Sultan Laçın: QARA YANVAR...
BU MİNVALLA HƏLƏ NEÇƏ QARA GECƏ, HƏLƏ NEÇƏ QARA DAN VAR...
Qara Yanvar...
Qara qanlar...
Qara anlar...
İyirmi iki il ötdü keçdi...
Hələ... Hələ... O gecədən atasını, anasını, övladını arayan var,
Qardaşını, bacısını, öz yarını arayan var...
Bir gün yarım dönər deyə ocaq yanda qarıyan var...
Ömrü keçdi bir igidin...
Müstəqilik? Azalıbmı düşmənimiz, ucalıbmı heç mənimiz?..
Yox... Hələ də azalmayıb, qarı düşmən canımızı az almayıb...
Qara Yanvar...
Hələ... Hələ ... Aramızda neçə-neçə qara yan var,
Sarkisyan var, Köçəryan var, Lalayan var...
Bu millətin dövlətini, sərvətini dədəsinin malı kimi talayan var...
Qara Yanvar qanlarına batan əli yalayan var...
Hələ Şuşa işğal altda, hələ Laçın işğal altda...
Kəlbəcərdə, Füzulidə Samvel, Aşot, Balayan var...
Xocalının alınmayıb heç qisası...
Laçındakı Qara gölü erməniyə bağışlayıb Ağcabədi Ağ gölündə ceyran, cüyür ovlayan var...
Qara Yanvar...
Qara qanlar...
Qara anlar...
Amalında Allah eşqi yaşatmayan, Vətən eşqi, millət eşqi yaşatmayan,
ürəyindən qara qanlar axıtmayan
o anları çətin anlar...
O vaxt dedik; qatilimiz sovet, rus və erməni...
Indi kimlər hey üzümə gülə-gülə uçuruma sürür məni?
Susur, dinmir kimciyəzlər...
Niyə? Niyə, demirlər ki;
Qara Yanvar - tamahımız, nəfsimizdi!
Rüşvətxor, korrupsioner tayfamızdı, nəslimizdi!
Qara Yanvar - seçkilərdə saxtalaşan səsimizdi!..
Bizə düşmən lazım deyil, öz nəfsimiz bəsimizdi!..
Qara Yanvar...
Hələ neçə yaltaq, məddah, hələ quyruq bulayan var,
Özünün saf övladını pulla, zorla vəzifəyə, kresloya pərçim edib bu rejimə calayan var...
Ay maşallah, binalar da, küçələr də yaraşıqlı, bəzək-düzək,
Fəxr edirik; altımızda inomarka, yanımızda amerikanka...
Bəs içimiz, mənliyimiz?! Başdan-başa nəcis, təzək...
Qara Yanvar...
Nədən, nə üçün həlak oldu o insanlar?
Onların tək amalıydı Allah, millət, dövlət, bayraq!
Onlar şəhid olmadı ki, bu gün həmin bayraq altda min sifətə, cildə girib xərac yığaq, rüşvət yığaq!
Onlar həlak olmadı ki, ucaldıb ən uca bayraq, əvəzində ulu xalqın mənliyini yerə yıxaq!..
Qara Yanvar...
Bədənimiz güllələrdən dəlik-deşik, bədənimiz xıncım-xıncım qara-qara tanklar altda!..
Qanlar axdı, canlar çıxdı, kafir yağı evlər yıxdı...
Bu dünəndi... Bu gün isə mənliyimiz əlil-şikəst, nəfəsimiz kəsilibdi kreditlər, banklar altda...
Qara Yanvar...
Keçmişlərdən danışırıq hayla-küylə...
Heç bu günü arayan var?..
İndi bizə əzab verən ağrılara göz yumaraq ötənlərə ağrıyırıq-
Qorbaçovu, Vəzirovu qarğıyiriq...
Düzdü, onlar günahkardı...
Amma bu gün içimizdən gələn səsə qulağımız hələ kardı...
Guya ki, biz bilmirik ki, Qara Yanvar qırğınının davamçısı başçı, nazir kreslosunda rüşvət yığan tamahkardı?..
