Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Mirzə Xəzərin "Ekspress" qəzeti ilə müsahibəsi: "Diaspor olmadan diaspor təşkilatlarından danışmaq doğru deyil"

Mirzə Xəzər 30 Sen 2011

26 comments

 express  

 

 

 

"Almaniyada Azərbaycanı tanıyanları barmaqla saymaq olar"  

Mirzə Xəzər: "Təəssüf ki, "adı var, özü yox" cəmiyyətlər də çoxdur"  

"Diaspor olmadan diaspor təşkilatlarından danışmaq doğru deyil"  

   

Tanıtım: Görkəmli jurnalist, publisist, naşir Mikayılov Mirzə Kərim oğlu (Mirzə Xəzər) 29 noyabr 1947-ci ildə Göyçayda anadan olub. "Amerikanın Səsi" radiostansiyasının Azərbaycan bölməsinin müdiri (1985-1987) və "Azadlıq" radiosunun (Radio Free Europe/Radio Liberty) Azərbaycan redaksiyasının direktoru (1987-2003) vəzifələrində işləyib. Hazırda Almaniyanın Münhen şəhərində yaşayan M.Xəzər "Mirzə Xəzərin Səsi" internet radiosunun və eyniadlı internet qəzetin rəhbəridir.  

   

  Onu Azərbaycanın haqq səsini tanıdan jurnalist kimi tanıyırlar. Bir vaxtlar, daha dəqiqi 1990-cı il yanvar faciəsi baş verərkən Bakıda radio, televiziya, qəzetlər susdurulan günlərdə Azərbaycanı informasiya blokadasından xilas edən də o olub. Sovet qoşunlarının Bakıda törətdiyi qəddar əməllərini, Azərbaycanın və dünyadan əli üzülmüş azərbaycanlıların səsini dünyaya çatdıran da odur. O, Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması və ədalətli cəmiyyət qurulması uğrunda yorulmaz mübariz, radiojurnalist kimi tanınır. Söhbət uzun illər "Azadlıq" radiosunun Azərbaycan redaksiyasının direktoru işləmiş Mirzə Xəzərdən gedir.  

   

   

   

  -Azərbaycanla bağlı dünyada informasiya blokadasının qırılması sizin adınızla bağlıdır. Amma "Azadlıq" radiosundan getdikdən sonra səsiniz çox eşidilmir. Bundan sonra da Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün nələrsə etmək fikriniz varmı?  

   

  - Mənim imkanlarım məhduddur. Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün bu gün Azərbaycanın geniş imkanları var. Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Mənə onların ehtiyacı yoxdur.  

   

  - Amma siz bu işi daha yaxşı bilirsiniz...  

   

  - Bilməklə etmək arasında uçurum var. Mənə heç kim müraciət etməyib. Mən özüm özbaşıma bu işi görə bilmərəm.  

   

  - İmkanlarım məhduddur dedikdə nəyi nəzərdə tutursunuz?  

   

  - Mənim öz səsimi çıxarmağım üçün vasitə olmalıdır. Mən "Azadlıq"da işləmirəm. 8 ildir oradan ayrılmışam.  

   

  - "Mirzə Xəzərin Səsi" internet radiosu hazırda fəaliyyət göstərirmi?  

   

  - "Mirzə Xəzərin Səsi" internet radiosu 24 saat efirdədir. Amma verilişləri təzələmək mümkün olmur. İmkanlar məhduddur. Əsasən arxiv materialları səslənir.  

   

  - Verilişləriniz daha çox hansı mövzulara həsr olunur?  

   

  - Hamısı Azərbaycanla bağlıdır. Bu internet radiosu səsim üçün darıxan insanlar üçündür. Onlar sayta girib arxiv materiallarına qulaq asa bilərlər. Operativ məlumatlar yoxdur. Ola bilsin, bu yaxınlarda radionu bağladım.  

   

  - Niyə bağlayırsınız ki?  

   

  - Mənə elə gəlir ki, artıq buna ehtiyac yoxdur. Maddi baxımdan da problemdir.  

   

  - Bəs internet qəzetiniz fə-aliyyətini davam edəcəkmi?  

   

  - Əlbəttə. Qəzet həmişə fə-aliyyətdə olacaq.  

   

  - Mirzə bəy, Azərbaycandan təklif gəlsə, burdakı radioların birində fəaliyyətinizi davam etdirə bilərsinizmi?  

   

  - Yox, təklifi qəbul etmərəm. Mən Azərbaycanda radioda fə-aliyyət göstərə bilmərəm. Mən sərbəst, azad şəraitdə işləməyi üstün tuturam.  

   

  - Siz xaricdə yaşayan azərbaycanlı və professional radiojurnalist kimi deyə bilərsinizmi ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycanın yaxşı tanınması üçün nələr edilməlidir?  

