Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: ƏRlərimiz ölüb?

Mirzə Xəzər 02 Avq 2010

no comments

 

melahat2_839978572

Məlahət Ağacanqızı

Milli Məclisdə bekarçılıqdan əndrabadi qanunlar yazmağı çox sevirlər. Misirdən bir xanım da bizim deputatlar kimi bekarçılıqdan əcaib bir tələb səsləndirmişdi: “Kişilərə dörd arvad almağa icazə verilirsə, onda qadınların da dörd əri olsun!” Feminist çağırış müsəlman kişilərini cin atına mindirmişdi. Xanımı asıb-kəsmək, ən azından ölkədən qovmaq üçün kişilərindən ibarət “ordu” yaradılmasını qərara almışdılar. Çoxlu ər davası edən xanımın xəbəri yoxdur ki, Azərbaycan qadınlarının nəinki dörd, “n” qədər “ər” ləri var. Yaş keçdikcə “ər”lərimizin sayı çayır kimi çoxalır. Qohum- əqrəba xətti ilə “ər”lik edənlərin siyahısı çox uzundur. Sonra gəlir başımızda qanun sındıran, qapılarda dizin-dizin süründürən məmur “ər”lər. Sonra gəlir xarici ölkələrdən barmaq silkələyən, göz bərəldənlər... Maşallah, hökm edənlərimiz, üstümüzə barmaq silkələyənlərimiz, boğazımıza bıçaq qoyanlarımız bir-birindən keçir, say-hesabı bilinmir. Bilmək olmur, hansının dediyi ilə oturub- durasan, zövqü ilə geyinəsən, əmrlərinə tabe olasan, kimə Ali Baş Komandan deyəsən . Hər bığ-saqqal çıxardan, əlinə möhür alan, humanitar, qrant yardımı edən, qəpik-quruş verən başımıza qapaz vurur, üstümüzə qışqırır.

 

 

 


Məşhur filmdəki qəhrəman kimi “üstümə qışqırma, ərim- zadım deyilsən” deməyə nə üzümüz var, nə də gücümüz. Eşşək, at, inək, qoyun, quzu... olmağa vərdiş etdiyimizdən, zülmə dözümlü olduğumuzu bilən əcnəbilər “dişlərinə bax atını al, anasına bax qızını al” məsəlinə vurulub qızlarımızla evlənirlər. Əhli-kef “ər”lərimiz istədikləri vaxt əmrlər verir, səfərbərlik elan edir, müharibəyə başlayır, atəşkəs imzalayır, ağ bayraq qaldırırlar. Hətta boşansan da səndən əl çəkmirlər. Əksinə daha da aqressiv və hökmlü olurlar. Azərbaycan SSRİ-nin tərkibində olanda ,Azadlıq meydanında keçirilən mitinqdə 3-4 bığıburma kişi yumruqlarını düyünləyib “boşanmaq istəyirik!” qışqırırdılar. Sonra da öz aralarında şüarlarını şərh edirdilər: ”Ay qardaş, zorla deyil ki, boşanıram. Azad, müstəqil olmaq istəyirəm!” 15 respublikanın müftəxor “muju” sayılan Rusiyadan ayrılıb müstəqil yaşamaq istədiyini tələb edən Ana Azərbaycanın övladlarının üstünə tanklar yeridildi. Ona “boşansan da mənimsən, əmrlərimə tabesən...” deyilib, sinəsinə bıçaq saplandı. ƏR oğullarını Azadlıq uğrunda qurban verən Ana Azərbaycan kağız üzərində boşandı, guya müstəqil oldu. Qeyrətsizlər öz xeyirləri, kefləri, əyləncələri xətrinə sinəsinə dağlar çəkilən, dərddən beli bükülən Ana Vətəni hissə-hissə satmaqla, gizlin görüşlərdə alçatmaqla məşğul oldular...

 

 

 

Sovet qanunlarına görə kommunist ailə evdə it-pişik kimi yaşasa da, cəmiyyət içinə mehriban pişiklər kimi çıxmalı idi. Yenidən evlənmək, ərə getmək yasaq idi. Azərbaycandakı son hadisələrə nəzər yetirəndə, belə anlamaq olur ki, bizdə inqilab çox arvad almaq, soyunub telekanallardan müştəri soraqlamaq, ailə münaqişəsi zəminində ölmək, 4-5 müxalifətçini tumluq kimi MM-də oturtmaq uğrunda olubmuş. Yaxşı olar ki, belə rəzil günündə olan ölkədə hər bığ-saqqalı olan bir parça kağızı əlində bayraq edib “ərinəm !” deyib tullanıb - düşməsin. ƏRlər uca zirvələri-qəlbləri fəth etmək üçün heç vaxt saxta möhürlü kağızları əllərində bayraq etməyiblər. Biz onsuz da kişili – qadınlı hamımız ƏRləri ölən, biqeyrətlər ümidinə qalan dullarıq. Yəni, doğrudanmı bu ölkədə milyonlarla DULa sahib çıxan ƏR oğul(lar) yoxdur, olmayacaq ?..

 

 

 

 

Əvvəlki məqalə: Məlahət Ağacanqızı: MASKAlı manyaklar

Sonrakı məqalə: Məlahət Ağacanqızı: Rəzalət baqajı ilə ölkədən qaçanlar

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5180

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin