Mirzə Xəzər: "Meydan Düşüncələri"
“Meydan duşuncələri” Mirzə Xəzərin 1995-ci ildə yazdığı “Mənim ağrılarım” kitabının ancaq bir neçə səhifəsini təşkil edir. Bəzi səbəblərə görə kitab hələ nəşr edilməmişdir. “Meydan düşüncələri” isə ilk dəfə 1995-ci ildə “Gunay” qəzetində və 2004-cü ilin fevralında Mirzə Xəzərin Bakıda buraxdığı “Mirzə Xəzərin Səsi” qəzetində çap olunmuşdur. “Meydan düşüncələri” habelə
1995-ci ildə “Azadlıq” radiosunun dalğalarında səsləndirilmişdir. Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə “Meydan düşüncələri”ni saytımızda dərc etməyi qərara aldıq.
***************************************
Yəhya öz «Vəhylər» kitabında həmahəng, amma xəyali dünyanın təsvirini verir. O dünyada, yeni dünyada artıq nə ölüm olacaq, nə kədər, nə fəryad, nə də ağrı. Çünki əvvəlki dünya, yəni bu gün yaşadığımız dünya bütün bəlaları ilə birlikdə silinib gedəcəkdir. Və köhnə dünyanın mirası olan cəsarətsizlər, imansızlar, natəmizlər, qatillər, zinakarlar, sehrbazlar, bütpərəstlər və bütün yalançılar od və kükürdlə yanan göldə məhv olacaqlar. Dünya təmizlənəcəkdir... Ağrılar da olmamalıdır o təzə dünyada. Deməli təzə dünya
gələnə kimi haqsızlıq, imansızlıq, qatillik, yalançılıq, hiyləgərlik, tamahkarlıq, biganəlik, xudbinlik, qəddarlıq, amansızlıq, mərhəmətsizlik, rəhimsizlik davam edəcək. Cəzası da yeni dünya gələn anda veriləcək. O vaxta qədər bütün günahlar cəzasız qalacaq... Yəhyanın vəhylərindən belə çıxır. Əslində də belədilr. Haqsızlılığın kökünü büsbütün kəsmək mümkün olmadığı kimi, imansızlığın, qatilliyin, yalançılığın, hiyləgərliyin, riyakarlığın, tamahkarlığın, biganəliyin, xudbinliyin, qəddarlığın, amansızlığın, mərhəmətsizliyin,
rəhmsizliyin də kökünü kəsmək qeyri-mümkündür. Bir haqsızın yerini o biri haqsız tutur, bir imansızı o biri imansız əvəz edir, bir qatil gedir o biri qatil zühur edir, bir yalançı cəzasını alır amma yalançılıq davam edir... Hiyləgərin yerini hiyləgər tutur, riyakarın yerini yeni riyakar tutur, bir qəddar gedir yenisi gəlir, mərhəmətsizi yeni mərhəmətsiz əvəz edir. Tilsimdir. İnsan özü əli, öz əməli ilə özünü bu tilsimə salıb. Vurnuxur çıxa bilmir. Ağrı çəkir, əzab çəkir yatır, durur yenə ağrı çəkir, yenə əzab
çəkir. Bəlkə həqiqətən də bir yanağını vuranda o biri yanağını sevinclə yumruq altına qoymalısan. Bəlkə... Görəsən, o zaman ağrılar kəsiləcəkmi, insanın vicdanı oyanacaqmı, mərhəmət hissi yaranacaqmı? Bilmirəm... Hər halda belə olsaydı o yeni dünya çoxdan gəlib çatardı... Amma gəlmir, deməli bir yanağından sillə ilişdirənə “o biri yanağımı vur”, deməklə haqsızı haqlıya, mərhəmətsizi mərhəmətliyə, imansızı imanlıya, tamahkarı təvazökara, yalançını haqq dəryasına, qatili xilaskara, hiyləgəri möminə, riyakarı salehə,
qəddarı rəhimdilə, rəhimsizi həlimə çevirmək mümkün olmur ki, olmur.
********************************************************************************************
Tövrat «göz əvəzinə göz, diş əvəzinə diş» - deyə buyurur. Deyirlər qəddarlıqdan əmələ gələn bu əmr də insanları qəddarlıga öyrədir. Amma başqaları deyirlər ki, əgər bu əmr olmasaydı, azlıqda olan qolu qüvvətlilər, çoxluqda olan qolu zəifləri çapıb talayar, qırıb axırına çıxar, hamını kütləvi şəkildə köləyə çevirərdilər. Beləliklə də insan müqavimət göstərmək imkanından məhrum olardı. İnsanlar insan olmazdı, bu əmr olmasaydı. Qolu qüvvətli və müstəbid təbiyyətliləri sapındırmaq, çəkindirmək və cəzalandırmaq üçün
verilibdir o əmri. Rəbbi unudan insanlarda məziyyətli cəhətlərdən biri başqasına hökm etmək həvəsi, şəhvəti, arzusudur. Bütöv bir kütləyə hökm etmək kimi həvəs, şəhvət, arzus bəzilərində güclü, bəzilərində zəif olur, bəzilərində isə bəlkə də heç olmur. Haqsızlıq, imansızlıq, riyakarlıq, bədxahlıq, biganəlik, qatillik, mərhəmətsizltk, amansızlıq, tamahkarlıq əslində butun kütləyə xas olan əlamətlərdir. Saflar da olur, amma azlıq təşkil edir və onların əksəriyyətə təsiri çox az olur. Deməli bütün mənfi xüsusiyyətlər
əksəriyyətdə təcəssüm olur. Bu xüsusiyyətlər əksəriyyətdə təcəssümünü tapdığı üçün həmin kütləyə hökmranlıq etmək istəyəndə bu xüsusiyyətlər gərək hamıda olduğundan daha güclü olsun. Çünki ayrı cür o kütləni idarə etmək mümkün olmur. Buna görə belə bir müstəbidin hökmranlığını qoruyub saxlamaq üçün qatillik də, tamahkarlıq da, bədxahlıq da, yalançılıq və saxtakarlıq da zalımlıq və mərhəmətsizlik da, xudbinlik və imansızlıq da açıq-aşkar olmasa da, üstü örtülü, amma müntəzəm və mütəmadi surətdə təşviq edilir.
Mənfi xüsusiyyətlərin hamısını özündə qoruyub saxlayan və gün-gündən azğınlaşan hökmdar mərhəməti, düzgünlüyü, həqiqəti, təvazökarlığı, xeyrxahlığı təşviq etməz. Əks təqdirdə kütlə mərhəmətləşdikcə, imanlaşdıqca, rəhmdil olduqca, düzlüyə əməl etdikcə, insana insan kimi yanaşdıqca, insana insan hörməti qoyduqca hökmdarın hökmranlığı təhlükəyə düşür. Mənfi xüsusiyyətlərdən müsbət xüsusiyyətlərə doğru gedən kütləyə mənfi xüsusiyyətli hökmdar lazım olmur... «...Oranın nuru, billurlaşan yəşəm daşına bənzəyirdi. Oranın
böyük və yüksək divarı, 12 qapısı, qapılarda 12 mələk var idi. ... Divar yəşəm daşından tikilmişdi, şəhər isə... təmiz qızıldan idi. Şəhər divarının təməlləri hər cür qiymətli daşlarla bəzədilmişdi: birinci təməl – yəşəm daşından, ikincisi – yaqutdan, üçüncüsü – əqiqdən, dördüncüsü – zümrüddüən, beşincisi – ağ əqiqdən, altıncısı – qırmızı əqiqdən, yeddincisi – sarı əqiqdən, səkkizincisi – göy zümrüddən, doqquzuncusu – zəbərcətdən, onuncusu – sarımtıl zümrüddən, onbirincisi – göy yaqutdan, on ikincisi də – bənövşəyi
yaqutdan idi... 12 qapı, 12 mirvaridən idi...» Yəhya Allahın yanından enən müqəddəs şəhərin ruhda gördüyü təsvirini belə verir… İnsanı müqəddəsləşdirməyi insanlar icad ediblər. Müqəddəsləşdirib sonra ona səcdə etməyi də insanlar uydurublar. Səcdə qılandan sonra müqəddəsləşdirdikləri insanı bütləşdirirlər. Sonra ona sitayiş edirlər. Sitayiş edəndən sonra ona müqəddəs adı verirlər. Müqəddəs ünvanı verdikləri insanın insani «məziyyətlər»ini unutdurmağa çalışırlar. Bu «məziyyətlər» unutdurulduğu üçün bütləşdirənlərin
təsəvvüründə yalnız yaranan saxta məziyyətlər qalır. İnsanı müqəddəsə çevirirlər insanlar. Müqəddəsin kölgəsində məziyyətli və imtiyazlı yaşamaq üçün. Şəxsiyyətə pərəstişi insanlar uydurublar. Canlı insanı bütə çevirən də insanlardı. Daşları bütə çevirənlər də insanlardı. Nəfəsi gedib-gələn canlı bütlə nəfəssiz, cansız büt arasında böyük fərq olmur. Unudulan isə başqa şey olur. Unudulur ki, canlı bütün nəfəsini kəsməyə qadir olan Varlıq var. Daş bütü daşa çevirən Varlıq var. Canlı bütü yaradanlar əbədilik iddiasında
olurlar. Canlı bütü əbədi bütə çevirdiklərini sanırlar.
Daş bütlər kimi... Canlı bütün aqibəti daş bütün aqibətindən fərqlənmir: biri ölür, sümükləri çürüyür. Ruhu ruh verənin ixtiyarına qayıdır. O biri isə daş olaraq qalır, ya da ovulub tökülür, toza dönür. Canlı bütlərin səpdikləri toxumlar, onların fikirləridir. Bəzən əməlləri də yada salınır, amma fikirləri onların özündən daha çox yaşayır, bəzən yaşayır ki, lənətlənsin, bəzən yaşayır ki, istehza edilsin. Bütləşməmiş insanların fikirləri bütləşmişlərin fikirlərindən bəzən daha uzunömürlü olur. Çünki bütləşməmişlər
müqəddəslik iddiasında olmurlar. Bütləşmişlər “ilahəlik” iddiasında olur və tək bir İLAHİ mövcud olduğu üçün onların “ilahə”liyi uzun sürmür, təbii sonuna çatır. Yaradılan Yaradana meydan oxuya bilməz. Amma həmişə oxumağa çalışır, təbii sonuna çatana kimi. Bütləşsə də, müqəddəs ünvanını mənimsəsə də... sonu uzada bilmir. Çünki son onun ixtiyarında deyildir. Son Yaradanın əlindədir. Bunu dərk etmək üçün Yaradan insana kifayət qədər dərrakə veribdir. Amma əzəli insanın varisi olan bəni-bəşər yarandığı gündən bəri
əzəli səhvlərini təkrar edərək bu günümüzə gəlib çatıb və bundan sonra da təkrar edəcəkdir. Çünki dərrakəsinin sərhədi, həddi və çərçivəsi vardır. İnsan beynini kəsib onun sirlərini öyrəndiyini iddia edən insanın öz beynini kəşf etməyə gücü- zehni gücü çatmır. Çünki məhduddur bu zehni güc. Yaradanın insana verdiyi dərrakəni insan axıra kimi kəşf edə bilmir. Bəlkə etmək istəmir?
