Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Lalə Şövkət: “O tarixin qəhrəmanları Şəhidlər Xiyabanında uyuyanlardır”

Mirzə Xəzər 27 Mar 2010

no comments

lala

 

 

 

 

 

 

 


20 Yanvar hadisələriylə bağlı hakimiyyətin apardığı əsas təbliğat ondan ibarətdir ki, o vaxt Azərbaycanı informasiya blokadasından Heydər Əliyev çıxarıb. Məhz H.Əliyev Moskvadakı məlum mətbuat konfransı ilə baş verən gerçəkləri dünya ictimaiyyətinə çatdırıb. Hazırda hakimiyyətin yürütdüyü təbliğat bunun üzərində qurulub və bu təbliğatın fonunda cərəyan edən hadisələrlə bağlı başqalarının rolu unudulub. Amma 20 Yanvar hadisələrdən 20 il keçəndən sonra ALP lideri Lalə Şövkət o zamankı olaylarla bağlı maraqlı faktın üstünü açıb. Məlum olub ki, H.Əliyevin iştirak etdiyi həmin mətbuat konfransı Moskvada azərbacanlı ziyalıların 3 gün ərzində təşkil etdiyi 7 mətbuat konfransından biri olub. O dövrün hadisələrilə bağlı müəyyən detallara aydınlıq gətirmək və bu hadisələrə indiki hakimiyyətin yanaşmasına münasibət öyrənmək üçün L.Şövkətə müraciət etdik. Lalə xanımla söhbətdən aydın oldu ki, 20 Yanvar hadisələrilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyində keçirilən mətbuat konfransının təşəbbüskarı, hazırda təqdim olunduğu kimi, H.Əliyev yox, bir qrup azərbaycanlı ziyalı olub:
“Bakıdan qadağa gəlmişdi ki, heç bir məlumat verilməsin”

 

 

- 20 Yanvar faciəsi 1990-cı ildə minlərlə azərbaycanlını Moskvadakı nümayəndəliyin qarşısına yığışmışdı. Bizim o zaman yeganə istinad yerimiz Moskvadakı nümayəndəliyimiz idi. O zaman Moskvada yaşayan heç bir azərbaycanlı buna biganə qala bilməzdi. Hamı çaşqınlıq içərisində idi. O zaman mən Moskvadakı ziyalılarla əlaqə saxlayırdım. Həmin vaxt Moskvadakı daimi nümayəndəmiz Zöhrab İbrahimov idi. Onun müavini isə Vaqif Verdiyev idi. Yanvarın 20-si səhər nümayəndəliyə gəldim. Ondan qabaq bütün ziyalılarla zəngləşib, nümayəndəliyin qarşısında toplaşdıq. Artıq bu zaman nümayəndəliyin qarşısında bir neçə xarici telekanalların nümayəndəsi var idi. Onlar məlumat gözləyirdilər. Zöhrab bəyə dedik ki, Azərbaycanda faciə baş verib, mütləq mətbuat konfransı keçirib bunu dünyaya çatdırmalıyıq. Onlar istəyərdilər ki, buna imkan versinlər. Amma Bakıdan belə bir qadağa gəlmişdi ki, hələlik heç bir məlumat verilməsin. O zaman birinci olaraq mən CNN telekanalına saat 10.30-da müsahibə verdim.

 

 

