Etibar Əliyev:
Məmləkətin yazıçı və şairləri hansısa məsələyə münasibət bildirən kimi aləm qarışır. Nədən belə olur? Başqa ölkələrdə yazıçının danışması hadisəyə səbəb olur, səslənən fikirlər müxtəlif dillərə tərcümə olunur. Bütün dünya xalqları öz yazıçı və şairləri ilə qürur duyur. Bizim də elə vaxtlarımız olub. Bu, yazıçıların ictimai və siyasi mövqelərinin sezilmədiyi vaxtlara təsadüf edib.
Vaxt vardı ki, danışmağa o qədər də ehtiyac yox idi. Ortada xeyli əsərlər var idi. İndi həm danışmaq, həm də yazmaq vaxtıdır. Amma heç biri yoxdur. Danışmaq yazmağı, yazmaq danışmağı yeyir. Yazıçı və şair, ümumiyyətlə, sənət adamları bütün cəmiyyətlərin “ozon qatını” təşkil edib. Bu qat dağıldıqda hakimiyyətin “ultrabənövşəyi şüaları” cəmiyyəti vurur. Bu ölkənin insanları qədər problemləri olan ikinci ölkə tapılmaz. Birnəfəsə 20-dən çox problem saymaq olar. Dövlət yolunu azanda onu yoluna həmişə sənət adamları
qaytarmayıbmı? Yazıçı və şairin səsi hakimiyyətin yanından gəlirsə, xalqın üz tutacağı təbəqə qalırmı? Əlbəttə, yox.
Böyük alman yazıçısı, Nobel mükafatı laureatı Tomas Mann bunu çox gözəl ifadə edib: “Zaman insanı ümidsizliyə qərq edəndə, onu tabe olmağa məcbur edəndə, ətalətə sürükləyəndə yazıçı öz mənəvi zəhməti ilə enerji, mətinlik, daxili azadlıq, rəşadət timsalına çevrilməlidir”.
Bizdə əksinədir, cəmiyyət yazıçını hərəkətə gətirməyə çalışır. Onlardan yazılar, çıxışlar istəyir. Bütün bunlar olmayanda “soyuq müharibə” başlayır. Qəribə vəziyyət yaranıb: ölkənin sənət adamları hansısa məsələ ətrafında yekdillik göstərməyə çalışanda onlar tənqid atəşinə tutulur. İradlar ondan ibarət olur ki, kimsə oğluna, ya da qohumuna iş istəyir, yaxud kimlərsə mandat almaq eşqinə düşüb. Burda müəyyən həqiqətlər də var. Biz bunun şahidləri olmuşuq.
Bax, bizim durumumuz belədir. Kim haqlıdır? Bir neçə yazıçını çoxmilyonlu xalqa qarşı qoymaq da absurddur. Yazıçı və şair susanda ortaya ilhammirzəyevlər, faiqağayevlər çıxır. Bəli, bu faktor məhz oradan qaynaqlanır. Azərbaycan xalqının öz yazıçısından tələbi nədən ibarətdir? Dünyanın əksər inkişaf etmiş xalqları sənət adamlarından heç nə tələb etməyiblər. Çünki onlar həmişə cəmiyyəti qabaqlayıb. Böyük yazıçılar əllərinə qələm alandan ölənə qədər yazıb və vuruşublar, əsl vətəndaşlıq nümunəsi göstəriblər. Onların
əsərləri ölkələrində və xaricdə milyon tirajla dərc olunub. Uzağa getməyək, ortada Çingiz Aytmatov nümunəsi var.