Guya ki, biz bilmirik ki, bu millətin baş qatili xalq gözündən pərdə asıb yumurtadan yun qırxmaqda peşəkardı?..
Qara Yanvar...
O gecədə bizi əzib qanımıza qəltan etdi erməniylə Qızıl Ordu...
Çox keçmədi “müstəqillik”, “demokrat” maskasıyla cinayətkar, yaltaq-yultaq başımızda yuva qurdu...
Neçə illər qədərincə lənətlədik ermənini, farsı, rusu...
İndi bizi tapdalayır bu rüşvətxor, bu şərəfsiz, bu imansız cin ordusu...
Qara Yanvar...
Qarakənddə vertolyotda həlak olan o qeyrətli oğulların sirri qaldı qara-qara qutularda,
O uçağı vuranlar da, vurduran da getdi gora qutularda...
Qara Yanvar...
Hakimiyyətin, pulun üstdə qardaşları qardaşlara qırdıran var...
Qardaşını güllələyib rütbə alan, orden alan, neçə “Milli qəhrəman” var...
Qara Yanvar... “Hər şeyin zamana ehtiyacı var”
deyə-deyə biri yumdu gözlərini,
sirləri də özü ilə dəfn eyləyib belə getdi...
Qalanları iyirmi il “Bu rejim çürüyübdür, getməlidir! Biz gəlirik!” söyə-söyə vaxtı verdi yelə getdi...
Qara Yanvar – Qarabağın taleyini, qara-qara maşınlarda, portfellərdə qaralayan AŞPA, ATƏT,
iqtidarla əlbir olub o teatr-mitinqlərdə bu millətin oğulların, enerjisin hissə-hissə bada verən “müxalifət”,
dün cəbhəçi, müsavatçı, bu gün yapçı, sabah mapçı maskasında baş aldadan minsifətdi...
Yetər artıq aldadıldıq, yetər! Bəsdi! Kifayətdi!..
Qara Yanvar... Bitməyibdi... Ruhumuzda, qəlbimizdə gəzir hələ...
“Analoqu tapılmayan” “demokratiya” pambığıyla başımızı kəsir hələ...
Qara Yanvar- rüşvətxor məktəbimiz, gözüqıpıq hicabımız, çılpaqlaşan, arsızlaşan dəbimizdi...
Qara Yanvar – cinayətkar hakimimiz, gözüdoymaz həkimimiz, günü-gündən saxtalaşan dərmanımız, həbimizdi...
Qara Yanvar...
Yad əllərə, yad ciblərə qara qızıl axitmaqdan gözəl Xəzər qaralıbdı...
O gecədə yatanları haqq səsiylə oyadanlar; Vahabzadə torpaq altda, qürbətlərdə haqq dərdindən Mirzə Xəzər saralıbdı...
Qara Yanvar...
“Qara qızıl” alveriylə bu millətin taleyini qaraldan var...
Dayanmadan artır, artır cinayətlər, intiharlar...
Bu minvalla hələ neçə qara gecə, hələ neçə qara dan var...
Qara Yanvar...
Qara qanlar...
Qara anlar-
Cinayətkar, rüşvətxor baş oğrular şəhidlərin məzarına gül qoyurlar...
Hələ...Hələ bilmirik ki, gözümüzə kül üfürüb başımıza kül qoyurlar...
Bizə təzə gor oyurlar...
Qara Yanvar...
Bu minvalla hələ neçə qara gecə, hələ neçə qara dan var...
Amma şükür, Yaradan var... Nə yaxşı ki, bu torpağın şəhidlərin canı-dildən ağlayan var...
Vətən, millət sevdasıyla aşıb-daşan, çağlayan var...
Nə yaxşı ki, bu cin, iblis firqəsinin yollarını bağlayan var...