   

  - Azərbaycanın geniş imkanları var. Azərbaycan həqiqətlərini xaricdə təbliğ etmək üçün peşəkar, vətənpərvər mütəxəssislərə ehtiyac var. Yəni, şəxsi mənfəətini güdməyən, milli şüuru güclü olan insanlara ehtiyac var.  

   

  - Sizcə, Azərbaycanı təbliğ etmək üçün xaricdə qəzet və radiolardan istifadə etmək yetərlidirmi? Azərbaycandan dəstək olduğu təqdirdə yaşadığınız ölkədə - Almaniyada radio aça bilərdiniz?  

   

  - Mən, xaricdə qəzet və radiolar vasitəsilə Azərbaycanın ciddi təbliğ olunduğuna şahid olmamışam. Almaniyada radio açmaq asan iş deyil. Bu işə özfə-aliyyət məşğuliyyət kimi yanaşmaq olmaz və bunun işə xeyiri də dəyməz. Ciddi bir radionun açılması üçün maddi imkanlardan başqa Azərbaycan dövlətinin də himayəsi lazımdır. Səmimiyyətlə deyim ki, dövlətin, Azərbaycan dövlətinin himayə etdiyi radioda mən işləyə bilmərəm. Azərbaycana, Azərbaycan dövlətinə böyük hörmətim var. Amma mən öz azadlığımın qiymətini bilirəm. Qiymət deyəndə mən azad və sərbəst olmağın qiymətini nəzərdə tuturam.  

   

  - Bəs ciddi təbliğ olunmamağın səbəbini nədə görürsünüz?  

   

  - Nədə görürəm? Hər fərdin öz vətəninin milli məsələsindən çox öz qayğısına qalmasında. "Bacarana can qurban" deyib işə girişməkdə. Hər bir işdə mənfəət güdməkdə. Bu təzahürlər üstün gələndə vətən də, millət də, dövlət də, Qarabağ da arxa plana sıxışdırılır. Təəssüf ki, bu zehniyyət bu gün cəmiyyətdə kütləvi şəkil alıb.  

   

  - Almaniyada azərbaycanlıların başqa bir mətbuat orqanı varmı?  

   

  - Yox, mətbuat orqanı mövcud deyil. Hamı tost deməklə məşğuldur.  

   

  - Yeri gəlmişkən, bu ölkədəki Azərbaycan diaspor təşkilatları ilə əlaqələriniz varmı?  

   

  - Əvvəllər var idi. Son vaxtlarda heç biri mənə zəng eləmir. Başları çox qarışıqdı. Ayrı-ayrı şəxslər zəng edir.  

   

  - Azərbaycanlıların sevimli bir radiojurnalisti kimi sizi tədbirlərinə dəvət edirdilərmi? Ümumiyyətlə, Almaniyadakı Azərbaycan cəmiyyətlərinin fəaliyyəti sizi qane edirmi?  

   

  - Yox, etmirlər. Mən 8 ildir radiodan ayrılmışam. Bu 8 ildə bir-iki dəvət almışam, amma gedə bilməmişəm. Almaniyadakı Azərbaycan cəmiyyətlərinin fə-aliyyətindən az xəbərim var. Bu cəmiyyətlərin fəaliyyət göstərməsindən əmin deyiləm. "Adı var, özü yox" cəmiyyətlər də çoxdur, təəssüf.  

   

  - Almaniya mətbuatında Azərbaycanla bağlı informasiyalar yer alırmı? Bu ölkənin Azərbaycana münasibəti necədir? Orada Azərbaycanı tanıyırlarmı?  

   

  - Çox nadir hallarda. Əsas etibarilə neft və qaz məsələsi gələndə adı çəkilir. Almaniyanın Azərbaycana münasibəti normaldır. Alman firmaları Azərbaycanda fəaliyyət göstərir. Almaniyada Azərbaycanı tanıyanları barmaqla saymaq olar.  

   

  "Eurovision" musiqi yarışmasında təmsilçilərimizin qələbəsi Azərbaycanın tanınmasına təsir edib. Bu qələbənin böyük əhəmiyyəti oldu. Bu qələbəni Azərbaycanın tanınması baxımından uğurlu təbliğat saymaq olar.  

   

  - Mirzə bəy, sizcə diaspor təşkilatları Azərbaycan həqiqətlərini - ermənilərin ölkəmizə qarşı işğalçılıq siyasətini alman cəmiyyətinə çatdırmaq üçün hansı üsullardan istifadə etməlidir?  