Ziyalılar Alla Axundova, Fəridə Xəlilova, Tamilla Mahmudova, professorlar – Səid Əmir oğlu Ələsgərov, Əli Cahangirov, Tofiq Qandilov, Zahid Orucov, Tofiq Məlikov, rejissor Əjdər İbrahimov, Tamerlan Bədəlov, hüquqşünas Ələsgər Tağıyev və digərləri. Bizdən başqa Moskvada Azərbaycan diasporunun bir neçə təşkilatı var idi – Ocaq, Ümid, Xalq Cəbhəsinin nümayəndələri və digərləri. Cavanlarımızdan Cəfər, Fəxrəddin Maqsudov, Rza İbadov və başqaları. Bəzilərin adları yadımdan çıxıbsa mən onlardan üzr istəyirəm. Hər halda biz hamımız bu məsələdə birgə yığılıb Zöhrab müəllimin kabinetinə toplaşmışdıq. Zöhrab müəllim başa düşdü ki, böyük faciə baş verib, imkan yaratdı, onun yanında yığışıb baş verənləri müzakirə edək. Bu zaman belə qənaətə gəldik ki, tez bir zamanda mətbuat konfransı keçirək. Və biz yanvarın 20-də iki mətbuat konfransı keçirdik. O zaman mən təşəbbüslə çıxış etdim ki, mətbuat konfransını məhz indi keçirmək lazımdır. Amma bu kiçik bir məsələdir və bunun üzərində dayanmağın yeri yoxdur. Bu gün ayıbdır demək ki, mən o zaman bir sıra işlər görmüşəm. Burada kiminsə hansısa işi gördüyünü vurğulaması olduqca bəsit söhbətdir. Orada minlərlə insan var idi, və hamısı Azərbaycan üçün yanırdılar və iş görürdülər. Hətta bizim qoca qadınlarımız tələsik əllə bayrağımızı tikirdilər. Amma, burada heç kimin məxsusi rolu ola bilməzdi. Ən böyük işi görənlər Şəhidlər Xiyabanında uyuyanlardır.

 

 


“Dedi ki, gəlmişəm xalqa başsağlığı verəm”

 

 


- Lalə xanım, amma bu neçə ildə həmin olaylar zamanı Moskvada cərəyan edənlər başqa cür təqdim olunur. Bizim məqsədimiz bir növ baş verənlərə aydınlıq gətirməkdir. Bilmək istərdik ki, sonrakı mətbuat konfransları harada oldu, Heydər Əliyev onlara da qatıldımı?
- Bütün mətbuat konfransları nümayəndəlikdə keçirildi. O mətbuat konfranslarının ikisində 23-də və 24-də heç mən də olmamışam, onları ziyalılarımız özləri keçirib. Biz o vaxt, Tofiq Qandilov və Alla Axundova ilə birlikdə dünya ictimaiyyətə müraciət və Bakıda baş verənlərlə bağlı bəyanat tərtib etdik. Bunu biz bütün Azərbaycan diasporu adından etmişdik. Və belə bir qənaətə gəldik ki, bunu birbaşa özümüz Amerika və bütün Qərb ölkələrinin səfirliklərinə çatdıraq. 23-ü və 24-ü biz səfirliklərdə görüşlərlə məşğul idik. Qeyd etmək lazımdır ki, həm səfirliklərdə, həm xarici mətbuatda baş verənlərlə bağlı çox ziddiyyətli, bizim xeyrimizə olmayan münasibət var idi, və bu yanvarın 13-də Bakıda ermənilərin qətliylə bağlı idi. Ona görə bu məsələyə aydınlıq gətirmək üçün bizim xarici ölkələr və mətbuatın nümayəndələri ilə bilavasitə görüşümüz çox zəruri idi. Hətta bir iki aydan sonra BBC kanalının rus bölməsinin jurnalisti Maşa Slonim o zaman hadisələrlə bağlı Xalq Cəbhəsi haqqında bir film də çəkmək arzusunda idi. O zaman həmin film üçün mərhum Dilarə xanım Əliyeva ilə müsahibə mənim evimdə çəkilmişdi. O zaman Moskvada baş verən olaylarla bağlı gerçəkliklər Azərbaycan televiziyasının “Dalğa” verilişində məndən götürülən müsahibə zamanı tam əksini tapıb. Xatırlatmaq istəyirəm ki, Youtube.com-da bununla maraqlananlar o verilişə baxa bilərlər. O zamanın qəzetlərində də indi dediklərim çap olunmuşdu. Eyni zamanda Bakıdan Elmira Əmrahqızı gələrək məndən müsahibələr götürmüşdü. Yəni hazırda mənim söylədiklərim yeni bir şey deyil.