Yazıçının əsərləri ilə onun comərdliyi eyniyyət təşkil etməlidir. Məsələn:
• yunan şairi Odiseas Elitis deputat mandatı və fəxri adlardan imtina edib;
• Knut Qamsun faşizmin məğlubiyyətindən sonra üzvü olduğu bu partiyanın pisinə bir cümlə belə danışmayıb;
• dünya qədər böyük yazıçılar - Kavabata, Akutaqava, Misima, Heminquey, Sveyq intihar ediblər;
• Nigeriya yazıçısı Vole Şoyinka ona verilən açıq efir vaxtından istifadə edərək ölkəsində keçirilən bütün seçkilərin saxta keçirilməsindən danışıb;
• fransız yazıçısı Jan Pol Sart Nobel mükafatından imtina edib;
• Amerika yazıçısı Folkner prezidentin ona təklif etdiyi nahardan imtina edib;
• Hind şairi Taqor həyat yoldaşının zinət əşyalarını sataraq məktəb tikintisinə xərcləyib;
• Soljenitsı və Brodski ictimai fikirlərinə və əsərlərinə görə həbsdə yatıb;
• 50-dən çox yazıçı Nobel mükafatından əldə etdiyi gəliri xeyirxahlıq üçün xərcləyib;
• ispan şairi Qarsia Lorka edam olunub;
• birinci əsəri uğur qazanmadıqdan sonra Joze Saramaqo 19 il Portuqaliya ədəbi həyatında görünməyib;
• Almaniya kansleri Villi Brandt Günter Qrassa vəzifə təklif etməyə cəsarət etməyib;
• əcnəbi şirkətlərin varlanması xatirinə Nigeriya ekologiyasının korlanmasının əleyhinə hayqıran yazıçı Ken Saro Viva edam edilib...
Axırıncı nümunə olduqca maraqlıdır. Bizim sənət adamlarından birinin öz oğlunun ekologiyamızı korlayan əcnəbi şirkətlərin birində işə düzəlməsi ilə öyündüyünün şahidi olmuşam. Nigeriyanın digər nümunəsi də maraqlıdır. Bizim yazıçı və şairlərimiz əllərinə düşən birbaşa efirdən məddahlıq üçün maksimum dərəcədə istifadə edir, bundan qürur duyurlar.
Mən intihar faktlarını misal gətirməklə yazıçılarımızın niyə intihar etmədiyinə eyham vurmaq istəmirəm. Bizim yazıçılar bundan çox uzaqdır. Onların ən öndə gedəni qan təzyiqi və şəkərdən qorxur. Bunlardan qorxan insan kəndiri bir kilometrdən yaxın buraxmaz. Nə Afrika, nə də Avropa standartları burada özünü doğrultmayıb. Əsas məsələ mentalitetimizdir və buna uyğun da öz oturuşmuş yazıçı və şair standartımız artıq formalaşıb. Allah bizə yar olsun.
Yeni Müsavat qəzeti
Məlahət Ağacanqızı: 71 yaşlı abituriyent kimdir?
Məlahət Ağacanqızı
Ruhdan düşəndə köməyimə çatan bir qovluq var: yaşı 70-i keçən, “sağlam bədəndə, sağlam ruh olar” prinsipi ilə yaşayanlar haqqında olan fotoları, məlumatları ora yığıram. Bu maraqlı insanlardan, yataq xəstəsi olan, gündə 4-5 dəfə ölümü səsləyən anama danışanda üzünə təbəssüm çökür : Amerikada 80 yaşlı nənənin univeristetdə oxuması; Yaponiyada yoqa ilə məşğul olan 75 yaşlı nənənin başı üstə dayanması; Türkiyədə 80 yaşlı Gülsüm Arslanın həmyaşıdına qoşulub qaçması... Ən maraqlı məlumat, 84 yaşında oxumaq eşqinə
düşən Revqat baba ilə bağlıdır: Kazan Maliyyə İqtisad İnstitutuna qəbul olan Revqatın qarısı qısqanclıqdan küsüb dədəsi evinə getmək istəyibmiş. Ona elə gəlib ki, qocası gənc tələbə qızları dizi üstə oturdub, onlara nağıllar danışacaq. Lakin tələbəlik həyəcanını yaşayan qocanın dərsliklər içində vurnuxduğunu, qələmi ağzına qoyub tavana baxdığını görəndə qısqanc qarı sakitləşib, otaqları barmaqlarının ucunda gəzməyə başlayıb. Qadınlar belədir də, kişilər kitab otağına, ya da məzara girəndə ürəkləri arxayın olur,
rahatlanırlar, onlar üçün qəşəng şərait yaradırlar...