********************************************************************************************
Meydan burada başlayır! « - Alla, allo! Eşidirsiniz? Bakıdan zəng edirəm. Adım Yusif Əliyarovdur. Sizə məlumat vermək istəyirəm…». «Azadlığ»ın 35 illik mövcudiyyəti ərzində əlçatmaz dəmir pərdə arxasından gələn ilk telefon sədası…» «- Vəzirov nümayişi dağıtdı. Xəsarət alanlar var. Nə qədər adamı tutub aparıblar…» İnqlab başlanmışdı. Bu telefon zəngi də inqlab idi, meydanda başlanan inqlabın bir qığılcımı idi… Nəhəng bir Imperiyanın dağılmasını müjdələyən qığılcım idi. Yeni ədalət, yeni əxlaq, yeni mənəviyyat,
yeni şüur, yeni hüquqlar, yeni mənlik, yeni ruh, firavan həyat gətirməli idi bu inqilab. «Milli sərvətlərimizi özgələr talayırlar» deyə nida edilirdi meydanın xitabət kürsüsündən... Milli sərvətlərin – yeraltı və yerüstü sərvətlərin milliləşdirilməsini, millətə xeyir gətirməsini təmin etməli idi bu inqilab. «Hər şeyimiz var: neftimiz, pambığımız, taxılımız, qızılımız, misimiz, suyumuz… torpağımız!» deyə coşurdu Meydan. «Torpağın bir qarışını da özgəyə vermərik» deyə bir ağızdan nida qoparırdı Meydan… Meydanda
inqilab gedirdi. Meydan inqilabın bünövrəsini qoyurdu… Azərbaycan inqilabının… Qəribə və qəliz inqilabın. Anlaşılmaz inqilabın… «Torpaqdan pay olmaz!» deyə bir ağızdan gələn şüarların sədası altında Meydanda gələcək Azərbaycan faciəsinin təməli qoyulurdu: hakimiyyət dəyişikliyi faciəsi, hakimiyyət uğrunda mübarizə, didişmə faciəsi, qisas faciəsi, yüksək ideyalar uğrunda başlayan hərəkatın cılızlaşması faciəsi. Hələ mövcud olmayan hakimiyyət uğrunda mübarizə gedirdi. Xitabət kürsüsü uğrunda mübarizə gedirdi. Ayrı-seçkilik
mübarizəsi gedirdi: birinə söz verilirdi, o birinə yox... Və ədalət şüarları deyilirdi. Kütlənin başı qarışıq idi. Kütlə «torpaqdan pay olmaz» deyə nida edir, yuxarıdan göstərilən işarəyə tabe olurdu. 70 il ərzində bir qaynaqdan alınan əmrlərə itaət etdiyi, daha doğrusu, itaət etməli olduğu kimi. Kütlənin günahı yox idi. Kütlə təzəcə açılan azadlıq imkanlarından, əsən azadlıq küləyindən bihuş olmuşdu. Kütlə idarə olunurdu. Kütlə yeni ədalət, yeni əxlaq, yeni mənəviyyat, yeni şüur, yeni hüquqlar, yeni mənlik,
yeni ruh, firavan həyat və… mənzilsizlərə mənzil, işsizlərə iş, vəzifəsizlərə vəzifə, xəstələrə şəfa, paltarsızlara paltar, torpaqsızlara torpaq, az maaş alanlara bol maaş ümidi ilə yaşayırdı… Axırıncı Meydan və Meydanın qığılcımı 13 ay sonra, Yanvar ayında zühür etdi və… söndü...
********************************************************************************************
Meydanda yalnız kütlə qalmışdı. Meydanda hakimiyyət Meydan mikrafonu uğrunda döyüşən kütləni yalqız qoymuşdu. Kütlə yalqız qalmışdı Meydanda… Meydanın hasil etdiyi yeni əxlaq, yeni mənəviyyat, azad ruh, yeni şüur, yeni hüquqlar, yeni mənlik artıq özünün cücərtilərini göstərirdi. Kütlə tək qalmışdı Meydanda… Kütlə günah daşımır. Kütlənin günahı üçün kütlə günahkar olmur. Günah kütləni idarə edən, kütləni aldadan, kütləyə yalan danışan, kütləni istədiyi yola çəkən, dilə tutan, kütləyə hiylə gələn, öz mənfəətini
güdənlərdədir. Kütlənin təqsiri nədir? Biri qışqırır «ölüm». Yanındakı ona baxıb «ölüm» qışqırır. Üçüncüsü artıq düşünmür, bu ikincisinə baxıb tab gətirmir, bağırır «ölüm». Dördüncüsü üçünün «ölüm» deyə nida etdiyini eşidir və tək qalmaqdan, təklənməkdən qorxub «ölüm» deyib onlardan bərk qışqırır, beşincisi, altıncısı, minincisi, yüz minincisi…
...Vaxt var idi cuşa gəlmiş avstriyalılar küçələrə çıxıb öz sərsəm həmvətənlərini coşqunluqla qarşılayır və alqışlayırdılar. Yaxşı ki, insan yaddaşı itmir… Sonralar sərsəmi söyən avstriyalılar şitini çıxaranda, onlara o coşqunluğu, o alqışları və həmvətənləri olan sərsəmi göstərdilər. Susdular… Çünki onlar da o zamanlar bihuş olmuşdular, kütləyə çevrilmişdilər. Meydanda nə elədiyini və nə üçün elədiyini bilən və başa düşən az deyildi. Meydan yeni ümidlər, yeni üfüqlər mənbəyi idi. Meydan azadlıq qığılcımı idi. Meydan qorxu üzərində qələbənin rəmzi idi. Meydan insan beynində, şüurunda, ruhunda toplanıb qalmış gileylərin, incikliyin, alçalmanın, milli zülmün, fərdi və kütləvi ləyaqətin tapdanmasının, biganəliyin, şəxsiyyətsizliyin, mənsizliyin, şüursuzluğun, ağrıların, insan ağrılarının balaca bir mikrafondan püskürdüyü bir boruya çevrilmişdi. Meydan sakitləşdirirdi. Meydan coşdururdu, Meydan təsəlli verirdi. Meydan qızışdırırdı. Meydan yeni mənəviyyatın, yeni əxlaqın, yeni ləyaqətin, yeni ədalətin, yeni hüquqların, yeni-yeni azadlıqların təməlini qoyurdu: qorxusuz hüquqların tapdanmasının, cəzasız insan ləyaqətinin alçaldılmasının, qorxusuz riyakarlığın, qorxusuz hiyləgərliyin təməlini qoyurdu Meydan. Və Meydan 70 illik qorxu, zülm, ədalətsizlik, haqsızlıq, riyakarlıq, hiyləgərlik, biganəlik və mənəviyyatsızlığın sonunu müjdələyirdi. Köhnəsinin ölümünü və yenisinin doğuşunu müjdələyirdi Meydan. Ziddiyyət içərisində boğulurdu Meydan… Kütlə artıq elə kütləşmişdi ki, ona istiqamət verənlər « yeni and yeri verin bizə, and yeri» deyə xitab edirdilər kütləyə, yerə və göyə. Başqaları öz meydanlarından istifadə edirdilər: “Vətən” nədir?- başa salırdılar, “Vətənpərvərlik” nədir?- izah edirdilər. Millətin, milli hissin nə olduğunu səbrlə aşılayırdılar naşılara. Meydanda isə «and yeri» tələb edirdilər. And yerinin nə olduğunu dərk edə bilməyənlər bütpərəstlər kimi daş ilahələri istəyirdilər. And yeri, həqiqi and yeri isə yanlarında idi – VƏTƏN idi, TORPAQ idi, MILLƏT idi, MILLI ŞÜUR, MILLI QEYRƏT, MILLI MƏNLIK, MILLI NAMUS idi... Birinci Meydandan on üç ay sonra «and yeri» ucaldı və… çoxalmağa başladı. Hansı and yeri? Kəlbəcər dağlarında bir neçə min cavan və naşı əsgər kiminsə sərsəmliyi və sərsəm əmri üzündən donub həlak oldu. Meyidlərini də vermədilər ata-analırana. Qəbirlərinin yerini də bilən yoxdur. Görəsən «and yeri» o naməlum qəbirlərdədirmi?
VƏTƏN IDI AND YERI... BÜTÖV VƏTƏN, BÜTÖV ÖLKƏ IDI AND YERI.
Onlar isə bütpərəst inadkarlığı ilə «and yeri» axtarırdılar.
