Media Hüququ İnstitutunun 6 aylıq hesabatı
MEDIA HÜQUQU INSTITUTU Defamasiya (qarayaxma) ilə bağlı məhkəmə işləri Yarımillik hesabat (yanvar-iyun 2007)
2007-ci ilin birinci yarısında tənqidçi xəbər mediasına defamasiya (qarayaxma) iddiaları əsasında təpkilər artıb. Azərbaycanın məhkəmə hakimiyyəti ölkənin gələcəyi üçün böyük önəm daşıyan söz azadlığının müdafiəsi, qarayaxma işlərinin qabaqcıl meyarlara uyğun çözülməsindən ötrü gərəkli çaba, məsuliyyət və peşəkarlıq göstərə bilməyiblər. Məhkəmələr işlərə baxılmasında nə Avropa Məhkəməsinin İfadə Azadlığı ilə bağlı presedent hüququnun müəyyən etdiyi arqumentlərdən, nə başqa qabaqcıl təcrübələrdən istifadə edib. Hökuməti, siyasi fiqurları tənqid edən jurnalistlərə münasibətdə isə Azərbaycanın daxili qanunvericiliyinin elementar müddəaları düzgün tətbiq olunmayıb.
Yarım il içində kütləvi informasiya vasitələrinə, jurnalistlərə qarşı şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsi ilə bağlı 60-dan çox məhkəmə davası açılıb. Bu göstərici 2005-ci ilin uyğun göstəriciləri ilə müqayisədə 10 dəfə çoxdur. 2005-ci ilin yanvar – iyul ayları aralığında mediaya qarşı qarayaxma ilə bağlı 6 iddia qaldırılıb. Ən ağır nəticələnən qarayaxma iddialarının hədəfləri – “Gündəlik Azərbaycan”, “Realnıy Azerbaydjan”, “Azadlıq”, “Müxalifət”, “Nota bene”, “Yeni Müsavat”, “24 saat” qəzetləri olublar.
2007-ci ilin birinci yarısında ölkə məhkəmələri 6 tənqidçi jurnalisti yazilarına görə ən ağır cəzaya – azadlıqdan məhrum etmə cəzalarına məhkum edib. Bir jurnalist islah işləri cəzası alıb. Bu jurnalistlərin hamısı və onların dərc olunduqları qəzetlər hökuməti tənqid edən yazıları ilə tanınırlar.
Məhkəmə yazıçı-jurnalist Rafiq Tağı və “Sənət” qəzetinin baş redaktoru Samir Sədaqətoğlunu dini ayrıseçkilik salmaqda suçlu sayıb. Həbsə atılan qalan 5 jurnalist isə Cinayət Məcəlləsinin söz azadlığının düşməni sayılan 147 (böhtan) və 148-ci (təhqir) maddələri əsasında cəzalandırılıblar. “Nota Bene” qəzetinin baş redaktoru Sərdar Əlibəyliyə 1 il 6 ay islah işləri cəzası verilib. “Nota Bene”nin yazarı Fərəməz Novruzoğlu 2 il müddətinə azadlıqdan məhrum edilib. “Gündəlik Azərbaycan” və ”Realniy Azerbaydjan” qəzetlərinin qurucusu və baş redaktoru Eynulla Fətullayev, “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və həmin qəzetin şöbə redaktoru Yaşar Ağazadə 30 ay azadlıqdan məhrum etmə cəzası “qazanıblar”. Həbsdə olduğu zamanda Eynulla Fətullayevə qarşı qəzetdə getmiş yazılarına görə daha iki ağır ittiham – terrora çağırış və milli, irqi, dini ayrıseçkilik salma maddələri ilə ittihamlar irəli sürülüb.
Defamasiya ilə bağlı məhkəmə işlərinin nəticəsində tənqidçi media böyük məbləğlərdə ödənclər verməyə məcbur edilib. Məhkəmə qətnamələri ilə qəzetlərin üzərinə qoyulan ödənclərin məbləği 700 min AZM civarındadır. Bu məbləğin yarıdan çoxu ən tirajlı qəzetlərin – “Azadlıq” və “Yeni Müsavat”-ın payına düşür. Qarayaxma iddiaları əsasında təkcə “Azadlıq” qəzetinin üzərinə qoyulan məcburi ödəncin məbləğı 300 min AZM-dən artıqdır.
2007-ci ilin yanvar-iyun ayları içində formal qarayaxma iddiaları əsasında media aşağıdakı məhkəmə qərarları ilə üz-üzə qalıb:
Nota Bene Daxili İşlər naziri Ramil Usubov və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov xüsusi ittiham verərək “Nota bene” qəzetinin əməkdaşı Fərəməz Novruzoğluna və baş redaktor Sərdar Əlibəyliyə cinayət cəzası verilməsini istəyiblər. Qəzetdə dərc olunmuş “Boz kardinalın Naxçıvan yürüşü” və “Ramil Usubovun növbəti şər kampaniyası” başlıqlı məqalələrdəki bəzi ifadələri şərəf, ləyaqət və işgüzar nüfuzu alçaldan ifadələr sayan nazirlərin bu tələbini Nərimanov rayon Məhkəməsi təmin edib. Fərəməz Novruzoğlu Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən iki il həbs cazasına, qəzetin baş redaktoru Sərdar Əlibəyli isə 18 aylıq islah işləri cəzasına məhkum edilib. Apellyasiya məhkəməsi bu hökmdən verilən şikayəti təmin etməyib.
