Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: MASKAlı manyaklar

Mirzə Xəzər 27 İyl 2010

no comments

melahat2_839978572
Məlahət Ağacanqızı


Deputat olmaq üçün özünü auksiona çıxarmağa hazır olanlar həyəcan içindədir: Milli Məclisin stollarını bəzəməyə görə 5 il maaş almaq istəyən canlı portretlər, büstlər, heykəllər həddən artıq çoxdur. Seçkiyə 2 ay qalmış onlar müvəqqəti ayağa qalxacaq, xeyirxahlıq maskalarını taxıb yollar çəkəcək, yardımlar paylayacaqlar. Güman var ki, namizədliyini ilk dəfə verənlər hətta əlindən su dolu vedrələri alıb düz qapına kimi aparacaq, körpə ağlayanda onu belinə mindirib əyləndirəcək, ehtiyac olarsa mətbəxdə yığılıb qalan çirkli qabları da yuyacaq. Məmləkətimizdə hər beş ildən bir, 2-3 aylığına camaat deputat olmaq istəyənlərin məcburi, üşütmə gətirən yardımlarına məruz qalır. Elə ona görə də yayın istisində payızın soyuq, saxta seçki havası artıq hiss olunur və o “hava”nı hiss edənlər üşüyür. Milli Məclis hökumətin güzgüsüdür. İllərdir, millət o güzgüyə baxa-baxa qocalıb eybəcərləşir. Gözəli eybəcər göstərən(edən) güzgülər ancaq əyləncə mərkəzlərində, sirklərdə olur. Ona da 1-2 dəqiqədən artıq baxmaq olmaz, yoxsa havalanarsan. Hökumət isə hər 5 ildən bir adamları dəli etmək üçün analoqu olmayan Yeni Milli Saxta Güzgü düzəltməkdən həzz alır. Yəqin ki, deputatlığa namizədlər təbliğatları üçün müğənnilərdən istifadə etməyəcək. Elə olmasaydı, seçkiqabağı Müğənnilər Şurası üçün yeni obyekt tikilərdi, çalıb-oynayanlara mükafatlar verilərdi, evsiz müğənnilər üçün bina tikilməsi planlaşdırılardı. Budəfəki seçki ilində hakimiyyət jurnalistlərlə məzələnməyi nəzərdə tutub. Elə ona görə də, Milli Mətbuat Gününün 135 illiyi ərəfəsində strateji əhəmiyyəti olan iki obyektin açılışı oldu, girişlərinin qırmızı bağı kəsildi. Biri Masazırda “Azərduz” zavodu, digəri isə Mətbuat Şurasının yeni binası. Hər ikisində şəxsən prezident iştirak edib. Nə qəşəng! Obyektlərin birində duz, digərində isə duzsuz jurnalistlər istehsal olunacaq. Masazırdan gələn duz maşınları “Mətbuat Şurası”nın qapısından əskik olmayacaq :MŞ – nın yeni binasında boşalmış, xarab olmaq təhlükəsi olan jurnalistləri əvvəlcə duzlayıb, sonra hisə verəcəklər, olacaqlar “kopçonni yazar”. Məmurların bütün fəsillərdə “kopçonni” balığa, kolbasaya, ətə tələbatları olduğu kimi, ”kopçonni yazar” lara da böyük ehtiyacları var. Yəqin ki, yaxın vaxtlarda “plastilin yazar” layihəsinin həyata keçməsi üçün büdcədən bir xeyli pul ayrılacaq. Əyilən, sınan, satılan jurnalistlərin ... ucbatından polad kimi əyilməz qələm əhli “yazaram, yazıçıyam” deyəndə xəcalət çəkir. Vicdanlı yazarlara fikirləşib bir yeni ad tapmaq lazımdır. Azad insanlar üçün EL, EY hecaları çox dəyərlidir, E - ən müqəddəs hərfdir .Odur ki, sınmayanlara ELEYçilər demək daha uyğundur. Yaxşı olar ki, vicdanlı müəllimlərə, həkimlərə, polislərə də yeni adlar verilsin. Yoxsa yazıqlar hər dəfə peşələrinin adını çəkəndə əzab çəkirlər, ən yaxşısına da camaat şübhə ilə baxır. Camaatın şübhə ilə baxdığı adamlar olduğu kimi, şübhə ilə baxdığı verilişlər də var: ATV - də yayımlanan “El içində” verilişində guya vaxtı keçən, keyfiyyətsiz ərzaqları tapıb göstərirlər, tənqid edirlər, sonra da “sponsor dayı”nın qarın sancısı gətirən “Jalə” şirələrini içməyi məsləhət görürlər. Bu məmləkətdə adamlara hətta zəhər almaq üçün də azadlıq verilmir, hərə öz zəhərini satmaq xətrinə zor tətbiq edir. Elmar Hüseynovla məhbəsdə - bir kamerada olan tanışım danışır ki, bir dəfə Elmar bəy kameradakı məhbuslardan yedikləri ətin sümüklərini bir torbaya yığmalarını xahiş etdi: “Mən bu ətdən şübhələndim, nə əti olduğunu öyrənmək üçün sümükləri ekspertizaya yollayacağam” dedi. Ancaq peşəkar, vicdanlı, cəsur jurnalist hətta zindanda da peşəsinə sadiq qalmağı bacarar . Eynulla Fətullayevin məhbəsdə yazdığı məqalələr, ziyalıların prezidentə yazdığı məktubdan dəfələrlə cəsarətli və dəyərlidir. Geniş zallarda, yumşaq kresloda oturub, sərin su içə-içə yazılan ”xahiş edirik” məktubu ilə vicdan məhbuslarını müdafiə etməkmi olar? Əsl ziyalı haqq-ədalət üçün prezidentə xahiş məktubu yazmaz, “Tələb edirik!” ultimatumu verər. Cənablar, lütfən maskalarınızı çıxarın! Ancaq manyaklar vicdan adamlarına “prezidentə yetişməyən, xahiş məktubu” ilə əzab verə bilər...

.

Əvvəlki məqalə: Eziz Mirze Xezer muellim!

Sonrakı məqalə: Məlahət Ağacanqızı: ƏRlərimiz ölüb?

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5179

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin