Məlahət Ağacanqızı: Mətbuata mükafat və cəza
Məlahət Ağacanqızı
Mərhum Heydər Əliyev vətəndaşlara peşə bayramlarından əvvəl mükafatlar verərdi, cəza hökmlərini isə bayramdan sonraya saxlayardı. İlham Əliyevin isə siyasi gedişləri tamam fərqlidir, yeddi ildir eynidir-dəyişmir: o, bayramdan qabaq peşəsinə sədaqətlə xidmət edənlərə cəza verir, sonra isə peşələri virusa yoluxduranlara mükafatlar paylayır. Misal üçün: savadsız nəsil yetişdirdiyinə görə Misir Mərdanova “qızıl qələm” ulduzu, əsgərlərin müəmmalı ölümlərinə
görə Səfər Əbiyevə “qızıl tüfəng” medalı, Ziya Məmmədova isə qəzaların çoxluğuna görə “qızıl avtobus” ordeni verilib. Qarşıdan Milli Mətbuat Günü gəlir: jurnalist Eynulla Fətullayev bayram gününü zindanda qarşılayacaq, amma mətbuata aidiyyatı olmayanlar “həppi bözdey” oxuyacaq. Mətbuatın banisi Həsən bəy Zərdabinin varisi- Eynulla bəyi zindanda saxlamaq, Həsən bəyin ruhunu həbs etməkdir. Əgər bu hökumətin Zərdabi, Mirzə Cəlil irsinə az da olsa hörməti varsa mətbuatın fəxri, əzizimiz Eynulla
Fətullayev tezliklə azad olunmalıdır...
Bir neçə gün öncə rəsmilər qərar verdi ki, səyyar qəzet satışı qadağan olunsun: qucağı qəzetlə dolu adamların şəhərdə gəzməsi biabırçılıqdır, təhlükəlidir, iyrənclikdir. Xülasə, şəhərin qəşəngliyi üçün çibandır, ziyildir. Yeri gəlmişkən, şəxsən mənim üçün Bakıda zövq aldığım yeganə, gözəl mənzərə qucağında qəzet gəzdirən adamları görəndə olurdu. O gözəl insanların əllərində nə mobil telefon, nə qulaqlarında “nauşnik”, nə də ağızlarında saqqız görmək olar. Səyyar qəzet satıcıları səhər tezdən bir qucaq qəzeti
bağırlarına basıb ruh kimi şəhəri gəzirdilər. Ən maraqlısı, avtobusların salonuna daxil olub qəzetlərdə gedən maraqlı xəbərləri şərh etmələri olurdu. İllərdir məmur kreslosuna yapışıb qalanların övladları isə səhər tezdən maşınlarını iki çarxı üstə qaldırıb küçələrdə şütüyəndə şəhər meri “super!” deyib, şərəflərinə əl çalır...
Səyyar qəzet satışı qadağasından üç-dörd gün keçəndən sonra rəsmilər yeni qərar verdi: Milli Mətbuatın 135 illiyi yüksək səviyyədə qeyd olunsun. Bakıdan Zərdaba kimi qozlu-fındıqlı “Mətbuat” tortu bişirilsin. Nə qəşəng! Yəqin ki, “Mətbuat” tortunun üstünə başda prezident olmaqla yeni seçiləcək deputatların, məşhur məmurların, müğənnilərin şokoladdan hazırlanmış heykəllərini qoymaq haqqında da xüsusi tapşırıq verilib. Onların lap baldan da heykəlləri qoyulsa, içindən zəhər,
qan fışqıracaq. Maraqlıdır, mətbuat bayramının məclisində şampan şərabı da olacaq? Əlbəttə , olmalıdır! Çünki İlham Əliyevin mətbuat üzərində qələbəsi şampunla deyil, mütləq şampanla “yuyulmalıdır”. Hökumətin dəstəklədiyi, əzizlədiyi, komaya saldığı mətbuatın indiki durumu elə şampan şərabı kimidir, ancaq bayramdan-bayrama bir –iki saatlıq özünə gəlir, təhlükəsiz partlayışlar edir. Yəqin ki, Mətbuat Şurasının sədri, şampan şərabının yaradıcısı madam Klikonun ticarətdəki uğurları
ilə bağlı dediyi sözlərdən tost da deyər. Mətbuatı bazara çevirib alver edənlər qətlə yetirilən Elmar Hüseynovdan, dərddən çatlayan yazarlardan danışmayacaq ki !..