“Realniy Azerbaydjan” və “Gündəlik Azərbaycan”
Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin sədri kimi tanınan Tatyana Çiladze “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevi məhkəməyə verib. Tatyana Çiladze iddia edirdi ki, jurnalist Xocalı soyqırımı ilə bağlı iki il öncə internetdə yayılmış söhbətində “Xocalıdakı qırğınların baş verməsində olmasında azərbaycanlıların da günahı var” deməklə xocalıların heysiyyatına toxunub, onları təhqir edib. Xocalı sakinlərinin şərəf və ləyaqətinə toxuna biləcək ifadə işlətmədiyini deyən E.Fətullayev Yasamal rayon Məhkəməsinin hakimi İsa İsmayılovun hökmü ilə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsilə təqsirli bilinərək 2 il 6 ay azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi birinci instansiyanın hökmünü dəyişməyib. Bundan bir qədər əvvəl elə Yasamal rayon Məhkəməsi (hakim İsa İsmayılov) Daxili İşlər naziri Ramil Usubovun şərəf və ləyaqətin müdafiəsi ilə bağlı Eynulla Fətullayev və “Realniy Azerbaydjan”a qarşı şikayətinə baxmışdı. Hakim E. Fətullayevi 2 il müddətinə şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş, “Realniy Azerbaydjan” qəzetini 15 min manat cərimələmişdi. Şikayətçi nazirin öz tələbindən geri çəkilməsi səbəbindən Apellyasiya Məhkəməsi jurnalistə və qəzetə qarşı bu ağır cəzanı ləğv etdi. Rusiyada yaşayan azərbaycanlı iş adamı, “Krokus İnternational” şirkətinin prezidenti Araz Ağalarov da ilin birinci yarısında “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktorunun həbs olunması tələbilə məhkəməyə müraciət edib. Şikayətə məhkəmə baxışı zamanı tərəflər arasında barışıq yaranıb. E.Fətullayevin həbsindən bir qədər sonra, may ayının sonlarında ona qarşı Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 214-cü (terrora çağırış) maddələri əsasında cinayət işi başlandı. “Realniy Azerbaydjan” qəzetində dərc olunmuş bir neçə yazıda terrora çağırışlar olduğu qənaətində olan AR Prokurorluğu və MTN bu yöndə istintaqa başlayıblar. İstintaq hərəkətləri çərçivəsində “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin ofisində yoxlama aparılıb. MTN-çilər qəzetin kompyüterlərini, jurnalistlərə məxsus sənədləri aparıblar. Bundan iki gün əvvəl Fövqəladə Hallar Nazirliyinin işçiləri qəzetin ofisində yoxlama aparmış, binanın texniki təhlükəsizliyi mülahizələrindən çıxış etdiklərini deyərək ofisi bağlamışdılar. MTN kompyüterləri müsadirə etdikdən sonra Azərbaycanda ən tirajlı tənqidçi qəzetlər olan “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” işini dayandırdı və böyük jurnalist kollektivi işsiz qaldı. E.Fətullayevə və onun qurub nəşr etdiyi “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinə qarşı hökumətin basqıları dərinliyinə, ardıcıllığına görə indiyədək görünməmiş dərəcədə olub. Bu basqılar böyük bir jurnalist kollektivinin buraxdığı, ölkənin qəzet bazarında populyarlığı ilə seçilən, sərt tənqidçi bu qəzetlərin işini dayandırması ilə nəticələndi. E.Fətullayevin azadlıqdan məhrum edilməsinin hüquqi əsası yox idi. Ona qarşı irəli sürülən yeni ittihamlar da şübhəli görünür. Qəzetin ofisinin FHN tərəfindən bağlanması, bunun ardınca MTN-nin apardığı axtarış qanunların kobud pozulması, jurnalist haqlarına etinasızlıqla həyata keçirilmişdi. Ofisin hər hansı tutulması, axtarış və jurnalistlərin işlədiyi kompyüterlərin və sənədlərin götürülüb aparılması jurnalist mənbələrinin qorunması haqqında qanunvericiliyə tam etinasızlıqla edilmişdi. Jurnalist qaynaqları üçün ciddi qorxu yaradan belə əməliyyatlar yalnız KİV haqqında qanunda göstərilən iki müstəsna halda, məhkəmənin hərtərəfli əsaslandırılmış qərarı əsasında edilə bilərdi.
“Müxalifət”çilər Bayıl təcridxanasında
Millət vəkili Cəlal Əliyevin xüsusi ittihamı “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və şöbə redaktoru Yaşar Ağazadənın həbsi ilə nəticələndi. Şikayətçi “Müxalifət” qəzetində dərc olunmuş “A.M.A.Y. Əliyevlər ailəsinin ticarət nişanı” sərlövhəli yazıda Rövşən Kəbirli və Yaşar Ağazadənin ona böhtan atdıqlarını və ağır və ya xüsusilə ağır cinayətdə ittiham etdiklərini iddia edirdi. İşə baxan Yasamal Rayon Məhkəməsinin hakimi M.Abdulmanafova C.Əliyevin şikayətini təmin edərək jurnalistləri Cinayət Məcəlləsinin 147.1, 147.2 maddələri ilə suçlu bilib. Rövşən Kəbirlini və Yaşar Ağazadəni 30 ay azadlıqdan məhrum edib. Məhkəmənin hökm verərkən jurnalistin bu yazısının ictimai önəmli məsələlər barədə debatlar çərçivəsində olduğunu, tənqidin hədəfinin ölkədə çox tanınan ictimai fiqurlar olduğunu nəzərə almayıb.
“Yeni Müsavat”
İş adamı, “Azərsun Holdinq” şirkətinin prezidenti Abdulbari Gözəl isə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna qarşı məhkəmə davası açıb. Şikayətçi Cinayət Məcəlləsinin 147.2 ci maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə jurnalistə cinayət işi açılmasını, onun həbsə atılmasını tələb edib. İddiaya səbəb baş redaktorun bu il martın 29-da Türkiyənin “Kanal türk” televiziyasındakı çıxışı olub. Hüquq müdafiəçilərinin şikayətçi ilə görüşündən sonra A.Gözəl tələblərindən geri durub. “Müasir Müsavat” qəzetinin təsisçisi Hafiz Hacıyev də “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun, habelə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin Cinayət Məcəlləsinin 147 və148-ci maddələri ilə həbs olunmasını istəyib. Xüsusi ittihamçı baş redaktorların onun şərəf və ləyaqətini tapdaladığını iddia edib. Yasamal Məhkəməsi şikayəti əsassız sayaraq məhkəmə baxışına keçirilməsindən imtina edilməsi haqqında qərar qəbul edib.
Eldəniz Quliyev jurnalisti həbs etdirmək fikrindən daşınıb
Azərbaycan Ziyalıları Hərəkatının sədri Eldəniz Quliyev “Yeni Çağ” qəzetinin təsisçisi və baş redaktoru Aqil Ələsgərdən qarşı xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. “Yeni Çağ” qəzetində dərc olunmuş “Qul ömrü” və “Üzürxahlıq” məqalələrində ona böhtan atıldığını, şərəf və ləyaqətinin aşağılandığını iddia edən E.Quliyev öncə baş redaktorun həbsini istəsə də, jurnalist qurumlarının işə qarışmasından sonra ziyalı baş redaktorun həbs tələbindən vaz keçib.
“Altenativ”in baş redaktoru həbs oluna bilər
Bakı dövlət Universtitenin rektoru Abel Məhərrəmov və universitetin bir qrup müəllimi “Alternativ” qəzetinin baş redaktoru Mikayıl Kərəmova qarşı xüsusi ittiham qaydasında dava açıblar. “Alternativ”də Abel Məhərrəmov və BDU haqqında tənqidi yazıların dərc olunmasından narazı qalan müəllimlərin tələbi də baş r edaktorun həbsə atılmasıdır. Məhkəmənin vaxtı dəqiqləşməyib.
“24 saat”
Daha bir jurnalistin – “24 saat” qəzetinin baş redaktoru Fikrət Fərəməzoğlunun həbs olunmasını müğənni Nazpəri Dostəliyeva tələb edir. Oğlunun şəxsi həyatı barəsində “24 saat”da dərc olunmuş materialı böhtan və yalan kimi dəyərləndirən N.Dostəliyeva buna görə tənqidçi qəzetin rəhbərinə Cinayət Məcəlləsinin 147.1 maddəsilə xüsusi ittiham qaydasında cinayət işi açılmasını istəyir.
Xanlar rayonundan həbs tələbi Jurnalistlərə qarşı daha bir həbs tələbi Xanlar rayonundan gəlib. Rayonun İcra Hakimiyyətinin keçmiş işçisi Əminə Mirzəliyeva barəsində dərc olunan yazıya görə, “Kriminal aləm” qəzetinin baş redaktoru Mehralı İsgəndərovu məhəməyə verib. Xanlar rayon Məhkəməsi xüsusi ittiham qaydasında qaldırılan şikayəti baxış üçün Yasamal rayon məhkəməsinə göndərib.
