Məlahət Ağacanqızı: Rəzalət baqajı ilə ölkədən qaçanlar
Məlahət Ağacanqızı
Ürəkbulandıran, zəhlətökən xəbərlərin yayılmasına start verilib: məmurların şəxsi həyatlarındakı gizlin ”sandıqlar” açılır və guya ordan qeyri-adi, tükürpərdən, məmləkəti çevrilişə aparan “xəritələr, silah- sursat” çıxır. Nə qədər avam olmalısan ki, gizlin “sandıqlar”ın qəfil açılışının səbəbini başa düşməyəsən. 17 il aldadılan millət təhsildən uzaqlaşsa da, axmaq deyil, artıq “fırıldaqlardan baş açmaq üzrə elmlər doktoru”dur. Dünənə kimi ailəvi dost olan məmurlar, bu gün bir-birləri haqqında
cəmiyyətə biabırçılıqlar sızdırır. Cənab məmurlar! Lütfən, içindən arvadlarınızın, övladlarınızın, qulluqçularınızın, it-pişiyinizin... alt paltarları çıxan sandıqların ağzını qapadın! Onsuz da havalar çox ağır keçir, bir az da siz korlamayın. Bu qədər alçalmaq nəyə lazım? Ölkədən qaçmaq istəyirsiz, bəhanəsiz qaçın! Əlbəttə, bilirsiz ki, çamadanlarınızı yığıb kişi kimi getməyə üzünüz yox. Heç olmasa, elə rəzalətlə qaçmayın. Və ya deputat seçilmək xətrinə məmur dostunuzun arvadının, qızının... tumanı
altına girməyin!
Artıq milyonçu məmurların çoxu başa düşüb ki, oğurladıqları var-dövlət bir gün(uzağı parlament seçkilərindən sonra) “bəhanə” ilə əllərindən alınacaq. Əllərindən alınması yaxşıdır: onlar da Əli İnsanovun gününə salınacaq. Odur ki, qaçmaq istəyirlər. Amma necə? Biri arvadına məşqçini qoşub qaçırdır, biri qızını erməni ilə cütləşdirir, digəri masajisi ilə xaricdə kef etməsini nümayiş edir. Məqsəd nədir? Var-dövlətlərini itirməmək üçün hər cür alçaqlığa hazır olanlar, qorxduqları “adam”ın, cəmiyyətin gözünə zavallı,
bədbəxt, başdanxarab kimi görünüb, sivrişib aradan çıxmaq. Odur ki, şəxsi həyatlarında olan biabırçı “qaçışların, uçuşların, enişlərin” yayılması onlara sərf edir. Amma unudurlar ki, dərddən qan qusan adamların kimin kiminlə cütləşməsi, dingildəməsi vecinə də deyil. Can harınların, cənnət də onların! Məmurlar cənnətdə nəinki özlərinə, hətta kötükcələrinin kötükcələri üçün də yer alblar. Tezliklə cəhənnəm olub qürbətdə qurduqları “cənnətləri” nə getsəydilər, Hava, Su, Torpaq, Günəş cənnətindən zövq
almaq istəyən İNSANlar da bir gün görərdi...
Yəqin ki, xaricdə yaşamaq üçün baqajlarını hazırlayanlar özlərinə yeni kimlik də düzəldiblər. Çünki xaricdə “azərbaycanlı” deyəndə kimi sənə ikrahla, kimi nifrətlə, kimi də zavallı kimi baxır. Başqa ölkələrdə deyə bilmərəm, Türkiyədə dükan-bazarda müştərinin “azeri” olduğunu başa düşən satıcılar tez endirim edirlər, əlavə “pay” verməyə çalışırlar. Türkiyədə dişləri sarı metaldan olan qadınlara da yaxşı baxmırlar. Çünki orda əxlaqsızlıq edən qadınların əksəriyyəti “qızıldişli” lərdi. Qara qızılı olan ölkənin qara bəxtli qadınları dünyanın hər yerində, qara siyahılarda “ad-san” qazanıb. Türkiyəyə iş ezamiyyətinə gedən bir xanım danışır ki, ”türk folkloru ilə bağlı bir nəfərlə görüşməli idim. Həmin adamın evinə gedəndə özü evdə yox idi, məni xanımı qarşıladı. Bir azdan folklorçu ər gəldi və xanımı əsəbi halda ona dedi: ”Bu ... niyə bizim evə gəlib?” Azəri xanım sarı metaldan olan dişlərinə görə türk folklorunun “inciləri” ilə bəzədilib. Bakıda iş axtaran, 3-4 əcnəbi dili mükəmməl bilən bir xanıma isə yeni iş yerində qəşəng üst-baş alıblar, dişlərini düzəldiblər, xülasə, onu yeni imiclə işə qəbul ediblər. Tərcüməçi kimi işə qəbul edilən xanıma sonradan məlum olub ki, o, əcnəbi erkəklərlə azəri qadınları arasında “menecer tərcüməçi” olacaqmış. Yeri gəlmişkən, həmin idarədə gündüzlər xarici turistlər, iş adamları üçün tar-qaval çalırlar, gecələr isə “qara zurna” sədaları altında onlardan para yığırlar. Bu məmləkətdə əyri yolla dolanmağı bacarmayanlara uzağı “fahişə tərcüməçisi” olmağa imkan verilir...
Hörmətli Xaliq Bahadır “ölkənin bu başından o başına qadın alverçiləri at oynadır, kəndlərdə kişi qıtlığına görə çarəsizlikdən qadınlar ayaqlarının arasına çömçə qoyub toyuq kəsir... ” yazanda başına qoşa qapaz vuran bir lider olmadı. Xaliq bəy AXCP - Müsavat birliyi haqqında fikirlərini yazanda isə, əllərində çömçə etiraz edənlər çox oldu. Məgər azad fikir çömçə ilə vurulur, AZAD ölkə belə qurulur ?..
P.S. Yaxşı olar ki, jurnalistlər arvadı qaçan nazirin kreslosunu “güllələməsin”: torpağı satılan, məmurları quduran, vətəndaşları qan qusan ölkənin prezidentindən rəzalətlərin hesabını sormaq lazımdır...
Əvvəlki məqalə: Məlahət Ağacanqızı: Rəzalət baqajı ilə ölkədən qaçanlar
Sonrakı məqalə: Məlahət Ağacanqızı: Mübariz İbrahimov sağ qala bilərdi
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5181