Hökümət təkcə səyyar qəzet satışına qadağa qoymayıb. Eyni zamanda müxalifət qəzetlərinin saytlarına haker hücumları təşkil edir, köşklərdə ancaq onlara sərf edən qəzetlərin satışına icazə verilir. Bu yaxında məhəllədəki köşkdən “Azadlıq” qəzeti almaq istədim. Satıcı xanım “mən ancaq bir dənə “Azadlıq” gətirirəm, onu da Əbdül kişinin nəvəsi üçün” deyəndə təəccüblə ona baxdım. Satıcı əlavə etdi: ”Əbdül kişini tanımırsan? Sovet hakimiyyəti qurulanda iclasda deyib ki ,“Nikolay Lenindən
yaxşı kişi idi, adamlar onun vaxtında daha yaxşı dolanırdı...”
Mənim diqqətlə qəzetlərin üstünə qoyulan torbaya baxdığımı görüb, kəklikotu yarpaqlarını əzib burnuma yaxınlaşdırdı: “kəklikotu istəmirsən? Təzədir, dünən yığıblar...” deyəndə, ikimiz də güldük. Və yol boyu üzünü görmədiyim babam haqqında düşündüm. Eh, yəqin ki, Əbdül kişi iclaslarda Lenini söyəndə, mənim babam Xızı dağlarında kəklikotu yığıbmış...
P.S. Ey susan, lal olan BABAlar! Nə qədər gec deyil nəvələrinizin AZADLIQ haqqını tələb edin! Yoxsa gələcəkdə onlara ancaq qıfıl, biz təklif olunacaq...
Zamin Hacı: ZAMAN “AVTOŞLUĞU”
Dünən Nazirlər Kabinetinin qərarı çıxıb, 12 iyunla 14 iyunun yerini dəyişəcəklər. Nəyə görə, sadəcə, 15 iyun yapokratların qurtuluş günüdür, həmin gün qeyri-iş günüdür və həftənin ikinci gününə düşəcək. Ona görə də bu şənbə ilə gələn həftənin bazar ertəsi yerini dəyişməyə məcbur olacaqdır. Zamana barmaq edəcək qədər qüdrətli respublikamızın olması ilə qürur duyuruq. Bu saat bizim hakimiyyət istəsə tarixin təkərini döndərib, fələyi lap iki təkər üstünə qaldırıb xalqımızı eradan bir milyon il öncəyə qaytara bilər. Zaman üzrə “avtoşluq” eləmək bunların köhnə xasiyyətidir, məsələn, rəsmi sənədlərə görə dövlət müstəqilliyimizin tarixi 1918-ci ildən başlayır, ancaq YAP-ın xronologiyasına əsasən istiqlala 1969-cu ildə qovuşmuşuq, özü də istiqlal mücadiləmizin avanqardında nə az, nə çox - KQB generalı dururmuş. Əgər bu xəbər axirətə çatıbsa heç şübhəsiz Yura Andropov orada özünü qır qazanına atıb çoxdan intihar etməlidir.
Hər şey eləmək olar ölkəmizdə. İstəsən fevralı noyabrın, avqustu dekabrın yerinə dürtərsən. Bazar gününün qulağından yapışıb çəpiş kimi mələdə-mələdə gətirib çərşənbə eləyərsən. Burada əsas məsələ rəhbərin fərman və sərəncam verməsidir. Əgər zati-aliləri göstəriş versə, iyulun 10-dan, yəni lap elə bu gündən ölkəmizdə qış girər. Çətin iş deyil ki? Neftin pulundan xərcləyib süni qar da yağdırarlar.
Bu baxımdan, Seçki Məcəlləsinə dəyişiklik layihəsinə görə müxalifətin narahatlığı başa düşülən deyil.
Yəqin xəbəriniz vardır, bugünlərdə YAP deputatxanaya layihə dürtübdür, həmin kağıza görə ölkəmizdə seçki kampaniyasının müddəti 75 gündən 60 günə salınır, qeydə alınan namizədlərə dövlətin 200 manat yardımı isə ümumiyyətlə ləğv olunur. Müxalifət də buna etiraz edir, deyirlər bu dəyişikliklər hakimiyyətin qorxusunu göstərir.
