İlham Əliyev Həştərxan vətəndaşı oldu, vergidən azad edildi
Ehtiyat hər kəsin yaraşığıdır. Həştərxan şəhər dumasının qərarı ilə Azərbaycan prezidentinə vətəndaşlıq statusu və vətəndaşlıq medalı verilib. İlham Əliyev Həştərxan vətəndaşlığını razılıq hissi ilə, medalı isə sevinclə qəbul edib. Sevincin səbəbi aydındır. "Azadinform"un məlumatına görə, Fəxri həştərxanlının bir sıra imtiyazları var. İlk növbədə o, vergiləri ödəməkdən azad edilir, şəhərdaxili nəqliyyatdan pulsuz istifadə etmək hüququna malik olur. Eləcə də yerli idarəetmə orqanlarının vəzifəli şəxslərin qəbuluna növbəsiz düşmək hüququna malikdir. Bu cür imtiyazlara dünyanın yalnız bir neçə seçilmiş prezidenti malikdir, İlham Əliyev onların biridir. Təbrik edirik!
Azərbaycan prezidenti ilə Həştərxan arasında dostluq münasibətlərinin zəngin tarixçəsi var. Ötən il İlham Əliyev Həştərxanda „ulu öndər“ Heydər Əliyevin abidəsinin açılış mərasimində iştirak etmişdi...
Dövlətçilik inkişaf etməkdə davam edir.
Mirzə Xəzər
30.11.2011
Təxribat: Misir Mərdanov və Abel Məhərrəmov liftdə qalıblar
kollaj: lent.az
„Səs“ qəzeti İlham Əliyevi fenomenə bənzədir. Səhv etmir. İlham Əliyev də, onun rəhbərlik etdiyi klan rejimi də fenomendir. Noyabrın 30-da təhsil naziri Misir Mərdanov və BDU-nun rektoru Abel Məhərrəmov „Hilton-Baku“ otelinin liftinə daxil olur və birinci mərtəbənin düyməsini basıblar. Lakin təxribat nəticəsində lift birinci mərtəbə düşmək əvəzinə 13-cü mərtəbəyə dırmaşıb. Müvafiq düymə olmadığından qapını açıb bayıra çıxmaq mümkün olmayıb. İlham Əliyev fenomeninin iki mühüm fenomen sütunu olan Misir Mərdanov və Abel Məhərrəmovu qorxu bürüyüb. Bədbəxt nazirlə məzlum rektor telefonla bayıra xəbər verə biliblər. „Lent.az“ xəbər verir ki, 15-20 dəqiqəlik həyəcanlı dəqiqələrdən sonra təxribat qurbanlarını liftdən xilas etmək mümkün olub. Təxribatçıların kimliyi hələ müəyyən edilməyib...
Allah böyükdür və hər şeyə qadirdir! İstədiyinə şəfa verir, istəmədiyinə cəza! „Səs“ qəzeti düz yazır: „lham Əliyev fenomeni Azərbaycan millətinin və dövlətçilik tarixinin növbəti quruculuq mərhələsinin lokomotivi olmuşdur.“ Şübhə yoxdur ki, bu lokomotiv Misir Mərdanov və Abel Məhərrəmovu "Hilton"un liftindən xilas etmək qüdrətindədir!
Mirzə Xəzər
30.11.2011
Rafiq Tağının qızı: "Mən atamla fəxr edirəm"
Qəmər Tağı
“Media forum” saytı qətlə yetirilmiş yazıçı Rafiq Tağının qızı, 10-cu sinif şagirdi Qəmər Tağının yazısını təqdim edir.
Mənim atam dünyasını dəyişdi. Bəlkə də düşmən çox sevinir, amma daha bilmir ki, atamı, əksinə, daha çox yaşatdı. Bütün dünya, yer-göy ağladı atama. Çünki mənim atamın ölümü ilə barışa bilmirdilər. Mən də barışmıram. Atam həmişə yaşayıb, yaşayır, yaşayacaq.
Düşmən... Əlbəttə ki, o hər kimdirsə, atamı yaxından tanımayıb. Tanısaydı, belə eləməzdi.
Atamı tanıyanlar bilir. Əlavə sözə ehtiyac yoxdur. O qədər səmimi, mehriban, qayğıkeş, sadə idi ki! Xəstəxanada, o halda belə, ağrılarını, əzabını yanına gələnlərə, hətta bizə də bildirmirdi. Mənə də...
Atam şəkildən sanki mənə baxıb gülür. Gülərüzlü atam mənim! Həmişə “Attuşum” deyərdim...
Mən atamla fəxr edirəm. Həmişə onun kimi yaza bilərəmmi, əsl ustad kimi yazıb-yarada bilərəmmi deyə düşünürdüm. Tez də öz-özümə deyirdim ki, əşi, atam var da, o yazar, mən oxuyaram, mənim yazmağıma ehtiyac yoxdur. İndi isə qərarım atamın qəfil ölümü kimi dəyişdi.
Çalışacağam ki, onun başını uca eləyim...
mənbə: Media Forum


