Mirzə Xəzər: Avtoritar rejimləri ən çox azad söz qorxudur
2010-08-07
Təhminə Paşayeva
Mirzə Xəzər: "Azərbaycanda mətbuat azadlığı olsaydı, jurnalistlər həbsxanalara atılmazdı"
«Azərbaycana qayıtmaram. Çağırılmamış qonaq vəziyyətinə düşmək niyyətində deyiləm. Ikinci dəfə belə vəziyyətə düşməyi qüruruma sığışdırmaram»
Avtoritar rejimləri ən çox söz azadlığı, azad söz qorxudur. Tanınmış jurnalist, “Amerikanın səsi” və “Azadlıq” radiolarının Azərbaycan bölməsinin keçmiş rəhbəri Mirzə Xəzər müsahibəsində belə deyib. Bununla yanaşı o, ölkədəki söz və mətbuat azadlığı sahəsindəki mövcud durumla bağlı fikirlərini də bildirib.
- Mirzə müəllim, əvvəlcə özünüz barədə qısaca məlumat verərdiniz. Harada yaşayırsızınız, indi nə işlə məşğulsunuz?
- 62 yaşım var. 36 ildir xaricdə yaşayıram. Evliyəm, üç uşağım var. Uşaqların ikisi Bakıda anadan olub. Hazırda Almaniyanın Münhen şəhərində ailəmlə birlikdə yaşayıram.
Məşğuliyyətimə gəlincə, əsasən saytımla məşğulam. Çox vaxt dincəlirəm. Başqa işim yoxdur.
- Bildiyimizə gorə, səhhətinizdə müəyyən problemlər olmuşdu. Keçmiş olsun, indi necəsiniz?
- Bəli, iki ay yarım xəstəxanada ağır günlər yaşadım. Indi tam yaxşılaşmamışam, babatam.
- Sonuncu dəfə Bakıya nə zaman gəlmisiniz?
- Sonuncu dəfə Bakıda 2004-cü ilin əvvəlində olmuşam. Dörd həftə qaldım və fevralın 13-də Bakını tərk etdim.
- Azərbaycana dönmək, burada fəaliyyət göstərmək istərdiniz?
- Xeyr, istəmərəm. Əvvəlcə dediyim kimi, mən 2004-cü ildə Bakıya, orada qalıb işləmək üçün gəlmişdim. Qəzet buraxmağa başladım. Lakin mənə xəbər göndərdilər ki, qəzeti bağlayım və dərhal Bakını tərk edim. Bu, açıq hədə-qorxu idi. Qorxduğum üçün yox, qüruruma sığışdırmadığım üçün Azərbaycanı tərk etdim. Çağırılmamış qonaq vəziyyətinə düşmək niyyətində deyiləm. Ikinci dəfə belə vəziyyətə düşməyi qüruruma sığışdırmaram.
- Ölkədəki söz azadlığı ilə bağlı fikirləriniz necədir?
- Azərbaycanda söz azadlığı çox aşağı səviyyədədir. Azərbaycanda avtoritar idarə üsulu mövcuddur. Avtoritar rejimləri ən çox söz azadlığı, azad söz qorxudur.
- Mirzə müəllim, Azərbaycan mediasını gəlişmiş media saymaq olarmı?
- Azərbaycan mediasının inkişaf etmiş peşəkar mediaya çevrilməsi üçün çox vaxt lazımdır. Azərbaycan mediası hələ öz inkişaf yolunu başa çatdıra bilməyib, yolun başlanğıcındadır.
- Sizcə, ölkəmizdə azad mətbuat var?
- Xeyr, Azərbaycanda azad mətbuat yoxdur. Azad mətbuat, mətbuat azadlığı olsaydı, jurnalistlər həbsxanalara atılmazdı. Sərbəst, sözün əsl mənasında azad və müstəqil mətbuat qeyri-demokratik ölkələrdə rejimin bir nömrəli düşməninə çevrilir. Bu üzdəndir ki, bu ölkələrdə mətbuatı cilovlamaq, onu bir mərkəzin nəzarətinə vermək üçün səy əsirgənmir.
