımının qarşısına “soyqırım” şantajı və “Ermənistanla münasibətlərin qurulması” şərti çıxarılan Türkiyənin bu xətti davam etdirməkdən başqa yolunun olmadığını hələ bu həşirdən xeyli əvvəl yazmışdım. Bu gün də həmin fikrimdə qalıram və Türkiyə XİN-in açıqlamasının daha çox sabah Vaşinqtondan gözlənilən təhlükəyə - “Obama 24 aprel müraciətində “soyqırım” ifadəsi işlədə bilər” təhlükəsinə qarşı önləyici addım olduğunu düşünürəm.
Yaxşıdı, yoxsa pis, bu mürəkkəb vəziyyət Türkiyənin “soyqırım” iddialarına qarşı ciddi, uzunmüddətli strategiyasının olmaması səbəbindən, yoxsa beynəlxalq birliyin ədalətsizliyi ucbatından yaranıb – bunlar müzakirə oluna bilər. Amma bugünkü reallıq budu ki, Obama rəsmən “erməni soyqırımı”nı tanıyacağına söz vermiş prezidentdi və indiki situasiyada bu sözü deməməsi üçün Türkiyənin hansısa addım atması lazımdı. Bu baxımdan Türkiyə XİN-in açıqlaması istər zaman, istərsə də ehtiva etdiyi mahiyyət baxımından Ankara
və Vaşinqton üçün zəruriydi. Ankara da özünün maraqlarını nəzərə alaraq və siyasət elminin qarşılıqlı maraqlar deyilən anlayışından çıxış edərək indiki situasiyada zəruri hesab etdiyi addımı atdı.
Bu açıqlama Qarabağ şərtinin gündəmdən çıxması, sərhədlərin açılacağı və diplomatik münasibətlərin qurulacağı kimi izah oluna bilməz və olunmamalıdı. Ən azı o baxımdan ki, iki gün fərqlə baş nazir səviyyəsində verilən “işğal bitmədən sərhədi unudun” bəyanatı var və Türkiyə iki gündə bir-birinə zidd olan iki fərqli strateji qərar verəcək qədər qeyri-ciddi dövlət deyil. XİN-in bəhs etdiyi yol xəritəsində diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması kimi məsələlər nəzərdə tutulmuş ola bilər, amma bunun Azərbaycanla Ermənistan arasında problemlərin həlli istiqamətində addımların atılması ilə paralel həyata keçiriləcəyinə dair şərtlərin və bəndlərin yer almasına da mənim heç bir şübhəm yoxdu. Türkiyə dövləti Azərbaycanın maraqlarına zidd addım atmaz, atmağı düşünməz – hökumətdə istər Ərdoğan olsun, istər başqası...
Türkiyənin bu açıqlamasından səmimi və ya qeyri-səmimi şəkildə narahatlıq keçirənlər, hətta Ankaranın Azərbaycana münasibətdə tutduğu mövqeyə şübhə edənlər ola bilər. Amma hətta buna görə də Türkiyəni suçlamaq ucuz populizmdən başqa bir şey deyil və heç nəyə yaramayacaq. Çünki əvvəla, bütün hallarda Türkiyə Azərbaycanın dünyadakı yeganə dəstəkçisi, tək dostudu və ondan uzaqlaşmaq, onu suçlamaq, ona güvənsizlik nümayiş etdirmək yalnız və yalnız bizim özümüzə zərər verə bilər.