Doğrusu, 200 manat yardım elə qəpik-quruşdur ki, bunu heç müzakirə eləməyə ehtiyac yoxdur. Vermirlər, cəhənnəmə versinlər. Kampaniya vaxtının qısaldılmasına gələndə, qabaqlar bizdə bu vaxt 120 gün idi, sonra 75 oldu, indi də lap ləğv edilsin - nə dəyişəcək? Guya burada seçki haçan məcəllə-filan üzrə keçirilib? Ümumiyyətlə, bizdə seçki olmur axı! Təyinat olur, Prezident Administrasiyasından gələn siyahı üzrə adamları vəzifələrə təyin edirlər. Heç xalqın da çox vecinə deyil, bir növ adətkərdə olubdur və bu saat
xalq iqtidar-müxalifət arasında məcəllə mübahisələrini eşidib öz-özünə fikirləşir ki, görəsən, bunlar nəyin üstündə dalaşırlar, bu məcəllə yeməli şeydir, yoxsa alt paltarının bir növüdür, daha da qısalsa ayıb olacaq və sairə...
Möhtərəm yoldaşlar və bəylər, o cümlədən xanımlar və cənablar. Heç özünüzü yormayın. Mənim fikirlərimi də ümidsizlik yaratmaq cəhdi saymayın. İndiyə qədər o qədər boş ümidlərə aldanmışıq, daha yeri yoxdur. Bu il də seçki-zad olmayacaq. Çünki xalq yuxudan ayılana oxşamır. Dürtmələyib ayıldanda da gərnəşib o biri üzünə çevrilir, təzədən yatır. Ona görə də seçki kampaniyasının qısaldılmasına narahat olmağa qəti ehtiyac yoxdur. Biz yalnız nədən narahat ola bilərdik? İstəyirsinizsə onu yazaram. Bax, bu daha ciddi
məsələdir.
Bizdə seçki proseslərini hakimiyyət polis dəyənəkləri, sümükqıran itlər hesabına idarə edir, yenə yazıram, məcəllə-filan boş şeydir. Əgər deputatxana polis dəyənəyinin ucunu daha metr yarım uzatmaq qərarı versə, yaxud sümükqıran itlərə beyinsümürən köpəklər əlavə olunsa, lap elə mitinqləri dağıtmaq üçün Hindistandan fil gətirsələr buna görə narahat olmağa dəyərdi...
Sabah ayın neçəsidir, bilən varmı?
“Yeni Müsavat” qəzeti
Məlahət Ağacanqızı: ZALIM ŞAHIN MƏMLƏKƏTİ
Məlahət Ağacanqızı
Telekanallar küçələrdən tapılan körpələr haqqında qaynar xəbərlər yaymaqda sanki yarışa giriblər. Televiziya “Ailə-zorlama” məsləhətxanasına çevrilibsə, küçəyə atılan körpələr haqqında da məlumatlar verməlidirlər ki, tamaşaçılar daha yüksəkdən “nırç- nırç” edib hönkürsünlər. İndi tamaşaçını ailə münaqişəsi hadisələri ilə kim çox ağlada bilirsə, elə bilir ki, xeyirli iş görür. Ağıllandırmağı bacarmırlar, dəli etməkdən də əl çəkmirlər. Bəsdi də, zorla evlərə qeybətlə, dığ-dığla, zıqqıltı
ilə girdiniz! Guya həmin dərdləri televiziyasız həll etmək üçün yer yoxdur? İnsanları sırtıqlaşdırmaq qəhrəmanlıq deyil axı. İndi çoxu evdə qəsdən dava salır, bir-birinin qulağını dişləyir ki, qonşular onu televiziyada görsün. Hətta unudulan şair və yazıçılar, deputatlar da yada düşmək üçün bıçaq, balta alırlar. ”Öpərəm, əzizlərəm” qafiyələri “kəsərəm, doğrayaram” ifadələri ilə əvəzlənib...
Buzovna zibilliyindən göbəyi düşməyən körpə haqqında xəbər yayılanda nitqi tutulan tamaşaçıya o da çatdırıldı ki, cəsur polislər həyatlarını təhlükə altına qoyub qorxulu cinayətkarları - körpənin ata-anasını axtarırlar. Dağa-daşa düşmək nəyə lazım? Körpənin atası qızmış bir məmur, anası isə bir tələbə qızdır...
