O`Kamil: Hamısı istidəndi...
Yay əcaiib- qəraib fəsadlar deməkdi. Adamın başına gün vuranda nə desən eləyər. Əlqərəz, bu günlərdə nə olursa, hamısı günün istisindəndi.
O gün TV-də futbola baxırdım. Şərhçi dedi ki, Sloveniyanın baş məşqçisi 2007-ci ildəndi. Bu vaxt tribunanı göstərirdilər. Orada kolyaskada ağzında soskalı bir uşaq vardı. Anası da yanında. Öz-özümə dedim, bəxtəvər başına, bala. Bu yaşda olasan, millinin baş məşqçisi olasan. Adətən, baş məşqçi texniki zonada olub, ya Ser Aleks Fergünson kimi intensiv şəkildə saqqız çeynəyər, ya da Maurinyo və ya Materatsi kimi “materitsa” eləyər. Bəs bu niyə tribunadadı? Sonradan düşündüm ki, sloveniyalılar ağızdan xarabdı, yəqin,
hakimin anasına söyüb. Hakim də onu anası ilə birgə qovub tribunaya. Bu vaxt şərhçi üzr istəyib dedi ki, hakim 2007-ci ildə anadan olmayıb, bu vaxt işə başlayıb. Rəhmətliyin oğlu, bunu belə de də. Şərhçini qınamıram, 31 maydan sonra nə olsa, hamısı istidəndi.
O gün TV göstərir ki, qırğız qardaşlar “Xalqlar dostluğu” Universitetinin qabağına yığışıblar. Dedim, yəqin “Özbək, türkmən, kırqız, tatar bunlar bir boydu... Qaraqalpaq, uyğur, qazax bunlar bir soydu” deyib yallı gedəcəklər. Sonra bu sevgini daşa-divara yazacaqlar ki, tarix şahid olsun. Amma yox, onlar divara ”Özbekterqe ölüm” yazdılar. Sonra bir söz də yazmışdılar. O sözü pıçıltı ilə demək belə ayıbdı. Sovet vaxtı “Neftçi” pis oynayanda azarkeşlər həmin sözü məşqçilərə ünvanlayardı...
Həri. Bu necə olur, qardaş, xalqlar dostluğu budu? Bizdə də “Xalqlar dostluğu” var. Baxırsan, orda müxtəlif etnoslar qol-qola gəzir. Azərbaycanlı rusun, rus ləzginin, ləzgi moltanının qoluna keçir. Polis də nəzarət edir ki, iki eyni etnosdan olan qol-qola verməsin. Zatən “Xalqlar dostluğu” adlanan yer elənçik olmalıdı. Yoxsa Qırğızıstandakı kimi yox. Və ya bizdə “Gənclik” metrosu var. Orda bir qayda olaraq gənclər yaşayır. Gənc olmayanlar isə gənclikdən danışır. “Gənclik” metro stansiyasında qoyulan musiqi ahılları,
ixtiyarları məcbur edir ki, bu stansiyada düşsünlər. Necə də düşməyəsən? “Yadındamı ötən günlər/ Ağac altı, bulaq səsi/ Günlər keçir, bizə qalır/ O günlərin xatirəsi/ Gəl əzizim, keçənləri/ Yada salaq dönə-dönə...” deyəndə adamın tükləri vız durur. Əski vaxtlar “Gənclik”də qıza gül verər, sonra sahil bağında gəzər, sonra da Səadət Sarayında nikah kəsdirərdilər (indi birinə “Gənclik”də gül verir, o biri ilə Sahildə gəzir, bir başqası ilə kəbin kəsdirirlər). Əlqərəz, ixtiyar adamlar “Gənclik”ə gəldilərmi,
istisnasız olaraq gənclik barədə danışırlar.
- Ay İsrəfil, başın haqqı, gəldik o ağacın dibinə. Birinci dəfə Xeyransaya gülü bax orda verdim. Götürmürdü. Dedim, aaz, bilirsən, bu gülə nə qədər pul vermişəm?!
- Kül ağlına, Ələkbər. Qıza da elə söz deyərlər. Çuşkasan, çuşka. Deyərdin, əgər Günəş göydən yerə enibsə, bu süni işıqlara nə ehtiyac?
- Çuşka özünsən. Onu onda demirlər. Onu toy gecəsi deyirlər. Deyib sonra işığı keçirirlər. Skleroz...
Əlqərəz, bu istidə nə desən, olur. Məncə, “Xalqlar dostluğu” Universitetinin qabağında ”Özbekterqe ölüm”, bir də “Neftçi” azarkeşlərinin dediyi sözü yazmaq Cokondanın təbəssümünün munisliyinə şəkk eləmək kimi böyük bir günahdı. ADAMIN AĞZI ƏYİLƏR! Əyilər, bir də düzəlməz.
Həri. O gün oxuyuram ki, əski bir jurnalist arkadaş 20-ci qəsəbədə bir ağacın yarpağını yolurmuş. Mən onu yaxşı tanıyıram, AXC-Müsavat cütlüyündəndi. Niyə yolursan, a bala? Bir il hakimiyyətdə oldunuz, bir dənə ağac əkmədiniz. İndi xalxın ağacını niyə yolursan? Yaxında bir ekofil cavan varmış, dərsini verib. Yaxşı da eləyib. Bakıda 3 milyon adam yaşayır. Hərəsi gündə bir yarpaq yolsa, şəhərin florası tatar talamışa dönər, ya dönməz? Əlqərəz. Hamısı istidəndi.
Əvvəlki məqalə: Məlahət Ağacanqızı: Azadlıq meydanı-ŞAİRlərin durduğu yer
Sonrakı məqalə: Məlahət Ağacanqızı: Vurma cədvəlini bilməyən prezident
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5171
