Məlahət Ağacanqızı: YETİMLƏRİN DƏCƏL PREZİDENTİ VƏ ƏRKÖYÜN MƏMURLARI
Məlahət Ağacanqızı
Hər dəfə balacalara dəcəlliklərinə görə cəza verəndə nənələri etiraz edib, uşaq dəcəllik edər, dərd çəkməz ki, deyir. Etdiyi yaramazlığa görə kiçik oğlumu cəzalandırıb, bir xeyli danladım: sən dünyanın ən dəcəl uşağısan, nə qədər cəza versəm də xeyri yoxdur...O isə” Ən dəcəl mən deyiləm, Misir Mərdanovdu . Jurnalistlər, müəllimlər, valideynlər ən çox onu danlayır, o isə yenə istədiyini edir” deyəndə məni gülmək tutdu. Yaxşı ki ,balacalar böyükləri güldürməyi bacarır, yoxsa qəm-qüssə çəkməkdən çoxdan ürəyimiz
partlamışdı. Amma balaca düz demirdi, məncə ,ən dəcəl bala təhsil naziri deyil axı: dünyanın ən dəcəl balası Azərbaycan prezidentidir. Artıq baba olmasına baxmayaraq, o, yumurta döyüşdürməyi, xizək sürməyi, futbol oynamağı, özündən yaşca böyükləri incitməyi çox sevir. Elə ona görə də dəcəllərdən ibarət Nazirlər Kabineti yaradıb: millətin təpəsinə daş çırpmayan, evini üstünə uçurtmayan ,isti aşına soyuq su tökməyən və başqa yaramazlıqlar etməyən bir məmur yoxdur. Uşaq var ki, bir dəfə də olsun futbol oynamağa,
xizək sürməyə, yumurta döyüşdürməyə... vaxt tapmır: çörək pulu qazanmaq üçün maşın şüşələri silən, ayaqqabı təmizləyən, alüminium-mis satan, çəkisindən ağır yük daşıyan balacalar da yaşıdları kimi dəcəllik etmək, əylənmək istəyirlər .Faciə içində yaşayan, 5-6 yaşından ailəyə kömək etmək üçün uşaq dünyasını qurban verən balacalar məmləkətimizdə minlərlədir...
İnsanın içində zorla qalan uşaqlıq aləmi yaşlananda mütləq üzə çıxır. Bu əsasən yetimçiliklə, əzab-əziyyətlə böyüyən uşaqlarda olur. Şəxsən mən ailə vəziyyətimlə bağlı doyunca uşaqlıq illərimi yaşamamışam. Yaşıdlarım gəlinciklərlə, “klas-klas”, topla oynayanda mən xalı toxuyurdum, cəhrədə yun əyirirdim. Elə ona görə də arada uşaqlara qoşulub qaçdıtutdu, gizlənpaç ... oynayıram. “Bənövşə- bənövşə” oyununu çox sevsəm də uşaqlara qatılmıram. Balacaların bir-birinə yapışan toppuş əllərini qaça-qaça vurub açanda onların
“offf...” etmələrinə dözə bilmirəm. Gizlənpaç oynayanda isə kef edirəm: gizləndiyim yerdə bir-iki saat yatıram, sonra çıxıb “stuk” edirəm. Yoxsa başqa cür yatmağa imkan yoxdur...
