TURAL ABBASLIYA 10 SUTKA HƏBS VERİLİB
2010-04-30 - 10:52:00
Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Yaşar Əliyev “Media forum” saytına açıqlamasında Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslının harada olması haqqında məlumat verib.
Yaşar Əliyev bildirib ki, Tural Abbaslı ictimai qaydanı pozduğuna və polisin qanuni tələbini yerinə yetirmədiyinə görə 10 sutka müddətinə həbs olunub. General-mayor onu da deyib ki, təşkilat sədrini Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları saxlayıblar: “Hazırda Tural Abbaslı müvəqqəti saxlanma yerlərindən birindədir”.
Tural Abbaslının mülki geyimli şəxslərin oğurlaması barədə mediada gedən xəbərləri təkzib edən Yaşar Əliyev Müsavat Partiyası Gənclər Təşkilatı sədrinin haqlı, qanuni həbs olunduğunu vurğulayıb.
Tural Abbaslı aprelin 29-da saxlanılıb. Hadisənin şahidi olan qohumu deyib ki, Turalı paytaxtın Nəsimi rayonu ərazisində, səhər saat 11 radələrində evdən çıxarkən mülki geyimli şəxslər tutub. Onlar Turalı zorla maşına mindirilərək aparıblar.
Aprelin 29-da polis rəsmiləri bildiridilər ki, onlarda Tural Abbaslı adlı şəxsin tutlduğu barədə məlumat yoxdur.
Gümanlara görə, Turalı aprelin 30-da gənclərin keçirməyə hazırlaşdığı aksiyaya görə saxlayıblar. Söhbət Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) bir il əvvəl baş vermiş terrorun qurbanlarının xatirəsini yad etmək üçün gənclərin keçirmək qərarına gəldiyi aksiyadan gedir. Ölkənin bir sıra gənclər qurumu, o cümlədən Müsavatın Gənclər Təşkilatı aprelin 30-u saat 13.00-da “28 May” metrostansiyasının qarşısından ADNA-nın 2-ci korpusunun qarşısınadək dinc yürüş keçirəcəklərini bəyan ediblər.
«Media forum»
GƏNCLƏR ŞÜAR SƏSLƏNDİRİR, HİMN OXUYUR və 28 MAY KÜÇƏSİ İLƏ YÜRÜŞ KEÇİRİRLƏR
2010-04-30 - 14:15:00
“Media forum” saytı xəbər verir ki, paytaxtın Cəfər Cabbarlı meydanından Azərbaycan Dövlət Neft Akademiyasının binasına doğru yürüş etməyə cəhd göstərən, ancaq buna nail olmayan gənclərin bir hissəsi Səməd Vurğun bağında toplaşıb.
Onlar “Terrora yox!”, “30 aprel anılsın!” şüarlarını səsləndirməyə, Azərbaycanın dövlət himnini oxumağa və 28 May küçəsi ilə (metronun “Sahil” stansiyası istiqamətində) yürüşə çıxmağa başlayıblar. Polis gənclərin 28 May küçəsindən yuxarı, Dövlət Neft Akademiyasının binasına tərəf dönməsinə imkan vermir.
Azərbaycan Dövlət Neft Akademiyasının binası önünə düzmək istədikləri qərənfillərin bəzisini gənclər təmirə dayanan “Bakı” mehmanxanasının önünə qoyublar.
Polis Dövlət Neft Akademiyasına gedən bütün yolları bağlayıb.
«Media forum»
NEFT AKADEMİYASI ƏTRAFINDA GƏNCLƏRLƏ POLİS ARASINDA GƏRGİNLİK YAŞANIR
“Media forum” saytı xəbər verir ki, aprelin 30-u səhər tezdən polis qüvvələri Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci tədris binasını tam nəzarətə götürüb. Məqsəd gənclərin burda keçirmək istədiyi anım mərasiminin qarşısını almaqdır.
Məlum olduğu kimi, ölkənin bəzi gənclər qurumu, müstəqil gənclər 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terrorun ildönümünü yad edəcəklərini açıqlayıblar. 30 Aprel Terror Qurbanlarını Anım Komitəsi aprelin 29-da bəyan edib ki, gənclər aprelin 30-da metronun “28 May” stansiyasının qarşısında toplaşacaqlar və Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci tədris binasının qarşısınadək dinc yürüş keçirəcəklər. Gənclər bildiriblər ki, onlar anım mərasiminin siyasiləşdirilməsinin əleyhinədirlər,
ona görə də mərasimdə heç bir şüar, plakat olmayacaq.
“Media forum”un məlumatına görə, 2010-cu il aprelin 30-u səhər saatlarından Azərbaycan Dövlət Neft Akademiyasının, başqa ali təhsil müəssisələrinin tələbələri əllərində gül, əklil akademiyanın 2-ci tədris binasına yaxınlaşmaq istəyir. Ancaq əksəri mülki geyimdə olan polis qüvvələri buna imkan vermir. Gənclər polislərə bildirirlər ki, onlar hər hansı etiraz aksiyası keçirmirlər, sadəcə olaraq vaxtilə terrorun baş verdiyi tədris binasının önünə gül dəstələri, əklillər qoymaq fikrindədirlər. Ancaq polis bu arqumentləri qəbul etmir, hətta polisin tələbi ilə yaxınlıqdakı bir sıra mağazaların da qapısı bağlanıb. Hazırda vəziyyət elə bu qaydada davam edir, gənclərlə polis arasında mübahisələr səngimir.
Xatırladaq ki, 2009-cu il aprelin 30-da “Makarov” tipli tapanca və külli miqdarda patronlarla silahlanmış Gürcüstan vətəndaşı Fərda Qədirov səhər saat 9:30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci tədris binasına daxil olub, birinci mərtəbədən 6-cı mərtəbəyədək qalxaraq qarşısına çıxanları güllələyib. 12 nəfəri öldürüb, 15 nəfəri yaralayan Fərda Qədirov daha sonra baş nahiyəsinə atəş açaraq özünə qəsd edib.
"Media Forum"