Məhkəmə “Milli Yol”la fərqli davrandı
“Milli yol” qəzetinin baş redaktoru Şahin Ağabəyli həbs təhlükəsindən qurtula bilib. Səbail Rayon Məhkəməsi baş redaktora cinayət işi açılmasını istəyən Demokrat Partiyasının lideri Sərdar Cəlaloğlu və onun qardaşı Qurban Məmmədovun xüsusi ittiham qaydasında şikayətini rədd edib. Şikayətçilər jurnalistlərin həbs olunması ilə nəticələnmiş digər hallarda olduğu kimi qəzet yazısından – “Milli yol”qəzetdə dərc olunmuş “Maskası yırtılmışların isterikası” məqaləsindən narazı qalıblar. Şikayət ərizəsində baş redaktoru Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi istənilsə də məhkəmə bu dəfə qəzet yazısına görə jurnalisti oğrularla, adamöldürənlərlə eyni kameraya göndərməyə əsas olmadığı qənaətinə gəlib.
QARAYAXMAYA GÖRƏ YÜKSƏK MƏBLƏĞDƏ ÖDƏNCLƏR
“Azadlıq”a qarşı iddia yağışı
Səbail rayon məhkəməsi bir neçə iddia əsasında Azadlıq qəzetini böyük məbləğdə ödənc verməyə məcbur edən qətnamələr çıxarıb. DİN-in Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyatçısı Adil Ələkbərovun “Mirzə Sakiti kimlər Şərləyib”, “Hacı Məmmədov və Abbas Abbasov” məqalələrinə görə iddiası əsasında məhkəmənin qərarına əsasən qəzetin üzərinə 5.000 AZN ödənc qoyulub. Qətnamədən şikayət verilməsinə baxmayaraq hakim A.Namazov onu icraya yönəldib, “Azadlığ”ın satışdan gələn pulları alınaraq uzun müddət A.Ələkbərova ödənilib. Apellyasiya Məhkəməsi məcburi ödənci 1000 manata endirib. Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. A.Ələkbərov Azadlıq qəzetinin 2006-cı ildə həbs olunmuş yazarı Mirzə Sakitin həbs olunmasına rəhbərlik edib və Mirzə Sakitin iddiasına görə onun cibinə heroin qoyulmasını əməliyyatçının özü təşkil edib.
“Azadlıq” qəzeti Hərbi Dəniz Qüvvələrinin komandiri Şahin Sultanovun “Kontr-admiralın konturları” məqaləsi ilə bağlı iddiası üzrə 1000 AZN cərimələnib. Qəzet yazıdan sonra dərhal təkzib versi də məhkəmə bunu yetərincə qiymətləndirməyib, qəzeti ikinci dəfə təkzib verməyə məcbur edib. Apellyasiya Məhkəməsi ödəncin məbləğini 500 manata endirib.
“Hacıbala Abutalıbovu döyüblər” məqaləsindən narazı qalan Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacibala Abutalıbovun iddiası da təmin olunub. Səbail Məhkəməsi “Azadlıq”ın üzərinə 10.000 AZN ödənc qoyulub. Apellyasiya Məhkəməsi ödəncin məbləğini 500 manata endirib.
Azərbaycan prezidentinin icra aparatının əməkdaşı Taryel Ağayevin iddiası əsasında “Azadlıq”ın üzərinə daha ağır yük qoyulub. Səbayıl məhkəməsi qəzetdən, onun baş redaktorundan və yazarından üst-üstə 65.000 AZN almaq barədə qətnamə verib. Taryel Ağayevin iddiası qəzetdə gedən “Prezident köməkçisinin korrupsiya aparatı” məqalələrinə görədir.
Qaradağ rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Yaqub Əliyevin iddiasını təmin edən Səbail Məhkəməsi “Azadlıq” qəzetinin üzərinə 20.000 AZN ödənc qoyub. Məhkəmə işinə səbəb “Mehdiyev Yaqub Əliyevi aldadıb?” məqaləsi olub. Apelyasiya məhkəməsi də qətnaməni qüvvədə saxlayıb.
“Azadlıq” Daxili İşlər Nazirliyinin İdarə rəisi general-mayor Həzi Aslanovun iddiası əsasında 5000 manat cərimələnib. Apellyasiya Məhkəməsi ödəncin məbləğini 1000 manta endirib. Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib. Avropa İnsan Haqları Məhkəməsinə şikayət hazırlanır.
Kürdəxanı Bələdiyyəsinin sədri Kamil Əliyev “Kürdəxanı Bələdiyyəsi reketçiliklə məşğuldur” məqaləsinə görə “Azadlıq” qəzetini və yazı müəllifini məhkəməyə verərək ödənc tələb etsəm də sonradan iddiasından geri duraraq barışıq sazişi imzalamağa razılıq verib.
“Azadlıq” qəzetində dərc olunmuş “Azərsun” əsgərlərimizi zəhərləyir”, “Azərsun” keyfiyyətsiz çay istehsalı ilə məşğul olur” yazılarına görə məhkəməyə müraciət edən “Azərsun” şirkətinin iddiası təmin olunub. Qəzet işgüzar nüfuzunun aşağılandığını iddia edən müəsisəyə 50 min manat ödəməlidir. Qətnamədən apellyasiya şikayəti verilsə də məhkəmə baxışı yubanır.
“Azadlıq” qəzetinə qarşı Müdafiə Nazirliyinin iddiası da təmin edilib. Yasamal Məhkəməsi “Müdafiə Nazirliyində ucuz ət müəmması” və “2 manat 40 qəpiklik ət haradan gətirilir?” sərlövhəli yazılardan narazı qalan nazirliyinin iddiası əsasında qəzetin üzərinə 20 000 manat ödənc qoyub. Qətnamədən apellyasiya şikayəti verilib.
Müdafiə Nazirliyi eyni predmetə görə “24 saat” qəzetini də məhkəməyə verib. Nazirlik Nərimanov rayon Məhkəməsindən “24 Saat”ın üzərinə 100 min manat ödənc qoyulmasını istəyib. Məhkəmə qəzeti 10 min manat cərimələyib. Qətnamədən apellyasiya şikayəti verilib. Həm “Azadlıq”, həm də “24 saat” qəzetlərində gedən yazılarda hərbi hissələrdə əsgərlərə “Ayşa” firmasının gətirdiyi zebr ətinin yedizdirilməsi barədə bilgilər yer alıb.