- Maraqlıdır, Mirzə Xəzər Azərbaycanın hansı mətbu orqanlarının informasiyalarını, məqalələrini oxuyur?
- Əsasən internetdə səhifələri olan qəzetləri və agentliklərin məlumatlarını oxuyuram. “Mediaforum” saytını, “Yeni Müsavat”, “Azadlıq” qəzetləri də daxil, bir sıra mənbənin məlumat və məqalələrini oxuyuram.
- Azərbaycanda insan haqları ilə bağlı nə deyə bilərsiniz?
- Azərbaycanda insan haqları sahəsində mövcud vəziyyət məni qətiyyən qane etmir.
- Indiki gənclərimizin əzmkarlığını necə qiymətləndirirsiniz? 1988-ci ildəki gəncliyimizlə indiki gəncliyimiz arasında nə kimi fərqlər var?
- Indiki gənclərin mübarizə ruhu artıq 17 ildir susdurulur, əzilir, boğulur. Gəncləri sındırmaq və onları itaətkar kütləyə çevirmək üçün güclü iş aparılır. Itatətkar kütləni idarə etmək çox asandır. Bu səbəbdəndir ki, demokratik ölkələrdə təhsil almış gənclərin də gözünü qorxutmaq və onları susudurmaq üçün Adnan Hacızadəni və Emin Millini həbsə atdılar. 1988-ci ildəki gənclik sovet sisteminin zülmünə meydan oxuyub meydanlara çıxırdı. Onları hərəkətə gətirən amil Qarabağ idi, milli ləyaqət idi.
- Mirzə Xəzər həm də bir hüquqşünas kimi Qarabağ probleminin sonunu görürmü? Siz nə təklif edərdiniz?
- Mən Qarabağ probleminin sonunu görmürəm. Qarabağ məsələsini həll etmək hakimiyyətdə olanların borcu və vəzifəsidir. Bu səbəbdən, mən heç bir təklif verə bilmərəm.
- Mirzə müəllim, məqalələrinizin birində maraqlı belə bir fikrə rast gəldim: “Qədir bilmək sənət deyil, mədəniyyətdir”. Azərbaycan xalqı üçün sizin çoxÿböyük xidmətləriniz olub. Bəs bu xalq sizin qiymətinizi bildimi?
- Bəli, xalq bildi. Amma Azərbaycanda xalq hakimiyyəti mövcud deyil. Meydanda əksəriyyəti (çoxluğu) təşkil edən, lakin iradəsi əlindən alınmış XALQ var, bir də XALQın iradəsini əlindən alıb hakimiyyət sürən azlıq. Azərbaycanda XALQın rəyi, XALQın iradəsi nəzərə alınmır. Hakimiyyətə sahib çıxanlar öz iradələrini xalqa qəbul etdirirlər. Məni unutdurmaq, adımı hər yerdən silmək üçün istər hakimiyyətdə, istərsə də hakimiyyət xaricində olan müəyyən qüvvələr və fərdlər əllərindən gələni edirlər. Mətbuat günü münasibətilə
mənə elektron poçtla göndərilən bir məktubun müəllifi məhz bu haqsızlığı nəzərdə tutub yazırdı: “Bu gün Azərbaycan mətbuatında meydan sulayan istedadsız və cəsarətsiz paxıllar nə qədər Sizi unutdurmağa çalışsalar da, mümkün olmayacaq”. Kiminsə haqqını yemək təkcə ədadələtsizlik deyil, daha çox günahdır. Günahın altından çıxmaq isə olduqca çətindir.
- “Fitnənin anatomiyası, mərdliyin anatomiyası, namərdliyin anatomiyası” adlı yazınızdan çıxış edərək belə bir sual verim. Sizcə, Azərbaycanda bunlardan hansı daha çoxdur: Minnət edən, minnət götürən, yoxsa minnət qoyan?