 

 


Heydər bəylə bağlı onu demək istəyirəm ki, yanvarın 21-də Zöhrab bəyin kabinetində ziyalıların növbəti toplantısı keçirilirdi. Və bu məqam Heydər Əliyev kabinetə girdi. Bu bizim hamımız üçün gözlənilməzdi. Açığı deyim mən Heydər bəyi o saat tanımadım. O, zahirən həddindən artıq dəyişmişdi. Çox qəhərlənmişdi. Bildirdi ki, gəlmişəm Azərbaycan xalqına başsağlığı verim. Sonradan Heydər bəy özü öz müsahibələrində bunun haqqında demişdir ki, o Zöhrəb bəylə əlaqə saxlayıb nümayəndəliyə gəlib öz başsağlığını vermək istəyirdi. O məqamda da bizim mətbuat konfransımız keçirilməli idi. Heydər bəy bu mətbuat konfransı barədə məlumatlı idi. Nümayəndəliyə qızı, oğlu və kürəkəni ilə birlikdə gəlmişdi. Həmin hadisələrlə bağlı çəkilən yeganə videonu da Heydər bəylə gəlmiş tanınmış telejurnalist Andrey Karaulov lentə almışdı. O zaman Heydər Əliyev həqiqətən də cəsarətli bir çıxış etdi və baş verənlərə siyasi qiymət verdi. Hər şeyi dəqiqliklə, olduğu kimi deməliyik. Bəli, o çıxış onun statusuna görə çox cəsarətli idi. Amma bu gün çıxıb televiziyada deyirlər ki, Heydər Əliyev çıxışında Qorbaçova it dedi, və bu böyük cəsarət idi. Yada salmaq istəyirəm ki, təhqir cəsarətin göstəricisi deyil. Bu mədəniyyət və tərbiyə ilə bağlı olan məsələdir. Və Heydər Əliyev öz çıxışında belə bir söz işlətməyib. Necə var onu da demək lazımdır. Bu təhrifdir. Hətta orada Heydər Əliyevə qarşı bir neçə tənqidi çıxışlar da oldu, mən də onları neqativ qarşıladım, çünki yeri deyildi. Bu mətbuat konfransını tam izləmək istəyənlər Youtube.com-a müraciət edə bilərlər. Heydər Əliyevlə mən orda tanış oldum. Mənim xarici jurnalistlərlə ünsiyyətim var idi və bəzi jurnalistlər istədilər ki, Heydər Əliyevdən müsahibə götürsünlər. Mən Heydər Əliyevə dedim, o da harada müsahibə verə biləcəyini soruşdu. Qərara aldıq ki, müsahibə ayın 23-də nümayəndəlikdə ayrılan otaqda verilsin. Bu gün mən o günləri bütün təfərrüatı ilə təsvir etsəm bir kitab lazım olacaq, müsahibə yox.

 


Yenə deyirəm, burada Heydər Əliyevin, Lalə Şövkətin və digərlərin rolu çox kiçikdir. Hamımız bunu etməli idik. Əsas rolu Xiyabanda uyuyanlar oynayıb. O tarixin qəhrəmanları onlardır. Bilirsiniz, Moskvada bu olaylar baş verəndə nümayəndəliyə bir cavan oğlan gəlmişdi. O əlindəki benzinlə özünü yandırmaq istəyirdi. Mən ona iki saat yalvarmışam ki, bunu etməsin. O, deyirdi ki, bu hadisələrə etiraz əlaməti olaraq özünü öldürmək istəyir. Ona görə də bu gün kiminsə rolundan danışanda və özüm haqqında danışanda çox xəcalət çəkirəm. Amma, bu qədər yalan da olmaz.

