Məlahət Ağacanqızı: Azadlıq meydanı-ŞAİRlərin durduğu yer
Məlahət Ağacanqızı
20 il əvvəl keçirilən etiraz mitinqlərinə Bakı şəhərinə bələd olmayan vətəndaş da gözüyumulu gedə bilirdi. Çünki mitinqlərin məşhur, müqəddəs ünvanı bir idi-Azadlıq meydanı! İndi isə əlində Bakının yekə bir xəritəsi olsa da, şəhərin hər yerini yaxşı tanısan da ,baş aça bilmirsən ki, Hacıbala Abutalıbov səni hansı dərə-təpədə azdırmaq istəyir. Əvvəllər, mitinqçiləri şəhərin mərkəzindən Zığa doğru qaçırdırdılar. İndi isə mer deyir “qaçdı-tutdu” oynamağa kadrımız
yoxdur. Şanlı polislərimiz kilo alıblar, gəlin “gizlənpaç” oynayaq...
Yaxşı xatırlayıram, 20 il əvvəl mitinqçilər əllərində üçrəngli bayraq, “İstiqlaliyyət” küçəsi ilə prezident iqamətgahına doğru gedirdilər. Yolun kənarı ilə gedənlər də onlara qoşulurdu. Bu vaxt səki ilə gedən, uzun qara paltolu adamı görən mitinqçilər ”Şair! Şair!” desələr də, adam daha da sürətlə yoluna davam etdi. Və kütlə daha da yüksəkdən ”Şair, gəl qoşul bizə!” deyəndə, o, çevrilib mitinqçilərə baxdı və qaçmağa başladı. Maraqlıdır, şair Fikrət Qoca arxasınca deyilən “Şair qaçır!” hay-küyünü
hələ də xatırlayırmı? O vaxtlar meydanlardan qaçanlar sonradan ən yaxşı vəzifələrdə peyda oldular, indi də vəzifə kreslosunda kef edirlər. Projektor işığında şeir, qəzəl, poema... yazırlar. Amma sovet tanklarının qarşısına əliyalın çıxanlar şam işığına da həsrətdir. Şairlər ən duyğusal insanlar sayılır. Ölkə faciə içindədir, orden-medallı, şair vəsiqəsi gəzdirənlərin isə tükü də tərpənmir. Şair qıtlığı olsa da, vəsiqə bolluğudur. Əksəriyyət prezident təqaüdü almaq üçün alnına
“mən şairəm!” sözlərini “nakolka” edib. Hökumətimiz də, hər il alnına, sinəsinə, kürəyinə problemlərini, dərdlərini, eşqlərini... tatuirovka edən bir sürü şairə, yazıçıya təqaüdlər, mükafatlar bəxş edir.
Bu yaxınlarda bir tanışımla rastlaşdım. Söhbət etdiyimiz 15-20 dəqiqə ərzində xanımın telefonuna 2-3 dəfə zəng gəldi. Zənglər yüksək rütbəli məmurlardan idi: cızma qaralarını ingilis dilinə tərcümə etmək istəyirdilər. Maraqlıdır, bir kəlmə əcnəbi dilində bilməyən müəllif “importnı kitab” çap etməkdən hansı zövqü ala bilir? Kitab da xarici maşın, paltar deyil ki, fora vermək üçün minəsən, geyinəsən. Başqasına yazı yazdırıb şellənən adamın qonşuya xörək bişirtdirib, ərin
qabağına qoyub “mən bişirmişəm” deyən qadınlardan heç bir fərqi yoxdur. Xanımdan “niyə elə zibilləri tərcümə edirsən?” soruşanda o, çiyinlərini çəkdi :”Bəs ailəmi necə dolandırım? Yazıları çöplükdü, amma pulları var...”Çox maraqlıdır, necə olur ki, dağ boyda PA-nın rəhbəri- Ramiz Mehdiyev silsilə tənqidi yazılarında elmi bazara çevirənlərin birinin də adını çəkmir? Guya bilmir?! Bal kimi bilir. Deyəlim ki, prezident üçün başqası tərəfindən məruzələr hazırlanır və yayımlanır. Bu, köhnə qayda -qanundur.
Necə olur ki, elmi işlər, bədii əsərlər iki - üç nəfər tərəfindən yazılıb yüzlərlə savadsız, istedadsız milyonçulara noğul-nabat kimi satılır ? Yaradıcılıq məkanları, elm ocaqları qaloş, avtafa, paraşok... sexləri kimi fəaliyyət göstərir. Yeni fəaliyyətə başlayan sexlərdən biri də “Gənc Ədiblər Məktəbi”dir. Rəşad Məcidin rəhbərlik etdiyi bu sex prezident təqaüdü almaq üçün məhsul istehsal edir...
Bir vaxtlar haqsızlığa üsyan edən dəyərli ziyalı Xəlil Rza, Sabir adına bağı ikinci Azadlıq meydanı etmişdi. Biz Xəlil Rza Ulutürkün “Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram, qolumdakı zəncirləri qıram gərək, qıram, qıram...” hayqıran səsinə həsrətik! Biz gənc şair Ülvi Bünyadzadənin və meydanlarda onunla bərabər şəhid, əlil olan minlərlə qeyrətli Azərbaycan övladlarının qanı bahasına qazanılan Azadlığı, müstəqilliyi qoruya bilmədik. Azadlıq meydanı - ŞAİRlərin durduğu yerdir. Biz o YERə həsrətik! 20 il əvvəl meydanlardan qaçanlar, Sovet hökuməti yolunda çalışıb-vuruşan məmurlar... sonradan ən yüksək vəzifələri zəbt edib “bazarkom” oldular. Ona görə də ədəbiyyatdan tutmuş hərbə kimi bütün sahələrdən sarımsaq, soğan, acı bibər qoxusu gəlir. Nəticədə, hansı idarəyə girirsən ürəyin bulanır, üz-gözün od tutub yanır...
EMİN MİLLİNİN ATASI VƏFAT EDİB
Həbsdə olan gənc bloqçu Emin Millinin atası Paşa Abdullayev vəfat edib. Emin Millinin vəkili Elton Quliyev “Media forum” saytına bildirib ki, bir sıra xəstəlikdən əziyyət çəkən 75 yaşlı Paşa Abdullayevin vəziyyəti iyunun 29-u gecə pisləşib və bir neçə saat sonra o, dünyasını dəyişib.
Emin Milli (Abdullayev Emin Paşa oğlu) 1979-cu ildə Bakıda doğulub. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1999-2000-ci illərdə Beynəlxalq Respublikaçılar İnstitutunda koordinator işləyib. 2001-2002-ci illərdə Almaniyada oxuyub. 2002-ci ildən 2004-cü ilə qədər Fridrix Ebert Fondunun Azərbaycanda rəhbəri olub. 2005-ci ildən ictimai fəaliyyətlə məşğul olan Emin Milli 2009-cu il iyulun 8-də Bakının “Livan” restoranında davadan sonra digər gənc fəal Adnan Hacızadə ilə birgə tutulub. Cinayət
Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri ilə təqsirli bilinən Emin Milli Səbail Rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Salyanda yerləşən 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
Əsəb xəstəliyi, yüksək qan təzyiqi və böyrək çatışmazlığından əziyyət çəkən Paşa Abdullayev oğlunun həbsindən bir müddət sonra Sabunçu rayonundakı 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş və müalicəsini paytaxtdakı 1 saylı Klinik Xəstəxanada davam etdirmişdi.
Allah rəhmət eləsin!
"Media forum"
Məlahət Ağacanqızı: PİLOTSUZ ÖLKƏNİN QƏZALARI
Məlahət Ağacanqızı
Məmləkətimizdə baş verən qəribə qəzaların sayı, çeşidi gündən - günə çoxalır. Yeni Yaşmada istirahət edən dostum iyunun 14-də pilotsuz təyyarə qəzasının şahidi olub. Əla istirahətdir: yanan təyyarə ilə bərabər Xəzər sularına kəllə vurmağın bir ayrı ləzzəti var. Amma nədənsə pilotsuz təyyarə qəzası haqqında telekanallar lal-kar oldular. Bizdə ancaq ailə-məişət zəminindəki ən xırda qəzalar, müğənnilərin yeni sponsorları, geyimləri, maşınları... haqqında qeybətlər isti-isti yayımlanır. Televiziya
dönüb olub küpəgirən qarı: səhərdən axşama kimi donquldana-donquldana tamaşaçılara fitnə-fəsad, cilddən- cilə girmək, əxlaqsızlıq öyrətməklə məşğuldur. Pilotlu, pilotsuz qəzalar televiziyanın umurunda deyil. Zatən Azərbaycan da pilotsuz təyyarə kimidir. Kənardan 3-4 pultla idarə olunur. Ona görə də normal uçuşlardan məhrumdur, hara gəldi çırpılır. Bu məmləkətdə hərə bir cür qəza törədir: “Avroviziya”, təyyarə, maşın, tank, metro, at, torpaq, namaz, oruc, söz, əqidə ... qəzaları bir-birinə qarışıb.