Adətlərimizə görə körpəyə 40 gün içində ad qoyulmazsa böyüyəndə o, yalançı olar. Odur ki, dədə həkim körpənin qulağına üç dəfə “ soyadın Əliyev ,adın Əlyar” pıçıldayandan sonra ölkəni gələcək bəladan – bir yalançı vətəndaşdan xilas etmiş olub. Yəqin ki, uşağın atasının adını – Bakı , anasının adını- Buzovna, yazıblar. Nə qəşəng! Zibillikdən tapılan körpələrə çəkinmədən Əliyev soyadı verilirsə, demək bomjlardan da pis gündəyik. Artıq ata-analar “Heydər, İlham” adlarını körpələrinə qoymurlar. Doğma
körpəsini 2-3 min manata, yad adı 50-100 manata almaq ən peşəkar yaltaq valideynə də sərf eləmir. Qabaq heç olmasa evdən, maşından verib valideynləri yola gətirə bilirdilər. İndi isə ata-analar üzə durub, “qoymuruq!” deyib hay-küy salırlar. Ona görə də həkimlər məcbur olub zibillikdən tapılan yiyəsiz körpələri xoşbəxt ad və soyadlarla şərəfləndirirlər. Bədbəxtlər neyləsinlər, onlar da yaltaqlıq planı verməlidirlər.
Üç-dörd ay əvvəl telekanallar Sumqayıtda İlham Əliyevin “İnternet klub”da bıçaqlandığını yayanda aləm bir-birinə dəymişdi. Sonra məlum olmuşdu ki, bıçaqlanan 17-18 yaşlı gəncmiş, ”nauşnik” i yerə saldığına görə bıçaqlanıb. Qanunların dəyəri olmayan ölkədə - fəxri ADlar da dəyərini itirər. Bu gün bir parça çörək üçün maşın şüşələrini silənlər, çəkisindən ağır yük daşıyanlar, ayaqqabı təmizləyənlər... 17,7 il əvvəl xoşbəxt ölkə vəd edən BAŞçıların adını daşıyırlar. Yazıqlar olsun bizə! Adın xoşbəxtliyinə
inanan valideynlərə kiçik bir məsləhət: ”Heydər, İlham” adları ilə övladlarınız var-dövlət sahibi olmadı, bəlkə “Kəmaləddin, Ziya, Bəylər” adlarını sınaqdan keçirəsiniz? Onların var-dövlətindən, ağalığından beynəlxalq aləm danışır...
Hökumət vicdan məhbusu Eynulla Fətullayevə 25 min avro təzminat vermək üçün can çəkir, Avropa Məhkəməsini haqsızlıqda suçlayır, amma Avropanın erkəklərinə azəri qızını bəyəndirmək üçün ona 1 milyonluq don geyindirir. Avropanın diqqətini paltar parıltısı ilə cəlb etmək olmaz, onlar İNSANlıq parıltılarını sevirlər. Eynullanın VİCDAN parıltıları qarşısında 25 min avro nədir ki?! Uzağı müğənni əlcəyinin bir tayının parası. Yeri gəlmişkən, dünyada ən bahalı əlbisə Merlin Monro üçün tikilən
paltar sayılır. Müğənninin birbaşa əynində tikilən, brilyant qaşlarla bəzədilən paltara sonradan auksionlarda 1 milyon dollar qiymət qoyulub. O da məşhur aktrisanın müəmmalı ölümünə görə elə bahalaşıb yəqin. Adi yolka lampoçkaları qoyulan paltar necə olub ki, bir milyon avroya başa gəlib? Bəlkə Azərbaycandan Oslaya Səfurə Əlizadənin donunu işıqlandırmaq üçün “Azərenerji” işıq ötürüb, ona görə? Elə də olsa, axı gərək 1 milyon avro etməyə idi, “osyol” deyilik, fikirləri özlərinə getməsin...
Haqq-ədalətdən yazan jurnalistlərin həbsinə, zibilliklərə körpələrin atılmasına, qadının ərinin cinsi orqanını kəsməsinə, ərin arvadının qulağını dişləyib qopartmasına, atanın qızını zorlamasına...heç kəs təəccüblənməsin: ZALIM ŞAHın məmləkətində insanlıqdan uzaq İŞlərin meydan sulaması normal sayılmalıdır...