Bu millətə gün verməyib od qoyanı bu dünyada olmasa da, o dünyada dağlayan var...
e-mail: slacin1992@rambler.ru
Məmməd Əmin Rəsulzadə: "Bakı qoçuları"
Mən “Niş” neçə müddətdir ki, Bakıdan uzaq düşmüşəm. Həqiqətən o mədəni şəhər haqqında xatirələrim məni çox sıxır. Axı uzun müddət orada bəzi qəhrəmanlıq mənzərələrinə adət etmişdim. Doğrudan da Tehranda belə mənzərələrin olacağını təsəvvürümə gətirə bilmirdim. Çox dilxor idim. Hətta bir neçə dəfə istədim ki, tikanlı yazılardan əl çəkib yenə də o rəşadət və qeyrət meydanına gedim və orada yaşayım. Həqiqətən neçə dəfə bu fikrə düşdüm, sonra bir hadisə baş verdi və getməkdən vaz keçdim. Oxucu cənablar, yəqin bizim hissiyatımızı başa düşmürsünüz və öz-özünüzə deyirsiniz ki, bu “Niş”in də sözü qurtarıb, türklər demişkən “yarəm, yarəm” oxuyur. Mənim dərdimdən xəbəriniz olmadığı üçün sizin təsəvvürünüz düzdür. Həqiqətən Bakının elə təbii mənzərəsi vardır ki, adam onu Tehrandan üstün tutur. Oranın mürdəşir toz-torpağı adamların gözlərini kor eləyir. Öz aramızda qalsın Tehranın toz-torpağı Bakıdakından az deyil. Tehranın toz-torpağı ona görə çoxdur ki, burada bələdiyyə idarəsi yoxdur. Əgər Bakı kimi burada da bələdiyyə idarəsi olsaydı altı min ildən çox tarixi olan bir ölkə neçə müddət qabaq şəhər islahatı və müəssisələr üçün 27 milyon manat xaricdən borc edib, şəhəri elə bir hala salardı ki, Parislə rəqabət edərdi. Deyəcəksiz ki, bu, çox böyük mübaliğə oldu! Yəqin İran oxucuları üçün yazıldığından bu belə deyilmişdir. Amma bir belə sərvətlə Bakıda böyük bir bələdiyyə idarəsi olması baxmayaraq şimal küləyi əsəndə gərək evin içərisində də hər kəs götürüb üz-gözünü silsin və qulağına pambıq tıxasın. Bəs bu hansı mənzərədir ki, mənim diqqətimi cəlb eləyib? Bəli, bu mənzərə Bakı qoçularının güllə atma mənzərəsidir. Bakıda qoçu adlanan adamlara burada məşədi deyirlər. Amma güman etməyin ki, Bakı qoçuları Tehran məşədiləri kimi biqeyrətdirlər, yox! Onların dəsgahı var, hörmətləri var, cah-cəlalları var. Kim onlara salam verməsə, dərhal təpəsinə bir güllə vurarlar. Xülasə, onların cah-cəlal və qüdrətləri bizdəki “uzaq ol”, “kor ol”, “bir yerə yığışmayın” kimi olmasa da, ondan geri qalmır. Bütün Bakı varlıları başqaları üzərində üstünlük qazanmaq üçün qoçulardan istifadə edib, köməklik alırlar, onlar da öz ağalarının məqsədini yerinə yetirmək üçün küçədə, bazarda dəstə-dəstə olub bir-birini gülləyə tuturlar. Gecə gündüz daş dalında, divar arxasında gizlənib bir-birini öldürüb, canlarına qəsd edənlər də onlardırlar. Azacıq pul müqabilində adamların başını qoyun kimi kəsməyə hazır olanlar da onlardır. Bəli, mənim diqqətimi cəlb edən elə bunlardır, Bakı küçələrində baş verən haman bu mənzərələrdir. Bir də görürsən dəniz kənarında gəzən qadın, kişi, uşaq bir-birinə dəydi, arvad—uşaq arasına çaxnaşma düşdü, hərə