 

 

“Hər şeyi olduğu kimi demək lazımdır”

 

 

- Neçə illərdir təbliğat onun üzərində qurulub ki, 20 Yanvar hadisələri zamanı Azərbaycanda informasiya blokadasını məhz Heydər Əliyev yarıb. Amma bəllidir ki, baş verənlərin dünyaya çatdırılmasında “Azadlıq” radiosunun müstəsna rolu var. Eyni zamanda o zaman Etibar Məmmədov da Moskvaya gedib mətbuat konfransı keçirdi və orada da həbs olundu. Bu baxımdan hazırda başqalarının haqqının danılmasını necə qiymətləndirirsiniz?
- Bəli, o zaman informasiya blokadasının yarılmasında müstəsna rolu “Azadlıq” radiosu, xüsusən də Mirzə Xəzər oynayıb. O zaman biz hamımız Mirzə Xəzərə qulaq asırdıq. Məhz Mirzə Xəzər baş verənləri bütün dünyaya car çəkdi. Heydər Əliyevin çıxışının da böyük rolu olub. Çünki biri var, baş verənlərdən ziyalılar danışsın, bir də var, buna böyük siyasi təcrübəyə malik, sovet rəhbərlərindən biri olan Heydər Əliyev siyasi qiymət versin. Bu çox önəmlidir. Hər şeyi olduğu kimi demək lazımdır.

 

 

Etibar bəy Moskvada mətbuat konfransı keçirəndə isə mən orada yox idim. Bir neçə gün işə getmədiyimdən məni təcili olaraq işə çağırmışdılar. Bizim ziyalılarımız Etibar bəyin həbs olunmaması üçün Moskvadan çıxmasına kömək etməyə çalışmışdılar. Amma Etibar bəy bəlkə də doğru olaraq bununla razılaşmamışdı, özünü qaçaq insan kimi qələmə vermək istəməmişdi. Bu gün Etibar bəylə bizim mövqelərimizin fərqli olmağına baxmayaraq mən yenə də həqiqətə istinadən demək istəyirəm ki, o vaxt Etibar bəyə bir qəhrəman kimi baxırdılar.

 

 

- O vaxt baş verənlərin dünyaya çatdırılmasında mühüm xidməti olanlardan danışdıq. Hazırda 20 ildən sonra o zamankı xidmətlərinə görə onları hansısa formada mükafatlandırıb təltif etmək düzgün olmazdımı?
- Bu, mütləq olmalıdır. İnsanlara sağlığında qiymət vermək lazımdır. Axı Mirzə Xəzərin səsi olmasaydı bu qanlı yanvar olaylarını heç kim bilməyəcəkdi. Onun rolu əvəzsizdir. Bundan başqa mərhum Elmira Əmrahqızının da xidmətlərini unutmaq lazım deyil. Onun reportajları yaddan çıxmamalıdır. Hadisələr necə olub, elə də deyilməlidir. Tarix hər şeyi onsuz da yerinə qoyacaq…

 


- Amma hal-hazırda o zaman Azərbaycanın səsini dünyaya yayan “Azadlıq” radiosunun milli tezliklərdə yayımı dayandırılıb…
- Bəli, reallıq belədir. Hamı öz mənafeyindən çıxış edir, o zaman böyük rol oynamış insanlara qiymət vermək istəmir. O zaman Mirzə Xəzər, “Azadlıq” radiosu Heydər Əliyevin sözlərinin Azərbaycana çatdırmaqda da böyük rol oynayıb. Heydər bəyin tərəfdarları unutmasınlar ki, onun müsahibəsini böyük fasilədən sonra Azərbaycana və dünyaya məhz Mirzə Xəzər “Azadlıq” radiosunun vasitəsi ilə çatdırmışdı. Mən Heydər Əliyevin siyasətinə qarşı müxalifətdə olan insanam, amma həqiqətləri necə var, elə çatdırmaq lazımdır. Heydər Əliyev o zaman üçün cəsarətli çıxış etmişdir. Ondan sonra ona təzyiqlər artdı. O zaman Heydər Əliyevin üzləşdiyi informasiya blokadasından məhz Mirzə Xəzər, “Azadlıq” radiosu çıxarıb onun səsini dünyaya çatdırdı. “Azadlıq” radiosunu yenidən milli tezliyə qaytarmaq bizim borcumuzdur. Bu, həmin “Azadlıq” radiosudur ki, Azərbaycanı beynəlxalq blokadadan çıxarıb. “Azadlıq” radiosunun Azərbaycan dinləyiciləri üçün qapadılmağı ən böyük ədalətsizlikdir. Həm də o tarixi xidmətlərinə görə “Azadlıq”ın fəaliyyəti bərpa olunmalıdır. Bunu Azərbaycan hakimiyyəti etməliydi. Mən bunu gözləyirdim. Amma yenə də onlardan səs çıxmadı.