Digər tərəfdən, Azərbaycan marta qədər Ankara ilə birlikdə yürütdüyü siyasətdən bir neçə günün içində vaz keçib, “mən oynamıram” havasına girərək Türkiyəni pis vəziyyətdə qoymaqla, “bizə bilgi verilmədi” kimi tənqidə dözümsüz bəhanələrin arxasına saxlanaraq Türkiyəyə meydan oxuma tonuna keçməklə, Türkiyənin acığına Rusiyayla qardaşlıq pozları verməklə indiki mərhələdə giley-güzar eləmək haqqını itirib. Ankara ilə Bakı arasındakı münasibətlər heç zaman olmadığı qədər gərgin bir mərhələdən keçir və Türkiyənin ən yüksək səviyyədəki bəyanatlarına rəğmən Azərbaycan bu gərginliyi əlindən gəldiyi qədər artırmağa, uzatmağa meyllidi. “Kiçik qardaşın şıltaqlığı” əndazəni kifayət qədər aşıb və bu, səbr nümayiş etdirməyə, təmkinli davranıb Azərbaycanı qırmamağa çalışan Türkiyə rəsmilərinin son açıqlamalarında da aydınca sezilir.
Ona görə də Azərbaycanın hakimiyyəti də, “əl gətir” deyəndə qol qoparan təbliğat strukturları da Ankaranın son addımını top-tüfənglə qarşılamaq əvəzinə ciddi şəkildə ölçüb-biçməli, Türkiyə ilə münasibətlərdə qarşılıqlı güvən təzələmək istiqamətində nələr edilə biləcəyini düşünməlidilər. Çünki Türkiyənin qorxulu apreli sabah bitir, Azərbaycanın qorxulu mayı isə hələ qabaqdadı. ABŞ dövlət katibi, ATƏT-in Minsk qrupunun həmsədrləri, Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları izləyən əcnəbilərin hamısı “mayda anlaşma olacaq” deyirlər.
Mayda və ya başqa ayda imzalanacağından asılı olmayaraq, hazırda üzərində söhbət gedən anlaşmanın Azərbaycanın faydasına olmadığının hamımız fərqindəyik. Amma “Wall Street Journal”da çıxan və dogrulanmayan “Aprelin 16-da Türkiyə Ermənistanla sərhədləri aça bilər” xəbərini bəhanə edib tozu dumana qatdığımız halda ABŞ dövlət katibi səviyyəsində səslənən “mayda anlaşma ola bilər” bəyanatına münasibətdə “təmkinimizi” qətiyyən pozmuruq.
Baxmayaraq ki, 15 il sonra Qarabağda keçiriləcək referendum hətta günü sabah Türkiyə-Ermənistan sərhədinin açılmasından daha real və daha qorxunc təhlükədi. Bunu görmək və ya görünməsini əngəlləməmək, Qarabağ da daxil, bütün məsələlərdəki tək müttəfiqimizlə münasibətlərimizdə açdığımız yaranı necə sarımaq barədə düşünmək zamanıdı...
("Media Forum") URL: http://www.mediaforum.az/articles.php?lang=az&page=02&article_id=20090423070856645
Y. Səfərov: "...Ümidimiz odur ki, Azərbaycana arxa çevirib, ABŞ və Ermənistan atəşi ilə oynayan Türkiyə iqtidarı əllərini çox yandırmasın"
Y. Səfərov
"Yurddaş" qəzeti
Semih İdizin "...azərbaycanlılar əllərini çox yandırmasınlar" yazısına bir baxış
Ermənilər Rusların təsir zonasına daxildir. Ankara ABŞ-ın təzyiqi ilə Ermənistanla sərhədləri açaraq Ermənistanı Rusiyanın təsiri altından çıxarmağa çalışır. Bundan sonra, güya ABŞ-ın təsiri altında olan Ermənistana, Qarabağ məsələsində təzyiq göstərmək mümkün olacaq. Məncə əslində "AKP həm də Ermənistan atəşi ilə oynayır". İyirmi ildən ziyadə biz zaman ərzində xristian dünyası bir dəfə də olsun (müsəlman)Azərbaycanın maraqlarını əks etdirən təsirli bir əməl etməmişdir. Hətta özlərinin qəbul etdikləri qətnamələrin
icrasına da cəhd etməmişlər. Azərbaycan öz torpaqlarını özü də azad edə bilər. Amma bu günə qədər heç kim bu münaqişənin hərbi yolla həllini iki dövlətin (Azərbaycan və Ermənistanın) öhtəsinə buraxmayıb. Əksinə hər zaman Azərbaycana müharibə etməmək haqqında təzyiq göstəriblər. Əgər rusların ermənilərə hərbi yardım etməyəcəklərinə qarantiya olsaydı, Azərbaycan öz torpaqlarını hərbi yolla azad edtməyə qalxardı. Amma təəssüf ki, nə Azərbaycanın torpaqları işğal olunan zamanlarda Türkiyə dövləti Rus hərbi birləşmələrinə
"dur" deyə bilmədi. Nə də indi Ermənistanla Azərbaycan arasında başlana biləcək müharibəyə, Rusların qarışmayacağına qarant olmağa cəhd etməyib.
