Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: Mübariz İbrahimov sağ qala bilərdi

Mirzə Xəzər 07 Avq 2010

no comments

melahat2_839978572

Məlahət Ağacanqızı

Vətənə hərbi xidmət borclarını başa vuran əsgərlər iyulun 1-dən başlayaraq evlərinə qayıtdılar. Təəssüf ki, qayıtmayanlar da oldu: hərbi xidmət zamanı şəhid olanların, intihar edənlərin, müəmmalı ölənlərin... ata-anası, qohum- əqrəbası hər “çağırış”, ”buraxılış” zamanı göz yaşı içində olacaq, onların göz yaşları heç vaxt qurumayacaq. Balaca oğlan uşaqları əsgərlikdən qayıdanların söhbətlərinə qulaq asmağa can atsalar da sonradan peşman olurlar. Sanki qarşılarında dayanan canlı skelet DİVlər diyarından qayıdıb və onlara qorxulu hadisələr danışır. Əsgərlərin söhbətlərinə qulaq asan analar balacalardan beşbetər qorxurlar. Hərə fikrində tez-tələsik oğlunun əsgərlik yaşına neçə il qalmasını hesablayır, hətta 2-3 yaşlı oğlan uşaqlarının valideynləri də həyəcanlanır. Çünki 18 yaşa qədər olan bütün oğlan uşaqları hakimiyyətin səhv siyasətinin qurbanlıq quzulardır. Ata-analar min bir zülmlə harınlar üçün qurbanlıq oğullar böyüdür. Azərbaycanda əsgərlik “lotereya oyunu”na çevrilib. Bu oyunda uduzanlar, ölənlər, xəstəliyə tutulanlar, şikəst olanlar kasıb-kusubun övladlarıdır. Əsgərlikdə baş verən eybəcərlikləri bilən ən kasıb valideyn də “cəhənnəmə, lap evimi sataram, amma uşağı əsgərlikdən saxlayaram” pıçıldamaqla rahatlanır. Ən böyük əxlaqsızlıq və cinayət, insanda Vətənə, torpağa, bayrağa olan sevgi hisslərini öldürməkdir. Bu hakimiyyət insanları ən müqəddəs hisslərdən məhrum etməyi qarşısına məqsəd qoyub. Elə olmasaydı, telekanallarda vətənpərvərlik verilişlərinə yer verilərdi, məktəblərdə vətənpərvərlik dərsləri keçirilərdi. Saxta ”atəşkəs” adı altında Vətənin seçmə, cəsur, igid övladları şəhid olur, ana-bacılar gözü yaşlı qalır, harınların başdanxarab, dezertir oğulları isə səhər Qəbələdə, axşam Parisdə əylənir. Atalarının xalqdan oğurladıqları var-dövlət hesabına restoranlarda, hotellərdə, kazinolarda, əxlaqsızlıq evlərində ... ”ad-san” çıxaranların, pul cıranların bütün orqanları qanla yox, neftlə “işləyir”. Özləri də yaxşı bilir ki, neft olmasa, hərə bir cür biabırçı vəziyyətdə donub qalar, hərəkət edə bilməz...


Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov iyunun 18-də Tərtər rayonunun Çaylı kəndi istiqamətində düşmən hücumunu dəf edərkən şəhid oldu. Döyüş zamanı şəhid olan Mübariz İbrahimovun qəhrəmanlıqları haqqında camaat əfsanə kimi danışır. Həmin bölgədən hərbi xidmətdən qayıdan bir əsgər danışır ki: “Mübarizin düşmən üzərinə hücum etdiyi vaxt gözləmə mövqeyi seçən əsgərlər onu “prikrıvat” etsəydilər, o, sağ qayıda bilərdi. Ermənilərə cavab atəşi açmaq üçün bizim əsgərlər əmr almalıdır,o isə ya verilmir, ya da veriləndə çox gec olur...” Qolları bağlı ordunu, əlisilahlı düşmənlə üz-üzə qoyanlar görəsən, hansı qələbədən dəm vururlar? Bəyəm, silah əsgərə bir-birini öldürmək üçün verilir, yoxsa düşmən hücumlarını vaxtında dəf etmək üçün? Azərbaycan min ildə bir dəfə dünyaya gələn qəhrəman oğlunu-Mübarizini itirdi. Əməllərində mübariz olmayan hakimiyyətin MÜBARİZ oğulları şəhid olub, nəşi düşmən əlində qalar. Görəsən, hakimiyyətin harın məmurları “odnoklassniki” də Şəhid Qəhrəmanın ürək parçalayan şəkillərini görüblər? Çətin! Çünki “odnoklassniki. arsızlar” ın ürək parçalayan şəkillərlə işləri yoxdur, onlarınkı ancaq nəşə gətirən şəkillərdir, baxıb feyziyab olsunlar...

Nədən prezident dondurma, duz... sexlərinin qırmızı lentini kəsmək üçün Lənkərana, Masazıra gedə bilir, amma qəhrəman şəhidin qara lent bağlanan yurduna –Biləsuvara gedə bilmir? Yəqin, QARA lenti kəsmək üçün prezidentin qayçısı yoxdur... Düşmən əlində olan şəhidə ölkə prezidenti Milli Qəhrəman adı verib məzuniyyətə getdi. Sanki bir AD vermək kağızını möhürləməklə dövlət başçısının işi bitmiş sayılır. Niyə ölkədə matəm elan olunmur? Axı matəmdə məzuniyyətə çıxmaq olmaz, istilər məmurların sağlamlığına pis təsir edər. Qoy kim necə istəyir kef eləsin, fürsətdir. Vətən uğrunda şəhid olanların torpağa tapşırılmayan meyitləri isə Günəş kimi işıq saçsın. Bir gün o müqəddəs İŞIQdan zəlil olanlar çox olacaq...


Əvvəlki məqalə: Məlahət Ağacanqızı: Rəzalət baqajı ilə ölkədən qaçanlar

Sonrakı məqalə: Mirzə Xəzər: Avtoritar rejimləri ən çox azad söz qorxudur

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5183

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin