Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

30 Aprel Terror Qurbanlarını Anım Komitəsi vətəndaşları bir il əvvəl baş vermiş terror qurbanlarının xatirəsini yad etməyə çağırır

Mirzə Xəzər 28 Apr 2010

no comments

GƏNCLƏR APRELİN 30-da KEÇİRƏCƏKLƏRİ AKSİYANIN VAXTINI və MARŞRUTUNU AÇIQLADILAR

Anim_Merasimleri davam edir (3)


30 Aprel Terror Qurbanlarını Anım Komitəsi vətəndaşları Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) bir il əvvəl baş vermiş terror qurbanlarının xatirəsini yad etməyə çağırır.


Komitədən “Media forum” saytına verilən məlumata görə, 2010-cu il aprelin 30-u saat 13.00-da “28 May” metrostansiyasının qarşısından ADNA-nın 2-ci korpusunun qarşısınadək dinc yürüş başlayacaq. Bir il qabaqkı terror 2-ci korpusda törədilmişdi.

Komitədə bir neçə gənclər təşkilatı (“Qırmızı Gəncliyin Avanqardı”, “Yeni Baxış”, “10 Dekabr”) və bir sıra müstəqil gənclər birləşib.


Komitənin könüllüləri bugünlərdə Bakının mərkəzində terroru pisləyən yüzlərlə vərəqə paylayıblar.

Bundan əlavə “10 Dekabr” Gənclər Təşkilatının üzvləri 30 aprel terroru ilə bağlı video, foto materiallardan ibarət 500 disk hazırlayıb. Diskləri anım mərasimi zamanı paylamaq nəzərdə tutulub.


Komitə hesab edir ki, terror bəşəri cinayətdir və ona qarşı çıxmaq insanlığın borcudur.


“10 Dekabr” Gənclər Təşkilatı 30 aprel terrorunda həlak olmuş insanların xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlamağa da hazırlaşır.


30 Aprel Terror Qurbanlarını Anım Komitəsindən “Media forum”a bildiriblər ki, yürüş zamanı təxribat cəhdlərinin baş verə biləcəyini nəzərə alaraq aksiyada heç bir şüar səsləndirməmək qərarına gəlinib.

2009-cu il aprelin 30-da “Makarov” tipli tapanca və külli miqdarda patronlarla silahlanmış Gürcüstan vətəndaşı Fərda Qədirov səhər saat 9:30 radələrində Dövlət Neft Akademiyasının 2-ci tədris binasına daxil olub, birinci mərtəbədən 6-cı mərtəbəyədək qalxaraq qarşısına çıxanları güllələyib. 12 nəfəri öldürüb, 15 nəfəri yaralayan Fərda Qədirov daha sonra baş nahiyəsinə atəş açaraq özünə qəsd edib.

«Media forum»

Məlahət Ağacanqızı: ZƏLZƏLƏ xəbərçiləri -Elmar, Eynulla, Qənimət, Mirzə Sakit...

Mirzə Xəzər 27 Apr 2010

no comments

melahet2-tbn28

Məlahət Ağacanqızı


Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov bəyan edib ki, Azərbaycanda vulkan gözlənilmir, çünki dağlarımız veteran deputatlar kimi çox qocalıb, vulkanik fəaliyyətləri başa çatıb. Ekologiya naziri 17 ildir Azərbaycanda sıralanan cavan YAP dağları haqqında isə heç nə deməyib. Xəbəri yoxdur ki, Yeni Azərbaycan DAĞlarından püskürən ”Ailə” vulkanı insanların fikir uçuşlarını, arzularını, yaşayışlarını iflic vəziyyətinə salıb. Vulkan ocağından qalxan qatı toz buludu, qara kül bütün Azərbaycana yayılıb, partlayışlar ara vermir. Havasızlıqdan, susuzluqdan, aclıqdan boğulanların, intihar edənlərin sayı günü-gündən çoxalır.
”Yaponiyada nadir balıqlardan olan kürəkbalığı hazırda zəlzələ xəbərçisi kimi tanınır: balıqlar sahilə çıxanda və ya tora düşəndə artıq ölkədə zəlzələ hazırlıqları başlayır. Yaponiyada kürəkbalığının lap qədimlərdən dəniz allahının sarayından gələn xəbərçi olduğuna inam yaranıb...” Bu maraqlı məlumatı “Zəlzələ xəbərçisi- kürəkbalığı” (“Azadlıq”, 6.03.10)başlıqlı yazıdan götürdüm. Yaponların zəlzələdən xəbər verən balıqları ilə bizim cəsur jurnalistlər arasında böyük oxşarlıq var. Faciələrin qarşısını almaq, təhlükələrdən insanları qorumaq üçün özünü sahilə atan, tora düşən kürəkbalığı taleyi yaşayan fədakar JURNALİSTlər! Kürəkbalığı dəniz allahının zəlzələ xəbərdarlığını insanlara çatdırmaq üçün özünü ölümün ağzına atır, min metr dərinliklərdən suyun üzünə çıxıb tora düşür.

