Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: Oğlum Bayqurdun Prezidentə məktubu

Mirzə Xəzər 28 Sen 2010

no comments

melahat2_839978572

Məlahət Ağacanqızı



Heç kəsə sirr deyil ki, hər gün İlham Əliyevə Azərbaycan vətəndaşları tərəfindən minlərlə məktub yazılır. Elektron poçtla məktub yollamaq ucuz başa gəlsə də, camaat interneti ya bəyənmir, ya da etibar etmir. Adamlar çörək pulu tapmasa da, prezidentə “uvedomlenie” ilə məktub yollamaqdan qürur duyurlar. Axı zərflə məktub yollamaq daha ləzzətlidir: el-aləm bilir ki, az-çox qeyrətin qalıb, ölməmisən, prezidentə məktub yazıb “üsyan” edirsən. Son vaxtlar Rabitə Nazirliyi dövlət başçısına yazılan şikayət məktubları hesabına kef edir: uşaqdan tutmuş böyüyə kimi, savadlı da, savadsız da “El Atası”na içi dərd dolu, bir manata başa gələn məktublar yazır və ümidlə cavab gözləyir. Elə bil fırıldaq “Taleh Açarı” lotereya biletini alıb bəxtlərini sınayırlar. Məktublara isə cavab gəlmir. Sanki məktublar ölkə daxilində olan məşhur ÜNVANa yox, xəstə göyərçinlə Afrika cəngəlliklərinə göndərilir...

Bu günlərdə, oğlum Bayqurd prezidentə məktub yazdığını mənə deyəndə təəccüblənmədim. Məlumat üçün deyim ki, Bayqurdun on bir yaşı var, altıncı sinifdə oxuyur. Şeirlər yazır. Maraqlı şeirlərindən, söhbətlərindən dostlara da yazıram. Dostlar ara-sıra köşə yazılarında Bayqurdun söhbətlərindən sitatlar da veriblər. Oğlumun fikir cəsarətinə yaxından bələd olan dostlardan biri Bayqurdun söhbətlərindən uşaqlar üçün kitab hazırlamağımı da məsləhət görmüşdü. Yəqin ki, kitabın ilk səhifəsi prezidentə yazdığı məktubla başlayacaq. Bəzi düzəliş, əlavə və ixtisarlarla məktubu “Azadlıq” qəzetinin dəyərli oxucularına təqdim edirəm, bəlkə bir ağıllı cavab yazan tapıldı. : “Cənab Prezident! Bilirəm ki, böyüklərə “Siz”lə müraciət olunmalıdır. Amma mən evimizin Atasına “Sən”lə məktublar yazıramsa, ölkəmizin Atasına da “Sən”lə müraciət etməyim tərbiyəsizlik sayılmaz. Türkiyədə işləyən atam mənə tez-tez məktublar yazır, telefonla danışır, amma bütün bunlar mənə ata qayğısını, sevgisini əvəz etmir. İstəyirəm atam həmişə yanımda olsun, mənə maşın sürməyi öyrətsin, bərabər futbola baxaq. Mən atama yazanda ki, ”ata, niyə Azərbaycana gəlmirsən ?”, o, həmişə eyni cavabı yazır: ”Nə qədər ki, yırtıcı Əliyevlər hakimiyyətdədir, mən ora gələn deyiləm, 1-2 ilə səni də aparacağam. Oğlum unutma, mən sənin gələcək xoşbəxtliyin üçün ölkəni tərk etmişəm...” Cənab Prezident! Sən uşaqların gələcək xoşbəxtliyi naminə ölkəni tərk edə bilərsənmi?
Mən heç vaxt ölkəmizdən getmək istəmirəm. Düzdür, Türkiyə gözəl, azad ölkədir, orada uşaqlar yelləncəklərdə pulsuz əylənir. Amma mən Azərbaycanı-Vətənimi daha çox sevirəm. Burda mənim çoxlu dostlarım var, mən onlarsız yaşaya bilmərəm. Dostlarımın çoxunun atası işsizlikdən uzaqlara gediblər. Lap atamdan da uzaqlara. Onlar heç uşaqlarına məktub da göndərə bilmirlər. Ayda bir dəfə pul göndərirlər. Dostlarım atalarının onlara pul yolladığını biləndə sevinclərindən hoppanıb düşürlər. Pula görə yox, atalarının sağ olduğunu bildiklərinə görə. Anaları onlara deyir ki, ”bütün bu acılarınızın başında prezident durur. Allah zalımlara lənət eləsin!”

Cənab Prezident! Ətrafına yığışanların qabağında yalandan baş əydiyini, səni candərdi yola verdiklərini məndən balacalar da başa düşür. Mən dostlarımla, adətən özü ,ya da atası cığal olan uşaqları oyun zamanı elə yola veririk. Sən çoxmu cığalsan?


Sinfimizdə Sənin yekə, bəzəkli çərçivəyə salınan portretin var. Müəllimimiz uşaqlara deyir ki, ”portretə fikir verməyin, onu sevgidən asmamışam, yuxarıdan yoxlama gələndə göstərmək üçündür. Mən prezidenti sevmirəm!” Belə anlamaq olur ki, iş otaqlarından portretini asanların heç biri Səni sevmir?


Cənab Prezident! Sənin dünyanın hər yerində evin olduğunu deyirlər və Sən dünyanın hər yerində yaşaya bilərsən. Odur ki, balacaların xətrinə, yaxşı olar ki, uzaqlara, çox uzaqlara gedəsən .Amma ölkəni tərk etməmişdən əvvəl bizim məhəlləyə gəlməyini istəyirəm: noyabrda keçiriləcək seçkilərdən yəqin ki, xəbərin var. Seçki günü məhəlləmizin qəşəng görünməsi üçün məntəqə yaxınlığında balaca bir hovuz tikirlər. Dostlarımla arada ustalara kömək edirik, onlar da söz verib ki, isti günlərdə hovuzda çimə bilərik. Analarımızın bizə məktəb üçün verilən xərcliyi bir yerə toplayıb on metr qırmızı lent almışıq. Mənim də, dostlarımın da bir arzusu var: hovuzun qırmızı lentini Sən kəsəsən. Maraqlıdır, onda Səni çox sevdiyim “Rekordlar kitabı” verilişində, ən balaca hovuzun qırmızı lentini kəsən ilk prezident kimi göstərərlər?. .”


Əvvəlki məqalə: Məlahət Ağacanqızı: Ümummilli Duş Restoran

Sonrakı məqalə: Məlahət Ağacanqızı: “Halvaçı”ların başı altındakı qanlı QIZIL baltalar...

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5190

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin