Məlahət Ağacanqızı: Ümummilli Duş Restoran
Məlahət Ağacanqızı:
Əsəb xəstəliyindən əziyyət çəkən bir tanışıma əcnəbi psixiatr Azərbaycanda çox defisit tapılan dərman “yazıb”: həkim xəstəyə hər gün yatmamışdan əvvəl çimməyi və beş dəqiqə soyuq duşun altında dayanmağı məsləhət görüb. Əcnəbi həkim qürurla xəstənin gözlərinin içinə baxıb və deyib: ”Sevinin ki, çox ucuz və ziyansız üsul ilə müalicə oluna bilərsiz ”. Ay- hay! Bakıda bayılanı ayıltmaq üçün bir ovuc soyuq su tapılmır, həkim də xəstəyə soyuq duş müalicəsi yazdığına görə fəxr edir. Əcnəbi həkim bilsəydi ki, Azərbaycanda beş dəqiqə isti- soyuq duş qəbul etmək ən bahalı “dərman” sayılır məsləhət gördüyü müalicədən xəcalət çəkərdi. Ölkəmizdə əsəb xəstəliyinə tutulanların, dəli olanların, intihar edənlərin sayının sürətlə artmasına səbəb SUSUZLUQdur. Hər dəfə övladlarıma uşaqlıqda ən çox sevdiyim “su oyunları” ndan danışanda sehrli nağıl kimi dinləyirlər: isti yay günlərində məhəllə uşaqları ilə şlanqla bir-birini islatmaq çox əyləncəli idi. Bədənimizə dəyən soyuq suyun təsirindən xoşbəxtcəsinə elə qışqırırdıq ki, sanki uçmağa hazırlaşırdıq. İndi isə uşaqları mağaralarda yaşayan ulu əcdadlarımız kimi ləyəndə çimdirir, başına qaşıq ilə su tökür, duşdan su gəlməsi üçün hamamda şam yandırıb dua edirik, krandan bir saat su gələndə ailə dövrə vurub yallı gedir. Ah, beş dəqiqəlik soyuq duş, sən necə də əlçatmazsan!
Deputat Musa Quliyev Azərbaycanda ildə 5 min adamın psixi xəstəliyə tutulduğunu qeyd edir, amma onlardan neçəsinin Milli Məclisdə sığınacaq tapdığını gizlədir. Ölkəmizdə ruhi-əsəb və yeyib-içmək xəstəliyinə tutulanların sayının sürətlə artmasını nəzərə alıb, yaxşı olar ki, tezliklə Bakı şəhərinin mərkəzində musiqili, fırlanan Ümummilli Duş Restoran tikilsin. Prezidentin belə maraqlı, fantastik, analoqu olmayan, milyonları havaya sovuran tikinti işlərindən xoşu gəlir, hər dəfə
oyuncaq əyləncə obyektlərinin qırmızı lentini kəsəndə kefi kökəlir. Onsuz da para qopartmaq üçün kimin ağlına nə gəlir cızma-qara edib prezidentə göstərir, o da super layihə kimi qəbul edir. Yəqin ki, Bayıldan Zığa çəkilməsi planlaşdırılan, uzunluğu 16 kilometr olan sualtı avtomobil yolunun ideya müəllifi də “dahilik” mükafatını alıb kef edir.
Orqanizmdə yığılıb qalan mənfi enerjini yox etmək, Bakının quru havasını nəmləndirmək, toz-torpağa bürünən küçələri təmizləmək və seçki stressi, həyəcanı keçirdiklərinə görə yeyib-içməkdən kəsilən məmurların əylənməsi üçün tezliklə Ümummilli Duş Restoran istifadəyə verilməlidir. Yoxsa ildə 5 min psixi xəstəsi olan ölkəni bəzəməyin, yeni parlament seçkisi keçirməyin heç bir xeyri yoxdur. Çünki əsəb pozğunluğu keçirən milyonlarla vətəndaş parıldayan bəzəkli binaları, cibləri şişən məmurları, işıq saçan süni
ağacları, divarlardan hırıldayan şəkilləri... kəllə vurmaqla, dişləməklə, cırmaqlamaqla bir günün içində darmadağın edə bilər. Qoy amerikalılar Azadlıq heykəli ilə, fransızlar Eyfel qülləsi ilə qürur duyduqları kimi, azərbaycanlılar da Ümummilli Duş Restoran ilə fəxr eləsin. Milyonçu, harın məmurlar Duş Restoranda oturub pal-paltarla çimişən, dəli etdikləri millətə yuxarıdan aşağı baxıb feyziyab olsunlar.
Qurani Kərimdə yazılıb: ”Xəstələndiyiniz, səfərdə olduğunuz zaman qüsl etmək, yaxud dəstəmaz almaq üçün su tapmasanız, pak torpaqla təyəmmüm edin, torpaqdan üzünüzə və əllərinizə sürtün”. Allahım, su tapılmır, pak torpaqlar da satılıb, bəs biz nə ilə təyəmmüm edək?! Bəlkə göydən başımıza daş-kəsək tökəsən? Axı daşla, kəsəklə də təyəmmüm etmək olar...
Əvvəlki məqalə: EYNULLA FƏTULLAYEV MİRŞAHİNƏ CAVAB YAZDI
Sonrakı məqalə: Məlahət Ağacanqızı: Oğlum Bayqurdun Prezidentə məktubu
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5189