Qovluğa el qarılarımız , el qocalarımız haqqında bir xoş xəbər yerləşdirmək istəsəm də, təəssüf ki ,məmləkətimizdə nəinki yaşı 70-i ,hətta 7 yaşı keçənlər ruh düşkünlüyü içindədirlər. Oxumaq, idman, sevgi... gözəl duyğular yurdumuzdan qaçaq düşüb. Əvəzində tənbəllik, laqeydlik, stress, nifrət... hər yerdə meydan sulayır .7 yaşda bal kimi hisslərdən barmaq yalamayan vətəndaş 77 yaşında zəhər tuluğuna dönər. İnsanların ruhunun zəhərlənməsi hökumətin vecinə də deyil. Bir tuluq neft bir vətəndaşdan dəyərlidir...
Bu il Azərbaycan ali məktəblərinə sənəd verən abituriyentlərin ən yaşlısının 71, ən gəncin isə 15 yaşı olub. Gənclə işim yox, zatən dəcəl, ərköyün prezidentin gənc kadrları bol olmalıdır ki, cığallıqlar bol olsun, heç kəs darıxmasın. Yəqin ki, gələn il ən gənc tələbənin 12 yaşı olar; həmin gənc tələbə 4 ildən sonra Azərbaycan Milli Olimpiya Komitəsinin sədri olar. Bir müddət sonra isə Dövlət Neft Şirkətində başını girləyər. Daha 4-5 il keçər və həmin gənc , ən gənc prezident olmaq üçün, ən gənc baş nazir olar...
Maraqlıdır, bəs 71 yaşlı Azərbaycan vətəndaşı hansı arzu və məqsədlə tələbə olmaq eşqinə düşüb? Onu ahıl yaşında belə optimist əhvala kökləyən səbəb nədir? Məgər o bilmir ki, əlində diplomu olan, ən azından 3-4 əcnəbi dil bilən, sağlam ,boy - buxunlu gənclər iş tapa bilmirsə ,o heç tapa bilməz? 71 yaşlı abituriyentin hansı fikirlə sənəd verdiyini bilmirəm, amma ömrünü elmə həsr edən, lakin aldığı maaşla kommunal xərcləri güclə ödəyə bilən, 50-55 yaşlı bədbəxt abituriyentlər tanıyıram. Niyə bədbəxt? Ona görə ki,
onlar yenidən tələbə olmaq üçün deyil ,” sezonnı” işdən para qazanmağa görə imtahanlara gedirlər: testlərin cavablarını yazmaqda çətinlik çəkənlərə kömək edir və əvəzində para alırlar. Bu DƏLLAL hökumət insanları hər cür əyri “yollara” bələd etdi. Bir əsr əvvəl dolanmaq üçün əlyazmalarını satan Məhəmməd Hadi tək idi, indi isə minlərlədir...
Qəribədir, iş yerləri yoxdur, amma diploma tələbat ildən-ilə çoxalır. Yəqin, bizim vətəndaşlar yavan çörəklərini diplomlarına sürtüb nahar edirlər. Axı Azərbaycan Təhsil Nazirliyinin diplomları sehrli kitab kimidir: diplomu sandıqdan çıxarıb boş stolun üstünə qoyanda əlini sürtürsən və həmin an ürəyindən keçən nemətlər süfrəyə düzülür. Kimin ki, ailə sandığında 3-4 diplomu var onlar lap kef edirlər: bir diplomu pul lazım olanda açırlar, o biri ilə pal-paltar sifariş verirlər, başqa birinə isə minib xarici ölkələrə
səyahətə gedirlər ...Görünür ,71 yaşlı abituriyent dünya səyahətinə çıxmaq eşqinə düşdüyü üçün tələbə olmaq istəyir. Dədə abituriyentə uğurlar diləyək! Qoy balını Misir Mərdanov, yaşını isə Tanrı versin...
GƏNCLƏR PREZİDENT ADMİNİSTRASİYASINA YÜRÜŞ ETDİLƏR
foto: Yeni Musavat
Emin Milli və Adnan Hacızadəyə dəstək aksiyasında saxlanılanlar oldu
Dünən saat 14:00-da “Dalğa” Gənclər Hərəkatının üzvləri məhbus bloggerlər Adnan Hacızadə və Emin Millinin həbsinin bir ilinin tamam olması ilə bağlı aksiya keçirdilər. Gənclər “Filarmoniya bağı”nda bəyanatlarını səsləndirdilər.