- Azərbaycanda minnət qoyanlar çox güclü, amma az, minnət götürənlər isə gücsüz və çoxdur. Cəmiyyətdə mənəviyyat təhrif edilib. Mənəviyyatı təhrif edilmiş cəmiyyətdə namərdlik müsbət, mərdlik isə mənfi təzahür vəziyyətinə gəlir.
- Ölkəmizdə hansı sahədə, hansı rəngdə inqilab olmasının tərəfdarısınız?
- Inqilabın rəngi olmur. Zorakı inqilab olur və dinc inqilab olur. Mən dinc inqilabın tərəfdarıyam.
- Yenidən media məsələlərinə qayıdaq. Siz uzun müddət “Azadlıq” radiosunda da çalışmısınız. Çalışdığınız dövrdəki “Azadlıq” radiosu ilə indiki “Azadlıq” radiosunun arasında nə kimi fərqlər var?
- 2003-cü ildə radiodan ayrılandan bəri “Azadlıq” radiosuna qulaq asmamışam. Fikir yürüdə bilmərəm.
- Azərbaycanda yenidən çalışmaq üçün təklif gəlsə, qəbul edib, vətənə dönərsiniz?
- Qəbul etmərəm, vətənə qayıtmaram.
- Indi də keçək dostlara. Dostlarınız çoxdurmu? Azərbaycanda necə, dostlarınız varmı? Azərbaycandakı dostlar daha çox vəfalı çıxdı, yoxsa xaricdəki?
- Dostlarım var. Azərbaycanda da dostlarım var idi... Xaricdəki dostlarım vəfalı çıxdılar.
source: "Azadlıq" qəzeti http://azadliq.info/aktual/2844.html
Lalə Şövkət: “O tarixin qəhrəmanları Şəhidlər Xiyabanında uyuyanlardır”
20 Yanvar hadisələriylə bağlı hakimiyyətin apardığı əsas təbliğat ondan ibarətdir ki, o vaxt Azərbaycanı informasiya blokadasından Heydər Əliyev çıxarıb. Məhz H.Əliyev Moskvadakı məlum mətbuat konfransı ilə baş verən gerçəkləri dünya ictimaiyyətinə çatdırıb. Hazırda hakimiyyətin yürütdüyü təbliğat bunun üzərində qurulub və bu təbliğatın fonunda cərəyan edən hadisələrlə bağlı başqalarının rolu unudulub. Amma 20 Yanvar hadisələrdən 20 il keçəndən sonra ALP lideri Lalə Şövkət o zamankı olaylarla bağlı maraqlı faktın
üstünü açıb. Məlum olub ki, H.Əliyevin iştirak etdiyi həmin mətbuat konfransı Moskvada azərbacanlı ziyalıların 3 gün ərzində təşkil etdiyi 7 mətbuat konfransından biri olub. O dövrün hadisələrilə bağlı müəyyən detallara aydınlıq gətirmək və bu hadisələrə indiki hakimiyyətin yanaşmasına münasibət öyrənmək üçün L.Şövkətə müraciət etdik. Lalə xanımla söhbətdən aydın oldu ki, 20 Yanvar hadisələrilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyində keçirilən mətbuat konfransının təşəbbüskarı, hazırda təqdim olunduğu
kimi, H.Əliyev yox, bir qrup azərbaycanlı ziyalı olub:
“Bakıdan qadağa gəlmişdi ki, heç bir məlumat verilməsin”
- 20 Yanvar faciəsi 1990-cı ildə minlərlə azərbaycanlını Moskvadakı nümayəndəliyin qarşısına yığışmışdı. Bizim o zaman yeganə istinad yerimiz Moskvadakı nümayəndəliyimiz idi. O zaman Moskvada yaşayan heç bir azərbaycanlı buna biganə qala bilməzdi. Hamı çaşqınlıq içərisində idi. O zaman mən Moskvadakı ziyalılarla əlaqə saxlayırdım. Həmin vaxt Moskvadakı daimi nümayəndəmiz Zöhrab İbrahimov idi. Onun müavini isə Vaqif Verdiyev idi. Yanvarın 20-si səhər nümayəndəliyə gəldim. Ondan qabaq bütün ziyalılarla zəngləşib, nümayəndəliyin qarşısında toplaşdıq. Artıq bu zaman nümayəndəliyin qarşısında bir neçə xarici telekanalların nümayəndəsi var idi. Onlar məlumat gözləyirdilər. Zöhrab bəyə dedik ki, Azərbaycanda faciə baş verib, mütləq mətbuat konfransı keçirib bunu dünyaya çatdırmalıyıq. Onlar istəyərdilər ki, buna imkan versinlər. Amma Bakıdan belə bir qadağa gəlmişdi ki, hələlik heç bir məlumat verilməsin. O zaman birinci olaraq mən CNN telekanalına saat 10.30-da müsahibə verdim.