Mən biləni hələ də başlarında uşaqlıq havası olan məmurlardan heç biri yetimçiliklə böyüməyib, xalı toxumayıb, cəhrə fırlatmayıb, quzu otarmayıb... Zamanında dəcəlliklərini doyunca edib əyləniblər. Bəs nədən hələ də ciddi, məsuliyyətli məmur ola bilmirlər? Görünür, məmurlar aləmində dəcəllik üçün yaşın fərqi yoxdur. Nazir-bəstəkar Kəmaləddin Heydərov “Dəcəllik yaşa baxmaz” adlı bir mahnı düzüb qoşsaydı əla olardı. Fəxriyyə Xələfovaya isə dəcəl məmurlar üçün “İŞ”lərinə uyğun uniforma sifariş vermək lazımdır. Məsələn, mer üçün üstündə kötük, balta, xarabalıq, təhsil naziri üçün “2 ”, ”0” meyvə-tərəvəz... şəkilləri olan forma tikmək lazımdır. Yoxsa , ərköyün balalar ütülü, bahalı, tünd rəngli kostyumlarda əziyyət çəkirlər. Elə paltarlarda “dəcəllik” etmək rahat deyil. Rəngbərəng, idman stilində olan geyimlər daha əyləndirici və fərqləndiricidir :nə qədər istəyirsən tullan, özünü yerə sürt, çarpayının altında gizlən, şkafın təpəsinə çıx, oğurluq et, baş yar, ədəbsiz danış ,ev yıx, xoşuna gəlməyənləri yatdığı yerdə döşəyə tik, əllərinə qandal vur, başına torba keçirt ...uğurlu alınacaq. “Dəcəl balalar” MİLLƏTlə ən çox qaçdıtutdu və gizlənpaç oynayırlar. Ərköyün balaların ən çox sevdikləri oyunlardan biri də gözbağlaycıdı. Gözlərini bağlayıb “tutdum!” qışqıranda sanki adam deyil, qanadlarını qırmaq üçün kəpənək tuturlar...
Bizim evin qapısı ilə küçə qapısı arasında məsafə hardasa 15 m olar. Hər dəfə qapı döyüləndə ,hamı evin balacasının üzünə baxır. O da bir müddət “vəzifəsini” qaça-qaça, sakitcə yerinə yetirirdi. Novruz bayramında hamı evdə oturub 9 gün qoz-fındıq yeyib istirahət etdi, o isə gücləndirici iş rejiminə keçmişdi .Bu səhər isə qapı döyüləndə, o, hamının üzünə baxıb sakitcə dedi :” Mən daha qapı açan deyiləm, balaca eşşək olmaqdan bezdim...”
P.S. Maraqlıdır, BİZ-lər nə vaxt böyük eşşək olmaqdan bezdiyimizi dilə gətirəcəyik?!
Natiq Güləhmədoğlu: Pul və azadlıq
20 yanvar faciəsi ilə bağlı dönüb-dönüb təkrarlanan, hakimiyyət tərəfdarlarının ağzında saqqız olan fikir var: Azərbaycan xalqı o vaxt blokada vəziyyətində idi, bu blokadanı Heydər Əliyevin Azərbaycanın Moskva nümayəndəliyindəki çıxışı yardı.
H.Əliyevin çıxışı nəyi yarıb bilmirəm, o çıxış zərrə qədər də olsa, Azərbaycan xalqının mübarizəsinə, mətanətinə xeyir veribsə, vallah, eşq olsun. Amma gözə kül üfürməsinlər… Ağa durur, Ağacan durur.
Yanvar faciəsində təklənmiş, boğulan azərbaycanlılara oksigen balışı “Azadlıq” radiosu idi, Mirzə Xəzər idi. O “Azadlıq” ki, mərhum Əliyevin oğlu onun FM dalğada yayımına ötən yanvardan qadağa qoyub. “Azadlıq” radiosunu haram buyurub. Səbəb 20 il əvvəlkindən heç də fərqlənmir. Azərbaycanı o vaxtkı kimi indi də dəmir pərdələr arxasında saxlamaq istəyirlər. Mənasız və uğursuzluğu “2 + 2 = 4 kimi aydın olan bu işə hakimiyyət enerji, pul xərcləməkdən özünü saxlaya bilmir. Dünya sərhədləri yox etmək mərhələsinə girdiyi
bir ərəfədə Rüstəm Zalın özü belə dirilib gəlsə, Azərbaycanı dünyadan təcrid etmək bir nakam arzu kimi Ilham Əliyevin ürəyində qalacaqdır. Azadlıqsa əbədidir – dırnaqlı, dırnaqsız.
