Məlahət Ağacanqızı: Yeni ölkə layihəsi-AZADLIQ
Məlahət Ağacanqızı
İyulun 22 - nə çatmaq üçün saatlar, dəqiqələr, saniyələr hesablanır. Sanki təqvim ilinin son gününü gözləyirik: yeni ilin gəlişinə 5-10 dəqiqə qalmış prezident ekranlarda görünəcək və elan edəcək: ” Milli Mətbuatın 135 illik yubileyi şərəfinə məhbus jurnalistlər azad olunsun!” Bizi ən çox aldadan, ümidləndirən, hay-küylü vədlər verib, lakin əməl etməyən birinə hələ də inanırıq və ondan ədalətli fərman gözləyirik. Sanki yubiley günündən əvvəl vicdan məhbusları azad olunsaydı, Şaxta baba qar yağdırardı, tufan qopardardı. Balacaları ildə bir dəfə sevindirən babanı narahat etməyək. Bu məmləkətdə uşaqların, böyüklərin, bütün fəsillərin, ayların, günlərin taleyini sehrli çubuğu, uçan arabası, dolu torbası ilə zəlil günə qoyan SAXTA babanın yaxasından yapışsaq yaxşıdır. Ən zəif müşahidəçi ən güclü ekstrasens ola bilər. İlham Əliyevin gördüyü(?) işləri ən azından 7 il müşahidə edən millət , taleyindən, gələcəyindən xəbər tutmaq üçün qaraçı qapılarında günlərlə növbəyə durur, bir qaraçı qədər uzağı görə bilmir. Bu millət qaraçıdan da səviyyəsizdir, çünki qaraçı qədər də azad deyil...
Son vaxtlar, yalanların, eybəcərliklərin üstündən “rəng” çəkməyə, əyrilikləri malalamağa hökumətin peşəkar kadrı çatışmır. Hakimiyyət üçün “rəngsaz” işləyəni camaat həmişə tanıyıb fitə basıb, arxasına fırça və vedrəsini bağlayıb, hətta ölsələr də məzarlarından dınqıltı səsi eşidilib. Ona görə də məşhur “rəngsaz” yazarlar yaşlarını bəhanə edib təqaüdə çıxıblar. Və gündə bir müsahibə verib həyasızcasına sübut etmək istəyirlər ki, onlar rəngsaz yox, ziyalı olublar. Unudurlar ki, cild-cild əsərləri ilə
öyünənlərin kitablarından artıq tum satanlar da istifadə etmir, çox tozludurlar. Susan, qorxan, satılan yazarların əsərlərindən əgər xalqın fikrində nəsə ilişib qalmışdısa da, o da bu son illərdə yaddaşlardan tamam silindi. Dili açılan ziyalıların söhbətləri susmaqlarından betər ürək bulandırır. Yazıçı olmaq istəyən oğluna F. Dostoyevski ”sən də əzab çəkmək istəyirsən?” deyib, amma Anarlar övladlarına “ kef etmək istəyirsən, yazıçı ol” məsləhət görür. Milyonçu Rza Zərrabdan
ayrıldığı üçün yanıb tökülən, şəxsi həyatı ilə bağlı özəl söhbətləri, şəkilləri internetdə yerləşdirən Azəri qızı Güneli yazıçı Seyran Səxavət müdafiə edirsə, Günelə göylərdə yer eləmək üçün mələkləri səmadan qovursa, ”Adamın Allahı olar”mı? Ağsaqqal, tanınmış bir yazıçının tərif məqaləsi Azəri qızı Günel üçün bir günlük sevinc, azəri xalqı üçün isə ömürlük əzab oldu.
TƏBRİK!
Mehin Salehi yazır ki, “deyəsən, yaradıcılığın növbəlidir axı: eninə və uzununa(köşə və şeir) eyni zamanda alınmır səndə...” Əzizim Mehin, təəssüf ki, nəinki şeir yazmağa, heç şeir oxumağa da həvəs yoxdur. Daha bizə ilham pəriləri şeir yazdıra bilmir, əvəzində İlham əcinnələri köşə yazdırır. Bu hakimiyyətin haqlı tənqidlərdən nəticə çıxarmağa qanacaq və qabiliyyəti heç vaxt olmayacaq. Cəhənnəmə olsun! Xaraba qalan Bakı da , nefti tükənmək üzrə olan Xəzər də onların olsun! Mətbuatın 135 illiyinə hökumətin yazarlara sürprizi olmasa da, mənim onlara sirli prizim var: Bakı bataqlığından qurtulmaq üçün dostlarla yığışıb bir kənd almaq istəyirik. Mərkəzdə olan bir evin qiymətinə sərhəddə 3-4 boş kənd almaq olar. Yeni ölkənin adı AZADLIQ olacaq. Orada uşaqlar meşədən qorxusuz - hürküsüz, nəğmə oxuya-oxuya böyürtkən, göbələk yığacaq, analar körpələrini quşların nəğməsi ilə yatırdacaq, atalar yeni ölkəni super dövlət etmək üçün layihələr hazırlayacaq. Ölkədə hamı velosipeddən istifadə edəcək ... Nataşa Korolyova “Malenkaya strana ”mahnısını oxuyanda daha “qde ona?” deməyəcək, bizim yeni ölkəyə barmağını tuşlayıb “tam ona!” oxuyacaq...Ah, arzuya bax, oxucu!
P.S. Milli Mətbuat Günü münasibəti ilə dəyərli ziyalı, fədakar jurnalist Mirzə Xəzər müəllimi, ”Azadlıq” qəzetinin əziz kollektivini və AZADLIQ ölkəsində yaşamaq üçün haqqı olan bütün cəsur yazarları təbrik edirəm!
Əvvəlki məqalə: Etibar Əliyev:
Sonrakı məqalə: Eziz Mirze Xezer muellim!
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5177