********************************************************************************************
Yaratdılar and yerini… Vətən isə… And yerini yaratmırlar. And yeri özü yaranır. İnqilab başlanmışdı. Adətən dağıntı ilə başlayır, inqilablar. Bəzən dağıntıdan sonra tikinti başlayır. Bəzən isə dağıntı davam edir və hətta olub-qalanı da yerlə-yeksan edir. Nə düşünürdülər bu inqilabı edənlər? «Əlimizə fürsət keçsə ziyalıların 70%-ni məhv edərik» deyirdi yeni inqilabçılar. Ziyalısız yeni cəmiyyət, yeni əxlaq, yeni həqiqət istəyirdilər. 70 illik dövrün yetişdirdiyi ziyalıların günahı, 70 il ərzində həqiqi milli hiss,
həqiqi millət, həqiqi vətənpərvərlik, həqiqi Vətən, təmtəraqlı ifadələrdən uzaq, sadə, bəsit bir Vətən hissini xalqa aşılamamsı, bu ruhda nəsil yetişdirməməsi olmuşdur. Onların 70%-i məhv etmək istəyirdi yeni inqilabçılar. Qorxusuz hökmranlığa mübtələ olmuş hakimiyyət aşiqləri... Aldanmış kütlənin nidaları ilə yeni mənəviyyatı bayraq edənlər hakimiyyətdlə bir-birilərini əvəz edirdilər. Əvəz etdikcə Vətəni, torpağı, xalqı, yeraltı və yerüstü sərvətləri talan edirdilər. Çünki artıq «and yeri» var idi, hər şey caiz
idi. Qapazaltı tapılmışdı, yeni mənəviyyatı bayraq etmək olardı. Meydan son ana qədər izdihamlı idi. Kütlə öz əqidəsinə sədaqətini göstərirdi. Kütlə qurban verdi. Kütlə əli yalın zirehə qarşı gedirdi. Kütlə hələ də inanırdı. Başçılar… onlar da inanırdılar… Nəyə? «Mənim ağrılarım»… davam edir… Nə vaxtsa dünya zülmətə qərq olmuşdu. O zaman nə otlar, nə ağaclar, nə çiçəklər, nə quşlar var idi. Torpaq və səma da yox idi. Bütün kainat qaranlıq içində idi. Günəş, ulduzlar, gündüz və gecə, işıq və qaranlıq, təbiət və
bitkilər, canlı heyvanlar, canlı insanlar mövcud deyildi. Dünya qarmaqarışıq bir dünya idi. Dünya deyildi. Allah dünyanı belə görmək istəmirdi. Buna görə o, yaşadığımız ehtişamlı, ecazkar, sirli, gözəl, heyrətamiz və möcüzə dolu dünyanı yaratmaq qərarına gəldi. Dünyada heç bir şey öz-özünə yaranmır: «Əvvəlcə Allah yeri və göyü yaratdı. Yer görkəmsiz və boş idi; dərya üzərində zülmət var idi; Allahın ruhu da su üzərində gəzirdi. Allah dedi: «Qoy işıq olsun» və işıq oldu. Allah işığın yaxşı olduğunu gördü və işığı
qaranlıqdan ayırdı. Allah işığı gündüz, zülməti isə gecə adlandırdı. Axşam oldu, səhər açıldı: bir gün Allah dedi: «Qoy suyun ortasında qübbə olsun və suyu sudan ayırsın». Beləliklə, Allah qübbəni yaratdı, qübbənin altındakı suyu onun üstündəki sudan ayırdı. Belə də oldu. Allah qübbəni Göy adlandırdı. Axşam oldu, səhər açıldı. Ikinci gün Allah dedi: «Göyün altındakı su bir yerə yığılsın və quru əmələ gəlsin». Belə də oldu. Allah qurunu Torpaq, su yığımını isə Dəniz adlandırdı. Allah gördü ki, bu yaxşıdır. Allah
dedi: «Qoy torpaq nəbatat, toxum verən otlar və öz növünə görə toxumu meyvəsində olan meyvə ağacları yetişsin». Belə də oldu… Axşam oldu, səhər açıldı, üçüncü gün…» hər şeyə qadir olan Rəbbi yeri və göyü, qurunu və dənizi yaratmaq üçün üç gün sərf edir. İnsanı yaradan Rəbb yalnız göyü, qurunu və dənizi üç günə yaradır. Rəbbin yaratdığı insan isə bir göz qırpımında dünyanı dəyişmək xəyalına düşür. İnsan bir göz qırpımında dünyanı dəyişməyə çalışır: dağıdır tikə bilmir, yıxır qaldıra bilmir, sındırır bərpa edə
bilmir, məhv edir canlandıra bilmir, öldürür həyat verə bilmir, öldürür həyat verə bilmir, başqasına ağrı verir şəfa verə bilmir, zalımlıq edir mərhəmət göstərə bilmir. Meydanda qurban verilən təkcə kütlə deyildi. Meydanda oyuna qoyulan təkcə kütlə deyildi. Meydanda yalnız bu kütlənin taleyi həll olunmurdu. Meydanda müqəddərat həll olunurdu: bütöv xalqın bu gününün və sabahının müqüddəratı. Meydanın qaldırdığı tufan çox şeyləri dağıtdı. Hər şey öz axarı ilə inkişaf edir və məntiqi sonluğuna, məntiqi mənzilinə,
məntiqi nəticəsinə çatır.
********************************************************************************************
Allah göyü, qurunu və dənizi yartmaq üçün üç gün sərf edir: Əvvəlcə göyü və yeri yaratdı, sonra dənizi və qurunu. Bundan sonra torpaqda nəbatət, toxumlu otlar və meyvəli ağaclar yaradır. Hər şeyi öz növbəsində, vaxtında yaradır. Əvvəlcə meyvəli ağacı sonra torpağı yaratmır. Əvvəlcə torpağı, göyü və yeri yaratmır. Məntiqlə yaradır, təmkinlə yaradır. Çünki həyat məntiqə və təmkinə əsaslanır… «Allah iki nəhəng çıraq yaratdı. Bunlardan böyüyü gündüzü, kiçiyi isə gecəni idarə etmək üçün idi. Uluduzları da yaratdı. … Axşam oldu, səhər açıldı, dördüncü gün. Allah dedi: «qoy su canlı məxluqlara dolub daşsın, quşlar yer üzünün üzərində, göy qübbəsində uçsunlar… onlara xeyr-dua verərək dedi: «Doğub törəyin və çoxalın, dəniz sularını doldurun, qoy quşlar da yer üzündə törəyib artsınlar. Axşam oldu, səhər açıldı…Beşinci gün… Dünya səblrə yaranır, səliqəylə yaradılır, təmkinlə qurulur. İnsanı bir an içində yardan Rəbb insanın mühitini, qidasını, aləmini yaratmaq üçün 5 gün səfr edir. İnsanı isə altıncı gündə yaradır… Əvvəlcə insanın yaşaması üçün şərait yaradır, sonra insanı dünyaya gətirir…» Ata, bağışla onları. Onlar nə elədiklərini başa düşmürlər…» Meydan coşurdu. Sonrakı meydanlarda izdiham azalmırdı. Müqəddəratı həll edən bu meydanlar hər şeyi – müstəqilliyi, azadlığı, firavanlığı, yeni mənəviyyatı, yeni əxlaqı, yeni qüruru, yeni mənliyi, hər şeyi: vəzifəni, mənzili, işi, məhsulu, torpağı… hakimiyyəti bir göz qırpımında, dərhal istəyirdi, dərhal tələb edirdi. Vəd verənlər, nağıl deyənlər, şirin nəğmə oxuyanlar, odlu çıxış edənlər, «haqq mənəm» deyənlər çox idi. Çıxış edəndən, şirin vədlər verəndən sonra «haqqını» istəyənlər də az deyildi. «Haqqını» sonra artıqlaması ilə «alacam» deyə səbr edənlər də var idi. Yüz ildə qurulanı, 70 ildə təhrif ediləni və yaradılanı bir neçə gündə dağıtmağa qadır olan insanların tikməyə qüdrəti çatmırdı. Səbri yox idi, təmkini yox idi… iştahası var idi, böyük xülyaları var idi. Böyük xülyalar… Böyük faciələrə gətirib çıxardan böyük xülyalar… Beş gün ərzində insan və canlılar üçün təbii mühit yaradan Rəbb, altıncı gün öz bənzəyişində insan yaratmaq qərarına gəlir. 8 il Tövrat, Zəbur, Peyqəmbərlər, Padşahlar və İncil ilə məşğul olmuşam. Quranı oxumuşam. Musanın 5 kitabını tərcümə etmişəm. Davudun məzmurlarını şerə salmışam. 16 Peyqəmbərlə vəz etmişəm, yalvarmışam, dua etmişəm. Haqq-Təalanın sözü ilə dünya yarandığı andan ta son nöqtəsinədək müqəddəs kitabları sətir sətir izləmişəm. Hər bir kəlamın mənasını axtarmışam, hər bir sirrin açarını tapmağa çalışmışam. Musa ilə Sina dağından enmişəm, Musa nəsli ilə Kənan torpağına girmişəm, döyüşlərdə zəfər çalmışam. Davud ilə Rəbbə şükr etmişəm, Süleyman ilə Allah evinin möhtəşəm binasını qoymuşam, Əyyub ilə əzab çəkmişəm, İlyası göyə yola salmışam – vərəq-vərəq, sətir-sətir, sözbəsöz, hərifbəhərif... Babildə əsarətdə olmuşam, İsa ilə çarmıxı daşımışam. Və yenə də insan təbiəti, insan düşüncəsi, insan əməlləri məni heyrətə salıb, karıxdırıb, çaşdırıb, əzab verib, göynədib… «Ata, bağışla onları. Onlar nə elədiklərini başa düşmürlər».