“Yeni Müsavat”
Müdafiə Nazirliyinin “n” saylı hərbi hissəsi “Yeni Müsavat” qəzetini və qəzetin əməkdaşları Rey Kərimoğlu və Səbuhi Məmmədlini məhkəməyə verib. Hərbi hissə rəhbərliyi iddia edib ki, qəzet və müxbirlər 2006-cı ilin oktyabr saylarından birində çapa gedən yazı ilə hərbi hissənin şərəf, ləyaqət və işgüzar nüfuzuna zərbə vurub. Hərbçilər jurnalistlərin üzərinə ödənc qoyulmasını istəyir. Dövlət Sərhəd Xidməti “Azərbaycandan İrana ABŞ kəşfiyyatçıları ötürülür” başlıqlı məqalənin dərcinə görə məhkəməyə müraciət edib. Dövlət qurumu qəzetin təkzib verməsini və həqiqətə uyğun olmayan məlumatların yayılması nəticəsində vurulmuş mənəvi ziyana görə 2.000 AZN məbləğində təzminat ödəməsini tələb edib. Məhkəmə iddianı təmin edib.
“Gündəlik Azərbaycan”
Yasamal Rayon Məhkəməsin Tatyana Çaladzenin “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə qarşı şərəf, ləyaqət və işgüzar nüfuza xələl gətirmə iddiasını təmin edib, adıçəkilən qəzetlərin üzərinə 20 min manat ödənc qoyub. Məhkəmə Eynulla Fətullayevin “Gündəlik Azərbaycan” qəzetində dərc olunan “Qarabağ gündəliyi” adlı məqaləsində Xocalı sakinlərinin şərəf və ləyaqətinə toxunulması iddiası əsasında keçirilib.
“Bakı Xəbər” dayandı
Səbayel rayon Məhkəməsi Ucar rayon İstehlak Cəmiyyətinin sədri Şahlar Ələsgərovun iddiası əsasında “Bakı Xəbər”qəzetini 4 000 AZM cərimələyib. Apellyasiya məhkəməsi cərimənin dərhal ödənilməsinə qərar verdiyindən, qəzetin bank hesabına həbs qoyulub. Maliyyə imkanları tükənən qəzet fəaliyyətini dayandırmalı olub.
“Yeni Çağ”
Azərbaycan Ziyalıları Hərəkatının sədri Eldəniz Quliyev “Yeni Çağ” qəzetinin təsisçisi və baş redaktoru Aqil Ələsgəri qəzetində dərc olunmuş “Qul ömrü” və “Üzürxahlıq” məqalələrinə görə məhkəməyə verib. Ona böhtan atıldığını, şərəf və ləyaqətinin ləkələndiyini iddia edən E.Quliyev qəzetin 100 000 AZN məbləğində cərimələnməsini istəyib. Səbayel Məhkəməsi iddianı qismən təmin edərək “Yeni Çağ” qəzetinin üzərinə 1000 AZN ödənc qoyulmasını, qəzetin növbəti nömrəsində yazıyla bağlı təkzib verilməsini nəzərdə tutan qətnamə çıxarıb.
“Xural”
“Xural” qəzeti də cərimələnib. Müğənni Hümbətova Nüşabə Ələsgər qızının qəzetin baş redaktoru Əvəz Zeynallıya qarşı qaldırdığı mülki iddia üzrə Nərimanov rayon Məhkəməsinin çıxardığı qətnaməyə əsasən qəzet redaksiyası iddiaçıya 200 AZN ödəməli və qəzetin növbəti saylarında iddiaçının aşağılayıcı saydığı ifadələrlə bağlı təkzib verməlidir. Məhkəmə çəkişməsinə baş redaktor Əvəz Zeynallinin qəzetin 04.03.2007-ci il tarixli sayında dərc olunan “İTV “Xural”a tələ qurdu” adlı məqaləsi səbəb olub.
“Milli Yol”
Demokrat Partiyasının lideri Sərdar Cəlaloğlu və onun qardaşı Qurban Məmmədovun “Milli yol” qəzetinə qarşı iddiasını Səbayel Məhkəməsi təmin edib. Qəzetdə dərc olunmuş “Maskası yırtılmışların isterikası” məqaləsindən narazı qalan qardaşlar iddia ərizəsində yazı müəlliflərinin 20 000 AZM cərimələnməsini istəyiblər. Məhkəmə qəzetin 2 min manat məbləğində cərimələnməsini, təkzib verməsini qət edib.
İTV
“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli İctimai Televizya rəhbərliyini məhkəməyə verib. İTV-kanalının bir illiyinə həsr olunmuş “İTV mətbuat aynasında” adlı kitabın təqdimat mərasimi zamanı telekanal nümayəndələrinin müəllifləri və onu təhqir etdiyini iddia edən jurnalist İTV-dən 50 min AZM tələb edib. Rayon və apellyasiya instansiyaları iddianı təmin etməyib. İctimai Televiziya və Radio Yayımları Şirkəti rəhbərliyi “Azadlıq” qəzetinin jurnalisti Rövşən Hacıyevin redaktorluğu ilə çapdan çıxmış “İTV mətbuat aynasında” məqalələr toplusunun bu şirkətin nüfuzunu ləkələdiyi qənaətinə gəldiyindən məhkəməyə müraciət edib. İTV toplunun məhv edilməsini və yenidən yayılmasının qadağan olunmasını, habelə R.Hacıyevin kitaba görə üzr istəməsi tələbini irəli sürüb.
“Müxalifət”
Yasamal rayon Məhkəməsi Vəkillər Kollegiyasının sədri Azər Tağiyevin iddiası üzrə “Müxalifət” qəzetinin üzərinə 15 min manat ödənc qoyub. Qərardan narazı qalan qəzet redaksiyasının apellyasiya şikayətində qeyd olunur ki, məhkəmə çəkişməsinə səbəb olan yazıda heç bir təhqir elementi olmayıb, birinci instansiya məhkəməsi əsassız qərar verib. Apellyasiya şikayətinə hələ baxılmayıb.
“AMAY” firması “Müxalifət” qəzetinin üzərinə 1 milyon AZM ödənc qoyulması tələbilə məhkəməyə müraciət edib. Ticarətçilər qəzetin 24 fevral və 3 mart 2007-ci il tarixli saylarında dərc edilmiş “A.M.A.Y. – Əliyevlər Ailəsinin ticarət nişanı” sərlövhəli məqalənin onların işgüzar nüfuzunu aşağıladığını iddia edirlər. Sözügedən məqaləyə görə “Müxalifət”in baş redaktoru Rövşən Kəbirli və yazar Yaşar Ağazadə millət vəkili C.Əliyevin şikayəti əsasında 2 il 6 ay azadlıqdan məhrum edilib.
6 ayda qarayaxma ilə bağlı qanunvericiliyin tətbiqi təcrübəsinin araşdırılması aşağıdakıları ortaya çıxarıb:
1. Qarayaxma iddiaları ilə jurnalistlərə qarşı məhkəmə davaları demək olar ki, bütün hallarda ictimai fiqurlar sayıla bilən şəxslər tərəfindən qaldırılıb. Bir sıra hallarda bu birbaşa hökumətdə yüksək siyasi və inzibati vəzifə tutan şəxslər, bəzən isə hətta dövlət orqanlarının özləri olublar. Daha dərin çək-çevir obyekti olmalı olan bu iddiaçıların işlərinə baxarkən məhkəmələr heç bir halda ictimai fiqurlar, ictimai və siyasi xadimlər, toplumun daha dərindən bilməyə haqlı olduğu şəxslər və s kimi anlayışlardan bir dəfə də olsun istifadə etməyib. Qanunvericilik işgüzar nüfuz anlayışını yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə aid etsə də məhkəmələr nazirliklərin işgüzar nüfuzunun aşağılanması ilə bağlı qəzetlərə qarşı qaldırdığı iddiaları təmin edib, nazirliyin işgüzar nüfuzun müdafiəsi davası açmaq hüququnun olmadığı gerçəyini nəzərə almayıb.
