Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: MASKAlı manyaklar

Mirzə Xəzər 27 İyl 2010

no comments

melahat2_839978572
Məlahət Ağacanqızı


Deputat olmaq üçün özünü auksiona çıxarmağa hazır olanlar həyəcan içindədir: Milli Məclisin stollarını bəzəməyə görə 5 il maaş almaq istəyən canlı portretlər, büstlər, heykəllər həddən artıq çoxdur. Seçkiyə 2 ay qalmış onlar müvəqqəti ayağa qalxacaq, xeyirxahlıq maskalarını taxıb yollar çəkəcək, yardımlar paylayacaqlar. Güman var ki, namizədliyini ilk dəfə verənlər hətta əlindən su dolu vedrələri alıb düz qapına kimi aparacaq, körpə ağlayanda onu belinə mindirib əyləndirəcək, ehtiyac olarsa mətbəxdə yığılıb qalan çirkli qabları da yuyacaq. Məmləkətimizdə hər beş ildən bir, 2-3 aylığına camaat deputat olmaq istəyənlərin məcburi, üşütmə gətirən yardımlarına məruz qalır. Elə ona görə də yayın istisində payızın soyuq, saxta seçki havası artıq hiss olunur və o “hava”nı hiss edənlər üşüyür. Milli Məclis hökumətin güzgüsüdür. İllərdir, millət o güzgüyə baxa-baxa qocalıb eybəcərləşir. Gözəli eybəcər göstərən(edən) güzgülər ancaq əyləncə mərkəzlərində, sirklərdə olur. Ona da 1-2 dəqiqədən artıq baxmaq olmaz, yoxsa havalanarsan. Hökumət isə hər 5 ildən bir adamları dəli etmək üçün analoqu olmayan Yeni Milli Saxta Güzgü düzəltməkdən həzz alır. Yəqin ki, deputatlığa namizədlər təbliğatları üçün müğənnilərdən istifadə etməyəcək. Elə olmasaydı, seçkiqabağı Müğənnilər Şurası üçün yeni obyekt tikilərdi, çalıb-oynayanlara mükafatlar verilərdi, evsiz müğənnilər üçün bina tikilməsi planlaşdırılardı. Budəfəki seçki ilində hakimiyyət jurnalistlərlə məzələnməyi nəzərdə tutub. Elə ona görə də, Milli Mətbuat Gününün 135 illiyi ərəfəsində strateji əhəmiyyəti olan iki obyektin açılışı oldu, girişlərinin qırmızı bağı kəsildi. Biri Masazırda “Azərduz” zavodu, digəri isə Mətbuat Şurasının yeni binası. Hər ikisində şəxsən prezident iştirak edib. Nə qəşəng! Obyektlərin birində duz, digərində isə duzsuz jurnalistlər istehsal olunacaq. Masazırdan gələn duz maşınları “Mətbuat Şurası”nın qapısından əskik olmayacaq :MŞ – nın yeni binasında boşalmış, xarab olmaq təhlükəsi olan jurnalistləri əvvəlcə duzlayıb, sonra hisə verəcəklər, olacaqlar “kopçonni yazar”. Məmurların bütün fəsillərdə “kopçonni” balığa, kolbasaya, ətə tələbatları olduğu kimi, ”kopçonni yazar” lara da böyük ehtiyacları var. Yəqin ki, yaxın vaxtlarda “plastilin yazar” layihəsinin həyata keçməsi üçün büdcədən bir xeyli pul ayrılacaq. Əyilən, sınan, satılan jurnalistlərin ... ucbatından polad kimi əyilməz qələm əhli “yazaram, yazıçıyam” deyəndə xəcalət çəkir. Vicdanlı yazarlara fikirləşib bir yeni ad tapmaq lazımdır. Azad insanlar üçün EL, EY hecaları çox dəyərlidir, E - ən müqəddəs hərfdir .Odur ki, sınmayanlara ELEYçilər demək daha uyğundur. Yaxşı olar ki, vicdanlı müəllimlərə, həkimlərə, polislərə də yeni adlar verilsin. Yoxsa yazıqlar hər dəfə peşələrinin adını çəkəndə əzab çəkirlər, ən yaxşısına da camaat şübhə ilə baxır. Camaatın şübhə ilə baxdığı adamlar olduğu kimi, şübhə ilə baxdığı verilişlər də var: ATV - də yayımlanan “El içində” verilişində guya vaxtı keçən, keyfiyyətsiz ərzaqları tapıb göstərirlər, tənqid edirlər, sonra da “sponsor dayı”nın qarın sancısı gətirən “Jalə” şirələrini içməyi məsləhət görürlər. Bu məmləkətdə adamlara hətta zəhər almaq üçün də azadlıq verilmir, hərə öz zəhərini satmaq xətrinə zor tətbiq edir. Elmar Hüseynovla məhbəsdə - bir kamerada olan tanışım danışır ki, bir dəfə Elmar bəy kameradakı məhbuslardan yedikləri ətin sümüklərini bir torbaya yığmalarını xahiş etdi: “Mən bu ətdən şübhələndim, nə əti olduğunu öyrənmək üçün sümükləri ekspertizaya yollayacağam” dedi. Ancaq peşəkar, vicdanlı, cəsur jurnalist hətta zindanda da peşəsinə sadiq qalmağı bacarar . Eynulla Fətullayevin məhbəsdə yazdığı məqalələr, ziyalıların prezidentə yazdığı məktubdan dəfələrlə cəsarətli və dəyərlidir. Geniş zallarda, yumşaq kresloda oturub, sərin su içə-içə yazılan ”xahiş edirik” məktubu ilə vicdan məhbuslarını müdafiə etməkmi olar? Əsl ziyalı haqq-ədalət üçün prezidentə xahiş məktubu yazmaz, “Tələb edirik!” ultimatumu verər. Cənablar, lütfən maskalarınızı çıxarın! Ancaq manyaklar vicdan adamlarına “prezidentə yetişməyən, xahiş məktubu” ilə əzab verə bilər...