Pul və uşaq
Ilham Əliyevin iştirakı ilə 2009-cu ilin yekunlarına həsr edilən iclası televiziyada izlədim, səhəri gün diqqətlə onun çıxışını birbəbir qəzetdən oxudum. Böyük bir mətndə təsəvvür edin ki, bircə demokratiya sözü yox… Bir dənə də olsun insan haqları ilə bağlı fikir, söz yox. Elə hey pul, pul, pul.
Onun çıxışından belə anlaşılır ki, Azərbaycanın pulu aşıb-daşır. Təki belə olsun. Amma bu çıxışlarla əlahəzrət kimə və nə mesaj ötürür? Bakıdan 10 kilometr kənara ayaq qoymaq kifayət edir ki, insanların zəlil gündə yaşadığına, kəndlərin, rayonların viranə qaldığına şahidlik edəsən. Pul olmayanda bu miskin mənzərəyə rahat izah tapmaq olur, amma sən pulumuz var, özü də lap çox deyirsənsə, vətəndaşların amansız sualları qarşısında tab gətirə bilməzsən.
Rayon, kənd yollarının bərbadlığı, ordakı məktəblərin, mədəniyyət, təhsil və səhiyyə müəssisələrinin uçub tökülməsi böyük suallar yaradır. Pul varsa təqaüdlər, əmək haqları niyə bu qədər aşağıdır?
Pulumuz çoxdursa, bəs o kimdədir, hardadır, niyə aşağılara ondan pay düşmür? Pul varsa, niyə onu qazana bilmirik?
Pul isə həqiqətən var: Ilham Əliyevin və onun yaxın çevrəsinin cibində. Bu pul təkcə xərclənmək üçün yox, həm də xalqa yanıq vermək üçündür.
Ilham Əliyevin ən böyük yanlışı onun hələ də pulun istənilən dəyərdən böyük olmasına inanmasıdır. Bu çox zərərli xasiyyətdir. Insanlar kimi dövlətlərin də hörməti, nüfuzu onların büdcəsindəki kapitala görə ölçülmür. Çox kasıb, məsələn, Gürcüstan kimi də olub dünyanı özünə valeh etdirmək mümkündür. Pul olsun, buna qarşı heç kim durmur, amma ədalət də olsun, azadlıq da. Həm də pul hər kəsdə olsun, daha doğrusu, onu halal yolla qazanmaq bacarığında olan hər kəsdə. Belədə “gördüm ki, qaz borcunuzu verə bilmirsiniz,
bağışladım” minnətinə də gərək qalmaz.
Əlahəzrətin çıxışının bir yeri antielmi olmaqla yanaşı çox komikdir. Məsələn o, ötən il Azərbaycanda daha çox uşaq doğulmasına işarə edərək deyir: “Vəziyyət yaxşılaşır, insanlar daha da yaxşı yaşamağa başlayırlar. Beləliklə demoqrafik artım bunun bilavasitə göstəricisidir”. Geniş izahata ehtiyac yoxdur, Ilham müəllim əhalinin rifahının artdığından onların törəmə qabiliyyətinin də yüksəldiyini söyləyir. Bizə isə iqtisadiyyat dərsində öyrədirdilər ki, inkişaf edən dövlətlərin bir çox əlamətlərindən biri də ailədə
uşaqların az doğulmasıdır. Ilham müəllimin fikirlərinə inansaq, onda 11 uşaq doğan qadının sonsuz sayıldığı Afrika ölkələri inkişafın pikini yaşayır…
"Azadlıq" qəzeti
Lalə Şövkət: “O tarixin qəhrəmanları Şəhidlər Xiyabanında uyuyanlardır”
20 Yanvar hadisələriylə bağlı hakimiyyətin apardığı əsas təbliğat ondan ibarətdir ki, o vaxt Azərbaycanı informasiya blokadasından Heydər Əliyev çıxarıb. Məhz H.Əliyev Moskvadakı məlum mətbuat konfransı ilə baş verən gerçəkləri dünya ictimaiyyətinə çatdırıb. Hazırda hakimiyyətin yürütdüyü təbliğat bunun üzərində qurulub və bu təbliğatın fonunda cərəyan edən hadisələrlə bağlı başqalarının rolu unudulub. Amma 20 Yanvar hadisələrdən 20 il keçəndən sonra ALP lideri Lalə Şövkət o zamankı olaylarla bağlı maraqlı faktın
üstünü açıb. Məlum olub ki, H.Əliyevin iştirak etdiyi həmin mətbuat konfransı Moskvada azərbacanlı ziyalıların 3 gün ərzində təşkil etdiyi 7 mətbuat konfransından biri olub. O dövrün hadisələrilə bağlı müəyyən detallara aydınlıq gətirmək və bu hadisələrə indiki hakimiyyətin yanaşmasına münasibət öyrənmək üçün L.Şövkətə müraciət etdik. Lalə xanımla söhbətdən aydın oldu ki, 20 Yanvar hadisələrilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyində keçirilən mətbuat konfransının təşəbbüskarı, hazırda təqdim olunduğu
kimi, H.Əliyev yox, bir qrup azərbaycanlı ziyalı olub:
“Bakıdan qadağa gəlmişdi ki, heç bir məlumat verilməsin”
- 20 Yanvar faciəsi 1990-cı ildə minlərlə azərbaycanlını Moskvadakı nümayəndəliyin qarşısına yığışmışdı. Bizim o zaman yeganə istinad yerimiz Moskvadakı nümayəndəliyimiz idi. O zaman Moskvada yaşayan heç bir azərbaycanlı buna biganə qala bilməzdi. Hamı çaşqınlıq içərisində idi. O zaman mən Moskvadakı ziyalılarla əlaqə saxlayırdım. Həmin vaxt Moskvadakı daimi nümayəndəmiz Zöhrab İbrahimov idi. Onun müavini isə Vaqif Verdiyev idi. Yanvarın 20-si səhər nümayəndəliyə gəldim. Ondan qabaq bütün ziyalılarla zəngləşib, nümayəndəliyin qarşısında toplaşdıq. Artıq bu zaman nümayəndəliyin qarşısında bir neçə xarici telekanalların nümayəndəsi var idi. Onlar məlumat gözləyirdilər. Zöhrab bəyə dedik ki, Azərbaycanda faciə baş verib, mütləq mətbuat konfransı keçirib bunu dünyaya çatdırmalıyıq. Onlar istəyərdilər ki, buna imkan versinlər. Amma Bakıdan belə bir qadağa gəlmişdi ki, hələlik heç bir məlumat verilməsin. O zaman birinci olaraq mən CNN telekanalına saat 10.30-da müsahibə verdim.
Ziyalılar Alla Axundova, Fəridə Xəlilova, Tamilla Mahmudova, professorlar – Səid Əmir oğlu Ələsgərov, Əli Cahangirov, Tofiq Qandilov, Zahid Orucov, Tofiq Məlikov, rejissor Əjdər İbrahimov, Tamerlan Bədəlov, hüquqşünas Ələsgər Tağıyev və digərləri. Bizdən başqa Moskvada Azərbaycan diasporunun bir neçə təşkilatı var idi – Ocaq, Ümid, Xalq Cəbhəsinin nümayəndələri və digərləri. Cavanlarımızdan Cəfər, Fəxrəddin Maqsudov, Rza İbadov və başqaları. Bəzilərin adları yadımdan çıxıbsa mən onlardan üzr istəyirəm. Hər halda biz hamımız bu məsələdə birgə yığılıb Zöhrab müəllimin kabinetinə toplaşmışdıq. Zöhrab müəllim başa düşdü ki, böyük faciə baş verib, imkan yaratdı, onun yanında yığışıb baş verənləri müzakirə edək. Bu zaman belə qənaətə gəldik ki, tez bir zamanda mətbuat konfransı keçirək. Və biz yanvarın 20-də iki mətbuat konfransı keçirdik. O zaman mən təşəbbüslə çıxış etdim ki, mətbuat konfransını məhz indi keçirmək lazımdır. Amma bu kiçik bir məsələdir və bunun üzərində dayanmağın yeri yoxdur. Bu gün ayıbdır demək ki, mən o zaman bir sıra işlər görmüşəm. Burada kiminsə hansısa işi gördüyünü vurğulaması olduqca bəsit söhbətdir. Orada minlərlə insan var idi, və hamısı Azərbaycan üçün yanırdılar və iş görürdülər. Hətta bizim qoca qadınlarımız tələsik əllə bayrağımızı tikirdilər. Amma, burada heç kimin məxsusi rolu ola bilməzdi. Ən böyük işi görənlər Şəhidlər Xiyabanında uyuyanlardır.
