Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Akif Nağı: "Bu iqtidardan Qarabağın xilasını gözləmək sadəlövhlükdür"

Mirzə Xəzər 10 Dek 2007

no comments

“BU İQTİDARDAN QARABAĞIN XİLASINI GÖZLƏMƏK SADƏLÖVHLÜKDÜR”


Akif Nağı: “Madrid sənədi erməni diplomatiyasının uğurudur”



Xarici işlər naziri Elmar Məmmədyarov bu günlərdə verdiyi açıqlamaların birində müharibənin məsələnin həlli yolu olmadığını deyib. Xatırladaq ki, indiyədək digər rəsmilər, ələlxüsus müdafiə naziri Səfər Əbiyev müharibənin qaçılmazlığı barədə bəyanatlar səsləndiriblər.
İqtidarın iki yüksək çinli məmurlarının bu cür fərqli fikirləri ekspertlərin nəzərindən yayınmayıb. Bəs bu, nəyin əlamətidir? Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bizimlə söhbətində öncə hakimiyyətin bu istiqamətdə uğursuz siyasət apardığını söylədi. Onun sözlərinə görə, yüksək vəzifəli şəxslərin belə fikirlər səsləndirməsi Qarabağ məsələsilə bağlı Azərbaycan hakimiyyətinin vahid konsepsiyasının olmaması ilə bağlıdır: “O səbəbdən hər iki nazir yanlışlığa yol verib. Çünki bu məsələ çoxdan beynəlxalq təşkilatların inhisarındadır. Azərbaycan rəsmiləri də məhz bu qurumların maraqlarına uyğun olaraq danışıqlara münasibət bildirirlər. ATƏT-in Minsk Qrupunun mövqeyi Azərbaycan ictimaiyyətinə və ekspertlərə bəllidir. Bu beynəlxalq qurumun bir məqsədi var: Azərbaycanı təslimçi sülhə təhrik etmək”.
QAT sədrinə görə, Azərbaycan Minsk Qrupunun xidmətindən çoxdan imtina etməli idi: “Təəssüf ki, buna getmək istəmir. Həmsədrlərin mövqeyi belədir ki, Dağlıq Qarabağ (DQ) ətrafındakı 5 rayon qaytarıldıqdan sonra Dağlıq Qarabağa aralıq statusu verilməlidir. Bu mövqeyi müdafiə edən Xarici İşlər Nazirliyinin rəsmisi Xəzər İbrahim isə bildirir ki, DQ ətrafı rayonların hamısının eyni vaxtda azad edilməsi texniki cəhətdən mümkün deyil. Bu, əslində ermənilərin maraqlarına uyğundur. Azərbaycan rəsmiləri indiyədək həmişə eyni bəyanatla çıxış edib - müharibə vəziyyəti qalır, amma danışıqlar davam etdirilməlidir. Təbii ki, bu cür qeyri-müəyyənlik bizi çətin duruma salıb”.
QAT sədri hakimiyyətdən Qarabağın xilasını gözləməyi sadəlöhvlük sayır: “İqtidar həmişə çətin duruma düşəndə və seçkiöncəsi Qarabağ kartından istifadə etməyə başlayır. İndi də belədir. Ancaq yaxşı olar ki, o, Qarabağ danışıqları ilə bağlı tutduğu qeyri-müəyyən mövqeyindən geri dursun. Madrid sənədi erməni diplomatiyasının uğuru kimi dəyərləndirilməlidir. Sənədə görə, Azərbaycan tərəfinin razılıq verdiyi təqdirdə Dağlıq Qarabağda referendum keçirilə bilər. Bu isə o deməkdir ki, münaqişə bundan sonra 60 il də dondurulmuş qala bilər. Azərbaycan tərəfi Dağlıq Qarabağın statusu məsələsini müzakirə mövzusuna çevirməməlidir. Danışıqlarda əsasən işğal faktı müzakirə edilməlidir. Qarşı tərəf deyilənlərlə razılaşmadığı təqdirdə isə məsələ güc yolu ilə həllini tapmalıdır. Məsələnin uzanması Azərbaycan tərəfinə heç bir xeyir verməyəcək”.


MƏHƏBBƏT

("Yeni Musavat" qəzeti)

İlhami Fətəliyev: «Bülbülün büstünü tanımaq olmurdu... Büstə güllə vurmaqmı olar?»

