Məlahət Ağacanqızı: Mətbuata mükafat və cəza
Məlahət Ağacanqızı
Mərhum Heydər Əliyev vətəndaşlara peşə bayramlarından əvvəl mükafatlar verərdi, cəza hökmlərini isə bayramdan sonraya saxlayardı. İlham Əliyevin isə siyasi gedişləri tamam fərqlidir, yeddi ildir eynidir-dəyişmir: o, bayramdan qabaq peşəsinə sədaqətlə xidmət edənlərə cəza verir, sonra isə peşələri virusa yoluxduranlara mükafatlar paylayır. Misal üçün: savadsız nəsil yetişdirdiyinə görə Misir Mərdanova “qızıl qələm” ulduzu, əsgərlərin müəmmalı ölümlərinə
görə Səfər Əbiyevə “qızıl tüfəng” medalı, Ziya Məmmədova isə qəzaların çoxluğuna görə “qızıl avtobus” ordeni verilib. Qarşıdan Milli Mətbuat Günü gəlir: jurnalist Eynulla Fətullayev bayram gününü zindanda qarşılayacaq, amma mətbuata aidiyyatı olmayanlar “həppi bözdey” oxuyacaq. Mətbuatın banisi Həsən bəy Zərdabinin varisi- Eynulla bəyi zindanda saxlamaq, Həsən bəyin ruhunu həbs etməkdir. Əgər bu hökumətin Zərdabi, Mirzə Cəlil irsinə az da olsa hörməti varsa mətbuatın fəxri, əzizimiz Eynulla
Fətullayev tezliklə azad olunmalıdır...
Bir neçə gün öncə rəsmilər qərar verdi ki, səyyar qəzet satışı qadağan olunsun: qucağı qəzetlə dolu adamların şəhərdə gəzməsi biabırçılıqdır, təhlükəlidir, iyrənclikdir. Xülasə, şəhərin qəşəngliyi üçün çibandır, ziyildir. Yeri gəlmişkən, şəxsən mənim üçün Bakıda zövq aldığım yeganə, gözəl mənzərə qucağında qəzet gəzdirən adamları görəndə olurdu. O gözəl insanların əllərində nə mobil telefon, nə qulaqlarında “nauşnik”, nə də ağızlarında saqqız görmək olar. Səyyar qəzet satıcıları səhər tezdən bir qucaq qəzeti
bağırlarına basıb ruh kimi şəhəri gəzirdilər. Ən maraqlısı, avtobusların salonuna daxil olub qəzetlərdə gedən maraqlı xəbərləri şərh etmələri olurdu. İllərdir məmur kreslosuna yapışıb qalanların övladları isə səhər tezdən maşınlarını iki çarxı üstə qaldırıb küçələrdə şütüyəndə şəhər meri “super!” deyib, şərəflərinə əl çalır...
Səyyar qəzet satışı qadağasından üç-dörd gün keçəndən sonra rəsmilər yeni qərar verdi: Milli Mətbuatın 135 illiyi yüksək səviyyədə qeyd olunsun. Bakıdan Zərdaba kimi qozlu-fındıqlı “Mətbuat” tortu bişirilsin. Nə qəşəng! Yəqin ki, “Mətbuat” tortunun üstünə başda prezident olmaqla yeni seçiləcək deputatların, məşhur məmurların, müğənnilərin şokoladdan hazırlanmış heykəllərini qoymaq haqqında da xüsusi tapşırıq verilib. Onların lap baldan da heykəlləri qoyulsa, içindən zəhər,
qan fışqıracaq. Maraqlıdır, mətbuat bayramının məclisində şampan şərabı da olacaq? Əlbəttə , olmalıdır! Çünki İlham Əliyevin mətbuat üzərində qələbəsi şampunla deyil, mütləq şampanla “yuyulmalıdır”. Hökumətin dəstəklədiyi, əzizlədiyi, komaya saldığı mətbuatın indiki durumu elə şampan şərabı kimidir, ancaq bayramdan-bayrama bir –iki saatlıq özünə gəlir, təhlükəsiz partlayışlar edir. Yəqin ki, Mətbuat Şurasının sədri, şampan şərabının yaradıcısı madam Klikonun ticarətdəki uğurları
ilə bağlı dediyi sözlərdən tost da deyər. Mətbuatı bazara çevirib alver edənlər qətlə yetirilən Elmar Hüseynovdan, dərddən çatlayan yazarlardan danışmayacaq ki !..
Hökümət təkcə səyyar qəzet satışına qadağa qoymayıb. Eyni zamanda müxalifət qəzetlərinin saytlarına haker hücumları təşkil edir, köşklərdə ancaq onlara sərf edən qəzetlərin satışına icazə verilir. Bu yaxında məhəllədəki köşkdən “Azadlıq” qəzeti almaq istədim. Satıcı xanım “mən ancaq bir dənə “Azadlıq” gətirirəm, onu da Əbdül kişinin nəvəsi üçün” deyəndə təəccüblə ona baxdım. Satıcı əlavə etdi: ”Əbdül kişini tanımırsan? Sovet hakimiyyəti qurulanda iclasda deyib ki ,“Nikolay Lenindən
yaxşı kişi idi, adamlar onun vaxtında daha yaxşı dolanırdı...”
Mənim diqqətlə qəzetlərin üstünə qoyulan torbaya baxdığımı görüb, kəklikotu yarpaqlarını əzib burnuma yaxınlaşdırdı: “kəklikotu istəmirsən? Təzədir, dünən yığıblar...” deyəndə, ikimiz də güldük. Və yol boyu üzünü görmədiyim babam haqqında düşündüm. Eh, yəqin ki, Əbdül kişi iclaslarda Lenini söyəndə, mənim babam Xızı dağlarında kəklikotu yığıbmış...
P.S. Ey susan, lal olan BABAlar! Nə qədər gec deyil nəvələrinizin AZADLIQ haqqını tələb edin! Yoxsa gələcəkdə onlara ancaq qıfıl, biz təklif olunacaq...
Əvvəlki məqalə: Zamin Hacı: ZAMAN “AVTOŞLUĞU”
Sonrakı məqalə: Məlahət Ağacanqızı: PİLOTSUZ ÖLKƏNİN QƏZALARI
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5167