Əllərində Emin Milli və Adnan Hacızadənin şəkilləri, üstündə “Azad edin, gələcək qursunlar!”, “Adnan və Eminə azadlıq!”, “Qanunsuz məhkəmə qərarını ləğv edin!”, “Gənclərə təzyiqlərə son qoyun!” şüarları yazılmış plakat və rəngli şarlarla Prezident Administrasiyasının qarşısına yürüş etdilər.
Yolda aksiyaya müdaxilə edən polis üstündə şüarlar yazılmış plakatların yarısını alıb cırsalar da aksiyaçılar yürüşlərinə davam etdilər. Prezident Administrasiyası önündə “Emin, Adnan” qışqıran gəncləri həbs etdilər. Həbs olunan aksiyaçılar elə oradaca rəngli şarları göyə uçurtdular. Daha sonra aksiya barəsində jurnalistlərə məlumat vermək istəyən “Poliqon” İnformasiya Agentliyinin əməkdaşı, eyni zamanda “Dalğa” GH-nin üzvü Pərviz Əzimov da polis müdaxiləsinə məruz qalaraq ərazidən kənarlaşdırıldı.
Polislər jurnalistlərlə təhqiramiz formada davranır, onların ərazidən uzaqlaşmasını tələb edirdilər.
Aksiyada saxlanılan 5 gənc Səbayel Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə aparıldılar və bir müddətdən sonra sərbəst buraxıldılar.
Dünən “Dalğa” GH üzvləri Gürcüstanın paytaxtı Tiflisdə də aksiya keçiriblər. Onlar Azərbaycanın Gürcüstandakı səfirliyi önündən “Rustavelli” metrostansiyasına gedən yolla yürüş ediliblər. Emin Milli və Adnan Hacızadənin müdafiəsinə həsr olunmuş aksiyada “Adnana və Eminə azadlıq!”, “Mənə azadlıq ver!”, “Bloq açmaq cinayət deyil!”, “Give me freedom,give me fire!”, “Freedom for Adnan and Emin!” və “Vesti bloq ne prestuplenie!” şüarları səsləndirilib. Gürcüstanda yaşayanlara bloggerlər haqqında geniş məlumat verilib, onların həbsi barədə ətraflı məlumatlar yazılmış vərəqələr paylanıb. Gənclər Gürcüstanda polisin onlarla normal davrandığını deyirlər.
Qeyd edək ki, Emin Milli və Adnan Hacızadə 2009-cu il iyulun 8-də Bakının “Livan” restoranında baş verən insidentdən sonra şərlənərək tutulub, daha sonra məhkum ediliblər. Səbayel Rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onlar artıq bir ildir ki, ədalətsiz şəkildə həbsdədirlər.
“Sərhədsiz Reportyorlar” bloggerlərə dərhal azadlıq tələb etdi
Bloggerlər Adnan Hacızadə və Emin Millinin həbsinin ildönümündə “Sərhədsiz reportyorlar” rəsmi Bakının inadkarlığına etirazını bildirərək onları dərhal azad etməyə çağırıb. “Turan”ın məlumatına görə, bəyanatda bildirilib ki, “saxta ittihamla həbs olunan bloggerlər Azərbaycanın korrupsiyaya uğramış hakimiyyətinin videoparodiyasına görə cəzalandırılıblar”.
Beynəlxalq birlik onların azaldığa buraxılmasını tələb edir, lakin hakimiyyət özünü elə aparır ki, guya bu tələbləri eşitmir, fikir azadlığı hüququnu açıq şəkildə pozur. “Lakin bu təzyiq onlar azad olunana kimi davam edəcək”, - sənəddə qeyd olunur.
Elmin BƏDƏLOV Yeni Musavat: http://www.musavat.com/new/Gündəm/80354-GƏNCLƏR_PREZİDENT_ADMİNİSTRASİYASINA_YÜRÜŞ_ETDİLƏR