2. Demək olar ki, iddia predmeti olan bütün yazılar ictimai maraq dairəsində olan məsələlərlə, o cümlədən siyasi xadimlərin, dövlətin yüksək vəzifəli şəxslərinin iş fəaliyyəti ilə, dövlət orqanlarının satınalmaları ilə, iri korporasiyaların fəaliyyəti ilə, dövlət işlərinin idarə olunması, ictimai və biznes sahələrində korrupsiya faktları və s. ilə bağlı olub. Buna baxmayaraq heç bir işdə məhkəmələr çəkişmə predmeti olan yazıların ictimai önəmli məsələlərlə bağlı olub-olmamasına, ictimai və siyasi debatlara qatqı sayılıb-sayılmamasına qiymət verməyib. Belə anlayışlardan məhkəmələr ümumiyyətlə istifadə etməyib.
3. İddiaçı və ya ittihamçıların ictimai fiqurlar olmasına baxmayaraq məhkəmə istisnasız olaraq bütün işlərdə sübutetmə yükünü, yəni yazılanların doğruluğunu isbat etmə vəzifəsini jurnalistlərin üzərinə qoyub. Qanunvericiliyin cinayət işlərində sübutetmə yükünü açıq-aşkar ittiham tərəfinin üzərinə qoymasına baxmayaraq məhkəmə bunu jurnalistlərdən tələb edərək jurnalistləri cinayət torətməkdə təqsirləndirilən başqa şəxslərdən fərqləndirib, onları daha ağır və qeyri-bərabər vəziyyətə salıb.
4. Bir neçə işdə isə qarayaxıcı olduğu iddia olunan ifadələrin faktlar haqqında xəbər yox, qiymətləndirici mülahizələr olmasına baxmayaraq məhkəmə jurnalistlərdən qiymətləndirici mülahizələrin doğruluğunu sübut etməyi tələb edib. Bununla jurnalislərin üzərinə çəkilməsi mümkün olmayan yük qoyan məhkəmə bu yükü çəkə bilmədiyinə görə jurnalistləri cəzalandırıb.
5. Məhkəmələr söz azadlığına müdaxilə qərarı çıxararkən heç bir halda bunun hansı təxirəsalınmaz ehtiyacdan irəli gəldiyini əsaslandırmamış, söz azadlığının cəmiyyətin yaşamında və gəlişimində oynadığı əvəzedilməz rola qiymət verməmişlər. Məhkəmələr söz azadlığı ilə bağlı işlərə baxarkən Azərbaycan Konstitusiyasının ifadə azadlığını nəzərdə tutan müddəalarına, Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsi (İfadə azadlığı) ilə bağlı Avropa Məhkəməsinin presedent hüququna yalnız bir neçə halda istinad ediblər. Bu hallarda belə məhkəmələr söz azadlığının müdafiəsinə yox, onun məhdudlaşdırılmasına yönələn arqumentlərdən istifadə ediblər.
6. Qarayaxma iddiaları əsasında jurnalistlər və media qurumları üzərinə yüksək məbləğdə ödənc yükləri qoyulub. Bu ödənclərin hamısı maddi zərərlərə görə yox, güman olunan mənəvi zərərlərə görə kəsilib. Ödənclərin kəsilməsi, onların məbləğləri heç bir halda əsaslandırılmayıb. Jurnalistlərin və media qurumlarının kəsilmiş ödəncləri vermək gücündə olub-olmamaları, ödənclərin yüksək məbləğlərinin onların normal işləməsinə zərər vurub-vurmadığı əksər hallarda nəzərə alınmayıb.
7. Məhkəmələr həbs qəti-imkan tədbiri seçməklə jurnalistləri həbs edərkən həm Cinayət Prosessual Məcəllənin, həm də Avropa İnsan Haqları Konvensiyasının 5-ci maddəsinin tələblərinə əməl etməmiş, cəmiyyətdə yetərincə tanınan və gələcəyi şübhə doğurmayan bu şəxslərin acınacaqlı, insan ləyaqətini alçaldan şəraitdə saxlanmalarına qərar vermişlər.
TÖVSİYYƏLƏRİMİZ
Hökumət
1. Defamasiya iddialari əsasında həbs olunan jurnalistlərin azadlığa buraxılmasını təmin edən və söz azadlığına böyük zərbə vuran bu yararsız praktikanın aradan qaldıran addımlar atmalı,
2. Jurnalistlərin və media qurumlarının üzərinə yüksək məbləğdə ödənclər qoyan məhkəmə qətnamələrinə yenidən baxılmasını təmin etməli,
3. Hökumət jurnalist haqlarının pozulması ilə bağlı faktları tam və düzgün araşdırmalı, gərəkli ölçülər götürməli, əsassız məhkəmə hökmləri ilə jurnalistlərə vurulmuş ziyanların ədalətli kompensasiyasını təmin etməli,
4. Cinayət Məcəlləsinin qarayaxmaya, təhqirə görə cinayət cəzaları (azadlıqdan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması) nəzərdə tutan maddələrini ləğv etməli,
5. İctimai əhəmiyyətli məsələlərlə bağlı, eləcə də ictimai və siyasi fiqurlarla bağlı yazılara görə jurnalistlər üçün immunitet müəyyən olunmalı, jurnalistləri ictimai-siyasi, korrupsiya faktları ilə bağlı mövzularda yazmaqdan çəkindirən başqa əngəlləri aradan qaldırmalı,
6. Jurnalist mənbələrinin qorunmasını təmin etmək məqsədi ilə Cinayət Prosessual Məcəlləsinə, Əməlliyyat Axtarış fəaliyyəti haqqında qanuna və başqa müvafiq normativ-hüquqi aktlara jurnalistlərin evində, iş yerində və üzərində axtarış aparılmasının xüsusi şərtlərini və qaydasını müəyyən edən, jurnalistlərin öz informasiya qaynaqlarını gizli tutmaq hüququnu təsbit edən, yalnız qanunda nəzərdə tutulan müstəsna hallarda məhkəmənin əsaslandırılmış qərarı ilə buna borclu olduqlarını göstərən müddəaların əlavə olunmasını, müvafiq dövlət qurumlarının işçilərinin bununla bağlı təlimatlandırılmasını təmin etməlidir.
7. Məhkəmə hakimiyyəti qarayaxma, təhqir, özəl həyatın, işgüzar nüfuzun müdafiəsi ilə bağlı işlər üzrə Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinə, Avropa İnsan Haqları Məhkəməsinin presedentlərində müəyyən olunmuş standartlara uyğun olan məhkəmə təcrübəsi yaradılması üçün mütərəqqi, nümunəvi qərarlar qəbul etməlidir.