Ziyalılar Alla Axundova, Fəridə Xəlilova, Tamilla Mahmudova, professorlar – Səid Əmir oğlu Ələsgərov, Əli Cahangirov, Tofiq Qandilov, Zahid Orucov, Tofiq Məlikov, rejissor Əjdər İbrahimov, Tamerlan Bədəlov, hüquqşünas Ələsgər Tağıyev və digərləri. Bizdən başqa Moskvada Azərbaycan diasporunun bir neçə təşkilatı var idi – Ocaq, Ümid, Xalq Cəbhəsinin nümayəndələri və digərləri. Cavanlarımızdan Cəfər, Fəxrəddin Maqsudov, Rza İbadov və başqaları. Bəzilərin adları yadımdan çıxıbsa mən onlardan üzr istəyirəm. Hər halda biz hamımız bu məsələdə birgə yığılıb Zöhrab müəllimin kabinetinə toplaşmışdıq. Zöhrab müəllim başa düşdü ki, böyük faciə baş verib, imkan yaratdı, onun yanında yığışıb baş verənləri müzakirə edək. Bu zaman belə qənaətə gəldik ki, tez bir zamanda mətbuat konfransı keçirək. Və biz yanvarın 20-də iki mətbuat konfransı keçirdik. O zaman mən təşəbbüslə çıxış etdim ki, mətbuat konfransını məhz indi keçirmək lazımdır. Amma bu kiçik bir məsələdir və bunun üzərində dayanmağın yeri yoxdur. Bu gün ayıbdır demək ki, mən o zaman bir sıra işlər görmüşəm. Burada kiminsə hansısa işi gördüyünü vurğulaması olduqca bəsit söhbətdir. Orada minlərlə insan var idi, və hamısı Azərbaycan üçün yanırdılar və iş görürdülər. Hətta bizim qoca qadınlarımız tələsik əllə bayrağımızı tikirdilər. Amma, burada heç kimin məxsusi rolu ola bilməzdi. Ən böyük işi görənlər Şəhidlər Xiyabanında uyuyanlardır.
“Dedi ki, gəlmişəm xalqa başsağlığı verəm”
- Lalə xanım, amma bu neçə ildə həmin olaylar zamanı Moskvada cərəyan edənlər başqa cür təqdim olunur. Bizim məqsədimiz bir növ baş verənlərə aydınlıq gətirməkdir. Bilmək istərdik ki, sonrakı mətbuat konfransları harada oldu, Heydər Əliyev onlara da qatıldımı?
- Bütün mətbuat konfransları nümayəndəlikdə keçirildi. O mətbuat konfranslarının ikisində 23-də və 24-də heç mən də olmamışam, onları ziyalılarımız özləri keçirib. Biz o vaxt, Tofiq Qandilov və Alla Axundova ilə birlikdə dünya ictimaiyyətə müraciət və Bakıda baş verənlərlə bağlı bəyanat tərtib etdik. Bunu biz bütün Azərbaycan diasporu adından etmişdik. Və belə bir qənaətə gəldik ki, bunu birbaşa özümüz Amerika və bütün Qərb ölkələrinin səfirliklərinə çatdıraq. 23-ü və 24-ü biz səfirliklərdə görüşlərlə məşğul
idik. Qeyd etmək lazımdır ki, həm səfirliklərdə, həm xarici mətbuatda baş verənlərlə bağlı çox ziddiyyətli, bizim xeyrimizə olmayan münasibət var idi, və bu yanvarın 13-də Bakıda ermənilərin qətliylə bağlı idi. Ona görə bu məsələyə aydınlıq gətirmək üçün bizim xarici ölkələr və mətbuatın nümayəndələri ilə bilavasitə görüşümüz çox zəruri idi. Hətta bir iki aydan sonra BBC kanalının rus bölməsinin jurnalisti Maşa Slonim o zaman hadisələrlə bağlı Xalq Cəbhəsi haqqında bir film də çəkmək arzusunda idi. O zaman həmin
film üçün mərhum Dilarə xanım Əliyeva ilə müsahibə mənim evimdə çəkilmişdi. O zaman Moskvada baş verən olaylarla bağlı gerçəkliklər Azərbaycan televiziyasının “Dalğa” verilişində məndən götürülən müsahibə zamanı tam əksini tapıb. Xatırlatmaq istəyirəm ki, Youtube.com-da bununla maraqlananlar o verilişə baxa bilərlər. O zamanın qəzetlərində də indi dediklərim çap olunmuşdu. Eyni zamanda Bakıdan Elmira Əmrahqızı gələrək məndən müsahibələr götürmüşdü. Yəni hazırda mənim söylədiklərim yeni bir şey deyil.
Heydər bəylə bağlı onu demək istəyirəm ki, yanvarın 21-də Zöhrab bəyin kabinetində ziyalıların növbəti toplantısı keçirilirdi. Və bu məqam Heydər Əliyev kabinetə girdi. Bu bizim hamımız üçün gözlənilməzdi. Açığı deyim mən Heydər bəyi o saat tanımadım. O, zahirən həddindən artıq dəyişmişdi. Çox qəhərlənmişdi. Bildirdi ki, gəlmişəm Azərbaycan xalqına başsağlığı verim. Sonradan Heydər bəy özü öz müsahibələrində bunun haqqında demişdir ki, o Zöhrəb bəylə əlaqə saxlayıb nümayəndəliyə gəlib öz başsağlığını vermək istəyirdi.
O məqamda da bizim mətbuat konfransımız keçirilməli idi. Heydər bəy bu mətbuat konfransı barədə məlumatlı idi. Nümayəndəliyə qızı, oğlu və kürəkəni ilə birlikdə gəlmişdi. Həmin hadisələrlə bağlı çəkilən yeganə videonu da Heydər bəylə gəlmiş tanınmış telejurnalist Andrey Karaulov lentə almışdı. O zaman Heydər Əliyev həqiqətən də cəsarətli bir çıxış etdi və baş verənlərə siyasi qiymət verdi. Hər şeyi dəqiqliklə, olduğu kimi deməliyik. Bəli, o çıxış onun statusuna görə çox cəsarətli idi. Amma bu gün çıxıb televiziyada
deyirlər ki, Heydər Əliyev çıxışında Qorbaçova it dedi, və bu böyük cəsarət idi. Yada salmaq istəyirəm ki, təhqir cəsarətin göstəricisi deyil. Bu mədəniyyət və tərbiyə ilə bağlı olan məsələdir. Və Heydər Əliyev öz çıxışında belə bir söz işlətməyib. Necə var onu da demək lazımdır. Bu təhrifdir. Hətta orada Heydər Əliyevə qarşı bir neçə tənqidi çıxışlar da oldu, mən də onları neqativ qarşıladım, çünki yeri deyildi. Bu mətbuat konfransını tam izləmək istəyənlər Youtube.com-a müraciət edə bilərlər. Heydər Əliyevlə
mən orda tanış oldum. Mənim xarici jurnalistlərlə ünsiyyətim var idi və bəzi jurnalistlər istədilər ki, Heydər Əliyevdən müsahibə götürsünlər. Mən Heydər Əliyevə dedim, o da harada müsahibə verə biləcəyini soruşdu. Qərara aldıq ki, müsahibə ayın 23-də nümayəndəlikdə ayrılan otaqda verilsin. Bu gün mən o günləri bütün təfərrüatı ilə təsvir etsəm bir kitab lazım olacaq, müsahibə yox.