********************************************************************************************
Azadlıq! Şirin, dadlı, ləzzətli Azadlıq… Müəmmalı, ehtişamlı, bəsit, mürəkkəb, cazibədar və cazibəli, ehtiraslı və şəhvətli Azadlıq! Azadlıq insanın təbiəti ilə birlikdə Allah tərəfindən verilib. Allah verib dünyaya insanı və azadlığı insana bəxş edib. 5 gün ərzində Göyü və Yeri, torpağı və dənizi, göyərtini və bitkiləri, meyvəli ağacları, quşları, balıqları, həşərat və heyvanları, bağı və meşəni, çayları və gölləri, günəşi və ulduzları, işığı və qaranlığı yaradan Yaradan altıncı günü yaratdığı insana azadlığı
verib deyib ki, «… doğub törəyin, və çoxalın, yer kürrəsinə doluşun və ona hakim olun, dənizdəki balıqlara, göylərdəki quşlara və yer üzündə hərəkət edən bütün canlı məxluqlara hökmranlıq edin». Bütün canlı məxluqlara, insana yox! Allah insanı azad yaradır. Allah insana azadlıq verir. Bütün canlı məxluqlara hökmranlıq etmək qüdrəti verir, amma insan üzərində hakimlik etməyi buyurmur. Həmahəng dünyanı yaradan Yaradıcı insanı azad yaradır… Əsarəti, köləliyi, zalımlığı, zülmü, qardaş nifrətini, qatilliyi, istibdadı
yaradan insanın özüdür. İnsan özüdür insanın azadlığını qəsb edən, insanı köləyə çevirən, insana zülm edən, insanı qətl edən, insanı alçaldan insan özüdür. İmanı yox edən insan özüdür. Mənəviyyatı mənəviyyatsızlığa çevirən insan özüdür. Əxlaqı əxlaqsızlığa döndərən insan özüdür. Həqiqəti yalana çevirən insan özüdür. Riyakarlığı, hiyləni icad edən insan özüdür… İnsana əzab verib onun ağrılanrından həzz alan da insan özüdür… Ağrılar… Dözülməz ağrılar… 400 illik köləlikdən kütləni xilas edən Musa, kütlənin şüurundan
köləlik ruhunu silmək üçün 40 il səhrada dolaşmalı olur. 400 illik əsarətin hər 100 ilinə 10 il cəza kəsilir kütləyə. Köləlik ruhuna mübtəla olmuş, köləliyi iliyinə yeritmiş nəsli azad nəsil ilə əvəz etmək üçün 40 il səhrada dolaşır Musa. Və azadlıqda doğulub, azadlıqda böyümüş nəsli Kənan torağına göndərir. Kölələr getsəydilər köləyə çevriləcəkdilər… 70 illik əsarəti bir neçə gündə silib göyə sovurmaq xülyasına qapılmışdılar. 400 ililk əsarəti unutdurmaq üçün 40 il səhrada sərgərdan dolaşmışdılar. 70 illik müntəzəm
yalanı, müntəzəm saxtakarlığı, müntəzəm riyakarlığı, müntəzəm hiyləgərliyi bir neçə gündə unutdurmaq istəyirdilər, şüurlardan silmək istəyirdilər… yeni dünya yaratmaq istəyirdilər. Afrika qitəsində Böyük Səhra var. Dünyanın ən iri səhrası deyilir ona. Ucsuz-bucaqsız, intəhasız səhra. Bir dövrdə çiçəklənən diyar olub Böyük Səhra. Meşə, yaşıllıq olub, canlılar, insanlar yaşayıb bu Böyük Səhrada. Sonra insanlar meşələri, yaşıllığı, döndəriblər Böyük Səhraya. Səhranı cənnətə çevirə bilməyən insanlar, cənnəti səhraya
çevirirlər…
********************************************************************************************
Yaxın Şərqdə Ölü dəniz var. Dəniz həqiqətən ölüdür: bir dənə də olsun canlı yoxdur bu dənizdə, duzdan başqa heç bir şey yoxdur bu dəryada. Bir zamanlar Sodom şəhəri yerləşirdi bu yerdə… Sodom! Mənəviyyatsızlıq, əxlaqsızlıq, barbarlıq rəmzi olan Sodom. Sodom əhli artıq insanlıq simasını itirmişdi: inam qalmamış, iman qalmamış, əxlaq qalmamış, böyük-kiçik qalmamış, qohumluq qalmamış, ədəb qalmamış, mənəviyyat itmiş, cəmiyyət dağılmış, insan tayfasının icad etdiyi mənfi və mənfur nə varsa bürümüşdü şəhəri, onun həyatını salmışdı tilsimə. Allah bu fəsad mənbəyini məhv etmək qərarına gəlir. İbrahım əllərini göyə qaldırıb Rəbbə yalvardı ki, məhv etməsin, aman versin. Rəbb aman verdi. Rəbbliyini göstərdi. Dedi ki, əgər bu şəhərdən heç olmasa 10 nəfər saleh, düz adam tapılsa, o, şəhəri məhv etməyəcəkdir. Tapılmadı. Bütöv bir şəhərdə 10 nəfər saleh, düz adam tapılmadı. Bircə İbrahimin qardaşı Lut idi imanını, abrını, insanlığını saxlayan… Onca nəfər təmiz adam qalmamışdı bütöv şəhərdə… Allah Sodom şəhərinə göydən alov və kükürd yağışı tökdü: şəhər, onun sakinləri və torpaqda nə bitirdisə hər şey məhv oldu… Bu gün Ölü dənizdir şəhərin yerində… bir dənə də olsun canlı məxluq yaşamayan ölü dəniz…
Azadlıq şirindir, dadlıdır, ləzzətlidir. Müəmmalı, amma ehtişamlı, bəsit, mürəkkəb, cazibədar və bəzən də qorxuludur Azadlıq. Azadlıq Yaradan tərəfindən insana yarandığı gündən verilib. Öz azadlığının həddi-hüdudunu genişləndirmək üçün bəziləri başqalarının azadlığını qəsb ediblər, onları əsarətə salıblar. Insan əli ilə, insan beyni ilə icad edilmiş qəlibə salıblar. Azadlıq nemətdir, zərif nemətdir. Azadlığa çatmaq müşkülatdır, azadlığı itirmək asan. Azadlığın qədrini bilmək müşkül işdir, ağır vəzifədir. Azadlığı
qorumaq ağırdır, zəhmət tələb edir. Azadlığı firavanlığa, əmin-amanlığa, cəmiyyətin xilasına, mənəvi saflığa, tərəqqiyə, inkişafa, ləyaqətə çevirmək hər kəsin bacara bildiyi, nail ola bildiyi vəzifə deyildir. Buna dərrakə, təmkin, məntiq tələb olunur. Zəhmət, ağır zəhmət – zehni və cismi zəhmət tələ olunur. Mənəviyyat tələb olunur, təmizlik tələb olunur, təmiz əxlaq, təmiz niyyət, təmiz zehniyyət, təmiz mənlik, təmiz inam tələb olunur, saf ideal tələb olunur, saf fədakarlıq, təmiz fədakarlıq tələb olunur… Azadlığın
qədrini bilmək çətindir. Azadlığı qorumaq çətindir. Azadlığı firavnanlığa, xeyrə, düzlüyə, xoşbəxtliyə, xilasa, tərəqqiyə, inkişafa çevirmək ağırdır. Bunlar düzlük, düz niyyət, təmiz niyyət, təmiz fədakarlıq tələb edir. Buna görə, azadlığa nail olan xalqların bir hissəsi azadlıq və firavanlın içərisində inkişaf edir, tərəqqiyə nail olur, o biri hissəsi isə zülmət qaranlıqda səfil kimi yol axtaran insana bənzər şəkildə çabalayır... Tikmək yerinə dağıdır, tərəqqi yerinə tənəzzül edir, inkişaf etmək yerinə geriləyir...
Cəmiyyət didişir, cəmiyyət vurnuxur, dəyərlər itir, ləyaqət tapdalanır, düzlük cəza alır, təmizlik nifrətə və lənətə gəlir, ağıl dəlilik, dərrakə sərsəmlik, düz söz iftira, düz ehkam cinayət, xeyirxahlıq fırıldaq, xoş niyyət bədxahlıq hesab olunur. Əyrilik qələbə çalır, əliəyrilik qəhrəmanlığa, şöhrətpərəstlik təvazökarlığa, xudbinlik fədakarlığa, fəralilik şücaətə, inamsızlıq inama, bədxahlıq xeyrxahlığa, ədalətsizlik ədalətə, haqsızlıq haqqa, murdarlıq təmizliyə qalib gəlir. Artıq azadlıq öz əzəli və həqiqi
mənasını itirir...
Mirzə Xəzər
1995 Praqa
Diqqət: Copyright. Bu yazının yalnız və yalnız mənbə və müəllifin adı göstərilərək, ixtisar edilmədən başqa nəşrlərdə çap edilməsinə icazə verilir. Əks təqdirdə Copyright hüququ pozulmuş hesab olunacaq.
"MEYDAN DUŞÜNCƏLƏRİ"Nİ MİRZƏ XƏZƏRİN SƏSİ İLƏ DİNLƏMƏK ÜÇÜN BU LİNKƏ GEDİN:
http://www.live365.com/stations/tahira8270
____________________________
Əkslər:
Əziz Mirzə müəllim salam!!! "Meydan düşüncələri"nizdən doğan milli təəssübkeşlik hisslərim üçün Sizə minnətdaram!!!
"Milli Meydan"ımızı bundan dolğun, bundan səlis təsvir etməyi düşünə bilmərəm... "Meydan düşüncələri" hələ yolda olan milli düşüncəmiz (təəssüf ki!!!) haqqında hayqırtıdı. "Meydan düşüncələri" insanlığa çağırışdı.
İnanıram ki, mürgülü gözləri ilə "Meydan düşüncələri"-ni oxuyan vətəndaşı...hayqırtınız səksəndirəcək...oyadacaq illərin daş yuxusundan...yol alacaq o vətəndaş
o YOLA doğru...
MİLLİ DÜŞÜNCƏ YOLUNA DOĞRU!!!
Dərin hörmət və minnətdarlıq hissi ilə,
Y.A.
Mehdi Məmmədov: Azərbaycan elə bir ölkədir ki, orada heç kimin haqqı özünə qaytarılmır
Meydan hərəkatının 20 illiyi
MEYDAN: Qarabağ mücadiləsi, yoxsa Milli Azadlıq Hərəkatı
Hörmətli oxucu, Azərbaycanın son 86 illik tarixi müxtəlif dövrələrdə müxtəlif rejimlər və qurumlar tərəfindən dəfələrlə təhrif olunub. Xüsusilə, 70 illik sovet hakimiyyəti zamanı Azərbaycanın miilli tarixi hər cür zərbələrə düçar olub.
Hörmətli oxucu, Azərbaycanın son 86 illik tarixi müxtəlif dövrələrdə müxtəlif rejimlər və qurumlar tərəfindən dəfələrlə təhrif olunub. Xüsusilə, 70 illik sovet hakimiyyəti zamanı Azərbaycanın miilli tarixi hər cür zərbələrə düçar olub. SSRİ dağılandan və Azərbaycan müstəqil dövlətə çevriləndən sonra,xüsusilə,tarixşünaslar, eləcə də ictimaiyyət ümid edir ki, bu, qısa Milli Azadlıq Hərəkatı tarixi obyektiv və aşkar şəkildə işıqlandırılacaq. Lakin, Azərbaycanda bir neçə dəfə hakimiyət dəyişikliyi, siyasi sabitliyin olmaması və bəzi subyektiv və obyektiv səbəblər üzündən Milli Azadlıq Hərəkatının rüşeymi haqqında həqiqi faktlar mətbuata çıxarılmayıb. “Mirzə Xəzərin Səsi” Qəzetinin bu təşəbbüsü 16 il geriyə gedib, bütün baş verənləri, qarış-qarış tədqiq edərək hadisələri hərəkatın iştirakçılarının dili ilə oxucularımıza düzü-düz, əyrini-əyri çatdırmaqdır.
İlk müsahibimiz tarix elmləri namizədi, Bakı Dövlət Universitetinin dosenti Mehdi Məmmədov 89-92-ci illərdə Azərbaycanda Milli Azadlıq Hərəkatında iştirak edib. O, həm də siyasi vəziyyət gərgin olan zaman “Azadlıq” radiosuna Bakıdan məlumatlar verən şəxsdir. Biz yazını M.Məmmədovun öz dili ilə təqdim edirik. 80-ci illərin ortalarından başlayaraq Sovet İttifaqında baş verən geriləmələr aydın hiss olunurdu. Kommunist Partiyasının 85-ci il aprel plenumundan sonra aşkarlıq siyasəti həyata keçirildi və bu da Azərbaycan üçün Dağlıq Qarabağ probleminin ortaya çıxması ilə nəticələndi. 87-ci ilin fevral ayında Əskəran rayonunda iki nəfərin ölümü cəmiyyətin buna neqativ reaksiyasına səbəb olmuşdu. Dağlıq Qarabağda isə separatist hərakat vüsət alırdı. Hadisələrdən narahat olan ziyalılar, görkəmli elm və mədəniyyət xadimləri Moskvaya müraciət etməyə başladılar. Minlərlə, on minlərlə etiraz teleqramları, məktublar yazılırdı. Artıq 88-ci ilin may-iyun aylarında ölkədə kütləvi etiraz çıxışları başlandı. Nəhayət, həmin ilin noyabrın 17-də bu kuliminasiya nöqtəsinə çatdı. Cəmiyyətin müxtəlif təbəqələri Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının əleyhinə olduqlarını ifadə etmək üçün o vaxtkı Lenin – indiki Azadlıq meydanına yığışırdılar. Milli Azadlıq Hərəkatının da başlanmasının əsas səbəbi Qarabağ problemi idi. Bu məsələ Azərbaycan ziyalılarının narazılığına səbəb olmuşdu və indiyədək siyasətlə məşğul olmayan müxtəlif kateqoriyalı ziyalılar siyasətə cəlb olundular. Mən o zaman Azərbaycan Dövlət Universitetində işləyirdim. Elmələr Akademiyasının Əlyazmalar İnstitutunun baş elmi işçisi Əbülfəz Əliyev (onda hələ Elçibəy deyildi), Sabir Rüstəmxanlı, Bəxtiyar Vahabzadə, universitetin rektoru, akademik Yəhya Əliyev də proseslərə qoşulmuşdu. Həsən Həsənov dövlət nümayəndəsi, partiya xadimi kimi meydanda çıxış edir, etirazını bildirirdi. Başlıca fəaliyyət meydana yığılıb, etirazını bu şəkildə ifadə etmək və bir də mərkəzə – Moskvaya müraciət etməkdən ibarət idi. Çox güman ki, rəsmi dairələrin özündən də buna etiraz yox idi. Yəni rəsmi olmasa da, qeyri-rəsmi olaraq mitinqlərə rəvac verilirdi. Adətən Azərbaycanda rəsmi dairələr etiraz etməyəndə xalq çıxışları güclü olur. O zaman milis də əhaliyə çox mane olmurdu. Lakin, vəziyyətin nəzarətdən çıxmaması üçün baş verənləri izləyirdilər.