“Dedi ki, gəlmişəm xalqa başsağlığı verəm”
- Lalə xanım, amma bu neçə ildə həmin olaylar zamanı Moskvada cərəyan edənlər başqa cür təqdim olunur. Bizim məqsədimiz bir növ baş verənlərə aydınlıq gətirməkdir. Bilmək istərdik ki, sonrakı mətbuat konfransları harada oldu, Heydər Əliyev onlara da qatıldımı?
- Bütün mətbuat konfransları nümayəndəlikdə keçirildi. O mətbuat konfranslarının ikisində 23-də və 24-də heç mən də olmamışam, onları ziyalılarımız özləri keçirib. Biz o vaxt, Tofiq Qandilov və Alla Axundova ilə birlikdə dünya ictimaiyyətə müraciət və Bakıda baş verənlərlə bağlı bəyanat tərtib etdik. Bunu biz bütün Azərbaycan diasporu adından etmişdik. Və belə bir qənaətə gəldik ki, bunu birbaşa özümüz Amerika və bütün Qərb ölkələrinin səfirliklərinə çatdıraq. 23-ü və 24-ü biz səfirliklərdə görüşlərlə məşğul
idik. Qeyd etmək lazımdır ki, həm səfirliklərdə, həm xarici mətbuatda baş verənlərlə bağlı çox ziddiyyətli, bizim xeyrimizə olmayan münasibət var idi, və bu yanvarın 13-də Bakıda ermənilərin qətliylə bağlı idi. Ona görə bu məsələyə aydınlıq gətirmək üçün bizim xarici ölkələr və mətbuatın nümayəndələri ilə bilavasitə görüşümüz çox zəruri idi. Hətta bir iki aydan sonra BBC kanalının rus bölməsinin jurnalisti Maşa Slonim o zaman hadisələrlə bağlı Xalq Cəbhəsi haqqında bir film də çəkmək arzusunda idi. O zaman həmin
film üçün mərhum Dilarə xanım Əliyeva ilə müsahibə mənim evimdə çəkilmişdi. O zaman Moskvada baş verən olaylarla bağlı gerçəkliklər Azərbaycan televiziyasının “Dalğa” verilişində məndən götürülən müsahibə zamanı tam əksini tapıb. Xatırlatmaq istəyirəm ki, Youtube.com-da bununla maraqlananlar o verilişə baxa bilərlər. O zamanın qəzetlərində də indi dediklərim çap olunmuşdu. Eyni zamanda Bakıdan Elmira Əmrahqızı gələrək məndən müsahibələr götürmüşdü. Yəni hazırda mənim söylədiklərim yeni bir şey deyil.
Heydər bəylə bağlı onu demək istəyirəm ki, yanvarın 21-də Zöhrab bəyin kabinetində ziyalıların növbəti toplantısı keçirilirdi. Və bu məqam Heydər Əliyev kabinetə girdi. Bu bizim hamımız üçün gözlənilməzdi. Açığı deyim mən Heydər bəyi o saat tanımadım. O, zahirən həddindən artıq dəyişmişdi. Çox qəhərlənmişdi. Bildirdi ki, gəlmişəm Azərbaycan xalqına başsağlığı verim. Sonradan Heydər bəy özü öz müsahibələrində bunun haqqında demişdir ki, o Zöhrəb bəylə əlaqə saxlayıb nümayəndəliyə gəlib öz başsağlığını vermək istəyirdi.