Bizim qeyrətli jurnalistlər də VİCDAN allahının zəlzələ xəbərlərini insanlara çatdıranda “YAP” gəmisinə yığışan qəddar balıqçıların qurduğu torlara düşür, qətlə yetirilir, həbs olunur...Çünki vicdanlı jurnalistlər Azərbaycanda qəsdən zəlzələ törədənlərin, insanları evsiz-eşiksiz,uçqunlar altında qoyanların adlarını, ünvanlarını dəqiq yazırlar. Dünyanın hər yerindən insanlar vicdan məhbusu-jurnalist Eynulla Fətullayevin müdafiəsinə qalxır, uşaqlar ona açıqcalar, məktublar yollayır. Bizim valideynlər, məktəblilər isə Misir Mərdanovun məktəbləri üçün təmir pulu “açıqcası” hazırlayır. Altmışıncı illərdə Aleksandr Belyaevin “Amfibiya - adam” romanı əsasında eyniadlı film ekranlaşdırılıb. Fantastika janrında çəkilən filmin qəhrəmanı İxtiandranın taleyini bu gün cəsur jurnalist Eynulla Fətullayev yaşayır. Maraqlıdır ki, filmin bəzi yerləri Bakıda çəkilib. Filmdə okeanın dibindən mirvari çıxardıb satan qudurmuşlar, bizim Xəzərin neftini satıb quduranlara çox bənzəyirlər. İxtiandranın aşiq olduğu gözəl, köməksiz Quttiera isə sanki başı bəlalar çəkən Azərbaycandır. Heyf ki, filmin rejissoru dünyasını dəyişib. V. Çebotaryev Eynullanın başına gələnlərlə tanış olsaydı “Qudurmuşlar ölkəsində vicdan axtaran adam” filmini çəkərdi ...


Böyük Alparsalan Türkeş deyib: ”Dünyada ən güclü silah SÖZdür”. Qeyrətli jurnalist Elmar Hüseynovun SÖZ silahı Azərbaycanda zəlzələ törədənlərə, vulkan püskürənlərə qarşı tuşlandığı üçün, o qətlə yetirildi. Eynullanın “qatilləri tapın!” güllə kimi sözləri sifarişçilərin yuxusunu ərşə çəkdi. Mirzə Sakitin sözlərinin acısını həzm etməyə çoxuna nəşə, heroin də kömək edə bilmədi. Hələ bu harasıdır? Mirzə Sakit yeni SÖZ savaşlarına ciddi hazırlıq görür. Cəsur şair həbsdən çıxan kimi özünə və qələm dostlarına cibləri pultla açılıb- bağlanan üst-baş tikdirmək üçün Almaniyaya getdi. Qənimət Zahidə, ”Azadlıq” qəzetinin əməkdaşlarına xəbər yollayıb ki, şər-böhtandan uzaq olmaq üçün diqqətli olsunlar: nəşriyyatın qabağında qadın-qız görəndə gözlərini yumub içəri keçsinlər...

P.S. Eşitdiyimə görə köşəsində bir dəfə “Eynulla” yazana Azadlıq meydanında 100 çubuq vurulacaq , “İlham” deyənə isə YAP xəzinəsindən 100 qızıl veriləcək. Heyf ki, bu xəbər yazımın sonunda yadıma düşdü. Yoxsa ən azından köşədə 10 dəfə “Eynulla” yazardım...


EYNULLA FƏTULLAYEVİN MƏHKƏMƏSİ KEÇİRİLİB

Mirzə Xəzər 26 Apr 2010

no comments

eynulla-mehkeme-26aprel%202010%20-%201


Aprelin 26-da Qaradağ Rayon Məhkəməsində məhbus jurnalist Eynulla Fətullayevə açılmış yeni cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


“Media forum” saytına açıqlamasında jurnalistin atası Emin Fətullayev bildirib ki, proses başlayan kimi vəkil İsaxan Aşurov müttəhim jurnalistin məhkəməyə qandalla gətirilməməsi, məhkəmə iclası zamanı dəmir barmaqlıq arxasında oturmaması üçün vəsatət qaldırıb. Hakim İsmayıl Xəlilov vəsatəti təmin edərək konvoy rəisinə jurnalistin əllərindən qandalın açılmasına və Eynullanın vəkilin yanında əyləşməsinə şərait yaradılmasına göstəriş verib.

Konvoy rəisi göstərişi yerinə yetirməkdən imtina edib. Nəticədə onunla hakim arasında mübahisə yaranıb. Bərk əsəbiləşən hakim iclasda qısa fasilə elan edərək zaldan çıxıb və bildirib ki, o, qayıdanadək göstərişinə əməl olunmalıdır. Hakim zala qayıdana qədər onun göstərişi yerinə yetirilib.


Prokuror ittiham aktını elan etdikdən sonra jurnalistin ifadəsi dinlənib. Eynulla Fətullayev ittihamları qəbul etməyib.


Daha sonra cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsinin rəisi Kərim Şirinov dindirilib.

Proses aprelin 28-də davam edəcək.


Eynulla Fətullayev 2007-ci il aprelin 20-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Jurnalist 2005-ci ildə qələmə aldığı “Qarabağ gündəliyi” adlı silsilə yazılarında xocalıları təhqir etməkdə günahlandırılıb və ona 2 il 6 ay həbs cəzası verilib.

Tutulandan bir ay sonra Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevin rəhbərlik etdiyi KİV-də getmiş məlumatlarla əlaqədar cinayət işi başlanıb. Söhbət “Realnı Azerbaydjan” qəzetində yerləşdirilən, ABŞ-ın İrana hərbi təcavüzü ilə bağlı ehtimalların səsləndirildiyi məlumatlardan gedir. Bu məlumatların Azərbaycanda işləyən xarici ölkə vətəndaşları və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunub. MTN-in təcridxanasına köçürülən jurnalistə Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.

2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə E.Fətullayevə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası kəsib.

2009-cu il dekabrın 29-da saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsində jurnalistin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb. Ona Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) iş açılıb. E.Fətullayev Bakı İstintaq Təcridxanasına köçürülüb.

"Media Forum"

Əvvəlki məqalələr

Sonrakı məqalələr