“Azadlıq” qəzetinin əməkdaşı, istedadlı jurnalist Natiq Güləhmədoğlu isə iyunun 16-da yarpaq “qəzası” törədib. Eynulla Fətullayevin məhkəməsinə gedən jurnalist dayanacaqdakı ağacın yarpaqlarını “ Eynulla azad olacaq, olmayacaq?” deyə-deyə saymağa başlayıb. “Olmayacaq!” sırasına düşən uğursuz son yarpağı Natiq bəy hirsindən xırda -xırda doğrayıb töküb yerə. Və bu zaman polislərin “ovçu” əməkdaşı jurnalisti tutub qəfəsə salmaq üçün bir xeyli əziyyət çəkib. Natiqin
yarpaq “qəza” sı Krılovun “Qurd və quzu” təmsilindəki quzunun qəzasına bənzəyir. Məşhur təmsil sanki bizim başıbəlalı jurnalistlərə həsr edilib. Yeri gəlmişkən Krılov yazıçı, jurnalist kimi II Yekaterina üçün baş bəlası olub. Yazıçının tənqidlərinə əsəbləri dözməyən kraliça dəfələrlə özünü eyvandan atmaq istəyib, amma cangüdənləri mane olub. Krılovun cibinə narkotik qoyub, ondan qurtulmaq isə “ Velikaya” Yekaterinanın ağlına gəlməyib .Axır bir gün kraliçanın əsəbdən beyninə
qan sızıb. Amma tarixçilər “hamamda istidən ölüb” yazıblar. Yaxşı ki ,bizim məmurlar kimi ona “uzun sürən ağır xəstəlik...” diaqnozu qoymayıblar.
Ac qurdlar (çaqqallar) heç bir günahı olmayan, haqq-ədalət üçün susamış, kor olmuş həqiqət bulaqlarının gözünü açan yazarları hər yerdə təqib edir. Nəfəsi yalanla gedib - gələn, dişlərindən qan tökülən gözüac Qurd bir xeyli balalayıb. Artıq hər yerdə olan “yuva” larında pusquda durmaq üçün müxtəlif maskalarda nümayəndələri var: ağaclıqda, nəşriyyatın pilləkənlərində, blokların qabağında, dükanlarda... hətta dayanacaqlarda dayanıb “suyu bulandırma!” deyənlər,
özləri saf suları ədəbsizcəsinə murdarlayıb xalqa içirdənlərdir. Yayda isə heç murdar su da vermirlər...Ac qurdun jurnalisti “yemək” üçün seçdiyi gün başqa bir jurnalisti- Eynulla Fətullayevi, qurdların “necə yeyək?” məhkəmə gününə düşməsi də təsadüfü deyil. Güllə, bıçaq, narkotik, sevgiliada... işə yaramadı, təxribat üçün ümid ağaca, yarpağa qaldı. Günün yanıltmacı: “Məğlublar uğursuz rəhbərlərin gözünə uğurla girmək üçün uğur gətirən oğulların üstünə yaba ilə, bellə, bıçaqla,
narkotiklə... gedər”. Misir inanclarına görə akasiya ağacının budağını qıran adam kəfənini boğazına keçirmiş olur. Guya akasiyanın ağ və qırmızı çiçəkləri “ölüm və həyat” rəmzinin işarəsidir. Nə yaxşı ki, uzaqgörməyən Hacıbala Abutalıbov Bakının küçələrini akasiya ilə bəzəməyib. Yoxsa məmurlar törətdikləri bütün qanlı cinayətləri akasiya ağaclarının üstünə yıxardılar. Əvvəllər tez-tez, son vaxtlar isə nadir hallarda işlənən “O, min igidə bərabər oğuldur” alqışı – qanadları, yeddi başı
olan əjdahalar üçün deyilməyib: son nəfəsinə kimi əqidəsinə, ideyalarına sadiq qalan aslan oğullar üçün deyilib. Və bu gün bizim qürur duyduğumuz jurnalistlərin hər biri nəinki min igidə bərabər oğullardı, həm də oğruların, yaltaqların, bişərəflərin, acgözlərin...üzlərindəki maskaları qopardıb, isti aşlarına soyuq su(söz) tökənlərdi. Haramzadələrin payızda kütləvi halda “uzun sürən ağır xəstəlik” ləri başlayacaq. Daha dəqiq: noyabr- “beynə qan sızma” fəsli olacaq...