 


Xəyal Şahinoğlu ("Azadlıq" qəzeti 21 yanvar 2010)

 

Mirzə Xəzər əməliyyat olunub

Mirzə Xəzər 13 Mar 2010

no comments

16:08 21-01-2010

MIRZA

Tanınmış jurnalistin öd kisəsi götürülüb

source: http://www.lent.az/news.php?id=21540



Tanınmış jurnalist, “Amerikanın səsi” və “Azadlıq” radiolarının Azərbaycan bölməsinin keçmiş rəhbəri Mirzə Xəzər əməliyyat olunub. Lent.az-ın “mediaforum.az” saytına istinadən verdiyi məlumata görə, M.Xəzərin həyat yoldaşı Tahirə xanım cərrahiyyə əməliyyatı yanvarın 20-də Almaniyanın Münhen şəhərindəki xəstəxanada aparıldığını bildirib. Həyat yoldaşı deyib ki, M.Xəzər hələ narkozdan ayılmayıb.



Tahirə xanımın sözlərinə görə, əməliyyat nəticəsində öd kisəsi götürülüb: “Onun əsas xəstəliyi ağciyərləri ilə bağlıdır. Onda ağır formada xroniki astma xəstəliyi var. Mirzə Xəzər 2009-cu ilin dekabr ayının 10-dan Münhen xəstəxanasındadır. Amma dünən üzərində belə bir əməliyyat keçirildi”.



Tahirə xanım hər gün övladları ilə bərabər M.Xəzərə baş çəkdiklərini söyləyib. O əlavə edib ki, Almaniyada, eyni zamanda qonşu ölkələrdə yaşayan azərbaycanlılar M.Xəzərin səhhəti ilə maraqlanır və öz yardımlarını təklif edirlər: “Mən onların hər birinə öz təşəkkürümü bildirirəm”.



Mirzə Xəzər (Mikayılov Mirzə Kərim oğlu) 1947-ci il noyabrın 29-da Göyçay şəhərində doğulub. 1973-cü ildə indiki Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1974-cü ilin yanvar ayınadək Sumqayıtda vəkil işləyib. 1974-cü ilin iyununda SSRİ-ni tərk edib və İsrailə mühacirət edib.



1976-cı ilin avqustunda “Azadlıq” radiosunun Azərbaycan redaksiyasında işə götürülüb. 1979-1985-ci illərdə burda redaktor müavini vəzifəsində çalışıb. 1985-ci ilin oktyabr ayında ABŞ-a köçüb və Vaşinqtonda “Amerikanın səsi” radiosunun Azərbaycan bürosunun rəhbəri vəzifəsində işləməyə başlayıb. 1987-ci ilin fevralında yenidən Almaniyaya qayıdıb, “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının müdiri olub. 2003-cü il sentyabrın 2-dək bu vəzifədə işləyib.



M.Xəzər mühacirətdə olduğu illərdə - 1975-ci ildə İsraildə Təl-Əviv Universitetinin SSRİ-dən gəlmiş hüquqşünaslar üçün açılan xüsusi kurslarında, 1979-cu ildə Nyu York şəhərinin Hüntər Kolecində, 1981-ci ildə Böyük Britaniyanın Folqston şəhərində xüsusi ingilis dili məktəbində, 1986-cı ildə Vaşinqtonda menecerlər üçün ixtisasartırma kurslarında, 1989-cu ildə Boston Universitetində Münhen filialının təşkil etdiyi menecerlik kurslarında təhsil alıb.