Yenə deyirəm, burada Heydər Əliyevin, Lalə Şövkətin və digərlərin rolu çox kiçikdir. Hamımız bunu etməli idik. Əsas rolu Xiyabanda uyuyanlar oynayıb. O tarixin qəhrəmanları onlardır. Bilirsiniz, Moskvada bu olaylar baş verəndə nümayəndəliyə bir cavan oğlan gəlmişdi. O əlindəki benzinlə özünü yandırmaq istəyirdi. Mən ona iki saat yalvarmışam ki, bunu etməsin. O, deyirdi ki, bu hadisələrə etiraz əlaməti olaraq özünü öldürmək istəyir. Ona görə də bu gün kiminsə rolundan danışanda və özüm haqqında danışanda çox xəcalət
çəkirəm. Amma, bu qədər yalan da olmaz.
“Hər şeyi olduğu kimi demək lazımdır”
- Neçə illərdir təbliğat onun üzərində qurulub ki, 20 Yanvar hadisələri zamanı Azərbaycanda informasiya blokadasını məhz Heydər Əliyev yarıb. Amma bəllidir ki, baş verənlərin dünyaya çatdırılmasında “Azadlıq” radiosunun müstəsna rolu var. Eyni zamanda o zaman Etibar Məmmədov da Moskvaya gedib mətbuat konfransı keçirdi və orada da həbs olundu. Bu baxımdan hazırda başqalarının haqqının danılmasını necə qiymətləndirirsiniz?
- Bəli, o zaman informasiya blokadasının yarılmasında müstəsna rolu “Azadlıq” radiosu, xüsusən də Mirzə Xəzər oynayıb. O zaman biz hamımız Mirzə Xəzərə qulaq asırdıq. Məhz Mirzə Xəzər baş verənləri bütün dünyaya car çəkdi. Heydər Əliyevin çıxışının da böyük rolu olub. Çünki biri var, baş verənlərdən ziyalılar danışsın, bir də var, buna böyük siyasi təcrübəyə malik, sovet rəhbərlərindən biri olan Heydər Əliyev siyasi qiymət versin. Bu çox önəmlidir. Hər şeyi olduğu kimi demək lazımdır.
Etibar bəy Moskvada mətbuat konfransı keçirəndə isə mən orada yox idim. Bir neçə gün işə getmədiyimdən məni təcili olaraq işə çağırmışdılar. Bizim ziyalılarımız Etibar bəyin həbs olunmaması üçün Moskvadan çıxmasına kömək etməyə çalışmışdılar. Amma Etibar bəy bəlkə də doğru olaraq bununla razılaşmamışdı, özünü qaçaq insan kimi qələmə vermək istəməmişdi. Bu gün Etibar bəylə bizim mövqelərimizin fərqli olmağına baxmayaraq mən yenə də həqiqətə istinadən demək istəyirəm ki, o vaxt Etibar bəyə bir qəhrəman kimi baxırdılar.
- O vaxt baş verənlərin dünyaya çatdırılmasında mühüm xidməti olanlardan danışdıq. Hazırda 20 ildən sonra o zamankı xidmətlərinə görə onları hansısa formada mükafatlandırıb təltif etmək düzgün olmazdımı?