Moskva da ilk vaxtlar çalışırdı ki, münaqişəni mümkün qədər sakit məcraya yönəltsin. Bir neçə nümayəndə Bakıya gələndə, bir o qədəri də Yerevana gedirdi. O vaxt hərəkatın ideoloqu Əbülfəz Əliyev idi. O, hadisələrin mərkəzində dururdu. Sonradan Zərdüşt Əlizadə, Hikmət Hacızadə, Sabit Bağırov, sonra Etibar Məmmədov da bizə qoşuldu. Moskva, Leninqrad və başqa şəhərlərdə Xalq Cəbhəsi (Narodnıy Front) artıq yaranmışdı. Bizim də belə bir fikrimiz var idi. Əslində, buna hazır idik. Tələbə ikən hələ 73-cü illərdən demokratik hərəkatın fəal iştirakçılarından idim. Bakıda nə qədər demokratik əhval-ruhiyyəli adamlar var idi, bizə – Xanxoyski 89, mənzil 30 ünvana yığışırdıq. Həbsdə olmadığı vaxtda Əbülfəz Əliyev, Vaqif Bayatlı Önər, Fərman Kərimzadə, Ağamalı Sadiq, Leyla Yunus, Zərdüşt Əlizadə, Hikmət Hacızadə, Yeni Azərbaycan Partiyasının indiki icra katibi Əli Əhmədov, Sirus Təbrizli gəlirdi. O dövrdə güclü senzura olduğundan qadağan olunmuş kitabları makinada yazıb, tələbələr arasında paylayırdıq. Bunlar milli azadlıq hərəkatı, Cənubi Azərbaycan demokratik hərəkatına aid idi. “Soverşenno sekretno” qrifi ilə verilən ədəbiyyata xüsusi icazə olmalı idi, lakin biz bunu gizli əldə edirdik. 1918-ci il Xalq Komissarlar Sovetinin komissiyasının məruzəsini arxivdən tapmışdıq. Ermənilərin Bakı, Quba və Şamaxı, Şəmkir ətrafında əhalini necə qırması, 31 mart soyqırımı haqqında məlumatlar əldə etmişdik. Beləliklə, siyasi aktiv adamlar yetişməyə başlayırdı. 1988-ci ilin dekabrın 5-də meydanda etiraz edən adamlar hərbi güclə dağıdıldı. Bundan sonra Bakıda güclü repressiyalar başladı. Ziyalılar həbs olundu, işdən çıxarıldı, həbs olunanlar arasında Elçibəy də var idi. Onların hərəsinə 30 sutka iş verdilər və bununla xalqın etiraz dalğası bir qədər zəiflədi. Mərhum hüquqşünas, universitetin dosenti İsmayıl Tarik Peyma, Xəlil Rza artıq Çənlibel deyilən klub yaratmışdılar. Orada mədəni maarif işi aparılırdı. Bu təşkilatın da fəaliyyəti qadağan olundu. O zaman Azərbaycan həqiqətləri nə mərkəzi televiziyada, nə də beynəlxalq informasiya vasitələrində, verilirdi. Bu boşluğun nəticəsi ağır oldu, Azərbaycan informasiya blokadasına düşdü. Erməni tərəfin verdiyi dezinformasiyalar ölkəni beynəlxalq miqyasda İslam fundamental xətti tutmuş, antixristian və mürtəce bir tərəf kimi tanıtmağa başladı. Baş verən hadisələr radiolarda təhrif olunur, erməni mövqeyinə uyğun işıqlandırılırdı. 88-ci il noyabr ayının 22-də BBS radiosu ilə məlumat verildi ki, Xankəndində iki ayağı olmayan erməninin qolunu azərbaycanlılar kəsib, eyvandan atıblar. Bunun qarşısını almaq lazım idi. Ağlıma fikir gəldi ki, niyə biz buna etiraz etməyək. İlk dəfə noyabrın 25-də mən bi-bi-si radiosunun baş ofisinə zəng vurdum (o zaman radionun Bakıda mərkəzi yox idi). Məlumatın doğru olmadığını dedim, ona etirazımızı bildirdim. Əgər hadisə baş veribsə, həmin adamın kimliyinin açıqlanmasını istədim. Bakıda hərbi güclə əhalinin etirazının dağıdıldığı barədə məlumatı isə ilk dəfə “Azadlıq” radiosuna Yusif Əlyarov adlı bir nəfər verdi. Sonra o, bu işə davam etmədi. Bir il sonra missiyanı mən üzərimə götürdüm. Heç kim qorxudan bunu etmək istəmirdi. Meydan hərəkatında olan çıxışlar ilk dəfə 1989-cu ilin yanvarın 14-də “Azadlıq” radiosunda səslənib.
Mirzə Xəzərə Azərbaycan ziyalılarının bəyanatını oxuduq, meydanda baş verən hadisələr haqqında Nemət Pənahovun səsini verdik. Azərbaycanın səsi “Azadlıq” radiosundan dünya efirinə belə yayıldı. Mirzə Xəzər bu məlumatları özü oxuyurdu. Mirzə ilə əlaqə yaradandan sonra mən Azərbaycanda baş verən hadisələr haqqında ona müfəssəl məlumat verir, ziyalılarla telefon əlaqələrini yaradırdım. Həqiqətlərin “Azadlıq”ın tribunasından yayılmasının Azərbaycan üçün rolunu sözlə ifadə etmək mümkün deyil. Çünki bu boyda informasiya blokadasında olan xalqın haqq səsini heç kim obyektiv işıqlandırmağa meylli deyildi və etmək istəmirdi. Tək Mirzədən başqa. Bi-bi-si iki dəfə bizim müraciətimizi verdi, birində mən, digərində isə Etibar Məmmədov çıxış etmişdi. Üçüncü dəfə radio bundan imtina etdi. “Azadlıq” radiosu ilə əlaqə yaranandan sonra isə Azərbaycan haqqında müntəzəm olaraq məlumatlar gedirdi. Ziyalıların bir çoxu çıxış etmək istəsələr də qorxurdular, adlarının çəkilməsini istəmirdilər. Buna görə də məlumatı verirdilər, mən çatdırırdım. Hətta hökumət dairələrindən də məlumatlar ötürülürdü. Elçibəylə Mirzə Xəzərin də telefon əlaqələrini mən yaradırdım. Mirzə Xəzər Elçibəydən müsahibə götürdü. Sonra Fərman Kərimzadə, mərhum jurnalist Ağamalı Sadiqin müsahibələri radioda səsləndirildi. Mərhum akademik Ziya Bünyadov, Yusif Səmədoğlu, Sabir Rüstəmxanlı, İsa Qəmbər, Etibar Məmmədovla da Mirzənin əlaqələrini yaratdım. “Azadlıq” radiosunun ən alovlu natiqi Xəlil Rza idi. Radio ilə münasibətimə görə, mənə qarşı təzyiqlər başlandı. Universitetdə işdən azad olunmağım haqqında Mərkəzi Komitədən xüsusi göstəriş verildi. Hər yerdən məni təcrid edirdilər. Fiziki məhdudiyyətli olduğuma görə işləmək haqqım olmadığını bildirirdilər. Amma açıq demirdilər ki, bu “Azadlıq” radiosu ilə əlaqəmlə bağlıdır. Hətta bir neçə dəfə məni döydürmək istəyiblər. Bu, Əbdürrəhman Vəzirovun vaxtında idi. Onda AXC-nin hələ təşəbbüs qrupu yaranmışdı və qrupun üzvləri evlərdə görüşürdülər. Təşəbbüs qrupunun üzvləri Leyla Yunusova, Zərdüşt Əlizadə, Etibar Məmmədov, Rəhim Qazıyev, Umudvar Baxşıyev, Sülhəddin Əkbərov, İsa Qəmbər və başqaları – cəmi 16 nəfər idilər.
Xalq Cəbhəsinin yaranmasına cəhd haqqında da biz ilk dəfə “Azadlıq” radiosundan eşitdik. Gənc alimlər klubu və “Varlıq” təşkilatı təşəbbüs qrupunda birləşdilər və Xalq Cəbhəsini yaratdılar. Onun bir qolu Elçibəy tərəfdarları idi, bir qolu isə gənc alimlər klubunun iştirakçıları – Hikmət Hacızadə, Leyla Yunus, Zərdüşt Əlizadə və başqaları. AXC-nin proqram və nizamnaməsini də onlar işləyib hazırlamışdılar. Vəzirov ölkədə siyasi-ictimai vəziyyəti stabilləşdirməyə cəhd etmək üçün hərəkatın nümayəndələri ilə görüşdü. Azərbaycanda ilk dəfə hakim dairələr müxalifətçiləri qəbul edirdi. 89-cu il iyun ayının 16-da AXC-nin təsis konfransı oldu. O zaman qərar qəbul edildi ki, AXC təşəbbüs qrupunun əsas informasiya mənbəyi kimi mən kənarda qalım. Təşəbbüs qrupunun iclaslarına da getmirdim. Bu konspirasiya xatirinə edilirdi ki, onlara təzyiqlər olsa, həbs edilsələr, mən kənarda qala bilim və barələrində məlumat vermək imkanım olsun. Ona görə də sonda cəbhənin idarə heyətinə düşə bilmədim. Amma Elçibəyin təkidi ilə AXC-nin ali məclisinin üzvü seçildim. AXC-nin fəaliyyətində radikal addımlar atmaq tərəfdarları var idi. Bunlar Etibar Məmmədov, Nemət Pənahov idi, sonra onlara Rəhim Qazıyev də qoşuldu. Onlar hesab edirdilər ki, atılan addımlar radikal olmalı, Moskva ilə təzyiq dilində danışılmalıdır. Digər liberal qanad isə Leyla Yunus, Zərdüşt Əlizadə, İsa Qəmbər radikallığın əleyhinə idilər. Radikallıq onunla nəticələndi ki, 89-cu ilin iyul ayına qədər Bakıda mitinqlər qadağan edildi. İlk dəfə iyunun 5-də Spartak stadionunda mitinq keçirtməyə icazə verildi, lakin bu çox dağınıq oldu, 5 minə qədər adam var idi. Başlıca məqsəd ondan ibarət idi ki, yetişməkdə olan hərəkata geniş vüsət vermək üçün küçə yürüşləri, mitinqlərdən istifadə olunsun. Bəziləri bundan ehtiyatlanırdı və xalqı mitinqlərə çıxartmağın tez olduğunu, zamanın yetişmədiyini bildirirdi. Amma, radikal qanad mitinqlərə çıxmağın vacibliyini qeyd edirdi. Xalq Cəbhəsi deyəndə buna heç də 10-15 adamın fəaliyyəti kimi baxmaq olmaz. Adlarını sadalamağa çətinlik çəkirəm, çünki bu adamlar çox idilər. Burada Bakı kəndlərindən dini nümayəndələr də iştirak edirdilər. Lakin hadisələrin əsas istiqamətləndiricisi “Azadlıq” radiosu idi. Radio Azərbaycanda bir ideoloq kimi çıxış edirdi. Burada baş verən hadisələr xalqa çatdırılır və xalq məlumat alandan sonra öz qərarını qəbul edirdi. Yerli kütləvi informasiya vasitlərinin isə elə bil qulağı kar, gözü kor, dili lal idi. Müstəqil televiziya, radio, qəzet yox idi. Müstəqil qəzetlər sonradan “Azadlıq” radiosunun təsiri altında yarandı. Mirzə Xəzər mənimçün narahat idi. Hətta biz danışmışdıq ki, iki zənginə cavab verməsəm onda biləcək ki, daha mən evdə deyiləm. “Azadlıq” antikommunist mərkəzi kimi tanınırdı.
Hətta Bakı şəhər partiya komitəsinin plenumunda Vəzirov demişdi ki, Mirzə Xəzər Mərkəzi Kəşfiyyat İdarəsinin polkovnikidir, burada onun əlaltıları isə leytenant rütbəsindədir və oradan maaş alırlar. Məni nəzərdə tuturdu. Xahiş edirdi ki, “məlumat verirsiniz, verin, amma heç olmasa hər şeyi obyektiv işıqlandırın”. Biz bir dəfə Mirzə ilə telefonla danışırdıq. Elə bu anda da Vəzirovun televizorda çıxışı var idi. Çıxışı Mirzəyə telefonla birbaşa verdim, o da yazdı. Effektə baxın ki, Əbdürrəhman Vəzirov “Azadlıq” radiosundan danışır. Sabahı hamı dedi ki, Vəzirov “Azadlıq”a müsahibə verib. O, özü isə “şto oni natvorili so mnoy” deyə təəccüblənmişdi. Belə bir iş də Sabirabad rayonunda olmuşdu. Rayonun birinci katibi Vilayət Seyidovun çıxışını diktafona yazdım, onu da Azadlıq vermişdi. Biz lazım olanda effekt yaratmaq üçün belə edirdik. Yəni göstərirdik ki, “Azadlıq” təkcə dissidentlərin radiosu deyil, buradan Vəzirov, Vilayət Seyidov kimi partiya katibləri də danışır. Sonra Ayaz Mütəllibovun Moskvada Ali Sovetdəki çıxışını radio ilə vermişdim. Əsas məqsəd, burada baş verənləri Avropa efirinə verib, oradan bura göndərmək idi. Onun effekti daha çox olurdu. “Azadlıq”dan səslənən Azərbaycandakı 89-cu il mitinqləri ölkədəki sükut buzunu sındırdı. Bütün Azərbaycan Bakıya gələ bilmirdi axı, amma hamı radionu eşidirdi. O mitinqlərdə Ziya Bünyadov, Əlikram Əliyev, Etibar Məmmədov, İsa Qəmbərovun çıxışları olurdu və dünya da Bakıda nə baş verdiyini eşidirdi. O vaxt radionun verilişləri yazılmış kasetləri 25 manata satılırdı. Prezidentlər çalışırdılar ki, Mirzə Xəzərin fəaliyyətindən öz xeyirləri üçün istifadə etsinlər. 90-cı ildə Azadlıq radiosunda Heydər Əliyevin 6 saatlıq müsahibəsi getmişdi. Yerli kiv Əliyevi təbliğ edə bilmirdi. Elçibəyin adından istifadə edib, radioya müxtəlif böhtanlar atırdılar. AXC-yə daxil olan xoşagəlməz adamlar “Azadlıq”ı da, Elçibəyə də qarşı yeri gəldikcə kompramat aparırdılar. Bu isə Azərbaycanın əleyhinə işləyirdi. Bizdə bəzən yalanı elə deyirlər ki, həqiqətdən inandırıcı olur. Jurnalisti isə hörmətdən salmaq asandır. O zaman Vəzirov öz təşəbbüsü ilə AXC üzvləri ilə görüşmüşdü. O görürdü ki, Azərbaycanda siyasi vəziyyət gərginləşir və bunun qarşısını almaq istəyirdi. Vəzirov mütərəqqi adam idi. O deyirdi ki, ölkədə kompüterləşmə prosesi getməlidir. İndi yoxsa elə deyil? Bunu 89-cu ildə deyirdi və bu gün Azərbaycan kompüterləşib. Vəzirov hərəkat iştirakçıları ilə görüşdə xahiş etmişdi ki, AXC-nin rəsmi tanınmasına tələsməsinlər. Fikrini onunla əsaslandırırdı ki, AXC rəsmən tanınandan sonra buraya axın o qədər güclü olacaq ki, təşkilatın yaradıcıları arada itib-batacaq. Doğrudan da elə oldu, 89-cu ilin oktyabrın 5-də AXC rəsmən dövlət tərəfindən tanındı və bundan sonra buraya güclü axın başladı. Cəbhəyə məqsədli-məqsədsiz müxtəlif səbəblərdən üzv olanlar çox idi. Təsadüfi adamlar da gəlirdi. Narazılar gəlirdilər. Buraya oğru da, tərbiyəsi olan, olmayan, dələduz və quldur da girə bilərdi. Adətən kütləvi təşkilatlar yarnanda bura axın olur. Yəni, dövlət buna icazə veribsə, qorxusu yoxdursa və istədiyi kimi dövləti, hökuməti tənqid edə bilərsə, onda nə üçün ora girməsin?
O zaman Elçibəylə də söhbətlərimizdə o deyirdi ki, hərəkatdan müəyyən adamlar pərdəarxası istifadəyə cəhd edirlər. Başlanmış hərəkatdan hakimiyyəti ələ keçirtmək, hakimiyyətə qayıtmaq cəhdləri hiss olunurdu. Artıq 89-cu ilin sentyabr ayında Azərbaycanda faktiki ikihakimiyyətlilik var idi. Rəsmi hakimiyyət Mərkəzi Komitənin əlində olsa da, əslində ölkədə hadisələrə təsir etmək gücü AXC-də idi. Ona görə də çox mürəkkəb situasiya yaranmışdı. Bunu da mürəkkəbləşdirən amilərdən biri böyük tətil dalğası idi. Ölkədə siyasi-ictimai vəziyyəti gərginləşdirmək və bunu bir qədər də radikallarşdırmaq üçün müəssisələr, zavodlar, fabriklər tətillər çağırırdı. Bu, Moskvanı narahat etməyə bilməzdi. O zaman Sovetlər İttifaqının bütün regionlarını tətil dalğası bürümüşdü. Hətta vəziyyət ora qədər gəlib çıxmışdı ki, şaxtaçıların tətillərinə Azərbaycan tətilçiləri həmrəyliyini bildirirdi. Bir sözlə, Azərbaycandakı hadisələr Rusiyada baş verən demokratikləşdirmə prosesinin bir hissəsi idi. Amma bunun bir mənbəyi də Dağlıq Qarabağ olaraq qalırdı. AXC idarə heyətində liberal və radikal qanadlar arasında pərdəarxası intriqalar da gedirdi. Elçibəy intriqlardan xəbərdar olsa da, qarşısını ala bilmirdi. Bu isə ona gətirib çıxartdı ki, idarə heyətində parçalanma baş verdi. Artıq 89-cu ilin noyabr ayında AXC-dəki parçalanma aydın hiss olunurdu. Əvvəlcə Leyla Yunusova və Zərdüşt Əlizadəni idarə heyəti guya AXC-nin qərarlarına tabe olmadıqları üçün kənarlaşdırdı. Onlara ermənipərəst, ruspərəst damğası vuruldu. Əslində bu, doğru deyildi. Onlara qarşı ədalətsizlik oldu. Fikrimcə, hər ikisinin çıxarılması səhv addım idi. Radikallıq lazımdır, mübahisə etmirəm, amma onların getməyi ilə liberallıq da azaldı, balans pozuldu. Bu iki nəfərin idarə heyətində olmasından narazılar çox idi. Çoxları dinmirdi, susurdu. Zərdüştlə Leylanın getməsi oradakıların hamısının marağında idi və həm də xeyirlərinə işləyirdi. Çünki, onların mövqeyi daha ağıllı idi. Başa düşürdülər ki, deyilən tələbləri qoymaqla çox şeyə nail olmaq mümkün deyil. Təcrübə də onu göstərdi, Azərbaycan çox böyük bəlalardan keçdi… Elçibəyin intriqalardan xəbəri var idi və belə adamlara qarşı orta mövqe tuturdu. Heç kimin tərəfində durmurdu. Hər şeyin səs çoxluğu ilə həllinin tərəfdarı idi. O, çalışırdı ki, hakim dairələrlə aşağılar arasında konflikt kəskinləşməsin. Bilirdi ki, qarşıdurmanın ziyanı xalqa dəyəcək. Bəzən buna nail olurdu, çox vaxt isə yox. Çünki AXC sədrinin heç səsvermə hüquq yox idi. Sonra radikal qanad da getdi. Etibar Məmmədov, Rəhim Qazıyev, Nemət Pənahov da idarə heyətindən ayrıldı. Onlar Tətil Komitəsi təsis etmişdilər və AXC-dən kənarda Azərbaycanda baş verən bütün tətillərə nəzarət edirdilər. Bu mühüm məsələ idi. İşləyən zavod və fabriklər, müəssisələrin dayandırılması, dəmir yolunun bağlanması (Rusiya ilə Azərbaycan arasında əlaqələr əsasən dəmir yolu ilə idi) onların işi idi. Nemət Pənahovun mitinqlərə adamların çıxarılmasında rolu barədə iddialarında həqiqət var. O, fəhlə nümayəndəsi kimi daha cəlbedici idi. Amma AXC yenə öz nüfuzunu saxlayırdı və hər şey də onun adı ilə bağlıydı. Dekabr ayında AXC daxilində növbəti parçalanma oldu və idarə heyəti tam tərkibdə istefa verdi. 90-cı il yanvar konfransında AXC-nin idarə heyətinə yeni adamlar daxil oldu – Sabir Rüstəmxanlı, Vurğun Əyyubov, Hacı Əlikram Əliyev Bakı kəndlərindən ruhani adam kimi dəvət edildi. Bu dəyişiklik AXC-nin daha da zəifləməsinə gətirib çıxartdı. Daxildən parçalanması nəticəsində cəbhənin əvvəlki gücü azalırdı. Parçalanmaya səbəb şəxsi ambisiyalar idi. Yəni birincilik, hakimiyyət hərisliyi. Adətən liberallar qan tökülməyin tərəfdarı deyildilər. Əslində onlar da hakimiyyətə iddialı idilər. Amma deyirdilər ki, hər şey qan tökülmədən, konstitusion yolla əldə olunmalıdır. Xalq Cəbhəsi monolit təşkilat olmadığından orada müxtəlif maraqlar da var idi. Hakim Kommunist Partiyası ilə yaxın əlaqələr saxlayanlar, onlarla mütəmadi oturub-duranlar indi bundan imtina edirlər.