Mirzə Xəzər 29 İyn 2007

ŞUŞADAN QAYITMIŞ ŞUŞALI İLHAMİ FƏTƏLİYEV: «ŞUŞAYA GİRƏNDƏ HİSS ETDİM Kİ, HARDASA BİR XARABAYA GƏLMİŞİK» 2007-06-29 – 20:48:00

Bugünkü mətbuat konfransında Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla belə deyib. Onun sözlərinə görə, Qarabağda, eləcə də Şuşada vəziyyət çox ağırdır, yaşayış yoxdur: «Onlar bizi Ağdamdan aparmadılar. Yəqin Ağdamda hal qalmayıb bizə göstərsinlər. Ağdərə-Xankəndi yolu ilə apardılar. Şuşada da olduq. Şəhərdə şəhər nəfəsi yox idi, hansısa cizgiləri var idi. Çox az adam yaşayırdı».

K.Abdulla Şuşada ermənilərin gözlərində xiffət gördüyünü deyib. Onun sözlərinə görə, Şuşadakı məsciddə 4 divar qalıb, halbuki Bakıdakı erməni kilsəsi tam salamatdır: «Biz erməniləri Bakıya gətirəndə gördülər ki, erməni kilsəsi içindəki kitablarla birgə durur. Biz Şuşadakı məscidi və Bakıdakı kilsəni üzbəüz qoymağa çalışdıq».

K.Abdulla Qarabağda və Ermənistanda yaşayışa da toxunub: «Nə Ağdərədə, nə də Ağdərədən Xankəndiyə gedən 2 saatlıq yolda qabağıma bir dənə də olsun maşın çıxmadı. Mənə şəxsən maraqlı idi. Mən Yerevanda tikilən 4 bina gördüm, beşincini görmədim». K.Abdulla Yerevanın zəif inkişaf etdyini deyərək bunu Bakının inkişafı ilə müqayisə edib: «Onlar gəlib bizim Bakını gördülər. Bakının bugünkü vəziyyəti zəngin potensialdan xəbər verir. Mən onların gözündə çaşqınlıq gördüm».

Şuşalı məcburi köçkün, vaxtilə tarixi memarlıq abidələrinin öyrənilməsi və bərpası ilə məşğul olmuş İlhami Fətəliyev də Şuşanın ağır vəziyyətdə olduğunu deyib: «Mənim üçün çox maraqlı idi. Çox söz-söhbətlər vardı ki, ay Şuşada belə tikililər var, elə tikililər var. Mən hər şeyi öz gözümlə görmək istəyirdim. Şuşaya girəndə hiss etdim ki, hardasa bir xarabaya gəlmişik».

İ.Fətəliyev bildirib ki, Şuşanın küçələrini gəzərkən ermənilər ona yaxınlaşıb Azərbaycan dilində «İlhami müəllim xoş gəlmisiniz» deyə salamlayıblar. O, Şuşadakı mədəniyyət evinin, bütün tarixi mədəniyyət abidələrinin yandırılıb qarət olunduğunu deyib: «Torpaq meydana tərəf düşdük, gəzə-gəzə bütün tarixi-memarlıq abidələrinə baxır və görürdüm ki, onların hamısı qarət olunub. Bülbülün evində biz çox həyəcanlandıq, çünki onun büstünü eybəcər hala salmışdılar».

«Media forum»

Rövşən Hacıbəyli: Azərbaycanda kişilər bayramı keçirilmir...

Mirzə Xəzər 26 İyn 2007

Çağırsa ellər gedərik davaya…

26 iyun 2007

Rövşən Hacıbəyli (“Azadlıq” qəzeti, 26.06.2007)

Bu gün Milli Ordu bayramıdır. Sovetin diliylə desək, kişilərin bayramı. Amma uzun illərdir ki, Azərbaycanda kişilər bayramı keçirilmir. Bunun səbəbləri çoxdur. Ən başlıcası Qarabağdır…

Qarabağ kimi itkiylə barışıb bayram keçirməyi kişi olan şəxs özünə rəva bilməz. Keçirilən bayramların, Bakını titrədən atəşfəşanlıqların mətləbə dəxli yoxdur. Qarabağ savaşı başlayandan Vətən uğrunda döyüşlərdə çox kişilərimiz sinəsini düşmən gülləsinə sipər edib, şəhid olub. Yadımdadır, biz uşaq olanda məşhur bir söz vardı. Kimsə kiməsə “kişi” deyəndə dərhal cavab gəlirdi: “Indi kişi nə gəzir, kişilər 41-45-də getdilər”. Biz indi həmin durumdayıq, kişilərimiz Qarabağ savaşında gediblər… Müharibədə, döyüşdə güllə kişiyə-qadına, mərdə-namərdə baxmır. Kimə tuş gəldi aparır. Bəzən elə olur ki, təsadüfi adamlar belə gülləyə tuş gəlir və qəhrəmana çevrilir. Həqiqi qəhrəmanlar, Vətən uğrunda canından belə keçməyi əsirgəməyənlər, canını qurban verənlər qalır kənarda. Bəzən unudulur da, layiq olduğu adı, qiyməti almır da. Əslində onlar üçün bunun heç fərqi də yoxdur. Bu yolu getməyi qarşısına məqsəd qoyanları belə xırda şeylər, fəxri adları verməyə ləyaqəti çatmayanların mükafatları maraqlandırmır. Vətən torpağını yağı tapdağından qorumağa gedənlərin amacı başqa olur. Məşhur türk əsgəri, qaziəntəpəli Şahin kimi…

Bu bayram da prezidentsiz keçəcək. Elə bil cadu eləyiblər. Dövlətimizin bütün əlamətdar bayramlarında Ilham Əliyevi harasa çağırırlar. O da məcbur olub bayramı vaxtından qabaq qeyd edir. Xalqla bir yerdə olmağın, axşamlar Hacıbalanın atəşfəşanlığına baxmağın bir ayrı ləzzəti var, deyirlər. Son illər bu ləzzət prezidentə qismət olur… Bu gün bayramdır. Atəşkəsi göz-bəbəyi kimi qoruyan ordumuzun bayramı. O ordumuzun ki, hər an Ali Baş Komandanın əmrini gözləyir. Əsgərlərlə son görüşündə prezident özü şəxsən bir daha bu ordunun hər gün artan qüdrətindən danışıb. Orduya ayrılan büdcənin düşmən ölkənin dövlət büdcəsindən artıq olduğunu deyib. Deyib və Ermənistanı bir daha qorxuya salıb. Əslində deməsə də biz orduya ayrılan büdcənin artdığının hər addımda şahidləriyik. Hər birimiz. Iş yoldaşım deyir ki, N saylı hərbi hissədə (dövlət sirrini qorumaq hər kəsin müqəddəs borcudur) xidmət edən qonşusunun əvvəllər heç maşını olmayıb. Sonralar “Jiquli” alıb, şükür ki, ildən-ilə büdcəsi artırılan ordumuzda xidmət edən zabitlərimizin də vəziyyəti yaxşılaşıb. Iş yoldaşımın qonşusu indi “Mersedes” sürür, Mərdəkanda bağ da alıb…

Bu gün bayramdır. Yadımdadır, qardaşımın oğlu əsgərlikdə olanda biz hər həftə ona yemək aparırdıq. Orduda intizam güclüdür. Həftəarası yemək aparmağa icazə vermirlər. Bunu bütün Azərbaycanda bilirlər. Ona görə də valideynlər işlərini elə düzüb-qoşurlar ki, hər həftənin şənbə və bazar günləri uşaqlarına yemək gətirə bilsinlər. Eyni zamanda puldan-paradan da verirlər ki, uşaqlar növbəti şənbə-bazara qədər birtəhər özünü dolandıra bilsin. Orduda vərəmli xəstələr çox, intizam güclüdür. Valideynlərin gətirdiyi yeməkləri əsgər kazarmaya apara bilməz. Gətirilən yeməkləri əsgər onların yanında yeməli, gözünə təpməlidir. Çox yeməli, piylənməlidir ki, vərəmə yoluxmasın…

Yaxşı yadımdadır, ötənilki bayramda əsgərlərin hər birinə (müntəzəm baş çəkdiyim hərbi hissəni nəzərdə tuturam) 2 (iki) konfet vermişdilər. Milli Ordu günü münasibətilə. Bu il konfetin sayını artırarlar yəqin. Orduya ayrılan büdcə artırılıb axı. Ağzınız şirin, bayramınız mübarək olsun!

P.S. Brayzanın, Merzlyakovun açıqlamalarına fikir verməyin; Qarabağ Milli Ordumuzun yolunu gözləyir.

(“Azadlıq” qəzeti, 26.06.2007)

Əvvəlki məqalələr

Sonrakı məqalələr