Məlahət Ağacanqızı: PİLOTSUZ ÖLKƏNİN QƏZALARI
Məlahət Ağacanqızı
Məmləkətimizdə baş verən qəribə qəzaların sayı, çeşidi gündən - günə çoxalır. Yeni Yaşmada istirahət edən dostum iyunun 14-də pilotsuz təyyarə qəzasının şahidi olub. Əla istirahətdir: yanan təyyarə ilə bərabər Xəzər sularına kəllə vurmağın bir ayrı ləzzəti var. Amma nədənsə pilotsuz təyyarə qəzası haqqında telekanallar lal-kar oldular. Bizdə ancaq ailə-məişət zəminindəki ən xırda qəzalar, müğənnilərin yeni sponsorları, geyimləri, maşınları... haqqında qeybətlər isti-isti yayımlanır. Televiziya
dönüb olub küpəgirən qarı: səhərdən axşama kimi donquldana-donquldana tamaşaçılara fitnə-fəsad, cilddən- cilə girmək, əxlaqsızlıq öyrətməklə məşğuldur. Pilotlu, pilotsuz qəzalar televiziyanın umurunda deyil. Zatən Azərbaycan da pilotsuz təyyarə kimidir. Kənardan 3-4 pultla idarə olunur. Ona görə də normal uçuşlardan məhrumdur, hara gəldi çırpılır. Bu məmləkətdə hərə bir cür qəza törədir: “Avroviziya”, təyyarə, maşın, tank, metro, at, torpaq, namaz, oruc, söz, əqidə ... qəzaları bir-birinə qarışıb.
“Azadlıq” qəzetinin əməkdaşı, istedadlı jurnalist Natiq Güləhmədoğlu isə iyunun 16-da yarpaq “qəzası” törədib. Eynulla Fətullayevin məhkəməsinə gedən jurnalist dayanacaqdakı ağacın yarpaqlarını “ Eynulla azad olacaq, olmayacaq?” deyə-deyə saymağa başlayıb. “Olmayacaq!” sırasına düşən uğursuz son yarpağı Natiq bəy hirsindən xırda -xırda doğrayıb töküb yerə. Və bu zaman polislərin “ovçu” əməkdaşı jurnalisti tutub qəfəsə salmaq üçün bir xeyli əziyyət çəkib. Natiqin
yarpaq “qəza” sı Krılovun “Qurd və quzu” təmsilindəki quzunun qəzasına bənzəyir. Məşhur təmsil sanki bizim başıbəlalı jurnalistlərə həsr edilib. Yeri gəlmişkən Krılov yazıçı, jurnalist kimi II Yekaterina üçün baş bəlası olub. Yazıçının tənqidlərinə əsəbləri dözməyən kraliça dəfələrlə özünü eyvandan atmaq istəyib, amma cangüdənləri mane olub. Krılovun cibinə narkotik qoyub, ondan qurtulmaq isə “ Velikaya” Yekaterinanın ağlına gəlməyib .Axır bir gün kraliçanın əsəbdən beyninə
qan sızıb. Amma tarixçilər “hamamda istidən ölüb” yazıblar. Yaxşı ki ,bizim məmurlar kimi ona “uzun sürən ağır xəstəlik...” diaqnozu qoymayıblar.
Ac qurdlar (çaqqallar) heç bir günahı olmayan, haqq-ədalət üçün susamış, kor olmuş həqiqət bulaqlarının gözünü açan yazarları hər yerdə təqib edir. Nəfəsi yalanla gedib - gələn, dişlərindən qan tökülən gözüac Qurd bir xeyli balalayıb. Artıq hər yerdə olan “yuva” larında pusquda durmaq üçün müxtəlif maskalarda nümayəndələri var: ağaclıqda, nəşriyyatın pilləkənlərində, blokların qabağında, dükanlarda... hətta dayanacaqlarda dayanıb “suyu bulandırma!” deyənlər,
özləri saf suları ədəbsizcəsinə murdarlayıb xalqa içirdənlərdir. Yayda isə heç murdar su da vermirlər...Ac qurdun jurnalisti “yemək” üçün seçdiyi gün başqa bir jurnalisti- Eynulla Fətullayevi, qurdların “necə yeyək?” məhkəmə gününə düşməsi də təsadüfü deyil. Güllə, bıçaq, narkotik, sevgiliada... işə yaramadı, təxribat üçün ümid ağaca, yarpağa qaldı. Günün yanıltmacı: “Məğlublar uğursuz rəhbərlərin gözünə uğurla girmək üçün uğur gətirən oğulların üstünə yaba ilə, bellə, bıçaqla,
narkotiklə... gedər”. Misir inanclarına görə akasiya ağacının budağını qıran adam kəfənini boğazına keçirmiş olur. Guya akasiyanın ağ və qırmızı çiçəkləri “ölüm və həyat” rəmzinin işarəsidir. Nə yaxşı ki, uzaqgörməyən Hacıbala Abutalıbov Bakının küçələrini akasiya ilə bəzəməyib. Yoxsa məmurlar törətdikləri bütün qanlı cinayətləri akasiya ağaclarının üstünə yıxardılar. Əvvəllər tez-tez, son vaxtlar isə nadir hallarda işlənən “O, min igidə bərabər oğuldur” alqışı – qanadları, yeddi başı
olan əjdahalar üçün deyilməyib: son nəfəsinə kimi əqidəsinə, ideyalarına sadiq qalan aslan oğullar üçün deyilib. Və bu gün bizim qürur duyduğumuz jurnalistlərin hər biri nəinki min igidə bərabər oğullardı, həm də oğruların, yaltaqların, bişərəflərin, acgözlərin...üzlərindəki maskaları qopardıb, isti aşlarına soyuq su(söz) tökənlərdi. Haramzadələrin payızda kütləvi halda “uzun sürən ağır xəstəlik” ləri başlayacaq. Daha dəqiq: noyabr- “beynə qan sızma” fəsli olacaq...
Əvvəlki məqalə: Məlahət Ağacanqızı: Mətbuata mükafat və cəza
Sonrakı məqalə: EMİN MİLLİNİN ATASI VƏFAT EDİB
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5168