bir tərəfə qaçdı. Elə bil ki, yırtıcı bir vəhşi onlara hücum etmişdi. Soruşursan ki, nə xəbərdir? Heç kəs sənə cavab vermir, hər kəs ancaq öz canının hayındadır, onların gözü sənin əlindədir. Əgər artıq ayağın olsaydı onu səndən kirayə edib tez qaçıb canlarını bu təhlükədən qurtarardılar. Əgər çox israr edib soruşsan dilləri tutular, danışa bilməzlər. Nəhayət, məsələ məlum olur. Sənin sualının cavabında deyərlər ki, o biri küçədən mauzer səsi gəlir. Əgər qəzetlərin sabahkı nömrələrində veriləcək məlumatdan daha geniş məlumat almaq istəsəniz, səs gələn tərəfə gedin. Bakı “məşədilərinin” “qeyrətini” öz gözlərinizlə görərsiniz. İki dəstə müsəlman cavanları üz-üzə durub rəşadət və şücaətlə bir-birlərinə güllə atırlar. Onlar anlamırlar ki, bura adamların gəl-get və ümumi gəzinti yeridir. Polis gələn kimi müharibə dayanır. Çox vaxt bir neçə nəfər bu “rəşadət” meydanında qalıb xalqın nifrəti ilə üz-üzə gəlir, bəziləri də cəhalətlə dünyadan gedirlər. Mən uzun müddət Bakıda qaldığıma görə bu mənzərəyə adət etmişdim. Tehranlılara bu qəribə mənzərə təəccüblü görünər. Burada gələn kimi naxoşladım. Çünki “tərki adət be mövcibi-mərəzəst”*. İndi şükür etməliyəm ki, qeyrətli mücahidlər neçə vaxtdır ki, mən “Niş”i bu əlacsız xəstəlikdən xilas ediblər. Bakıdakı qoçubazlığı buraya da gətiriblər. Mən elə bilirdim ki, Bakıya gedib bir daha o mənzərələri görməyəcəyəm. Ona görə ki, deyirlər Bakıya çox zülmkar bir hakim təyin olunub, qoymur küçələrdə adamlara əziyyət versinlər. Bütün Bakı “məşədilərinin” bir hissəsini həbs, bir hissəsini də sürgün ediblər. Əlhəmdülillah, qeyrətli mücahidlərin bərəkətindən bundan azad oldum. Məgər oturub bu sətirləri sərbəst yaza bilməyim o möhtərəm zatlarm sayəsində deyil?!... Xüsusilə bəzilərinin faytonda oturub divanə adamlar kimi gərdənlərini çəkən görəndə Bakı qoçuları yadıma düşür, az qalır deyəm ki, “sənin o hündür, yaraşıqlı qədd-qamətinə qurban!”. Qoçularla bunlar arasında fərq budur ki, onlar öz silahlarını gizlədir və əyinlərində rəsmi paltarları da yoxdur. Bu da ondan irəli gəlir ki, Rusiyada istibdad, bizdə isə məşrutədir. Mənim halımı dəyişən budur ki, Bakı qoçuları güllə atanda yapon qoşunu Tiflisdə deyildi… Amma demək lazımdır ki, indi Rus qoşunu Qəzvindədir!...
NİŞ “İrani-nov” N 168, 2 aprel 1910 http://rasulzade.org/articles/2_22.html
Natiq Güləhmədoğlu: Pul və azadlıq
20 yanvar faciəsi ilə bağlı dönüb-dönüb təkrarlanan, hakimiyyət tərəfdarlarının ağzında saqqız olan fikir var: Azərbaycan xalqı o vaxt blokada vəziyyətində idi, bu blokadanı Heydər Əliyevin Azərbaycanın Moskva nümayəndəliyindəki çıxışı yardı.
H.Əliyevin çıxışı nəyi yarıb bilmirəm, o çıxış zərrə qədər də olsa, Azərbaycan xalqının mübarizəsinə, mətanətinə xeyir veribsə, vallah, eşq olsun. Amma gözə kül üfürməsinlər… Ağa durur, Ağacan durur.
