Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: Azadlıq meydanı-ŞAİRlərin durduğu yer

Mirzə Xəzər 29 İyn 2010

no comments

melahat2_839978572

Məlahət Ağacanqızı


20 il əvvəl keçirilən etiraz mitinqlərinə Bakı şəhərinə bələd olmayan vətəndaş da gözüyumulu gedə bilirdi. Çünki mitinqlərin məşhur, müqəddəs ünvanı bir idi-Azadlıq meydanı! İndi isə əlində Bakının yekə bir xəritəsi olsa da, şəhərin hər yerini yaxşı tanısan da ,baş aça bilmirsən ki, Hacıbala Abutalıbov səni hansı dərə-təpədə azdırmaq istəyir. Əvvəllər, mitinqçiləri şəhərin mərkəzindən Zığa doğru qaçırdırdılar. İndi isə mer deyir “qaçdı-tutdu” oynamağa kadrımız yoxdur. Şanlı polislərimiz kilo alıblar, gəlin “gizlənpaç” oynayaq...


Yaxşı xatırlayıram, 20 il əvvəl mitinqçilər əllərində üçrəngli bayraq, “İstiqlaliyyət” küçəsi ilə prezident iqamətgahına doğru gedirdilər. Yolun kənarı ilə gedənlər də onlara qoşulurdu. Bu vaxt səki ilə gedən, uzun qara paltolu adamı görən mitinqçilər ”Şair! Şair!” desələr də, adam daha da sürətlə yoluna davam etdi. Və kütlə daha da yüksəkdən ”Şair, gəl qoşul bizə!” deyəndə, o, çevrilib mitinqçilərə baxdı və qaçmağa başladı. Maraqlıdır, şair Fikrət Qoca arxasınca deyilən “Şair qaçır!” hay-küyünü hələ də xatırlayırmı? O vaxtlar meydanlardan qaçanlar sonradan ən yaxşı vəzifələrdə peyda oldular, indi də vəzifə kreslosunda kef edirlər. Projektor işığında şeir, qəzəl, poema... yazırlar. Amma sovet tanklarının qarşısına əliyalın çıxanlar şam işığına da həsrətdir. Şairlər ən duyğusal insanlar sayılır. Ölkə faciə içindədir, orden-medallı, şair vəsiqəsi gəzdirənlərin isə tükü də tərpənmir. Şair qıtlığı olsa da, vəsiqə bolluğudur. Əksəriyyət prezident təqaüdü almaq üçün alnına “mən şairəm!” sözlərini “nakolka” edib. Hökumətimiz də, hər il alnına, sinəsinə, kürəyinə problemlərini, dərdlərini, eşqlərini... tatuirovka edən bir sürü şairə, yazıçıya təqaüdlər, mükafatlar bəxş edir.


Bu yaxınlarda bir tanışımla rastlaşdım. Söhbət etdiyimiz 15-20 dəqiqə ərzində xanımın telefonuna 2-3 dəfə zəng gəldi. Zənglər yüksək rütbəli məmurlardan idi: cızma qaralarını ingilis dilinə tərcümə etmək istəyirdilər. Maraqlıdır, bir kəlmə əcnəbi dilində bilməyən müəllif “importnı kitab” çap etməkdən hansı zövqü ala bilir? Kitab da xarici maşın, paltar deyil ki, fora vermək üçün minəsən, geyinəsən. Başqasına yazı yazdırıb şellənən adamın qonşuya xörək bişirtdirib, ərin qabağına qoyub “mən bişirmişəm” deyən qadınlardan heç bir fərqi yoxdur. Xanımdan “niyə elə zibilləri tərcümə edirsən?” soruşanda o, çiyinlərini çəkdi :”Bəs ailəmi necə dolandırım? Yazıları çöplükdü, amma pulları var...”Çox maraqlıdır, necə olur ki, dağ boyda PA-nın rəhbəri- Ramiz Mehdiyev silsilə tənqidi yazılarında elmi bazara çevirənlərin birinin də adını çəkmir? Guya bilmir?! Bal kimi bilir. Deyəlim ki, prezident üçün başqası tərəfindən məruzələr hazırlanır və yayımlanır. Bu, köhnə qayda -qanundur. Necə olur ki, elmi işlər, bədii əsərlər iki - üç nəfər tərəfindən yazılıb yüzlərlə savadsız, istedadsız milyonçulara noğul-nabat kimi satılır ? Yaradıcılıq məkanları, elm ocaqları qaloş, avtafa, paraşok... sexləri kimi fəaliyyət göstərir. Yeni fəaliyyətə başlayan sexlərdən biri də “Gənc Ədiblər Məktəbi”dir. Rəşad Məcidin rəhbərlik etdiyi bu sex prezident təqaüdü almaq üçün məhsul istehsal edir...

Bir vaxtlar haqsızlığa üsyan edən dəyərli ziyalı Xəlil Rza, Sabir adına bağı ikinci Azadlıq meydanı etmişdi. Biz Xəlil Rza Ulutürkün “Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram, qolumdakı zəncirləri qıram gərək, qıram, qıram...” hayqıran səsinə həsrətik! Biz gənc şair Ülvi Bünyadzadənin və meydanlarda onunla bərabər şəhid, əlil olan minlərlə qeyrətli Azərbaycan övladlarının qanı bahasına qazanılan Azadlığı, müstəqilliyi qoruya bilmədik. Azadlıq meydanı - ŞAİRlərin durduğu yerdir. Biz o YERə həsrətik! 20 il əvvəl meydanlardan qaçanlar, Sovet hökuməti yolunda çalışıb-vuruşan məmurlar... sonradan ən yüksək vəzifələri zəbt edib “bazarkom” oldular. Ona görə də ədəbiyyatdan tutmuş hərbə kimi bütün sahələrdən sarımsaq, soğan, acı bibər qoxusu gəlir. Nəticədə, hansı idarəyə girirsən ürəyin bulanır, üz-gözün od tutub yanır...


Əvvəlki məqalə: EMİN MİLLİNİN ATASI VƏFAT EDİB

Sonrakı məqalə: O`Kamil: Hamısı istidəndi...

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5170

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin