GƏNCLƏR PREZİDENT ADMİNİSTRASİYASINA YÜRÜŞ ETDİLƏR
foto: Yeni Musavat
Emin Milli və Adnan Hacızadəyə dəstək aksiyasında saxlanılanlar oldu
Dünən saat 14:00-da “Dalğa” Gənclər Hərəkatının üzvləri məhbus bloggerlər Adnan Hacızadə və Emin Millinin həbsinin bir ilinin tamam olması ilə bağlı aksiya keçirdilər. Gənclər “Filarmoniya bağı”nda bəyanatlarını səsləndirdilər.
Əllərində Emin Milli və Adnan Hacızadənin şəkilləri, üstündə “Azad edin, gələcək qursunlar!”, “Adnan və Eminə azadlıq!”, “Qanunsuz məhkəmə qərarını ləğv edin!”, “Gənclərə təzyiqlərə son qoyun!” şüarları yazılmış plakat və rəngli şarlarla Prezident Administrasiyasının qarşısına yürüş etdilər.
Yolda aksiyaya müdaxilə edən polis üstündə şüarlar yazılmış plakatların yarısını alıb cırsalar da aksiyaçılar yürüşlərinə davam etdilər. Prezident Administrasiyası önündə “Emin, Adnan” qışqıran gəncləri həbs etdilər. Həbs olunan aksiyaçılar elə oradaca rəngli şarları göyə uçurtdular. Daha sonra aksiya barəsində jurnalistlərə məlumat vermək istəyən “Poliqon” İnformasiya Agentliyinin əməkdaşı, eyni zamanda “Dalğa” GH-nin üzvü Pərviz Əzimov da polis müdaxiləsinə məruz qalaraq ərazidən kənarlaşdırıldı.
Polislər jurnalistlərlə təhqiramiz formada davranır, onların ərazidən uzaqlaşmasını tələb edirdilər.
Aksiyada saxlanılan 5 gənc Səbayel Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə aparıldılar və bir müddətdən sonra sərbəst buraxıldılar.
Dünən “Dalğa” GH üzvləri Gürcüstanın paytaxtı Tiflisdə də aksiya keçiriblər. Onlar Azərbaycanın Gürcüstandakı səfirliyi önündən “Rustavelli” metrostansiyasına gedən yolla yürüş ediliblər. Emin Milli və Adnan Hacızadənin müdafiəsinə həsr olunmuş aksiyada “Adnana və Eminə azadlıq!”, “Mənə azadlıq ver!”, “Bloq açmaq cinayət deyil!”, “Give me freedom,give me fire!”, “Freedom for Adnan and Emin!” və “Vesti bloq ne prestuplenie!” şüarları səsləndirilib. Gürcüstanda yaşayanlara bloggerlər haqqında geniş məlumat verilib, onların həbsi barədə ətraflı məlumatlar yazılmış vərəqələr paylanıb. Gənclər Gürcüstanda polisin onlarla normal davrandığını deyirlər.
Qeyd edək ki, Emin Milli və Adnan Hacızadə 2009-cu il iyulun 8-də Bakının “Livan” restoranında baş verən insidentdən sonra şərlənərək tutulub, daha sonra məhkum ediliblər. Səbayel Rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onlar artıq bir ildir ki, ədalətsiz şəkildə həbsdədirlər.
“Sərhədsiz Reportyorlar” bloggerlərə dərhal azadlıq tələb etdi
Bloggerlər Adnan Hacızadə və Emin Millinin həbsinin ildönümündə “Sərhədsiz reportyorlar” rəsmi Bakının inadkarlığına etirazını bildirərək onları dərhal azad etməyə çağırıb. “Turan”ın məlumatına görə, bəyanatda bildirilib ki, “saxta ittihamla həbs olunan bloggerlər Azərbaycanın korrupsiyaya uğramış hakimiyyətinin videoparodiyasına görə cəzalandırılıblar”.
Beynəlxalq birlik onların azaldığa buraxılmasını tələb edir, lakin hakimiyyət özünü elə aparır ki, guya bu tələbləri eşitmir, fikir azadlığı hüququnu açıq şəkildə pozur. “Lakin bu təzyiq onlar azad olunana kimi davam edəcək”, - sənəddə qeyd olunur.
Elmin BƏDƏLOV Yeni Musavat: http://www.musavat.com/new/Gündəm/80354-GƏNCLƏR_PREZİDENT_ADMİNİSTRASİYASINA_YÜRÜŞ_ETDİLƏR
Əvvəlki məqalə: Məlahət Ağacanqızı: Vurma cədvəlini bilməyən prezident
Sonrakı məqalə: Məlahət Ağacanqızı: 71 yaşlı abituriyent kimdir?
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5173