8. Məhkəmələr mediaya qarşı işlərdə Avropa İnsan Haqları Məhkəməsinin uyğun presedent hüququnu tətbiq etməli, qarayaxma işlərini qabaqcıl meyarlara uyğun çözə bilmələri üçün hakimlərə treninq-təlimlərin keçirilməsi təmin olunmalıdır.
9. Beynəlxalq təcrübə öyrənilməklə ən qısa zamanda defamasiyanı dekriminallaşdıran (mülki məsliyyət müəyyən edən) “Defamasiya haqqında” qanun layihəsi hazırlamalı, qısa zamanda qəbul etməlidir.
Bu Qanun
- ifadə azadlığına təminat verməli; - nüfuzu ləkələyən məlumatların yayılmasını önləməli; - sui-istifadə hallarını önləmək üçün şərəf, ləyaqət və işgüzar nüfuz anlayışına dəqiq tərif verməli; - mənəvi zərərin əvəzinin tam, adekvat ödənilməsini təmin edəcək kriteriyaları müəyyənləşdirməli; - defamasiyaya qarşı güclü müdafiəni təmin etməli; - dövlət qurumlarına defamasiya ilə bağlı iddialar qaldırmağı qadağan etməlidir.
BU HESABAT MEDİA HÜQUQU İNSTİTUTUNUN EKSPERTLƏRİNİN ƏMƏYİNİN MƏHSULUDUR, USAİD və AVRASİYA FONDUNUN DƏSTƏYİ İLƏ HAZIRLANIB. SƏNƏDDƏN İSTİFADƏ EDİLƏRKƏN MEDİA HÜQUQU İNSTİTUTUNA İSTİNAD EDİLMƏLİDİR
SAMİR SƏDAQƏTOĞLUNUN və RAFİQ TAĞININ APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB
2007-06-22 – 14:18:00
Bu gün Apellyasiya Məhkəməsində «Sənət» qəzetinin baş redaktoru Samir Sədəqətoğlunun və qəzetin yazarı Rafiq Tağının apellyasiya şikayəti üzrə hazırlıq iclası keçirilib. «Sənət» qəzetinin baş redaktorunun müavini Mübariz Xanağalının «Meda forum» saytına verdiyi məlumata görə, hazırlıq iclası çox az çəkib. Hakim sənədlərlə tanış olduqdan sonra iş üzrə prosesin iyunun 29-da saat 11.00-da keçiriləcəyini deyib.
Xatırladırıq ki, jurnalistlərin həbsinə «Sənət» qəzetinin1 noyabr 2006-cı il tarixli sayında R.Tağının «Avropa və biz» məqaləsi səbbə olub. S.Sədaqətoğlu və R.Tağı noyabrın 15-də həbs oluublar. Səbail Rayon Məhkəməsinin bu il mayın 4-də çıxardığı qərarla Samir Sədəqətoğlu 283.2.2 (milli, dini və irqi ayrıseçkilik) maddəsinə əsasən 4 il, Rafiq Tafiq Tağı 283.1 ( milli, dini və irqi ayrıseçkilik yaymaqda) maddəsinə əsasən 3 il azadlıqdan məhrum ediliblər.
«Media forum»
Əli Insanov hakimiyyətə xəbərdarlıq etdi
20 iyun 2007
Sabiq nazirdən Fikrət Məmmədov və Məleykə Abbaszadənin ünvanına sərt ittihamlar
Sabiq səhiyyə naziri Əli Insanov dünən yenidən məhkəmə qarşısına çıxarıldı. Apellyasiya Məhkəməsində sabiq nazirin Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmənin 20 aprel tarixli hökmündən verdiyi şikayət üzrə hazırlıq iclası keçirildi. Xatırladaq ki, həmin hökmə əsasən, Əli Insanov mənimsəmə, rüşvət alma kimi cinayətlərdə təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilib.
Əvvəlcə onu qeyd edək ki, Əli Insanovun vəziyyəti bu iki ayda xeyli pisləşib. Sabiq nazir dünən məhkəmə zalına da əl ağacı ilə gəlmişdi.
Apellyasiya Məhkəməsində işə Salman Hüseynovun sədrliyilə baxılır. Tərəflər məhkəmə heyətilə tanış olandan sonra təqsirləndirilənlərdən vaxtilə Səhiyyə Nazirliyində beynəlxalq şöbənin müdiri işləmiş, məhkəmənin hökmü ilə üç il azadlıqdan məhrum edilmiş Aleksandr Umnyaşkinin vəkili Isaxan Aşurov vəsatətlə çıxış edərək müdafiə etdiyi şəxsin barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsini istədi. Hökmün Umnyaşkinlə bağlı hissəsinin biabırçılıq olduğunu deyən vəkil bildirdi ki, onun təqsiri hökmdə əsaslandırılmayıb.
Əli Insanovun vəkili Ağaveyis Şahverdinin vəsatəti isə iş materiallarındakı sənədlərin surətinin çıxarılması, prosesdə aparılan videoçəkilişin protokola əlavə olunması və sonda tanışlıq üçün tərəflərə təqdim olunması ilə bağlı oldu.
Vəkillər məhkəmənin vəsatətlərə münasibət bildirməməsinə etiraz edəndə hakim dedi ki, hazırlıq iclasının yekun qərarında vəsatətlərin hamısına birlikdə münasibət bildirəcəklər.
Məhkəmənin bu mövqeyi Əli Insanovun da etirazına səbəb oldu:
- Biz bura böyük ümüdlərlə gəlmişik. Bu ümidləri ilk dəqiqələrdən sındırmayın. Əgər vəsatətləri saxlayıb sonda kiminsə məsləhətilə həll etmək fikriniz varsa, onda məhkəməni ümumiyyətlə, dayandırın. Vəsatətləri niyə müzakirə etmirsiz? Mən buradan sizin səmimi olmağınızdan şübhələnirəm. Xahiş edirəm, qaldırılan bütün məsələlərə qanun çərçivəsində baxın.
Niyə Kərəm Həsənov məsuliyyətə cəlb olunmayıb?
Ağaveyis Şahverdinin digər vəsatəti sabiq nazirə qarşı irəli sürülmüş bütün ittihamlar üzrə onun barəsindəki cinayət işinə xitam verilməsilə bağlı oldu: - Səhiyyə obyektlərinin özəlləşdirilməsi və icarəyə verilməsi barədə sənədlərin əksəriyyətini Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənov, bir qismini də Fərhad Əliyev imzalayıb. Əgər özəlləşdirilməsi qanunla qadağan olunmuş obyektlərdirsə, yalnız prezidentin sərəncamı əsasında özəlləşdirilməliydisə, niyə Kərəm Həsənov həmin sənədləri imzalayıb? Niyə indi sənədləri imzalayan vəzifəli şəxs yox, Əli Insanov məsuliyyətə cəlb olunub? Rüşvət alma ilə bağlı ittiham da qərəzlidir. Nə istintaqda, nə də birinci instansiya məhkəməsində bu ittiham sübuta yetirilməyib. Iş materiallarında Əli Insanovun Vəkil Abbasov vasitəsilə rüşvət aldığı göstərilib. Amma Vəkil Abbasov nə istintaqda, nə də məhkəmədə rüşvət aldığını və Əli Insanova verdiyini deməyib. Eləcə də Akif Məhərrəmov. Məhkəmənin qərarını icra etməməklə bağlı ittihama gəlincə, 1995-ci ildə Əli Insanovun barəsində cinayət işi başlanıb. Amma sonradan bu iş sona çatdırılmayıb. 2007-ci ildə bu işi yenidən qaldırıblar. Bəs cinayət işinin baxılma müddətinin başa çatması hara getdi? Əli Insanova qarşı irəli sürülmüş ittihamların heç biri üzrə onun təqsiri sübuta yetirilmədiyindən xahiş edirik ki, onun barəsindəki cinayət işinə xitam verilsin.
