Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Q. Səfərov: Erməniləri diz çökdürən igidimiz!

Mirzə Xəzər 04 Avq 2011

no comments

 

Allahın adı ilə! Məsəl var, deyirlər ki, qılınc yarası sağalar, amma ki, söz yarası sağalmaz. Doğrudan da, belədir. Sensasion bir hadisə baş verib. Daha doğrusu, cənab rəsmilərimizdən biri çox sensasion, şokedici, ruhlandırıcı, ümidverici bir bəyanatla çıxış edib. Sağ olsun Novruz müəllim, var olsun Novruz müəllim, salam olsun Novruz müəllimə! Eşq olsun onun bəyanati-şərifinə ki, təkcə cəmaati-millimizi deyil, üstəlik, ümməti-müslimini, bütöv milləti-İslamı sevindirib. Cəmaati-müslimin iftixar edir Novruz müəllimlə.


Mətbuata açıqlamasında Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov dünya ermənilərinə dağ çəkib, üstündən də, yekə bir düyün qoyub. Dəhşətli bir açıqlama. Heç Xocalı dəhşəti, mart soyqırımı, hətta, Qəzza fəlakətləri də, bu səviyyədə olmayıb.


Cənab deyir: “Ermənistan öz yanlış siyasəti ilə yaxın gələcəkdə Qafqaz regionunda (bölgədə) elə bir vəziyyətə düşə bilər ki, gəlib Azərbaycan rəhbərlərinin qarşısında diz çökər, yalvarar, hətta, Qarabağdan əlavə öz torpaqlarını da verərlər.”


Son cümlələrə fikir verin; Hətta, Qarabağdan əlavə, öz torpaqlarını da, verər. Mən elə zamani-qədimdə də, çox ərzi-kəlam edərdim ki, bu cənab digərlərindən fərqlidir. İstər baş verən olaylara münasibətdə olsun, istərsə də, siyasi təhliletmələrində və yaxud da, bu tövr bəyanati-şəriflərində bu cənaba çatan olmaz.


Nə var ki, çox böyüklərimiz çıxıb efirdə elə təkrar-təkrar cümlələr işlədib millətə yeni bir ruh verə bilmirdilər. Elə hər çıxan efirdə diktə edirdi ki, bizim Qarabağ adlı problemimiz çözülmək üzrədir, biz torpaqlarımızı işğaldan azad etmək iqtidarındayıq, Ermənistanla bizim aramızda olan diplomatik əlaqələr bizim lehimizədir, zaman bizim xeyrümizə işləyir, lazım gəlsə Qarabağı alacağıq və s. və i.a.


Artıq, eyni sözləri eşidən və eşitməkdən bezən millətə yeni bir söz, yüksək bir ruh lazım idi. Belə bir sözə müəllif də, heç şübhəsiz ki, bizim cənab Novruz Məmmədov olmalı idi və necə ki, oldu da.


Hərdən qəzetələr və digər mediya mənsubları əllərinə qələm və kağız alıb yazırdılar ki, bu Novruz Məmmədov efirdə çox gec görünür və s. və i.a. Atalar yaxşı deyib, suyun lal axanı, insanın yerə baxanı. Bizlərdə kimisi cibinə baxır, kimisi qarnına baxır, kimisi başqasının namusuna baxır, kimisi obyektinə baxır, kimisi Qarabağ məsələsinə “baxır”, amma yerə baxan Novruz Məmmədov qədər heç birisi belə bir iş tutmamışdı.


Qısa və lakonik, cənab Novruz Məmmədov ermənilərdən çəkinmədən açıqca deyir ki, ermənilər bizim önümüzdə diz çökəcəklər. Novruz müəllim, deyirəm, o sözü ki, siz demisiniz, heç mən ölüm, bundan sonra ermənini bizim önümüzdə diz çökdürə bilməsəniz də, elə çökdürmüş kimi varsınız. Hansı ki, onları diz çökdürmək iqtidarındasınız ha və mənim buna zərrəcə quşqum yoxdur.


Sağ olun, üzümüzü ağ elədiniz, üzünüz ağ olsun. Bundan sonra, heç bizim işğalda olan torpaqlarımızın bir metrini də, bundan sonra bizə qaytarmasalar- heç qaytarmasınlar, o sözü ki, demisiniz, o nəyə desəniz dəyər.


Amma, hörmətli cənab, mən çox qorxuram və şübhələnirəm ki, bizim cəmaətimiz çox ürəyi yumşaq və kövrək cəmaətdir. Deyirəm ki, birdən ermənilər bizim önümüzdə diz çökərlər- hansı ki, bu işə siz məni inandırdınız- bizim ürəyi yumşaq və kövrək cəmaətimiz öz məqami-təvazösündən istifadə edib erməninin əlindən tutub onu dikəldər. Erməninin yalvarışlarına dözməz, ağlayar və deyər ki, ay vartan, ay seryan götür bu torpaqları da, elə Qarabağı da, sənin olsun, təki ağlayıb ürəyimizi dağlama.


Bu bizim zəif damarımızdır və nə var ki, erməni dığası tarixən bizim bu zəif damarımızdan necə lazımdır istifadə edib və indi də, etməkdədir. Odur ki, sizdən dərin xahiş və təmənnim budur ki, siz öz cənabınıza əziyyət verib də, bir qədər bu haqda da, tövsiyə və nəsihət xarakterli çıxış edəsiniz. Məncə cəmaətimizin bu tövr çıxışlara da, çox ehtiyacı vardır.


Gələk, əvvəldə ərzi-kəlam elədiyim qılınc-söz zərbü-məsələsinə. Mübarək nəzəri diqqətinizə ərz edim ki, hörmətli cənab Novruz müəllim, ermənilərin tarix boyu -tarix boyu ha- bizə vurduğu yaralar artıq, sağalıb. Unudulub aradan gedib. Biz o yaraları sizin böyük vəzifə və mənsəb sahibi olduğunuz bu məmləkətimizdə şou ilə, çalıb-oynamaqla, vur-çatlasınla sarımışıq və artıq, hətta, yaralarımız sağaldığından o sarğıları açıb bir qırağa atmışıq da. Amma, sizin o sözlərinizin vurduğu yaralar, heç vaxt sağalmayacaq.


Zira, əvvəldə də, ərz-kəlam elədim mübarək məhzərlərinizə ki, qılınc yarası sağalar, söz yarası isə sağalmaz.

 

P.S. Qoy mübariz gizirimiz Mübariz İbrahimov, baş leytenantımız Fərid Əhmədov öz məzarında rahat uyusunlar, Ramil Səfərov qürbətdə nigaran qalmasın!

 

Hörmətlə: Q. Səfərov.

 

Əvvəlki məqalə: „İlham Əliyev yenə yoxa çıxıb“

Sonrakı məqalə: Ərəb şeyxinin Azərbaycanda qoyun əməliyyatı puça çıxdı

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5762

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin