Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: 71 yaşlı abituriyent kimdir?

Mirzə Xəzər 12 İyl 2010

no comments

melahat2_839978572

Məlahət Ağacanqızı

 

 

 

 

 

 

 

 


Ruhdan düşəndə köməyimə çatan bir qovluq var: yaşı 70-i keçən, “sağlam bədəndə, sağlam ruh olar” prinsipi ilə yaşayanlar haqqında olan fotoları, məlumatları ora yığıram. Bu maraqlı insanlardan, yataq xəstəsi olan, gündə 4-5 dəfə ölümü səsləyən anama danışanda üzünə təbəssüm çökür : Amerikada 80 yaşlı nənənin univeristetdə oxuması; Yaponiyada yoqa ilə məşğul olan 75 yaşlı nənənin başı üstə dayanması; Türkiyədə 80 yaşlı Gülsüm Arslanın həmyaşıdına qoşulub qaçması... Ən maraqlı məlumat, 84 yaşında oxumaq eşqinə düşən Revqat baba ilə bağlıdır: Kazan Maliyyə İqtisad İnstitutuna qəbul olan Revqatın qarısı qısqanclıqdan küsüb dədəsi evinə getmək istəyibmiş. Ona elə gəlib ki, qocası gənc tələbə qızları dizi üstə oturdub, onlara nağıllar danışacaq. Lakin tələbəlik həyəcanını yaşayan qocanın dərsliklər içində vurnuxduğunu, qələmi ağzına qoyub tavana baxdığını görəndə qısqanc qarı sakitləşib, otaqları barmaqlarının ucunda gəzməyə başlayıb. Qadınlar belədir də, kişilər kitab otağına, ya da məzara girəndə ürəkləri arxayın olur, rahatlanırlar, onlar üçün qəşəng şərait yaradırlar...

 

 

 

 

Qovluğa el qarılarımız , el qocalarımız haqqında bir xoş xəbər yerləşdirmək istəsəm də, təəssüf ki ,məmləkətimizdə nəinki yaşı 70-i ,hətta 7 yaşı keçənlər ruh düşkünlüyü içindədirlər. Oxumaq, idman, sevgi... gözəl duyğular yurdumuzdan qaçaq düşüb. Əvəzində tənbəllik, laqeydlik, stress, nifrət... hər yerdə meydan sulayır .7 yaşda bal kimi hisslərdən barmaq yalamayan vətəndaş 77 yaşında zəhər tuluğuna dönər. İnsanların ruhunun zəhərlənməsi hökumətin vecinə də deyil. Bir tuluq neft bir vətəndaşdan dəyərlidir...

 

 

 


Bu il Azərbaycan ali məktəblərinə sənəd verən abituriyentlərin ən yaşlısının 71, ən gəncin isə 15 yaşı olub. Gənclə işim yox, zatən dəcəl, ərköyün prezidentin gənc kadrları bol olmalıdır ki, cığallıqlar bol olsun, heç kəs darıxmasın. Yəqin ki, gələn il ən gənc tələbənin 12 yaşı olar; həmin gənc tələbə 4 ildən sonra Azərbaycan Milli Olimpiya Komitəsinin sədri olar. Bir müddət sonra isə Dövlət Neft Şirkətində başını girləyər. Daha 4-5 il keçər və həmin gənc , ən gənc prezident olmaq üçün, ən gənc baş nazir olar...

 

 

 


Maraqlıdır, bəs 71 yaşlı Azərbaycan vətəndaşı hansı arzu və məqsədlə tələbə olmaq eşqinə düşüb? Onu ahıl yaşında belə optimist əhvala kökləyən səbəb nədir? Məgər o bilmir ki, əlində diplomu olan, ən azından 3-4 əcnəbi dil bilən, sağlam ,boy - buxunlu gənclər iş tapa bilmirsə ,o heç tapa bilməz? 71 yaşlı abituriyentin hansı fikirlə sənəd verdiyini bilmirəm, amma ömrünü elmə həsr edən, lakin aldığı maaşla kommunal xərcləri güclə ödəyə bilən, 50-55 yaşlı bədbəxt abituriyentlər tanıyıram. Niyə bədbəxt? Ona görə ki, onlar yenidən tələbə olmaq üçün deyil ,” sezonnı” işdən para qazanmağa görə imtahanlara gedirlər: testlərin cavablarını yazmaqda çətinlik çəkənlərə kömək edir və əvəzində para alırlar. Bu DƏLLAL hökumət insanları hər cür əyri “yollara” bələd etdi. Bir əsr əvvəl dolanmaq üçün əlyazmalarını satan Məhəmməd Hadi tək idi, indi isə minlərlədir...

 

 

 


Qəribədir, iş yerləri yoxdur, amma diploma tələbat ildən-ilə çoxalır. Yəqin, bizim vətəndaşlar yavan çörəklərini diplomlarına sürtüb nahar edirlər. Axı Azərbaycan Təhsil Nazirliyinin diplomları sehrli kitab kimidir: diplomu sandıqdan çıxarıb boş stolun üstünə qoyanda əlini sürtürsən və həmin an ürəyindən keçən nemətlər süfrəyə düzülür. Kimin ki, ailə sandığında 3-4 diplomu var onlar lap kef edirlər: bir diplomu pul lazım olanda açırlar, o biri ilə pal-paltar sifariş verirlər, başqa birinə isə minib xarici ölkələrə səyahətə gedirlər ...Görünür ,71 yaşlı abituriyent dünya səyahətinə çıxmaq eşqinə düşdüyü üçün tələbə olmaq istəyir. Dədə abituriyentə uğurlar diləyək! Qoy balını Misir Mərdanov, yaşını isə Tanrı versin...

 

Əvvəlki məqalə: GƏNCLƏR PREZİDENT ADMİNİSTRASİYASINA YÜRÜŞ ETDİLƏR

Sonrakı məqalə: Etibar Əliyev:

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5174

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin