Nərimanabadda fövqəladə vəziyyət davam edir
Son məlumata görə, qəsəbədə hələ də gərginlik və faktiki olaraq fövqəladə rejim hökm sürməkdədir. Dünən polisin saxladığı 5 sakindən biri - Cavanşir İsmayılov sərbəst buraxılıb.
Müsavat Partiyası Lənkəran rayon təşkilatının dünən yaydığı bəyanatda deyilir ki, mövcud rejim insanların narazılığını araşdırmaq əvəzinə yenə də xislətinə uyğun olaraq zora əl atıb, qəsəbə əhalisinə divan tutub. Hadisələr nəticəsində xəsarət alanlar və həbs olunanlar var. Uzun müddətdir ki, Nərimanabad əhalisi öz problemlərini hakimiyyət nümayəndələrinin diqqətinə çatdırmağa çalışır, qəsəbə akvatoriyasının spesifik xüsusiyyətləri nəzərə alınmaqla balıqçılıq üçün normal şəraitin yaradılmasını xahiş edirlər. Lakin hakimiyyət yenə də insanların problemini həll etmək əvəzinə ondan qazanc mənbəyi kimi istifadə etməyə çalışıb. Sahəyə az-çox aidiyyəti olan bütün təşkilatlar balıqçılıq üçün normal şərait yaradılması müqabilində rüşvət tələb edirlər. Nəticədə vətəndaşlarımız ağır zəhmət hesabına və ölüm riski altında əldə etdikləri gəlirin əhəmiyyətli hissəsini komfortlu kabinetlərdə oturan acgöz və harınlaşmış məmurlara vermək zorunda qalıblar. Lakin bu da həmin məmurları qane etmir, vaxtaşırı balıqçılar saxlanılır, ləvazimatları müsadirə edilir və digər maneələr törədilir. Son hadisələr də məhz belə özbaşınalıqların nəticəsində törənib”.
Müsavat Partiyası Lənkəran rayon təşkilatı zəhmətkeş insanımıza qarşı iqtidarın zülmünü qətiyyətlə pisləyir, hakimiyyətdən talançı siyasətə son qoymağı, Nərimanabad əhalisinin dolanışığı üçün normal şərait yaradılmasını tələb edir: “Təşkilat həmçinin Nərimanabad əhalisini mübarizəni səbir və təmkinlə aparmağa çağırır, onların haqlı tələblərinin yanında olduğunu bəyan edir”.
"Yeni Müsavat" qəzeti
Siyasi məhbus Tural Abbaslının evi söküldü, anası və qardaşları tutuldu
Dekabrın 18-i axşam saat 18 radələrindən başlayaraq gecə saatlarınadək Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan sədri Tural Abbaslının Bakıda, Səməd Vurğun küçəsində (Heydər Əliyev Sarayının yaxınlığında) yaşadığı ev tamamilə sökülüb.
“Media forum” xəbər verir ki, ev sahibləri evin sökülməsinə etiraz ediblər, texnikanın qarşısını kəsməyə çalışıblar. Əraziyə çoxlu jurnalist və ictimaiyyət nümayəndəsi yığışıb. “Musavat.com” saytının yazdığına görə, Nəsimi Rayon Polis İdarəsinin rəis müavini Süleyman Nemətovun başçılığı ilə polis və mülki geyimli dəstə vicdan məhbusunun anası Baxşıxanım, qardaşları Teymur və Toğrul Abbaslını 21-ci polis bölməsinə aparıblar.
Tutulanlar arasında müsavatçılar Tural Hacıbəyli, Abid Süleymanlı, AXCP üzvləri Dəyanət Babayev və Əlirza Muxtar da olub.
Polis əməkdaşları ərazini etirazçılardan təmizləyəndən sonra binanın söküntüsü başlanıb və gecə saatlarında bina tamam sökülüb.
Başxanım Abbaslı saxlanmamışdan öncə jurnalistlərə deyib ki, bina sakinlərinə heç bir xəbərdarlıq olunmadan söküntüyə başlanıb: “Göründüyü kimi, heç bir yerə lent çəkilməyib, söküntü işarəsi qoyulmayıb. Sakinlərə öz əmlaklarının çıxarılmasına imkan verilməyib”.
B.Abbaslı saxlandıqdan sonra “Musavat.com”a telefonla bildirib ki, polis ona qarşı xüsusi amansızlıq edib: "Süleyman Nemətov məni zorla, kobudluqla maşına mindirdi”. O deyib ki, aidiyyəti qurumlara müraciət edəcək: “Ramil Usubovun bu məsələyə münasibət bildirməsini tələb edirəm”.
Mərhum Novruzəli Məmmədovun Əliyev rejiminə "borcu" ödənilib
Dekabrın 17-də «Tolışi Sədo» qəzetinin mərhum baş redaktoru professor Novruzəli Məmmədova məxsus bəzi mal və əşyalar müsadirə olunub.
Əşyaları Yasamal rayon Məhkəmə icraçılarına N.Məmmədovun vəkili Ramiz Məmmədov və hüquq müdafiəçisi Hilal Məmmədov təqdim edib. Müsadirə barədə 1 həftə əvvəl Yasamal rayon Məhkəməsindən mərhumun vəkilinə xəbərdarlıq edilib.
Hüquq müdafiəçisi Hilal Məmmədovun sözlərinə görə 2008-ci il Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmündə göstərildiyi ümumi dəyəri 600 manat hesablanan 1 kompyuter stolu, 1 stol, 5 stul, İranda toxunmuş 1 xalça, 1 televizor və 1 fotoaparat dövlətə təhvil verilməli barədə xəbərdarlıq edilib. "Bildirildi ki, əks təqdirdə Novruzəli Məmmədovun həyat yoldaşı axtarışa veriləcək. Bu xəbərdarlıqdan sonra onun Moskvada müalicə olunan 72 yaşlı yoldaşı bizə müraciət etdi ki, avadanlıqları ordan-buradan tapıb təhvil verək. Biz vaxtilə Novruzəli Məmmədovun İrandan 40 manata alıb gətirdiyi xalçanı, 4 köhnə, zədəli stulları və bir də kompyuter stolunu verdik. Amma stol, 1 stul, televizor və fotoaparatı tapa bilmədik».
2008-ci ildə çıxarılan məhkəmə hökmündə qeyd edilib ki, müsadirə olunan bu əşyaları N.Məmmədov güya İran xüsusi xidmət orqanlarının verdiyi vəsait hesabına alıb.
Hilal Məmmədov deyir ki, həmin hökmdən sonra bu məsələ indiyə qədər qaldırılmamışdı: «Bu adam həbsxanada vəfat edib. Bundan sonra onun iki oğlu vəfat edib. 72 yaşlı yoldaşı Məryəm Məmmədova BMT-yə müraciət edəndən sonra Rusiyaya köçüb və hazırda orda müalicə olunmaqdadır. Bu qədər müsibət, faciədən sonra 2 il əvvəl vəfat etmiş adamdan stol, stul, fotoaparat, xalça tələb etmək çox gülməli görünür».
«Talışi Sədo» qəzetinin baş redaktoru professor N.Məmmədov dövlətə xəyanət, milli, irqi və dini ayrı-seçkiliyi qızışdırmaqda ittiham olunaraq 10 il azadlıqdan məhrum edilmişdi.
O, 2009-cu ildə 68 yaşında Penitensiar Xidmətin müalicə müəssisəsində öldürülmüşdü.


