Azərbaycan möcüzəsi: Milli Məclis deputatları Qubada icra başçısına qarşı "üsyan"ı himayə edirlər (?!)
Qubada gərginlikdir. Mətbuat xalq üsyanından danışır. Quba əhalisi yerli xalqı təhqir edən icra başçısına qarşı üsyan edir. İcra başçısının evi və bir neçə başqa tikili yandırılıb. Şəhərə təhlükəsizlik qüvvələrini töküblər. Buna baxmayaraq “üsyan” davam edir. Qəribə üsyandır!!! Bakıda “İstefa!”, “Azadlıq!” şüarı söylədiyinə görə həbs edilən vətəndaşları müdafiə etməyən Milli Məclis deputatları Qubada yüzlərlə insanın küçələrə tökülüb evlərə od vurmasını “xalq mitinqi” kimi qələmə verib, üsyanşılara arxa çıxırlar. Qubadan deputat seçilən Yevda Abramov bildirib ki, “mitinqi xalq edir, bunun qarşısını almaq niyyətində deyilik. Qoy xalq öz sözünü deyə bilsin. Biz xalqın səsini boğmaq istəmədik. Qoy bu, digər icra başçıları üçün də ibrət dərsi olsun. Hamı görsün ki, xalq icra hakimiyyətinin başçısını işlədə bilər.“ Qubadan seçilən digər deputat vahid Əhmədov isə hazırda rayonda, “üsyan” edən sakinlərin yanındadır. İnanılmazdır! Hakimiyyətin icazəsi olmadan bir addım belə ata bilməyən deputatların icra başçısına qarşı xalq üsyanına rəhbərlik etməsi sözün əsl mənasında Azərbaycan möcüzəsidir!
Quba “üsyanı” nəyə xidmət edir? Bu hay-key hakimiyyətə niyə lazımdır?
Mirzə Xəzər
01.03.2012
„Üsyan“ filminin sonu: Ədalətli prezident qərar verdi, hamı xalqdan üzr istədi, Quba oyunu bitdi
Bu şəkilə fikir verməyin. Bu şəkil Qubada yox, Bakıda çəkilib. Ağzını açıb hakimiyyəti tənqid edənin qollarını burub zindana atırlar...Milli Məclis susur. Deputatlar susur. Hüquq susur. Qanun susur. Nazirlər susur. Prezident susur...Bəs Quba? Mətləbə keçək...
Hər şey bir gündə başladı, bir gündə bitdi. Qısametrajlı filmlərdəki kimi. Quba xanı (icra başçısı) xalqı təhqir etdi. Xalq ayağa qalxdı. İcra başçısının evinə od vurub yandırdılar. Parlament deputatları əzilən və təhqir olunan xalqın müdafiəsinə səsini ucaltdı. İcra başçısı və hətta nəqliyyat naziri Ziya Məmmədov xalqdan üzr istədi. Rejimin qulluğunda canını fəda verən Fəzail Ağamalı da Quba camaatının qayğısına qaldığını gizlətməyib. Adamın gözləri yaşarır! Fəzail Ağamalı demişdir ki, “Azərbaycan xalqının, prezidentimizin etimadından bu şəkildə istifadə edən harınlamış, yolunu azmış məmurlar vəzifəsindən uzaqlaşdırılmalıdır və cəzalandırılalıdır”. Harada yaşayırıq, ya Rəb!
Nə isə...Xalq sakitləşdi. Xalq üzünü ədalətli və mərhəmətli prezidentə tutub bir ağızdan nida etdi: „Ey böyük prezident! Biz Azərbaycan prezidenti İlham Əliyevi dəstəkləyirik. Hər zaman onun siyasətini dəstəkləmişik, indi də onun ətrafında sıx birləşirik. Ümidimiz yalnız onadır”. Ümid yeri tapıldı. Film bitdi. İşıqlar yananda gördük ki, üsyan-zad olmayıb, xalq ayağa qalxmayıb. Xalqı ayağa qaldırıb böyük oyun oynayıblar. Xalqın, ictimaiyyətin, beynəlxalq ictimaiyyətin diqqətini mühüm problemlərdən yayındırmaq istəyiblər.
Filmin sonu artıq məlumdur. İndi qalıb oyunun sonu. Oyunun sonunda prezdent İlham Əliyev Qubaya gedəcək və ümidlə yaşayan xalq onu vəcdlə, şövqlə qarşılayacaq. Bəs oyunu kim udacaq? Çox safsınız! Oyunu oynayanlar udacaqlar. Bəs xalq? Xalqa hələ növbə çatmayıb. Ehtiyatlı olun! Yuxarıdan icazə almadıqca Bakıda küçəyə çıxıb kiminsə istefasını tələb etməyin! Sizi tutarlar...
Mirzə Xəzər
01.03.2012
Almaniya Yaşıllar Partiyası: Azərbaycanda „Eurovision“ təbliğata xidmət edir
Almaniya Yaşıllar Partiyasının parlamentdəki fraksiyasının başçısı Folker Bek fevralın 29-da Berlində Azərbaycanın səlahiyyətli səfiri Pərviz Şahbazovla görüşüb, Azərbaycanda insan hüquqlarına riayət edilməsi sahəsində vəziyyətdən narahatlıq keçirtdiyini bildirmişdir. Folker Bek Pərviz Şahbazova üstündə Azərbaycan və ingilis dillərində „İnsan hüquqları“ yazılan köynəyi hədiyyə etmişdir. Folker Bek „Eurovision“ mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsini „problemli“ məsələ adlandırmışdır. Azərbaycanın səfiri alman deputatını Azərbaycanda hər şeyin qaydasında olduğuna inandırmağa çalışsa da, buna nail ola bilməmişdir. Folker Bek görüşdən sonra bildirib ki, Pərviz Şahbazov bütün səylərinə baxmayaraq „mənim şübhələrimi aradan qaldıra bilmədi“. Folker Bek „Eurovision“ mahnı müsabiqəsi zamanı Azərbaycana səfər edərək yerli insan hüquqları fəallarını himayə edəcəkdir.
„Mirzə Xəzərin Səsi“ qəzeti
01.03.2012