“Ilham Əliyevi və qohumlarını ifşa etdiyimə görə məndən qisas alırlar”
Əli Insanov da vəkilinin vəsatətini dəstəklədi:
- Müdafiəçimin vəsatətini dəstəkləyirəm və bir neçə kəlmə əlavə etmək istəyirəm. 2005-ci il oktyabrın 20-də qondarma dövlət çevrilişi ittihamı ilə əsassız və qanunsuz həbs edilmişəm. Bu ittiham təsdiqlənmədiyindən sonradan iqtisadi məsələlərlə bağlı qondarma ittihamlar irəli sürdülər və əsasız hökm çıxartdılar. Bu azmış kimi, aprelin 20-də hökm oxunandan sonra birbaşa Bayıl təcridxanasına köçürülmüşəm. Orada olmazın işgəncələrinə məruz qalmışam və işgəncələr bu gün də davam edir. Bununla əlaqədar özüm və vəkillərim hüquq müdafiəçilərinə, xarici ölkə səfirliklərinə, Avropaya qədər hər yerə müraciət etmişik. Məhkəmədə Ilham Əliyev və onun qohumları, xalası oğlu, ədliyyə naziri Fikrət Məmmədovun qardaşı Cəmil Əliyev barədə ifşaedici faktlar səsləndirdiyimə görə məndən qisas alırlar. Məni əvvəllər ölüm cəzasına məhkum olunanların saxlandığı “ölüm kamerası”nda saxlayırlar. Kamerada gecələr temperatur 40-ı keçir, hava yoxdur. Ağır xəstə ola-ola məni belə bir vəziyyətdə saxlayırlar. Bu vəziyyəti hüquq mədafiçiləri Elçin Behbudov, Səadət Bənənyarlı, Novella Cəfəroğlu, Səidə Qocamanlı görüb. Belimdəki ağrılar şiddətlənib. Fikrət Məmmədov oyun qurub. Məndə olmayan xəstəlikləri müayinə etdirir, məndə ürək, şəkər xəstəliyi axtarırlar, sonra da yazırlar ki, xəstəliyi yoxdur, kamera şəraitində müalicə oluna bilər. Yaddan çıxarırlar ki, mən özüm də həkiməm. Bu qisasçılıq nə vaxta qədər davam edəcək? Bu saxta iqtidarın daha hansı çirkin əmllərindən danışım ki, qanunsuz əməllərinə son qoysunlar. Siz hakimlər mənim həbsimin əsassız və qanunsuz olduğunu bilirsiz. Xəbərdarlıq edirəm: əgər işə əvvəlki məhkəmə kimi baxsanız, tarixi cinayət törətmiş olacaqsız. Sizin qarşınızda dayanan dövlət qarşısında böyük xidmətləri olan, alnı açıq biridir. Kimlərinsə ambisiyalarına qarşı çıxmışamsa, mütləq həbsdə olmalıyam? Hüquq müdafiəçilərinə də, mətbuata da müraciət edirəm ki, mənim adımdan “xahiş edirəm” sözünü yazmayın. Mən heç kimdən xahiş etmirəm. Hüquqlarımın bərpasını tələb edirəm. Heç kimin qarşısında baş əymək fikrim yoxdur. Öz haqqımı tələb edirəm. Dövlət ittihamçısı vəkillərin vəsatətlərinə qarşı çıxmaqla yanaşı, onu da bildirdi ki, Ə.Insanovun kamera şəraitində də müalicəsi mümkündür.
“Kameram Hitlerin konslagerindən fərqlənmir”
Prokurorun dedikləri sabiq nazirin etirazına səbəb oldu:
- Dövlət ittihamçısı fikirlərimizi təhrif edir. Nə müdafiəçim, nə də mən demirik ki, xəstə olduğuma görə həbsdə saxlanıla bilmərəm. Deyirik ki, ittihamlar sübuta yetirilməyib. Mənim saxlanıldığım kamera Hitlerin konslagerindən heç nə ilə fərqlənmir. Ora qaz da buraxırlar. Siz bilmirsiz orada nə baş verir, mənə hansı işgəncələr verilir.
Ağaveyis Şahverdinin növbəti vəsatəti işin baxılması üçün yenidən birinci instansiya məhkəməsinə qaytarılması və işə baxmış hakimlərin barəsində xüsusi qərardad çıxarılmasıyla bağlı oldu. Vəkil bunu işə sifarişlə və ədalətsiz baxılmasıyla izah etdi: “Bunun nəticəsi olaraq işə baxan hakim tərkibinə yeddi dəfə etiraz verilib. Işdə olan sənədlərinə surətinin çıxarılması, fotoşəkillərin, video çəkilişlərin nümayiş etdirilməsini xahiş etsək də, vəsatətlərimiz təmin olunmayıb. Müdafiə işinin təşkili üçün normal şərait yaradılmayıb. Bu səbəbdən də Əli Insanov aclıq etməyə məcbur qalıb. MTN-də müayinə zamanı həkimlər Əli Insanovda 8 cür xəstəlik aşkar etsə də, onun müalicəsinə imkan verilmir. Əli Insanovun barəsindəki həbs-qətimkan tədbiri dəyişidirilməli və o, azadlığa buraxılmalıdır”. Vəkil başqa bir vəsatətilə tam şəkildə məhkəmə istintaqının aparılmasını, Kərəm Həsənov və Fərhad Əliyevin əlavə şahid qismində dindirilməsini istədi.