- Bu, mütləq olmalıdır. İnsanlara sağlığında qiymət vermək lazımdır. Axı Mirzə Xəzərin səsi olmasaydı bu qanlı yanvar olaylarını heç kim bilməyəcəkdi. Onun rolu əvəzsizdir. Bundan başqa mərhum Elmira Əmrahqızının da xidmətlərini unutmaq lazım deyil. Onun reportajları yaddan çıxmamalıdır. Hadisələr necə olub, elə də deyilməlidir. Tarix hər şeyi onsuz da yerinə qoyacaq…
- Amma hal-hazırda o zaman Azərbaycanın səsini dünyaya yayan “Azadlıq” radiosunun milli tezliklərdə yayımı dayandırılıb…
- Bəli, reallıq belədir. Hamı öz mənafeyindən çıxış edir, o zaman böyük rol oynamış insanlara qiymət vermək istəmir. O zaman Mirzə Xəzər, “Azadlıq” radiosu Heydər Əliyevin sözlərinin Azərbaycana çatdırmaqda da böyük rol oynayıb. Heydər bəyin tərəfdarları unutmasınlar ki, onun müsahibəsini böyük fasilədən sonra Azərbaycana və dünyaya məhz Mirzə Xəzər “Azadlıq” radiosunun vasitəsi ilə çatdırmışdı. Mən Heydər Əliyevin siyasətinə qarşı müxalifətdə olan insanam, amma həqiqətləri necə var, elə çatdırmaq lazımdır. Heydər
Əliyev o zaman üçün cəsarətli çıxış etmişdir. Ondan sonra ona təzyiqlər artdı. O zaman Heydər Əliyevin üzləşdiyi informasiya blokadasından məhz Mirzə Xəzər, “Azadlıq” radiosu çıxarıb onun səsini dünyaya çatdırdı. “Azadlıq” radiosunu yenidən milli tezliyə qaytarmaq bizim borcumuzdur. Bu, həmin “Azadlıq” radiosudur ki, Azərbaycanı beynəlxalq blokadadan çıxarıb. “Azadlıq” radiosunun Azərbaycan dinləyiciləri üçün qapadılmağı ən böyük ədalətsizlikdir. Həm də o tarixi xidmətlərinə görə “Azadlıq”ın fəaliyyəti bərpa
olunmalıdır. Bunu Azərbaycan hakimiyyəti etməliydi. Mən bunu gözləyirdim. Amma yenə də onlardan səs çıxmadı.
Xəyal Şahinoğlu ("Azadlıq" qəzeti 21 yanvar 2010)
Səssiz qəhrəmanlar və bizim Mirzəmiz
00:49 / 29.01.2010
source: 525-ci qezet http://www.525.az/view.php?lang=az&menu=7&id=8884
Hər Vətən torpağının üzərində səssiz qəhrəmanların ayaq izləri, alın tərləri və tökülmüş qanları var. Çox vaxt onların adları xatırlanmır, xatirələri yad edilmir, amma gün gəlir mütləq adları və haqları bir yerdən qəflətən ortaya çıxır. Çünki istər təbiət, istər ilahi ədalət deyil, dünyanın gözəgörünməz məhkəməsi heç bir haqqın batırılmasına əsla izin vermir. Bu durum tarixi təcrübələrlə sübuta yetirilib. Adı tarixdən silinmək istənilən, bütün əsərləri yandırılaraq külə çevrilən insanlar bir gün gəldi ki, Simurq
quşu kimi öz küllərindən özlərini yaradaraq yenidən doğuldular.
Azərbaycan üçün canını verən, Türkiyədən gəlib bu torpaqda şəhid olanların da vəziyyəti belə idi. 70 il onları xatırlamaq, adlarını çəkmək yasaq edilmişdi. Amma aradan o qədər vaxt keçməsinə baxmayaraq onlar unudulmadılar və Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra adları ölkənin paytaxtının sinəsinə unudulmayacaq şəkildə yazıldı.