.

Eziz Mirze Xezer muellim!

Mirzə Xəzər 24 İyl 2010

no comments

Eziz Mirze Xezer muellim!

 

 


Sizi Milli Metbuat Gunu munasibeti ile TEBRİK edirem.

 

Bu gun Azerbaycan metbuatinda meydan sulayan istedadsiz ve cesaretsiz paxillar ne qeder Sizi unutdurmaga chalishsalar da mumkun olmayacaq. Chunki Siz hemishe oldugunuz kimi gorunduz, gorunduyunuz kimi olduz. Vay o jurnalistlerin halina ki, gorundukleri kimi ola bilmirler ve gorduklerini oldugu kimi yaza bilmirler.

 

Size can sagligi, uzun omur arzu edirem. Hemishe ailenizin bashinda olasiz.

 

Derin Hormetle,Melahet

Məlahət Ağacanqızı: Yeni ölkə layihəsi-AZADLIQ

Mirzə Xəzər 20 İyl 2010

no comments

melahat2_839978572

Məlahət Ağacanqızı


İyulun 22 - nə çatmaq üçün saatlar, dəqiqələr, saniyələr hesablanır. Sanki təqvim ilinin son gününü gözləyirik: yeni ilin gəlişinə 5-10 dəqiqə qalmış prezident ekranlarda görünəcək və elan edəcək: ” Milli Mətbuatın 135 illik yubileyi şərəfinə məhbus jurnalistlər azad olunsun!” Bizi ən çox aldadan, ümidləndirən, hay-küylü vədlər verib, lakin əməl etməyən birinə hələ də inanırıq və ondan ədalətli fərman gözləyirik. Sanki yubiley günündən əvvəl vicdan məhbusları azad olunsaydı, Şaxta baba qar yağdırardı, tufan qopardardı. Balacaları ildə bir dəfə sevindirən babanı narahat etməyək. Bu məmləkətdə uşaqların, böyüklərin, bütün fəsillərin, ayların, günlərin taleyini sehrli çubuğu, uçan arabası, dolu torbası ilə zəlil günə qoyan SAXTA babanın yaxasından yapışsaq yaxşıdır. Ən zəif müşahidəçi ən güclü ekstrasens ola bilər. İlham Əliyevin gördüyü(?) işləri ən azından 7 il müşahidə edən millət , taleyindən, gələcəyindən xəbər tutmaq üçün qaraçı qapılarında günlərlə növbəyə durur, bir qaraçı qədər uzağı görə bilmir. Bu millət qaraçıdan da səviyyəsizdir, çünki qaraçı qədər də azad deyil...


