O SƏSin dünyanı yenidən titrədəcəyindən adım kimi əminəm...
Hörmətli və çox dəyərli Mirzə müəllim!
Hər il oktyabrın 29-u “Mirzə Xəzərin Səsi”ndə Sizə ünvanlanan Doğum Günü Təbriklərini görəndə təəccüblənirdim. Amma bu yaxınlarda vesti. az saytına («Как молоды мы были» 10.11. 2010) verdiyiniz müsahibə ilə tanış olandan sonra Sizi sevənlərin “29 oktyabr təbrikləri” mənə aydın oldu:” - У некоторых день рождения совпадает с какой-то знаменательной датой, или же просто связана с воспоминаниями. А у вас?
- Думаю, что важнейший момент, связанный с днем рождения – это именно факт нашего рождения в этот день. Хотя лично у меня не все однозначно: моя покойная мать говорила, что на самом деле я родился 29 октября, но свидетельство о рождении выдали слишком поздно, и поэтому дату указали на месяц позже. Эта ошибка привела к путанице и в моем знаке зодиака – по паспорту я вроде бы стрелец, а на самом деле скорпион”.
Əziz Mirzə müəllim, bir kobud səhv üzündən dolaşığa düşən təkcə bürcünüz deyil ki. Sizi sevənlər də bəzi bişərəflərin səhvi üzündən tez-tez çaşıb qalırlar. Bu ilin avqust ayında yayılan yanlış xəbər BİZi çox üzdü:” ANS TV bir qədər öncə Azərbaycanın görkəmli jurnalisti, uzun illər “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının rəhbəri işləmiş Mirzə Xəzərin uzun sürən xəstəlikdən sonra 64 yaşında Bakıda vəfat etdiyi barədə məlumat yayıb.
Bu barədə az öncə ANS-ə məxsus internet saytda da məlumat yerləşdirilib, lakin az sonra xəbər saytdan çıxarılıb.
AZXEBER.COM-un məlumatına görə, Modern.az öz növbəsində bu xəbərlə bağlı araşdırma aparıb. "Azadlıq" radiosunun Mirzə Xəzərlə əlaqəsi olan əməkdaşları saytımıza bildiriblər ki, xəbər həqiqətə uyğun deyil və Mirzə Xəzər sağdır”. Dəyərli Mirzə müəllim, ölüm haqdır. Biz hamımız o yolun yolçusuyuq. Amma milyonların sevimlisi olan sağ adam haqqında yalandan ölüm xəbəri yaymaq cinayətdir. Elələrinin Mikayıl Müşfiqi, Əhməd Cavadı, Hüseyn Cavidi, Ziya Bünyadovu, Elmar Hüseynovu, Rail Rzayevi, Rafiq Tağını... qətlə yetirənlərdən, vətənin qeyrətli, istedadlı, savadlı övladlarını ölkədən didərgin salanlardan heç bir fərqi yoxdur.
Hörmətli Mirzə müəllim! Qanlı 20 Yanvar faciəsindən 21 ildən çox vaxt keçməsinə baxmayaraq Azərbaycan əhalisi hələ də blokada şəraitindədir. Və çox təəssüf ki, ağrılarımızı, dərdlərimizi bütün dünyaya çatdıran ilahi bir SƏSə- Mirzə Xəzərin Səsinə də həsrət qalmışıq. Amma bir gün o SƏSin dünyanı yenidən titrədəcəyindən adım kimi əminəm...
Sizə uzun ömür və can sağlığı arzu edirəm!
Hörmətlə, Məlahət Ağacanqızı
Əziz Mirzə müəllim
Əziz Mirzə müəllim!
"Qurtuluş" günündən tutmuş "dirçəliş günü"nə kimi ən müxtəlif bayramlarla dolu olan milli təqvimimizdə hər bir namuslu qələm əhli, azadliq və hürriyyətsevər ziyalı, əqidə sahibi olanlarımız üçün əziz olan günlərdən biri heç şübhəsiz ki 29 oktyabr -SİZİN DOGUM gününüzdür.
90 cı ilin o qara günlərində - Azərbaycanın dilinin lal gözünün kor, qulaqlarının kar edildiyi bir zamanda "Koroğlu" üvertürasının sədaları altında ürəkləri isidən, milyonlara ümid verən təkrarsız səsiniz, cəsarətli qələminiz, böyük vətənpərvərliyiniz bu gün də unudulmayıb, sabah da unudulmayacaq və beləcə əbədi olaraq tarixdə qalacaq!
Əziz Mirzə müəllim, bu əziz gündə-Sizin doğum gününüzdə deyə bildiyim və deyə bilmədiyim ən xoş arzularımı bildirirəm! Sizə can sağlığı. can sağlığı və yenə də can sağlığı arzulayiram!
Hörmət və sayqılarla: "Azadliq" radiosunun Mirzə Xəzər epoxasının reportyoru - Cəlal Yaquboğlu
29-10-2011
Haqqınızı alın!
Dünyaya nə gətirdiyimizi dəqiq bilmirəm, amma biz də dünyanın bir parçasıyıqsa, dünyadan istədiyimizi istəyə bilərik. Hətta tələb də edə bilərik. Qoparda da bilərik. Qopartdığımız bizdən sonra gələnlərə miras qalır. Miras qalır ki, onlar aldıqlarımızı almağa səy göstərməsinlər. Buna haqqımız var.
Mirzə Xəzər
04.10.2011