Məsələn, Nemət Pənahovu Heydər Əliyevin adamı kimi təqdim edirdilər. Onların doğrudan da yaxın əlaqələri var idi. Sonradan o, prezident aparatında müşavirin müşaviri vəzifəsinə təyin olundu. Etibar Məmmədov isə Polyaniçko ilə əlaqə saxlayırdı. Görünür onun da öz strateji xətti var idi, yəni barəsində elə də demək olmaz, belə də. Cəbhənin hökumətlə əlaqə saxlayan nümayəndəsi o idi. O vaxt bütün bunlar həm də ona görə baş verirdi ki, Azərbaycan siyasi mühitində müəyyən spektr yox idi, ölkənin gələcəyinin necə olacağı, hakimiyyətə kimin gələcəyi məlum deyildi. Bu fikirlər hələ çox uzaq idi, qeyri-müəyyənlik var idi. 89-ci ilin dekabrında Bakıda erməni kilsəsi yandırılmışdı. Çox güman ki, bu, fitnəkarlıqla baş verən hadisə idi. Kənar qüvvələrin Azərbaycanda antixrisitian görüntüsü yaratmaq, onu dünyanın gözündən salmaq məqsədi daşıyırdı. O zaman da Mirzə Xəzərin böyük xidmətləri oldu. Biz dərhal bəyanat yazdıq ki, AXC erməni kilsəsinin yandırılmasını pisləyir. Bəyanatı Mirzə müəllim təcili verdi. Təsiri böyük oldu. Artıq heç kim AXC-ni hadisələrdə günahlandıra bilməzdi. Başıpozuq fanatiklər, kin, nifrət təsiri altında olan emosional kütlənin istəyi ilə erməni qəbirlərini dağıtmaq istəyirdi. Lakin bu baş vermədi. Azərbaycan açıq cəmiyyət olmadığından AXC-nin hadisələrə təsiri böyük idi. Müəssisələrdə rəhbərlərin seçilməsi, onların təyinatında AXC mühüm rol oynayırdı. Azərbaycanda baş verən bütün əhəmiyyətli hadisələrə Cəbhənin razılığı olmadan qərar verilmirdi. 89-cu ilin dekabrı və 90-cı il yanvar ayının əvvəllərində Bakıda və bütövlükdə Azərbaycanda eyforiya vəziyyəti yaranmışdı. Xalq idarə olunmaq istəyirdi. Amma idarə olunmurdu. Şüurlu şəkildə dövlət rıçaqlarına malik olan Kommunist Partiyası dövlət idarəçiliyini qeyri-rəsmi AXC-nin üzərinə qoymuşdu. İkinci də artıq faktiki hakimiyyəti ələ almışdı. Ən böyük çətinlik də burada idi. Dekabr ayında Azərbaycanla İran sərhəddində sərhəd məftilləri qırıldı və bunu hərə öz istədiyi kimi yozurdu. Bəziləri hətta bunu azadlıq müjdəsi kimi qələmə verirdi. Amma bu elə deyildi. O dövrdə Sovet İttifaqı öz gücünü itirməmişdi və böyük imperiya ölkəsində sərhədlərlərin icazəsiz açılmasına razı ola bilməzdi. Deməli, Azərbaycanda istədikləri fövqəladə vəziyyəti təyin etmək üçün zəmin yaradırdılar. Yəni, ölkədə sabitlik yoxdur, sərhədlər açılır, ermənilərə qarşı soyqırımı törədilir, Dağlıq Qarabağda, sərhədyanı rayonlarda vəziyyət gərgindir və ona görə də fövqəladə vəziyyət elan olunur. 20 yanvar hadisəsində tək Moskvanı günahlandırmaq bir o qədər də düzgün olmaz. Burada yerli hakimiyyət orqanlarının səriştəsizliyi əsas rol oynayıb. Yadımdadır ki, 90-cı ilin oktyabrında Etibar Məmmədov məhkəmədə demişdi ki, Bakıdan Moskvaya iki cür teleqramlar vurulurdu. Biri bu məzmunda idi: “medlenno vvesti Voyska v Baku, polojenie bezkontrolno”. Digər tərəfdən Vəzirovun vurduğu teleqramlarda deyilirdi ki, Bakıda vəziyyət nəzarət altındadır, ordu yeritməyə ehtiyac yoxdur. Birinci teleqramı Vaqif Hüseynovun rəhbərlik etdiyi Dövlət Təhlükəsizlik Komitəsi vururdu.
O dövrdə hakimiyyətin özündə də hakimiyyətə gəlmək uğrunda mübarizə gedirdi. Vaqif Hüseynov, Həsən Həsənov, Ayaz Müttəlibov və Əbdürrəhman Vəzirov arasında hakimiyyət uğrunda gizli çəkişmələr var idi. Hamı çalışırdı ki, Moskvanın gözündə yaxşı olsun və hakimiyyət ona tapşırılsın. Bu da sonda yanvar hadisələrinə gətirib çıxartdı. Hakimiyyət daxilində çəkişmələrin nəticəsində doğrudan da vəziyyət nəzarətdən çıxdı, ölkə idarəolunmaz hala gəldi. AXC bunun hamısının qarşısını ala bilməzdi. Çünki onun nə hərbi gücü var idi, nə milisi, nə də dövlət təhlükəsizlik qüvvəsi. Müxtəlif provakasiya xarakterli hadisələr də baş verirdi. Hərbi qüvvələrin yeridilməsində Vəzirovun birbaşa rolu yox idi. Vəzirov heç cür istəmirdi ki, Moskva buraya ordu yeritsin. DTK-nın xətti ilə gedən teleqramlarda elə qələmə verilirdi ki, Azərbaycanda vəziyyət nəzarətdən çıxıb, ordu göndərilməsə, fövqəladə vəziyyət elan olunmasa artıq hakimiyyətin devrilməsi təhlükəsi var. Yanvarın əvvəllərində Bakıdan qan iyi gəlirdi. Yanvarın 13-də Lenin – indiki Azadlıq meydanında Nemət Pənahov elan etdi ki, Leytenant Şmidt zavodu silah istehsal edir, adamlara silah paylayacaqlar. Müdafiə Şurası da artıq silahla mübarizəyə qalxacağını bildirdi. Bu radikal qanadın etdiklərinin nəticəsi idi. Akademiyadakı konfrranslardan birində Zərdüşt Əlizadə dedi ki, “mən AXC-nin üzvü kimi bu hadisələrin sonunda qan görürəm və o məsuliyyəti bölüşmürəm, buna etiraz edirəm”. Liberal qanad da bu hadisələrə etiraz edirdi. Nifrətlə yananlar isə “qan tökülməlidir, qansız azadlıq yoxdur” deyirdilər. 20 yanvar hadisəsi baş verməyə bilərdi. Azərbaycan müstəqilliyini qansız da alacaqdı. Azadlıq həmişə qanla alınmır. İspaniya Frankonun diktaturası altında 40 il yaşadı. Xuan Karlos gələndən sonra İspaniyada qan töküldü? İspaniya indi dünyanın ən demokratik ölkələrindəndir. Onsuz da imperiyanın dağılma prosesi başqa respublikalarda da gedirdi. Lakin insan tələfatı iki yerdə – apreldə Tiflis hadisələri (burada 20 nəfərə qədər adam həlak olmuşdu), onun böyük miqyası 20 yanvarda Bakıda oldu. Hadisələrin Bakıda böyük tələfatla müşayət olunması əhalinin məlumatsızlığından baş verdi. Azərbaycan televiziyasının enerji blokununun partladılması indi də mənim üçün müəmmalıdır. Ona görə ki, fövqəladə vəziyyət elan etmək istəyən ölkə əhalinin məlumatsız qalmasına çalışmamalı idi. Primakov, Kriyenko və mərkəzdən gələn başqa dövlət nümayəndələri ordunun Bakıya girməyəcəyini deyirdilər. Amma televiziya birdən-birə partladılır, niyə? Bu tədqiqata ehtiyacı olan məsələdir. Ehtimal edirəm ki, ölkədə sadəcə qarşıqlıq, məlumatsızlıq olmasını istəyirdilər. Görünür bu, Azərbaycanı istəməyən, ambisiyalı qüvvələrin marağında idi. Mərhum Nəcəf Nəcəfov və onun kimi adamlar çalışırdılar ki, əhali məlumatlansın və küçələrdən çəkilsin. O boyda böyük barrikadalara ehtiyac yox idi. AXC-nin proqressiv qanadı da bu barrikadalarla o boyda ordunun qarşısını almağın mümkünsüzlüyü təbliğatını aparırdı. İndi 20 yanvar hadisələrinin günahkarlarını axtarırlar. Ona qalsa, bütün xalq günahkardır. Azərbaycanda fövqəladə vəziyyəti kim elan edirdi, Ayaz Mütəllibov, Elmira Qafarova, yoxsa Moskva? Moskvanın dediyinə burdan kim etiraz edə bilərdi? Heç kim. Mütəllibov Azərbaycan Kommunist Partiyasının birinci katibi idi. O çalışırdı ki, ilk növbədə ölkədə siyasi-iqtisadi və sosial sabitliyi yaratsın. Lakin onun cəhdləri gec idi. Artıq qatar yerindən tərpənmişdi. Mütəllibovun hakimiyyəti illəri Moskvanın süqutuna az qalmış dövrə təsadüf edir.