O məqamda da bizim mətbuat konfransımız keçirilməli idi. Heydər bəy bu mətbuat konfransı barədə məlumatlı idi. Nümayəndəliyə qızı, oğlu və kürəkəni ilə birlikdə gəlmişdi. Həmin hadisələrlə bağlı çəkilən yeganə videonu da Heydər bəylə gəlmiş tanınmış telejurnalist Andrey Karaulov lentə almışdı. O zaman Heydər Əliyev həqiqətən də cəsarətli bir çıxış etdi və baş verənlərə siyasi qiymət verdi. Hər şeyi dəqiqliklə, olduğu kimi deməliyik. Bəli, o çıxış onun statusuna görə çox cəsarətli idi. Amma bu gün çıxıb televiziyada
deyirlər ki, Heydər Əliyev çıxışında Qorbaçova it dedi, və bu böyük cəsarət idi. Yada salmaq istəyirəm ki, təhqir cəsarətin göstəricisi deyil. Bu mədəniyyət və tərbiyə ilə bağlı olan məsələdir. Və Heydər Əliyev öz çıxışında belə bir söz işlətməyib. Necə var onu da demək lazımdır. Bu təhrifdir. Hətta orada Heydər Əliyevə qarşı bir neçə tənqidi çıxışlar da oldu, mən də onları neqativ qarşıladım, çünki yeri deyildi. Bu mətbuat konfransını tam izləmək istəyənlər Youtube.com-a müraciət edə bilərlər. Heydər Əliyevlə
mən orda tanış oldum. Mənim xarici jurnalistlərlə ünsiyyətim var idi və bəzi jurnalistlər istədilər ki, Heydər Əliyevdən müsahibə götürsünlər. Mən Heydər Əliyevə dedim, o da harada müsahibə verə biləcəyini soruşdu. Qərara aldıq ki, müsahibə ayın 23-də nümayəndəlikdə ayrılan otaqda verilsin. Bu gün mən o günləri bütün təfərrüatı ilə təsvir etsəm bir kitab lazım olacaq, müsahibə yox.
Yenə deyirəm, burada Heydər Əliyevin, Lalə Şövkətin və digərlərin rolu çox kiçikdir. Hamımız bunu etməli idik. Əsas rolu Xiyabanda uyuyanlar oynayıb. O tarixin qəhrəmanları onlardır. Bilirsiniz, Moskvada bu olaylar baş verəndə nümayəndəliyə bir cavan oğlan gəlmişdi. O əlindəki benzinlə özünü yandırmaq istəyirdi. Mən ona iki saat yalvarmışam ki, bunu etməsin. O, deyirdi ki, bu hadisələrə etiraz əlaməti olaraq özünü öldürmək istəyir. Ona görə də bu gün kiminsə rolundan danışanda və özüm haqqında danışanda çox xəcalət
çəkirəm. Amma, bu qədər yalan da olmaz.
“Hər şeyi olduğu kimi demək lazımdır”
- Neçə illərdir təbliğat onun üzərində qurulub ki, 20 Yanvar hadisələri zamanı Azərbaycanda informasiya blokadasını məhz Heydər Əliyev yarıb. Amma bəllidir ki, baş verənlərin dünyaya çatdırılmasında “Azadlıq” radiosunun müstəsna rolu var. Eyni zamanda o zaman Etibar Məmmədov da Moskvaya gedib mətbuat konfransı keçirdi və orada da həbs olundu. Bu baxımdan hazırda başqalarının haqqının danılmasını necə qiymətləndirirsiniz?