“Məmləkəti çapıb-talayanlar məni ittiham edir”
Əli Insanov vəkilinin bu vəsatətlərinə də münasibətini bildirdi:
- Əvvəlki məhkəmədə ittiham tərəfin 160-dan çox şahidi dindirildiyi halda bizim istədiyimiz şahidlərdən biri də dindirilmədi. Tələb etdiyimiz sənədlərin heç biri bizə verilmədi. Əvvəlki məhkəmədə Fatma Abdullazadə və Məleykə Abbaszadənin şahid qismində dindirilməsi barədə vəsatətlərimiz olub. Məhz Məleykə Abbaszadənin imzasıyla MTN-ə göndərilən məktub əsasında mənə qondarma ittiham verilib. Bununla əlaqədar onun çağırılmasını istəmişik. Mən məhkəmədə dedim ki, bu iki qadın Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin vasitəsilə hər il təkcə Tibb Universitetinə qəbuldan 5 milyon dollardan çox qazanc götürür. Təhsil Nazirliyində keçirilən toplantıda da etiraf olundu ki, qəbul imtahanında 600-dən çox bal toplamış hüquq fakültəsinin xeyli tələbəsi birinci semester imtahanlarını verə bilməyib. Mən bildirdim ki, Məleykə Abbaszadə 12 bal toplamış tələbəni Tibb Universitetinə göndərib. Amma bütün bunların heç biri araşdırılmadı. Istintaq qrupunun rəhbəri Eldar Əhmədov ittiham aktına saysız-hesabsız yalan məlumatlar daxil etməklə çoxlu sayda qanun pozuntusuna yol verib. Niyə dəvət edib soruşmadılar ki, nəyin əsasında bu məlumatları ittiham aktına daxil etmisən? Hətta sıravi müstəntiqi belə çağırıb dindirmədilər. Mənə səhiyyə obyektlərinin qanunsuz özəlləşməsilə bağlı ittiham verilib. Əmlak Komitəsinin hüquq şöbəsinin müdiri də məhkəmədə gəlib dedi ki, bu özəlləşmə prosesində Əli Insanovun işi “özəlləşməyə etiraz etmirəm” məktubundan ibarət olub. Qanunsuzdursa, onda özəlləşdirməni həyata keçirənləri niyə tutmursuz? Irtica dövlətin mətbuat maşını işə düşdü ki, Əli Insanov səhiyyə obyektlərinin qanunsuz özəlləşdirilməsindən 3 milyard 464 milyon dollar gəlir əldə edib. Görün bu hakimiyyət mənimlə necə cılız mübarizə aparır. Mübahisə predmeti olan obyektlərdən birilə bağlı Apellyasiya Məhkəməsinin müvafiq qərarı var. Yuxarı instansiyanın qərarı olduğu halda Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmə həmin qərarı ləğv etdi. Bu cür ədalətsizlikləri insanlar görür. Dünyanı çapıb-talayanlar, bu məmləkəti çapıb-talayanlar məni ittiham edirlər, siz də göz yumursuz. Görün, mənə işgəncə verən kimdir – Fikrət Məmmədov… Bu yerdə prokuror məhkəməyə təklif etdi ki, Əli Insanova xəbərdarlıq olunsun. Əgər yenə də ittihamdan kənara çıxsa, tədbir görülsün.
Əli Insanov:
- Prokuror məndən üzr istəsin. O kimdir ki, mənim sözümü kəsir. Fikrət Məmmədov savadı az, zəif cəsarətli adamdır. Onun prokurorluqda necə işlədiyini mənə danışıblar.
Hakim:
- Əli Insanova xəbərdarlıq edilsin və protokola qeyd olunsun.
“Neyləsələr də, Əli Insanovu sındıra bilməyəcəklər”
- Deyəsən, belə getsə, mən Fikrət Məmmədovu da bura çağırmalı olacağam. Fikrət Məmmədov, qardaşın Cəmil Əliyevin talançılığı barədə danışan kimi niyə üstümə düşdün? Biçarə, əllərdə əsir olmuş Akademiya məni üzvlükdən çıxarıb. Bu, məni qətiyyən narahat etmir. Çünki mən Azərbaycan Milli Elmlər Akademiyasından başqa, dünyanın daha dörd akademiyasının üzvüyəm. Ilham Əliyev xətircəm olsun, Əli Insanov akademik olaraq qalır. Mən Rusiyada nəşr olunan çox qiymətli bir kitabın baş redaktoru olmuşam. Məhkəmə bir nəfəri çağırıb soruşmadı ki, bu kitab Azərbaycan həkimlərinə lazım idi, yoxsa yox? Məgər o kitab həkimlərə pulla paylanıb? Hakimiyyət buradan Rusiyaya müraciət edib ki, mənim adım həmin kitabdan çıxarılsın. Mən o kitaba ön söz yazmışdım. Orada Nizami Gəncəvidən də bəhs olunurdu. 1949-cu ildə akademik Heydər Hüseyn yazdığı bir kitaba görə intihar etməyə məcbur elədilər. O akademiklə mən akademikin həyatımız necə də oxşardır. Hətta Akademiyanın prezidenti Mahmud Kərimov mənə məktub yazdı ki, ön sözdə qeyd etdiklərinizə görə bütün akademiklər sizə minnətdardır. Mənim fəaliyyətimlə əlaqədar on aydan çox yoxlama apardılar. Büdcədən bir manat mənimsəməyim barədə bir dənə də fakt tapa bilmədilər. Ölkəyə 26 milyon dollarlıq qrant gətirtmişəm. Həmin qrantdan bir manat mənimsəməyim barədə bir dənə də fakt tapmadılar. Mənim restoranım, şadlıq evim, zavodum, fabrikim, tikinti şirkətim yoxdur. Gəlir mənbəyim ixtiralarım, kitablarım olub. Mən ixtira etdiyim dərmanın Hindistanda satışından 3 milyon dollar gəlir əldə edəndə bu gün məni ittiham edənlərin çoxu şirin çaya həsrət idi. Bir balaca insafınız olsun, Quranı qarşınıza qoyun. Mən nə sizdən, nə də prezidentinizdən heç nəyi xahiş eləmirəm. Müstəqil mətbuata, hüquq müdafiəçilərinə, məni müdafiə etməyə cəsarəti çatanlara təşəkkürümü bildirirəm.
Gecələr mənim vəziyyətim lap pisləşir. Kameradakı dustaqların köməyi olmasa, səhhətim lap ağır olar. Bilsinlər ki, neyləsələr də, Əli Insanovu sındıra bilməyəcəklər. Mən döyüşə də, mübarizəyə də hazıram. Ancaq heç kimin qarşısında əyilməyəcəyəm. Təcridxananın rəisi məni türmə daxilindəki tibb məntəqəsinə də göndərmir. Çünki Ilham Əliyev icazə vermir. Çıxışımda son olaraq dövlət ittihamçısına müraciət edirəm ki, mənim barəmdə danışanda korrekt olun. Prokuror vəsatətlərə münasibət bildirərdən dedi ki, bu instansiyada yenidən məhkəmə istintaqının aparılmasına ehtiyac yoxdur.
Daha sonra Əli Insanovun oğlu Vidadi Insanovun Səhiyyə Nazirliyi və digər qurumlara qarşı torpaq və mülkiyyət tələbilə qarşılıqlı iddia ərizəsi məhkəməyə təqdim olundu. Əli Insanov yenidən söz istədi:
- Mən belə başa düşdüm ki, Məleykə Abbaszadə bura çağırılmayacaq. Bunun da səbəbi məlumdur. Çünki o, on milyonlarla dolları təkbaşına yemir axı. Məleykə Abbaszadə Heydər Əliyev Fondunun aktiv xəzinədarıdır.
Bundan sonra müşavirəyə gedən məhkəmə heyətinin qərarı gözlənildiyi kimi oldu – vəkillərin qaldırdıqları vəsatətlərin heç biri təmin olunmadı. Üstəlik Əli Insanovun oğlunun qaldırdığı qarşılıqlı iddia da rədd edildi.
Iş üzrə məhkəmə baxışı isə iyulun 3-nə təyin olundu.
(“Azadlıq” qəzeti, 20.06.2007)