Mühacirət dövründə o, çoxlu tərcümələr edib, müxtəlif jurnallar, məcmuələr üçün tədqiqat yazıları hazırlayıb. 1970-ci illərin sonu, 1980-ci illərin əvvəllərində M.Xəzər İsveçin Stokholm şəhərində Tərcümə İnstitutunun sifarişi ilə Bibliyanı (Əhdi-Ətiq və Əhdi-Cədid) bütövlükdə Azərbaycan dilinə çevirib. Onun tərcümə etdiyi Əhdi-Cədid (İncil) ilk dəfə 1983-cü ildə Xorvatiyada, ümumilikdə isə beş dəfə nəşr olunub. M.Xəzərin tərcüməsində Əhdi-Ətiq (Tövrat) nəşr edilməyib.

LENT.AZ

Xəlil Rza Ulutürkün "Mirzə Xəzər" poeması

Mirzə Xəzər 29 Dek 2008

no comments

xelil_rza 2

Xəlil Rza Ulutürk

 

Mirzə Xəzər

 

Mirzə Xəzər! And olsun sökülən dan yerinə;
Dan yeri tək pakizə, saf şerimi yazıram.
Bu paklığın uğrunda ölməyə də hazıram,
Qalmağa da hazıram.

 

Görməmişəm üzünü... Təbrizim, Rzam qədər,
Qardaşım Rüstəm qədər doğmamsan, yaxınımsan,
Ürəyimin başında
Məhəbbət axınımsan.

 

Sən qaldırdın səsini ən gərgin, çətin anda,
Şərin qanlı əlləri
Xalqımın boğazından
Bərk yapışıb sıxanda!
Var gücünü toplayıb
Az qala Qoşqarımı, Kəpəzimi yıxanda!

 

Sən ucaltdın səsini necə də müdhiş anda,
Avtomatlı horilla, neandertal sürüsü
Mənim telegüzgümü,
Yüz yürdən partladanda.
Bakı qar çovğununda... qar üstə göllənən qan,
Gecələr patrul gəzir, əlində dolu naqan.
Plaşının altındfa batareya işığı,
Görür, yerdən qaldırmır yaralı bir uşağı.

 

Sən ucaltdın səsini ah, necə müdhiş anda,
Yarımsatqın qəzetlər əqrəb kimi susanda,
Litva bəxtiyar imiş... qanı sel-sel axsa da,
Avropanı silkədi bağrından çıxan səda.

 

Fəryad qılan Xalqımın cınqırı da çıxmadı,
Yerbəyerdən uzanan
Hansı qanlı caynaqlar
Hulqumunu sixmadı?

 

Omba durdu “Pravda” mağaranın dibində,
Azərbaycana qarşı tapancası cibində!
Dilinin altında öd,
Milli sülhə çağıran dadsız, duzsuz bir öyüd!

 

“Moskovski novosti”, “İzvestiya” xəyanət,
Yerli “Kommunist” qəzeti yarı mərd, yarı namərd,
“Litqayeta” kəmfürsət... İqor Belyayev ilan –
Hər dəfə hayqıranda zəhər saçdı ağzından.
Xəlil Rza zindanda... Seyid Tahir Abbas da
Qandallanıblar... susur, dağ vulkanı olsa da.
Etibarın qolları paslı zəncir daşıyır,
Ramiz Duyğun köksündə zəlzələlər yaşayır.

 

Məhəmməd Tantəkinii gəmirir yüz canavar,
Görürlər ölməyib, yox... hələ yarı canı var.
Qafarlı Elmiranın qərarını saymadan,
Boğazlamış Bakını “Kalaşnikov”lu nadan.

 

Məktəbli Larisanın çantası qan içində,
Hökm eyləyir Moskva – Yaşa bu lal biçimdə!
Mirzə Xəzər! Səs saldın sən bu sükut anında,
Ağ bir ildırım oldun bəlkə qətrandan qara
Cahan asimanında,
Bir şəfa məlhəmiydi qaldırdığın səs-səda.

