Etibar Əliyev:
Məmləkətin yazıçı və şairləri hansısa məsələyə münasibət bildirən kimi aləm qarışır. Nədən belə olur? Başqa ölkələrdə yazıçının danışması hadisəyə səbəb olur, səslənən fikirlər müxtəlif dillərə tərcümə olunur. Bütün dünya xalqları öz yazıçı və şairləri ilə qürur duyur. Bizim də elə vaxtlarımız olub. Bu, yazıçıların ictimai və siyasi mövqelərinin sezilmədiyi vaxtlara təsadüf edib.
Vaxt vardı ki, danışmağa o qədər də ehtiyac yox idi. Ortada xeyli əsərlər var idi. İndi həm danışmaq, həm də yazmaq vaxtıdır. Amma heç biri yoxdur. Danışmaq yazmağı, yazmaq danışmağı yeyir. Yazıçı və şair, ümumiyyətlə, sənət adamları bütün cəmiyyətlərin “ozon qatını” təşkil edib. Bu qat dağıldıqda hakimiyyətin “ultrabənövşəyi şüaları” cəmiyyəti vurur. Bu ölkənin insanları qədər problemləri olan ikinci ölkə tapılmaz. Birnəfəsə 20-dən çox problem saymaq olar. Dövlət yolunu azanda onu yoluna həmişə sənət adamları
qaytarmayıbmı? Yazıçı və şairin səsi hakimiyyətin yanından gəlirsə, xalqın üz tutacağı təbəqə qalırmı? Əlbəttə, yox.
Böyük alman yazıçısı, Nobel mükafatı laureatı Tomas Mann bunu çox gözəl ifadə edib: “Zaman insanı ümidsizliyə qərq edəndə, onu tabe olmağa məcbur edəndə, ətalətə sürükləyəndə yazıçı öz mənəvi zəhməti ilə enerji, mətinlik, daxili azadlıq, rəşadət timsalına çevrilməlidir”.
Bizdə əksinədir, cəmiyyət yazıçını hərəkətə gətirməyə çalışır. Onlardan yazılar, çıxışlar istəyir. Bütün bunlar olmayanda “soyuq müharibə” başlayır. Qəribə vəziyyət yaranıb: ölkənin sənət adamları hansısa məsələ ətrafında yekdillik göstərməyə çalışanda onlar tənqid atəşinə tutulur. İradlar ondan ibarət olur ki, kimsə oğluna, ya da qohumuna iş istəyir, yaxud kimlərsə mandat almaq eşqinə düşüb. Burda müəyyən həqiqətlər də var. Biz bunun şahidləri olmuşuq.
Bax, bizim durumumuz belədir. Kim haqlıdır? Bir neçə yazıçını çoxmilyonlu xalqa qarşı qoymaq da absurddur. Yazıçı və şair susanda ortaya ilhammirzəyevlər, faiqağayevlər çıxır. Bəli, bu faktor məhz oradan qaynaqlanır. Azərbaycan xalqının öz yazıçısından tələbi nədən ibarətdir? Dünyanın əksər inkişaf etmiş xalqları sənət adamlarından heç nə tələb etməyiblər. Çünki onlar həmişə cəmiyyəti qabaqlayıb. Böyük yazıçılar əllərinə qələm alandan ölənə qədər yazıb və vuruşublar, əsl vətəndaşlıq nümunəsi göstəriblər. Onların
əsərləri ölkələrində və xaricdə milyon tirajla dərc olunub. Uzağa getməyək, ortada Çingiz Aytmatov nümunəsi var.
Yazıçının əsərləri ilə onun comərdliyi eyniyyət təşkil etməlidir. Məsələn:
• yunan şairi Odiseas Elitis deputat mandatı və fəxri adlardan imtina edib;
• Knut Qamsun faşizmin məğlubiyyətindən sonra üzvü olduğu bu partiyanın pisinə bir cümlə belə danışmayıb;
• dünya qədər böyük yazıçılar - Kavabata, Akutaqava, Misima, Heminquey, Sveyq intihar ediblər;
• Nigeriya yazıçısı Vole Şoyinka ona verilən açıq efir vaxtından istifadə edərək ölkəsində keçirilən bütün seçkilərin saxta keçirilməsindən danışıb;
• fransız yazıçısı Jan Pol Sart Nobel mükafatından imtina edib;
• Amerika yazıçısı Folkner prezidentin ona təklif etdiyi nahardan imtina edib;
• Hind şairi Taqor həyat yoldaşının zinət əşyalarını sataraq məktəb tikintisinə xərcləyib;
• Soljenitsı və Brodski ictimai fikirlərinə və əsərlərinə görə həbsdə yatıb;
• 50-dən çox yazıçı Nobel mükafatından əldə etdiyi gəliri xeyirxahlıq üçün xərcləyib;
• ispan şairi Qarsia Lorka edam olunub;
• birinci əsəri uğur qazanmadıqdan sonra Joze Saramaqo 19 il Portuqaliya ədəbi həyatında görünməyib;
• Almaniya kansleri Villi Brandt Günter Qrassa vəzifə təklif etməyə cəsarət etməyib;
• əcnəbi şirkətlərin varlanması xatirinə Nigeriya ekologiyasının korlanmasının əleyhinə hayqıran yazıçı Ken Saro Viva edam edilib...
Axırıncı nümunə olduqca maraqlıdır. Bizim sənət adamlarından birinin öz oğlunun ekologiyamızı korlayan əcnəbi şirkətlərin birində işə düzəlməsi ilə öyündüyünün şahidi olmuşam. Nigeriyanın digər nümunəsi də maraqlıdır. Bizim yazıçı və şairlərimiz əllərinə düşən birbaşa efirdən məddahlıq üçün maksimum dərəcədə istifadə edir, bundan qürur duyurlar.
Mən intihar faktlarını misal gətirməklə yazıçılarımızın niyə intihar etmədiyinə eyham vurmaq istəmirəm. Bizim yazıçılar bundan çox uzaqdır. Onların ən öndə gedəni qan təzyiqi və şəkərdən qorxur. Bunlardan qorxan insan kəndiri bir kilometrdən yaxın buraxmaz. Nə Afrika, nə də Avropa standartları burada özünü doğrultmayıb. Əsas məsələ mentalitetimizdir və buna uyğun da öz oturuşmuş yazıçı və şair standartımız artıq formalaşıb. Allah bizə yar olsun.
Yeni Müsavat qəzeti
Əvvəlki məqalə: Məlahət Ağacanqızı: 71 yaşlı abituriyent kimdir?
Sonrakı məqalə: Məlahət Ağacanqızı: Yeni ölkə layihəsi-AZADLIQ
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5176
