Muğan kəndləri və Gömrük İttifaqı
Azərbaycanın MDB ölkələrinin imzaladıqları Gömrük İttifaqına və Azad Ticarət Zonası Sazişinə qoşulmaması Muğanda kəndlilər tərəfindən birmənalı qarşılanmır. Yetişdirdikləri meyvə və tərəvəzi maya dəyərinə belə sata bilməyən torpaq adamları ümüdlərini Rusiya bazarına bağlamışdılar. Azərbaycan tərəfinin şimal qonşumuzla ticarət əlaqələrinin liberallaşdırmaması kəndliləri məyus etdi. Sovetlər dövründə- hətta 7-8 il bundan qabaq Sabirabad, Saatlı və Hacıqabul sakinləri pamidor, bibər, badımcan, turp, qarpuz, yemiş, nar və korolyoku (içi qırmızı portağal) şəxsi maşınlarında Rusiyanın şəhərlərinə apara bilirdilər. İndi isə sadalanan məhsullar ya bostanda, bağda qəpik-quruşa satılır, ya da tökülüb qalaraq çürüyüb zay olur. Bu il yay mövsümündə qarpuz, yemiş, badımcan, pamidorun bostanda bir kiloqramı 5-8 qəpiyə satıldı, alıcı olmadığından məhsulun böyük qismi sahələrdə çürüdü. Payızda yetişən məhsulların da aqibəti acınacaqlıdır. Muğan kəndlisinin əməyinə verilən qiymət yenə də paytaxt Bakıda demək olar ki dövriyyədə işlənməyən qəpiklərdir. Sabirabadın kəndlərində narın bir kiloqramını şirə zavodları 3-5 qəpiyə, Bakının yarmarka alverçiləri 15-25 qəpiyə, adı bilinməyən şirkətlər isə 25-35 qəpiyə alırlar.(Özü də alqı-satqı zamanı malın ucuzluğu əlaməti olaraq tərəzidən deyil, çəki vahidi kimi karton və taxta qutulardan istifadə olunur). Korolyokun satışında da eyni vəziyyət müşahidə olunur. Boranıya isə 5 qəpiyə belə alıcı tapmaq problemə çevrilib.
Bütün bunların nəticəsi kimi yardıma möhtac olan əkinçilərin sayı ötən illə müqayisədə bir az da artıb və kəndliləri indi qış əkinlərindən çox ünvanlı sosial yardım almaq üçün hansı sənədləri hazırlamaq qayğılandırır.
Kənd sakinlərindən əvvəllər Rusiyaya meyvə və tərəvəz aparanlar indi bunun ziyanla başa gəldiyini deyirlər. Onların sözlərinə görə Azərbaycanın gömrik siyasəti elədir ki həm Rusiya tərəfdən həm Azərbaycan tərəfdən Rusiya ilə sərhəd-keçid məntəqəsindən mal aparan, gətirənlər müflis vəziyyətə düşürlər.
Aqrar sahədəki acınacaqlı vəziyyət hətta ABŞ-ın azərbaycandakı səfiri M. Brayzanı da dilə gətirib. Ağcabədi rayonuna səfəri zamanı kəndlilərin yaşayışı, qayğıları ilə tanışlıq səfirə xoş təsir bağışlamayıb. Cənab M.Brayza Azərbaycan Respublikasının əhalisinin 40 faizinin kəndlərdə yaşadığı halda ümumdaxili məhsulun yanız 06 faizinin aqrar sektorun payına düşdüyünü anormal hal kimi qiymətləndirib.
Kazım Kazımlı
Əvvəlki məqalə: İrandan Azərbaycana təhdidlərin sonu görünmür
Sonrakı məqalə: Qurban bayramınız mübarək olsun! Allah qurbanlarınızı və dualarınızı qəbul eləsin!
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6189