Yanvar faciəsində təklənmiş, boğulan azərbaycanlılara oksigen balışı “Azadlıq” radiosu idi, Mirzə Xəzər idi. O “Azadlıq” ki, mərhum Əliyevin oğlu onun FM dalğada yayımına ötən yanvardan qadağa qoyub. “Azadlıq” radiosunu haram buyurub. Səbəb 20 il əvvəlkindən heç də fərqlənmir. Azərbaycanı o vaxtkı kimi indi də dəmir pərdələr arxasında saxlamaq istəyirlər. Mənasız və uğursuzluğu “2 + 2 = 4 kimi aydın olan bu işə hakimiyyət enerji, pul xərcləməkdən özünü saxlaya bilmir. Dünya sərhədləri yox etmək mərhələsinə girdiyi
bir ərəfədə Rüstəm Zalın özü belə dirilib gəlsə, Azərbaycanı dünyadan təcrid etmək bir nakam arzu kimi Ilham Əliyevin ürəyində qalacaqdır. Azadlıqsa əbədidir – dırnaqlı, dırnaqsız.
Pul və uşaq
Ilham Əliyevin iştirakı ilə 2009-cu ilin yekunlarına həsr edilən iclası televiziyada izlədim, səhəri gün diqqətlə onun çıxışını birbəbir qəzetdən oxudum. Böyük bir mətndə təsəvvür edin ki, bircə demokratiya sözü yox… Bir dənə də olsun insan haqları ilə bağlı fikir, söz yox. Elə hey pul, pul, pul.
Onun çıxışından belə anlaşılır ki, Azərbaycanın pulu aşıb-daşır. Təki belə olsun. Amma bu çıxışlarla əlahəzrət kimə və nə mesaj ötürür? Bakıdan 10 kilometr kənara ayaq qoymaq kifayət edir ki, insanların zəlil gündə yaşadığına, kəndlərin, rayonların viranə qaldığına şahidlik edəsən. Pul olmayanda bu miskin mənzərəyə rahat izah tapmaq olur, amma sən pulumuz var, özü də lap çox deyirsənsə, vətəndaşların amansız sualları qarşısında tab gətirə bilməzsən.
Rayon, kənd yollarının bərbadlığı, ordakı məktəblərin, mədəniyyət, təhsil və səhiyyə müəssisələrinin uçub tökülməsi böyük suallar yaradır. Pul varsa təqaüdlər, əmək haqları niyə bu qədər aşağıdır?
Pulumuz çoxdursa, bəs o kimdədir, hardadır, niyə aşağılara ondan pay düşmür? Pul varsa, niyə onu qazana bilmirik?
Pul isə həqiqətən var: Ilham Əliyevin və onun yaxın çevrəsinin cibində. Bu pul təkcə xərclənmək üçün yox, həm də xalqa yanıq vermək üçündür.
Ilham Əliyevin ən böyük yanlışı onun hələ də pulun istənilən dəyərdən böyük olmasına inanmasıdır. Bu çox zərərli xasiyyətdir. Insanlar kimi dövlətlərin də hörməti, nüfuzu onların büdcəsindəki kapitala görə ölçülmür. Çox kasıb, məsələn, Gürcüstan kimi də olub dünyanı özünə valeh etdirmək mümkündür. Pul olsun, buna qarşı heç kim durmur, amma ədalət də olsun, azadlıq da. Həm də pul hər kəsdə olsun, daha doğrusu, onu halal yolla qazanmaq bacarığında olan hər kəsdə. Belədə “gördüm ki, qaz borcunuzu verə bilmirsiniz,
bağışladım” minnətinə də gərək qalmaz.
Əlahəzrətin çıxışının bir yeri antielmi olmaqla yanaşı çox komikdir. Məsələn o, ötən il Azərbaycanda daha çox uşaq doğulmasına işarə edərək deyir: “Vəziyyət yaxşılaşır, insanlar daha da yaxşı yaşamağa başlayırlar. Beləliklə demoqrafik artım bunun bilavasitə göstəricisidir”. Geniş izahata ehtiyac yoxdur, Ilham müəllim əhalinin rifahının artdığından onların törəmə qabiliyyətinin də yüksəldiyini söyləyir. Bizə isə iqtisadiyyat dərsində öyrədirdilər ki, inkişaf edən dövlətlərin bir çox əlamətlərindən biri də ailədə
uşaqların az doğulmasıdır. Ilham müəllimin fikirlərinə inansaq, onda 11 uşaq doğan qadının sonsuz sayıldığı Afrika ölkələri inkişafın pikini yaşayır…
"Azadlıq" qəzeti