   

  - Ermənilərin istifadə etdikləri üsullardan istifadə etməlidirlər. Mənim fikrimcə, diaspor olmadan diaspor təşkilatlarından danışmaq doğru deyil. Əvvəlcə diaspor yaradılmalıdır. Diaspor xaricdə yaşayan azərbaycanlı mühacirlərin ümumi məqsəd, ümumi ideya, ümumi amal ətrafında birləşməsi deməkdir. Bu birliyi yaratmadan diaspor kəlməsini dilə gətirmək, məncə, yanlışdır.  

   

  - Sizdə məlumat varmı ki, Almaniyada nə qədər azərbaycanlı yaşayır?  

   

  - Yox, yoxdur.  

   

  - Bəs yaşadığınız Münhen şəhərində həmyerliniz varmı?  

   

  - Münhendə həmyerlilərimiz var, amma təşkilatlanmayıblar.  

   

  - Siz özünüz onları bir araya gətirib təşkilat yarada bilərsinizmi?  

   

  - Təşkilatlanmaq üçün istəklə yanaşı maddi imkanlar lazımdır. Mənə müraciət etmişdilər. Dedim ki, sizə hər sahədə kömək edərəm, amma qabağa düşüb kimlərinsə yanına gedib pul istəyə bilmərəm, məndə belə bacarıq yoxdur və kimdənsə pul istəmək mənim təbiətimə uyğun deyil. Mən kömək edərəm, amma kömək istəmərəm. Bunu deyəndən sonra getdilər, bir də gəlmədilər.  

   

  - Almaniya hökumətinin Qarabağ probleminə yanaşması sizi qane edirmi? Siz şəxsən Qarabağ probleminin həllini necə görürsünüz?  

   

  - Almaniya hökumətinin Qarabağ məsələsində mövqeyi o biri Qərb ölkələrinin mövqeyindən çox da fərqlənmir. Bu siyasət "nə şiş yansın, nə kabab" siyasətidir. Münaqişə edən tərəflərlə eyni dərəcədə əlaqə saxlamaq, Dağlıq Qarabağ məsələsinin dinc yolla həllinə tərəf çıxmaq. Dağlıq Qarabağ münaqişəsi tərəflər arasında həll olunmalıdır. Bu münaqişənin hərbi yolla həll edilməsi qeyri-mümkündür:  

   

  1. Müharibə böyük riskdir.  

   

  2. Qərb müharibəyə imkan verməz.  

   

  3. Azərbaycan Qərbin iradəsinə qarşı hərəkət edə bilməz.  

   

  4. Rusiya Ermənistanın məğlubiyyətinə yol verməz.  

   

  Bu, mühüm amillərdir.  

   

  Münaqişənin dinc yolla həlli yaxın gələcəkdə mümkün olan iş deyil:  

   

  1. Rusiya cənubi Qafqazda iştirakını hifz etmək üçün Qarabağ münaqişəsinin həll olunmadan qalmasına çalışır.  

   

  2. Erməni diasporu güclüdür və ABŞ-la o biri Qərb dövlətlərinin siyasətinə təsir göstərə bilir.  

   

  3. Azərbaycanın sanballı, etibarlı müttəfiqi yoxdur. Sözdə müttəfiqlər var, amma əməldə yox. 

 

 

Aqil ASLAN  "Ekspress" qəzeti 01.10.2011 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilib  

Allah heç kimin başına belə şey gətirməsin!

Mirzə Xəzər 07 Sen 2011

no comments

wikileaks_papers_464gr 

 

Allah heç kimə „Wikileaks“ kimi düşmən qismət eləməsin! İlham Əliyevə qismət oldu. Şübhə qalmadı. „Wikileaks“ İlham Əliyevlə çarpışır. Yerli mətbuata məharətlə nəzarət edən İlham Əliyev, “Wikileaks”in qabağında aciz qalıb. Allah heç kimin başına belə şey gətirməsin!

 

Mirzə Xəzər
07.09.2011

 

P.S. İlham Əliyev "Wikileaks"i ciddi qəbul edir, çünki dərc edilən sənədlər məxfidir və yalnız Azərbaycanda yox, bütün dünyada eyni zamanda yayılır. İlham Əliyev təşvişdədir.
 

ALLAHIN GÖZƏL SƏSİ

Mirzə Xəzər 29 Avq 2011

no comments


ALLAHIN GÖZƏL SƏSİ ,DÜYANIN HAQQ SƏSİNİ ÇATDIRAN , ÜZÜNDƏ NUR VƏ RƏHM OLAN GÖZƏL MİRZƏ bəy , sizə bu Ramazan ayında etdiyiniz duaların bütünlüklə ALLAH tərəfindən qəbul olmasını diləyirəm AMİN inşaALLAH

Humay Hesenli

29.08.2011

Əvvəlki məqalələr

Sonrakı məqalələr