Odur ki, Azərbaycan özü Rusiya ilə anlaşmalıdır. 1.Nəyin bahasına olursa olsun Ermənistanı Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmağa Rusiyanı razı salmalıdır. 2.Azərbaycanın hərbi yolla öz torpaqlarını azad etməsinə Rusiyanı razı salmalıdır.. Bir neçə kəlmə ilə Semih İdiz yazısı haqqında. Ermənistanla sərhədləri açmaq səbəbilə Azərbaycana arxa çevirən Türkiyə iqtidarı, ABŞ-a yaxınlaşmaqla "soyqırım"la əlaqədar arzularını yerinə yetirə biləcəyini sanırsa, "bizcə yuxu görür". ABŞ dünyada müsəlman-xristian siyasətini eynən izlədiyini İrakda, Əfqanıstanda, dolayısı ilə Fələstində, dünyaya göstərdiyi anda, Ankaranın bu ümidlərinin boş olduğu açıq-aşkar ortadadır. B.Obama Türkiyə üçün, ermənilərin soyqırımına münasibətində seçkiöncəsi mövqeyinin dəyişmədiyini söyləmişdir. Bunun adı de-yure (sözdə) "erməni soyqırımının tanınması" olmasa da, de-fakto (əməldə) bu mənaya gəldiyi açıq-aydındır. Erməni diasporasını da Türkiyəyə qarşı qoruyan ABŞ-ın, soyqırım iddialarından əl çəkməsi üçün ermənilərə təzyiq göstərəcəyini düşünmək də xəyaldan ibarətdir+
(Bu səbəbdən) Qardaş olaraq bizim də tək ümidimiz odur ki, Azərbaycana arxa çevirib, ABŞ və Ermənistan atəşi ilə oynayan Türkiyə iqtidarı əllərini çox yandırmasınlar". Ekiz qardaşlardan birinin canı yananda o biri qardaş da bunu öz canında hiss edir.
AYAZ MÜTƏLLİBOV: «ERMƏNİLƏR TÜRKİYƏ İLƏ ƏLAQƏLƏRİNİ NORMALLAŞDIRSALAR, BİZ TƏCRİD VƏZİYYƏTİNƏ DÜŞƏCƏYİK»
1992-ci ildən Rusiyada mühacir həyatı yaşayan sabiq prezident, Sosial Demokrat Partiyasının həmsədri Ayaz Mütəllibov «Media forum» saytına müsahibə verib.
- Ayaz müəllim, Türkiyə-Ermənistan sərhədlərinin açılması ciddi müzakirə predmetinə çevrilib. Sizcə, bu baş verəcəkmi və Azərbaycana hansı təsirləri olacaq?
- Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın ziyanınadır. Ola bilsin, ziyan sözü bir qədər kəskin səslənir... Hər halda, bu, xoşagəlməyən hərəkətdir. Burda bir fitnə də ola bilər. Ermənilər Türkiyə ilə əlaqələrini normallaşdırsalar, biz müəyyən mənada təcrid vəziyyətinə düşəcəyik, kənarda qalmalı olacağıq. Yəni böyük ehtimalla demək olar ki, Azərbaycana mənfi təsir göstərəcək.