Xaricdə yaşayan və Azərbaycan üçün çalışan əmək sərf edən insanlardan biri, həm səsli, həm səssiz qəhrəman heç şübhəsiz ki, Mirzə Xəzərdir.
Mirzə Xəzər 1989-cu ilən başlayaraq Azərbaycanın müstəqilliyinə qovuşmasına qədər bu ölkə üçün bir fenomenə çevrilmişdi. Bütün səslərin kəsildiyi, radioların, qəzetlərin susdurulduğu, qəddar sovet senzurasının ölkəmizi qaranlığa qərq etdiyi günlərdə onun Münhendən, “Azadlıq” radiosundan yüksələn səsi hər kəsə ruh verir, hər kəsin dərdinə dərman olurdu. Artıq onun səsi hər bir azərbaycanlının evində ailə üzvlərindən birinin səsi kimi tanış, isti və yaxın idi.
O vaxtlar şair Sabir Rüstəmxanlı “Mirzə Xəzər milli mübarizəmizin rəmzidir” demişdi. Xəlil Rza Ulutürk isə müstəqilliyə gedən o qaranlıq və qanlı günlərdə Mirzə Xəzərin səsini bir qurtuluş simvolu kimi görür və yazırdı:
Sən ucaltdın səsini, ah necə müdhiş anda,
Yarımsatqın qəzetlər əqrəb kimi susanda
Biz də Avropada 1990-cı ilin 20 yanvarının ilk işıqları ilə birlikdə Bəxtiyar Vahabzadənin, Yusif Səmədoğlunun, onlar kimi neçə-neçə vətənpərvər aydınların və müstəqillik mücahidlərinin səslərini Mirzə Xəzərin vasitəsilə dinləyə bilirdik. Azərbaycanın acısına, ağrısına, gözyaşına ondan çox-çox uzaqlarda şahid olurduq. Mirzə Xəzər hər proqramda həm Azərbaycandakı insanlara təsəlli, cəsarət verir, həm də burda vətəni üçün nəsə etmək istəyən insanları iş görməyə dəvət eirdi. Azərbaycanımızın bu dəyərli oğlu indi
ağır xəstədir. O xəstəxanada bizim dualarımızı gözləyir.
Almaniya ölkəmizdən minlərlə kilometr uzaqda yerləşir. Ora minlərlə vətəndaşımız gözləri, ürəkləri, ölkələrinə həsrət bir şəkidə yaşayırlar. Qürbətdə yaşamaq çətindir. Qürbətdə xəstə olmaq isə daha çətindir. Göyçaylı Mirzə Xəzərin bir qürbət şəhərində, Münhendə ürəyi, ciyəri yaralı halda bir xəstəxanada yatması bizi həddindən artıq kədərləndirir. Çünki bilirik ki, indi onun yorğun və yaşlı gözlərini içində vətəndən rəsmlər, vətəndən simalar, vətəndən xatirələr var.
Onun və ailəsinin bu dar günündə ən azı dualarımızla da olsa bu böyük adamın yanında olduğumuzu bildirməyimiz bizim insani borcumuzdur.
Təbii ki, heç bir həqiqi qəhrəman vətəni üçün etdiyi xidmətin qarşılığını gözləmir. Heç bir həqiqi qəhrəman məşhur olmaq və ya afərin almaq üçün canını ortaya qoymaz. İndi o qaranlıq vaxtların təkrar xatırlandığı indiki günlərdə o səssiz qəhrəmanları unutmaq sadəcə nankorluq deyil, həm də oğurluqdur. Bu səbəbdən də səssiz qalmış həqiqi qəhrəmanları və bunların içində də təbii ki, bu ölkənin qeyrətli oğlullarından olan Mirzə Xəzəri yada salmaq bizim vicdan borcumuzdur.
Rəbbim onun kürəyində dursun, onu ailəsinə və bizə bağışlasın!
Orxan ARAS Almaniyadan yazır oraras@aol.com