 

-- Bu dünyada otun, suyun, torpağın da yaddaşı var,
Sındırılmış bir budağın, söndürülmüş ocağın da
yaddaşı var.
Sən o günlər cahanda bəlkə yeganə səsim,
Ey mənim təbərrikim, tutiyəm, müqəddəsim!
Hayqır, qorxur səsindən qul ürəkli ağalar,
Səsin eşidilməsə, haqq-ədalət boğular.

 

Səndən necə çəkinir bu çaqqallar sürüsü,
Ayaq tozuna dəyməz generallar sürüsü.
Qan dənizi yaratmış admirallar sürüsü,
Muzdlu nökərləri qoy gəlsin, çəkməni öpsün.
Köpsün qoy acığından mağara sakinləri,
İçlərində qıvrılsın qəzəbləri, kinləri.

 

Sənə böhtan atdılar, özləri oldu ləkə,
Partlasın qəzəbindən böhtan, ləkə xadimi.
Neçə sülənən gəda –
Müstəmləkə xadimi!
Sənə böhtan atdılar “Kommunist”qəzetindən,
Maskalanmış, sarınmış bir iblis qəzetindən.
Tindən güllə atdılar... Xeyr, tutmadı səni,
Qaytarıb böhtançıya tuşlayıram gülləni:

 

--Əlli manat muzd aldın, ye, boğmalan, gəbər, öl,
Gəbərməsən, o muzdu Şahnəzərlə yarı böl!
Henrix Borovik ilə,
Belyayevlə yarı böl!
Mirzə Xəzər! Səsinlə göydə ulduzlar yanır.
Hər cümləndə işıqlı bir kəhkəşan saxlanır.
Mirzə Xəzər! O alçaq Azərbaycan deyil, yox,
Düşmənlərin hinində kor toyuqdu, las toyuq.
Çaşdım, toyuq söylədim, inan, qoca tülkü də
Ondan yüz qat şərəfli, ağbəxtdir bu ölkədə.
Yad önündə diz çöküb hər gün sülənən gədə
Yalan, böhtan qusduqca rəzilləşir get-gedə.

 

Mirzə Xəzər! Yamandır xəbərsizlik bəlasə--
Azərbaycana qarşı Moskvanın yapdığı sükut
blokadası!
Ölüm blokadası!
Susma! Qızıl – qırmızı qanlı imperiyanın
Yerə gəlir arxası,
Gəbərəcək darğası.

 

Səsin qulağımda yox, gözlərimin üstədir,
Şəhidlər türbəsində solmayan güldəstədir,
Səsin, inan, əzizdir Bəstə nigarım qədər,
“Çahargah”ım, “Segah”ım, “Şur”um, “Qatar”ım
qədər.

 

Susma! Hayqır cahana Ulutürkün səsini,
Yerin-göyün səsini, haqqın səs töhfəsini.
Əsirgəmə bəşərdən od saçan nəfəsini,
Səsin – bahar nəsimi, Cavid, Babək, Nəsimi!

Canavar zağasını dağıdır sənin səsin,
Təbərrikim, tutiyəm, gülnəfəs müqəddəsim,
Nu səadət, bu sərvət
Qəbrədək mənim bəsim...

 

Azərbaycan yaralı... yüz yerdən kəsim-kəsim...
Səsinə quzu kəsim.
Susma, ucalt hökmünü,
Ey mənim dadirəsim.

 

Ulutürkün vardırsa Xəzər kimi arxası,
Darmadağın olacaq bizə qarşı Kremlin
Sükut blokadası,
Ölüm blokadası!

 

 

Bakı, dördüncü gün
24 ocaq 1991


Mənbə: “Xəlil Rza Ulutürk – Uzun sürən gənclik” kitabı, Azərnəşr, 1993


Əvvəlki məqalələr

Sonrakı məqalələr