Amma danışıqlar gedirsə, deməli, sərhədlərini açılması fikri realdır. Türkiyə uzun illərdir ki, Avropa Birliyinə daxil olmağa çalışır. Avropa Birliyi isə Ankarının qarşısında tələb qoyur ki, ermənilərlə əlaqələri bərpa edəndən sonra üzvülük məsələsinə baxa bilərik. Yəni Türkiyənin özü də məcburiyyət qarşısında qalıb. Hər bir dövlət milli maraqlarını gözləyir. Yəqin ki, ermənilərin Türkiyəyə qarşı irad tutmalarına son qoymaq üçün müəyyən dərəcədə yaxınlıq əldə olunmalıdır. Mən bunu belə qiymətləndirirəm. Amma inanmıram ki, Türkiyədə Azərbaycana olan münasibət köklü şəkildə mənfiyə doğru dəyişsin. Bu, mümkün olmayan məsələdir.
- Sizcə, sərhədlərin açılması Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edə bilərmi?
- Bunun mənfi cəhəti odur ki, münaqişənin həlli üçün 17 il ərzində çəkilən əzab-əziyyət nəticəsiz qalacaq. Belə bir fikir yarana bilər ki, sərhədlər bu qədər vaxt nahaq yerə bağlı saxlanıb, yəni bu siyasət düzgün deyilmiş. Digər tərəfdən, sərhədlər açılandan sonra bölgədəki vəziyyət xeyli dərəcədə müsbətə doğru dəyişə də bilər. Çünki həmişə qarşıdurmaya meyil etmək olmaz. Bu, hansısa mərhələdə sona çatmalıdır.
Dağlıq Qarabağ Azərbaycan xalqı və dövləti üçün çox mühüm bir məsələdir. Azərbaycan heç bir dövlətin ərazisinə göz tikməyib. Biz bölgədəki vəziyyətin müsbətə doğru dəyişməsi prinsipini üstün tutub buna öz tövhəmizi verə bilərik. Amma bir şərtlə ki, bu, Azərbaycanın ərazi bütövlüyü hesabına olmasın.
- Son zamanlar Dağlıq Qarabağ danışıqlarında fəallıq müşahidə olunur. Minsk qrupunun həmsədrləri bəyan edirlər ki, 2009-cu ildə münaqişənin həllinə dair Azərbaycan və Ermənistan arasında razılıq əldə oluna bilər. Bunu mümkün hesab edirsinizmi?
- Dağlıq Qarabağ münaqişəsini çox sadə bir yolla həll etmək olar. Bu da ondan ibarətdir ki, Azərbaycan Dağlıq Qarabağa geniş muxtariyyət tanıyır, Dağlıq Qarabağ erməniləri və Ermənistan Azərbaycanın təkliflərini qəbul edirlər və bununla da məsələ sona çatır. Ermənilər buna razılıq versələr, digər məsələləri bir günə həll etmək olar. Əgər onlar bölgədəki problemlərin həllini, müharibənin bitməsini və siyasi-iqtisadi əlaqələrin bərpasını istəyirlərsə, bu yolu qəbul etməlidirlər. Lazımsız kompromislər axtarışının heç bir perspektivi yoxdur. Çünki hər hansı bir kompromis Azərbaycanın əleyhinə olacaq. Mən münaqişənin 2009-cu ildə həll olunacağına inanmıram. Problemin kökünü aradan qaldırmasaq, münaqişənin həlli mümkün deyil.
- Narahatlıq yaradan fikirlərdən biri də Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək üçün gələcəkdə orada referendumun keçirilməsidir. Bunu düzgün hesab edirsinizmi?
- Azərbaycan Dağlıq Qarabağda referendum keçirilməsinə razı olmayacaq.
«Media forum»
P.S. Müsahibə ixtisarla verilir - tam mətni http://www.mediaforum.az/articles.php?lang=az&page=02&article_id=20090407015159232