Son vaxtlar, yalanların, eybəcərliklərin üstündən “rəng” çəkməyə, əyrilikləri malalamağa hökumətin peşəkar kadrı çatışmır. Hakimiyyət üçün “rəngsaz” işləyəni camaat həmişə tanıyıb fitə basıb, arxasına fırça və vedrəsini bağlayıb, hətta ölsələr də məzarlarından dınqıltı səsi eşidilib. Ona görə də məşhur “rəngsaz” yazarlar yaşlarını bəhanə edib təqaüdə çıxıblar. Və gündə bir müsahibə verib həyasızcasına sübut etmək istəyirlər ki, onlar rəngsaz yox, ziyalı olublar. Unudurlar ki, cild-cild əsərləri ilə öyünənlərin kitablarından artıq tum satanlar da istifadə etmir, çox tozludurlar. Susan, qorxan, satılan yazarların əsərlərindən əgər xalqın fikrində nəsə ilişib qalmışdısa da, o da bu son illərdə yaddaşlardan tamam silindi. Dili açılan ziyalıların söhbətləri susmaqlarından betər ürək bulandırır. Yazıçı olmaq istəyən oğluna F. Dostoyevski ”sən də əzab çəkmək istəyirsən?” deyib, amma Anarlar övladlarına “ kef etmək istəyirsən, yazıçı ol” məsləhət görür. Milyonçu Rza Zərrabdan ayrıldığı üçün yanıb tökülən, şəxsi həyatı ilə bağlı özəl söhbətləri, şəkilləri internetdə yerləşdirən Azəri qızı Güneli yazıçı Seyran Səxavət müdafiə edirsə, Günelə göylərdə yer eləmək üçün mələkləri səmadan qovursa, ”Adamın Allahı olar”mı? Ağsaqqal, tanınmış bir yazıçının tərif məqaləsi Azəri qızı Günel üçün bir günlük sevinc, azəri xalqı üçün isə ömürlük əzab oldu.

TƏBRİK!

Mehin Salehi yazır ki, “deyəsən, yaradıcılığın növbəlidir axı: eninə və uzununa(köşə və şeir) eyni zamanda alınmır səndə...” Əzizim Mehin, təəssüf ki, nəinki şeir yazmağa, heç şeir oxumağa da həvəs yoxdur. Daha bizə ilham pəriləri şeir yazdıra bilmir, əvəzində İlham əcinnələri köşə yazdırır. Bu hakimiyyətin haqlı tənqidlərdən nəticə çıxarmağa qanacaq və qabiliyyəti heç vaxt olmayacaq. Cəhənnəmə olsun! Xaraba qalan Bakı da , nefti tükənmək üzrə olan Xəzər də onların olsun! Mətbuatın 135 illiyinə hökumətin yazarlara sürprizi olmasa da, mənim onlara sirli prizim var: Bakı bataqlığından qurtulmaq üçün dostlarla yığışıb bir kənd almaq istəyirik. Mərkəzdə olan bir evin qiymətinə sərhəddə 3-4 boş kənd almaq olar. Yeni ölkənin adı AZADLIQ olacaq. Orada uşaqlar meşədən qorxusuz - hürküsüz, nəğmə oxuya-oxuya böyürtkən, göbələk yığacaq, analar körpələrini quşların nəğməsi ilə yatırdacaq, atalar yeni ölkəni super dövlət etmək üçün layihələr hazırlayacaq. Ölkədə hamı velosipeddən istifadə edəcək ... Nataşa Korolyova “Malenkaya strana ”mahnısını oxuyanda daha “qde ona?” deməyəcək, bizim yeni ölkəyə barmağını tuşlayıb “tam ona!” oxuyacaq...Ah, arzuya bax, oxucu!

P.S. Milli Mətbuat Günü münasibəti ilə dəyərli ziyalı, fədakar jurnalist Mirzə Xəzər müəllimi, ”Azadlıq” qəzetinin əziz kollektivini və AZADLIQ ölkəsində yaşamaq üçün haqqı olan bütün cəsur yazarları təbrik edirəm!


Əvvəlki məqalələr