Görünür müəyyən siyasi qüvvələr bu məsələni duyurdular və bilərəkdən ölkədə stabilliyin yaranmasına imkan vermirdilər. Kütlə artıq idarə olunmurdu, əyalətlərdə təsərrüfat pozulmuşdu, təhsil sistemi iflic vəziyyətə düşmüşdü. Bütün sahələrdə qeyri-müəyyənlik yaranmışdı. Bir-birinin ardınca sensasiyalı hadisələr baş verirdi, kimlərsə öldürülür, müəmmalı şəkildə həlak olurdu. Cəmiyyətdə artıq xof yaranmışdı. Nə imperiya dağılmışdı, nə də tam gücündə deyildi. Və ona görə də Mütəllibovun dövrünə birmənalı baxmaq olmaz. Azərbaycan müstəqiliyini Mütəllibovun vaxtında qazanıb. 18 oktyabr 91-ci ildə. Mən müstəqilliyi Mütəllibovla da bağlamıram, bu heç kimin xidməti deyildi, sadəcə dövr yetişmişdi. Onsuz da SSRİ-nin tərkibində olan respublikalar ayrılır, müstəqilləşirdi. 20 yanvar faciəsinin qarşısını almaq olardı, bu qədər qan tökülməyə də bilərdi. Amma töküldü. Həmin gün azərbaycanlıların mübarizə tarixinin bir səhifəsidir. Lakin, qara səhifəsi. İlk dəfə Azərbaycanın işğal olunmuş torpaqları 91-ci ildə azad olunmağa başladı. Həmin ilin mayında Çaykənd, Kamo, Azad, Şaumyan rayonunu Ayaz Mütəllibovun əmri və Məmməd Əsədovun başçılığı ilə OMON hərbi güclə ermənilərdən azad etdi. Bu, Mütəlllibovun xidmətidir, heç kim bunu dana bilməz. Düzdür, bunu danışmırlar, amma mən deyirəm. Mənim işim Azadlıq radiosuna məlumat verib, əhalini sakitliyə, dincliyə çağırmaq idi. Mirzə də bu işi vicdanla yerinə yetirirdi. Yanvar hadisələrindən sonra, 90-cı ilin martında Vaşinqtona getdim. Səfəri Mirzə Xəzər təşkil etdi. Mənə viza aldı, o, bir də mərhum Arif Mansurov maliyyə dəstəyi verdilər. Vaşinqtona yanvar hadisələrinin videokasetlərini aparmışdım. Məlumatlar NBS, SBS teleşirkətlərinə verildi, Amerikanın müxtəlif dairələrinə yayıldı, Pentaqonda lenti nümayiş etdirdim. ABŞ-da yaşayan azərbaycanlı mərhum Züleyxa Əsədullayeva da mənə bu məsələlərdə köməklik göstərirdi. BMT-nin Nyu-Yorkdakı Türk Federasionu Evində lenti nümayiş etdirdik. Xeyli iş görüldü. Azərbaycanlıların Mirzəni unutmağa haqqı yoxdur. Azərbaycan tarixində Mirzə Xəzərin oynadığı rolu tarixçilər 100 illər sonra tədqiq edəcəklər. Bəxtiyar Vahabzadə onun haqqında deyirdi ki, “Mirzə Xəzər azərbaycanlıların qeybdən gələn səsidir”. Radio hadisələri cəmiyyətə obyektiv çatdırırdı. Xalqın gözündən qorxu pərdəsini götürürdü. Azadlıq radiosunun bir də rolu ondan ibarət oldu ki, dünya azərbaycanlıları Azərbaycan haqqında tam təsəvvürə malik oldular. Daşkənddən bir nəfər təyyarə ilə Bakıya xüsusi olaraq məni görməyə gəlmişdi, “nə yaxşı ki, Azadlıq radiosu, Siz varsınız” deyirdi.
Mirzə Xəzərin xidmətləri sayəsində azərbaycanlılar qorxudan çıxdı, o, insanlara cəsarət verdi. Milli şüurun formalaşmasında Mirzə Xəzrin son dərəcə müstəsna xidməti var. Bunu heç kim dana bilməz. O, zaman Azərbaycandan xarici radiolarla danışmağa cəsarət etmirdilər. “Azadlıq” radiosunun Bakı nümayəndəliyinin olmaması Mirzə üçün də çətinlik yaradırdı. Bu missiyanı mən üzərimə götürdüm. Bunun da Azərbaycan üçün əhəmiyyətini gələcəkdə tədqiq edcəklər. Mən Azərbaycan Ali Sovetinin Dağlıq Qarabağın Muxtariyyatını ləğv etməsini ən böyük səhv sayıram. Halbuki, buna ehtiyac yox idi. İndi ən yüksək statusla muxtariyyat verəcəklərini deyirlər. Əgər bunu verəcəkdilərsə, niyə ləğv edirdilər. Emosiyalarla qərar qəbul etmək olmaz. Bu gün azərbaycanlıların iqtidar-müxalifət düşərgəsinə bölünməsi bu xalqa heç nə vermir. Hər iki tərəfdə qırğılar siyasət səhnəsindən getməlidir. Bu gün sağlam düşüncə qələbə çalmalıdır. O ki, qaldı rayonların işğalına, bu göz qabağında idi. 89-cu ildən Dağlıq Qarabağ kəndlərində – Meşəli, Malıbəyli, Ağdam, Əskəran ətrafındakı kəndlərdə sosial durumun ağırlığı, pensiyaların vaxtında verilməməsindən əhali narazılıq bildirirdi. Ancaq, onların etirazına ciddi şəkildə məhəl qoyulmurdu. İşğal hakimiyyətin zəifliyindən baş verdi. Bir-biri arasında gedən didişmələr, hakimiyyət hərisliyi sonda bir-birinin ardınca torpaqların işğalına gətirib çıxartı. Hakimiyyətə gəlmək şansı olmayanlar hadisələrə laqeydlik nümayiş etdirir, “mənə aidiyyatı yoxdur, torpaqlar gedirsə, getsin” prinsipi hökm sürürdü. Azrbaycan torpaqlarının işğalının ən böyük səbəbi hakimiyyətə gələn qüvvələrin xarici qüvvələrlə sövdələşməsinin nəticəsidir. Bir tərəfdən Milli Azadlıq Hərəkatı başladı, müstəqillik istədilər, digər tərfdən torpaqlar itirildi. Bu, nonsensdir. Milli azadlıq hərəkatı başlananda Azərbaycanın müstəqil dövlət kimi inkişafını düşünməkdənsə, onların özlərinin hakimiyyətə gəlmək iddiaları daha güclü oldu. Bu maraqlar milli mənafedən üstün idi. Torpaqların işğalı da, haqq qazandırılmayan qurbanlar da bunun nəticəsi idi. Lakin sonrakı 11 ildə də torpaqlar işğaldan azad edilmədi. Heydər Əliyev hakimiyyətdə qalmasını təmin etməklə məşğul idi. Torpaqları azad etmək üçün bütün qüvvələri səfərbər edib, ümummilli birlik yaransaydı, onda Əliyevin siyasi hakimiyyəti o qədər də güclü olmazdı. Digər tərəfin də ola bilsin ki, bu məsələdə günahları var. Bunu qəti demək üçün mütləq araşdırmalar aparılmalı, hadisələrə həqiqi tarixi qiymət verilməlidir. Mən heç vaxt siyasətdə olmamışam. AXC ali məclisinin üzvü olsam da partiyanın üzvlük biletini üzərimdə gəzdirməmişəm. Milli İstiqlal Partiyasının üzvü olmuşam, bunun mənasız olduğunu başa düşəndən sonra, onu da 2000-ci ildə tərk etmişəm. 92-ci ilə qədər hərəkat iştirakçıları ilə mənim evimdə yığışırdıq. Sonra onlar hakimiyyətə gəldilər və onda mən unuduldum. Böyük salonlar, zallar, söz mətbuat, hər şey ixtiyarlarında idi. Mən də hesab etdim ki, artıq missiyamı bitirmişəm. Nə onlar mənə bir söz dedilər, nə mən onlardan nəsə istədim. Hötenin bir sözü var: “axmaq o kəslərdir ki, başqalarının xoşuna gəlməyə çalışır”. Azərbaycanda mükəmməl siyasi məktəbin olmamasından siyasət meydanına diletantlar çıxmaq məcburiyyətindədirlər. Bu isə azərbaycanlılara ziyan vurur. Bundan başqa, hadisələrin indiki məcrada davam etməsinin böyük səbəbi var: Azərbaycan elə bir ölkədir ki, orada heç kimin haqqı özünə qaytarılmır. Bunu xüsusi vurğulamağınızı xahiş edirəm.
“Mirzə Xəzərin Səsi” qəzeti, 07 fevral 2004 Copyright.
Azərbaycan 15 oktyabr 2008: Ən şəffaf, demokratik və ədalətli İSTİRAHƏT günü
Şərhə ehtiyac varmı? Yox, şərhə ehtiyac yoxdur. Əgər son vaxtlaradək Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulduğunu hər fürsətdə bəyan edən qeyri-hökumət təşkilatları 15-i oktyabr “seçki”sinin ədalətli və demokratik şəraitdə keçirildiyini seçki bitmədən əvvəl bəyan edirlərsə, oktyabrın 13-nə qədər, 12 il ərzində Azərbaycanda avtoritar rejimin mövcud olduğunu bildirib, bu rejimə qarşı mübarizə apardığını və barışmaz müxalifət olduğunu iddia edən, son anda İlham Əliyevin təbliğatını aparmaq qərarına gələn Açıq Cəmiyyət Partiyası hələ seçki məntəqələri bağlanmadan qabaq tədbirin demokratik şəraitdə keçirildiyi və İlham Əliyevin qalib gəldiyi barədə bəyanat verirsə, prezident aparatı tərəfindən İlham Əliyevə “rəqib” seçilən, hər biri 2 faiz səs yığan, necə deyərlər, “namizıdlər” seçkinin "nəticəsi" elan ediləndən sonra "ikinci yeri mən tutdum" deyib öz aralarında savaşırlarsa, MDB-nin müşahidəçi YAP-ın seçkisini bütün dünya üçün nümunəvi seçki olduğunu iddia edirsə, şərh yazmağa ehtiyac yoxdur.
Əgər bir neçə müxalif partiya vaxtında qəti mövqe nümayiş etdirib seçkini boykot etmək qərarına gəlməsəydi, avtoritar rejim cəmiyyəti büsbütün itaətkar kütləyə çevirə biləcəkdi. Boykot qərarı Azərbaycan cəmiyyətində ümidin tamamilə məhv olmasının qarşısını ala bildi.
Təəssüf ki, Ramiz Mehdiyev və Açıq Cəmiyyət Partiyasının “demokratik, şəffaf və ədalətli” adlandırdıqları 15 oktyabr “seçkisi” Azərbaycanda ədalətli cəmiyyət qurulması yolunda irəliyə yox, geriyə iki addım atıldığını göstərir. Məhz geriləmə baxımından 15 oktyabr tədbirini Azərbaycanın tarixində bənzəri olmayan "seçki" hesab etmək mümkündür.
Mirzə Xəzər
16.10.2008