- Bəli, o zaman informasiya blokadasının yarılmasında müstəsna rolu “Azadlıq” radiosu, xüsusən də Mirzə Xəzər oynayıb. O zaman biz hamımız Mirzə Xəzərə qulaq asırdıq. Məhz Mirzə Xəzər baş verənləri bütün dünyaya car çəkdi. Heydər Əliyevin çıxışının da böyük rolu olub. Çünki biri var, baş verənlərdən ziyalılar danışsın, bir də var, buna böyük siyasi təcrübəyə malik, sovet rəhbərlərindən biri olan Heydər Əliyev siyasi qiymət versin. Bu çox önəmlidir. Hər şeyi olduğu kimi demək lazımdır.
Etibar bəy Moskvada mətbuat konfransı keçirəndə isə mən orada yox idim. Bir neçə gün işə getmədiyimdən məni təcili olaraq işə çağırmışdılar. Bizim ziyalılarımız Etibar bəyin həbs olunmaması üçün Moskvadan çıxmasına kömək etməyə çalışmışdılar. Amma Etibar bəy bəlkə də doğru olaraq bununla razılaşmamışdı, özünü qaçaq insan kimi qələmə vermək istəməmişdi. Bu gün Etibar bəylə bizim mövqelərimizin fərqli olmağına baxmayaraq mən yenə də həqiqətə istinadən demək istəyirəm ki, o vaxt Etibar bəyə bir qəhrəman kimi baxırdılar.
- O vaxt baş verənlərin dünyaya çatdırılmasında mühüm xidməti olanlardan danışdıq. Hazırda 20 ildən sonra o zamankı xidmətlərinə görə onları hansısa formada mükafatlandırıb təltif etmək düzgün olmazdımı?
- Bu, mütləq olmalıdır. İnsanlara sağlığında qiymət vermək lazımdır. Axı Mirzə Xəzərin səsi olmasaydı bu qanlı yanvar olaylarını heç kim bilməyəcəkdi. Onun rolu əvəzsizdir. Bundan başqa mərhum Elmira Əmrahqızının da xidmətlərini unutmaq lazım deyil. Onun reportajları yaddan çıxmamalıdır. Hadisələr necə olub, elə də deyilməlidir. Tarix hər şeyi onsuz da yerinə qoyacaq…
- Amma hal-hazırda o zaman Azərbaycanın səsini dünyaya yayan “Azadlıq” radiosunun milli tezliklərdə yayımı dayandırılıb…
- Bəli, reallıq belədir. Hamı öz mənafeyindən çıxış edir, o zaman böyük rol oynamış insanlara qiymət vermək istəmir. O zaman Mirzə Xəzər, “Azadlıq” radiosu Heydər Əliyevin sözlərinin Azərbaycana çatdırmaqda da böyük rol oynayıb. Heydər bəyin tərəfdarları unutmasınlar ki, onun müsahibəsini böyük fasilədən sonra Azərbaycana və dünyaya məhz Mirzə Xəzər “Azadlıq” radiosunun vasitəsi ilə çatdırmışdı. Mən Heydər Əliyevin siyasətinə qarşı müxalifətdə olan insanam, amma həqiqətləri necə var, elə çatdırmaq lazımdır. Heydər
Əliyev o zaman üçün cəsarətli çıxış etmişdir. Ondan sonra ona təzyiqlər artdı. O zaman Heydər Əliyevin üzləşdiyi informasiya blokadasından məhz Mirzə Xəzər, “Azadlıq” radiosu çıxarıb onun səsini dünyaya çatdırdı. “Azadlıq” radiosunu yenidən milli tezliyə qaytarmaq bizim borcumuzdur. Bu, həmin “Azadlıq” radiosudur ki, Azərbaycanı beynəlxalq blokadadan çıxarıb. “Azadlıq” radiosunun Azərbaycan dinləyiciləri üçün qapadılmağı ən böyük ədalətsizlikdir. Həm də o tarixi xidmətlərinə görə “Azadlıq”ın fəaliyyəti bərpa
olunmalıdır. Bunu Azərbaycan hakimiyyəti etməliydi. Mən bunu gözləyirdim. Amma yenə də onlardan səs çıxmadı.
Xəyal Şahinoğlu ("Azadlıq" qəzeti 21 yanvar 2010)

